18 Dekabr 2018 16:04
1675
Tədbirlər
A- A+

Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər


Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldular.

Mədəniyyət naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verdi.

Qeyd edildi ki, Azərbaycan Milli İncəsənət Muzeyi XIX əsrdə inşa edilən iki yanaşı tarixi binada yerləşir. 1891-1893-cü illərdə Bakının baş memarı Nikolay fon der Nonne tərəfindən inşa edilən binada ayrı-ayrı vaxtlarda müxtəlif idarə və təşkilatlar yerləşib. 1936-cı ildə əsası qoyulan İncəsənət Muzeyi 1951-ci ildən bu binada fəaliyyətini davam etdirib. Burada çox sayda qiymətli sənət əsərinin yerləşdirilməsi və ekspozisiyanın ildən-ilə zənginləşdirilməsi bu sənət məbədinə marağı daha da artırıb. Zaman keçdikcə təbii aşınmalar nadir sənət nümunələrinin toplandığı bu binanın təmiri zərurətini yaradıb. Əvvəllər burada belə genişmiqyaslı təmir işləri aparılmayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə muzeydə əsaslı təmir və yenidənqurma işləri görülüb. "Mariinski Qadın Gimnaziyası" adlanan birinci korpus 2009-cu ilin sentyabrında istifadəyə verilib.

2014-2018-ci illərdə isə muzeyin "De Burun malikanəsi" adlanan korpusunda İtaliya və Azərbaycan mütəxəssislərinin birgə səyləri ilə əsaslı təmir işləri həyata keçirilib. Bərpa-təmir işlərinə başlamazdan əvvəl muzey binasında xüsusi tədqiqat aparılıb. Binanın fiziki və texniki vəziyyəti öyrənilib. Ölkə əhəmiyyətli bu memarlıq abidəsinin tavan və divarlarında mövcud yapma rəsm bəzək və digər işlər ilkin vəziyyətə gətirilib. Memarlıq və bəzək elementləri təmizlənib, bərkitmə işləri yerinə yetirilib. Uzun illər ərzində cari təmir işləri aparmaqla tavan və divarlarda yeddi qat üst-üstə vurulan boya xüsusi texnologiya ilə təmizlənərək birinci rəng qatı müəyyən edilib. Əsas giriş qapıları və bir çox daxili qapılar təmizlənərək bərpa olunub. Milli İncəsənət Muzeyində yeni yaradılan şərait sərgi zallarında yerləşdirilən əsərlərin bütün təsiredici amillərdən - nəmişlik, temperatur, ultra şüalar və digər amillərdən qorunmasını və təhlükəsizliyini təmin edir, bununla bərabər, muzeyə gələn insanların rahatlığına, eyni zamanda, baxdıqları əsərlərdən zövq almalarına şərait yaradır.

Binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həm də texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı təmin edilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, binada ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb. On səkkiz mindən çox eksponatın saxlanıldığı Milli İncəsənət Muzeyində rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələri nümayiş olunur. Üçüncü korpusda isə 2 mindən çox eksponat saxlanılır.

Bildirildi ki, Azərbaycan Milli İncəsənət Muzeyinin mövcud binaları arasında mərkəzləşdirilmiş giriş yaratmaq üçün 2013-cü ildə açılışı olan keçid korpusu da var. Bina memarlığın həm ampir, həm də barokko üslublarının istifadə edildiyi tarixi memarlıq abidəsidir. Xüsusi sifariş edilmiş güzgülər, çıraqlar və sobalar bu məkana gözəllik verir.

Muzeydə dünya incəsənəti nümunələri də nümayiş etdirilir. Ekspozisiya planına əsasən kolleksiyanı Qərbi Avropa, o cümlədən İtaliya, Hollandiya, Almaniya, Fransa, həmçinin Rusiya və Çin, Türkiyə, İran və Hindistan da daxil olmaqla Şərq incəsənəti təşkil edir. İlk dəfə olaraq yeni ekspozisiyada qədim dünya incəsənəti də təqdim olunur: buraya qədim Misir, qədim Yunanıstan, qədim Roma və qədim İran incəsənətləri daxildir. Bununla yanaşı, ilk dəfə olaraq Fransa zallarında fransız impressionistlərin əsərlərini görmək mümkündür. Bundan başqa, muzeyin ekspozisiyasında Rusiya avanqardı ilə yanaşı, avanqard çini məmulat və əsərləri də seyr etmək imkanı olacaq. Dünyanın istənilən muzeyi burada təqdim olunan əsərlərlə fəxr edə bilər.

Binada aparılan yenidənqurma və əsaslı təmir işləri, nümayiş etdirilən zəngin kolleksiya ilə yaxından tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət ocağının fəaliyyətinə uğurlar arzuladılar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video