18 Aprel 2014 12:04
373
Elm və texnika
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir

 

Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağının iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Yığıncaq iştirakçıları həmçinin AMEA-nın prezidentləri olmuş akademiklər Həsən Abdullayevin və Mahmud Kərimovun məzarlarını ziyarət etmiş, üzərinə güllər düzmüşlər.

*  *  *

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, Milli Məclisin deputatları, ali məktəblərin rəhbərləri, dövlət və hökumət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.

Akademik Ramiz Mehdiyev və elmi ictimaiyyətin nümayəndələri əvvəlcə AMEA-nın ayrı-ayrı bölmə və institutlarının ötənilki fəaliyyətini, yerinə yetirilən elmi tədqiqat işlərini əks etdirən sərgi ilə tanış olmuşlar.

AMEA-nın müvafiq institutlarının, digər elmi tədqiqat müəssisələrinin son bir ildə qazandığı uğurları əks etdirən sərgi iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

Ümumi yığıncağı açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə AMEA-da il ərzində görülmüş işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş siyahı tərkibi 49 həqiqi (akademik) və 97 müxbir üzvdən ibarətdir. İclasda 135 nəfər iştirak edir. İclas öz işinə başlamağa səlahiyyətlidir.

Akif Əlizadə demişdir ki, AMEA-nın ötən il aprelin 24-də keçirilmiş illik ümumi yığıncağından sonra akademiyanın yeddi üzvü dünyasını dəyişmişdir. Bunlar akademiklər Rəhim Rəhimov, Asəf Nadirov, Bəhram Əsgərov, AMEA-nın müxbir üzvləri Abdulla Muxtarov, Sabir Hacıyev, Sabit Kərimov, İsgəndər Cəfərovdur.

Akademiyanın vəfat etmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

AMEA-nın prezidenti qeyd etmişdir ki, illik yığıncağın gündəliyində iki məsələ vardır: Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2013-cü ildəki fəaliyyəti və görkəmli alimlərin adına təsis edilmiş mükafatların təqdim olunması.

Gündəlik səsə qoyularaq qəbul olunmuş və reqlament müəyyənləşdirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə ötənilki ümumi yığıncaqdan keçən dövr ərzində ölkəmizin həyatında baş vermiş ən mühüm hadisənin prezident seçkiləri olduğunu diqqətə çatdırmışdır. Akademik Azərbaycan xalqının ümumi iradəsi nəticəsində bu ali dövləti vəzifəyə seçilmiş Prezident İlham Əliyevi elmi ictimaiyyət adından təbrik etmişdir.

Akif Əlizadə AMEA-nın dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq 2013-cü ildə də uğurla fəaliyyət göstərdiyini bildirmiş, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə olunmasını, elmi infrastrukturun müasirləşdirilməsini və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirən əsas prinsip kimi qeyd etmişdir. AMEA prezidenti Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahib olduğunu, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş, bölgədə ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını bildirmişdir.

Akademiyanın prezidenti demişdir ki, AMEA Azərbaycan Prezidentinə dəstək olaraq müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfəsini vermişdir. Dövlət başçısı akademiyanın ölkədə elmin təşkili və inkişafındakı böyük xidmətlərini nəzərə alaraq bu mötəbər elm ocağının 70 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

Akif Əlizadə demişdir ki, Azərbaycan Prezidenti tərəfindən hər il olduğu kimi, ötən ildə də ölkəmizdə elmin inkişafı ilə bağlı çox mühüm qərarlar qəbul edilmişdir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən, akademiyanın həqiqi və müxbir üzvləri yüksək dövlət təltiflərinə layiq görülmüş, AMEA-nın əməkdaşlarının maaşları, doktorantların təqaüdləri, elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin məbləği artırılmışdır.

Bildirilmişdir ki, ötən il aprelin 24-də keçirilmiş ümumi yığıncaqda AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçilmişdir. Seçkilərdən sonra akademiyada köklü islahatlara başlanılmışdır. Bu islahatların əsas prinsipini ölkəmizin inkişaf strategiyasına uyğun olaraq elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə olunması, elmi infrastrukturun müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi və s. təşkil etmişdir.

Akademik Akif Əlizadə ölkənin inkişaf strategiyasına uyğun olaraq regionlarda elmi-texniki potensialı artırmaq məqsədilə bir sıra islahatların həyata keçirildiyini, o cümlədən Prezident İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin təsis edilməsi haqqında" 2012-ci il 19 dekabr tarixli Sərəncamına əsasən, Gəncə Regional Elmi Mərkəzinin bazasında AMEA-nın Gəncə bölməsinin yaradıldığını vurğulamışdır. Bildirilmişdir ki, bölmənin fəaliyyəti Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin işinin gücləndirilməsi, regiondakı mövcud elmi-texniki potensialın inkişaf etdirilməsi, bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması kimi mühüm məsələləri əhatə edir.

Qeyd olunmuşdur ki, görülmüş işlər sırasına AMEA-nın elmi müəssisələrinin direktorları, İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası, Gənc Alim və Mütəxəssislər şuralarının yaradılması da daxildir. Müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin "Gənclər üçün Prezident mükafatı"na təqdim olunması, Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərovun bu yüksək mükafata layiq görülməsi, dövlət başçısının "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alması istiqamətində müvafiq işlərin aparılması AMEA-nın gənclər və kadrlar siyasətinin tərkib hissəsidir.

Akademik Akif Əlizadə elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri həvəsləndirmək məqsədilə "Nizami Gəncəvi adına Qızıl medal"ın, həmçinin akademiyanın adlı mükafatlarının təsis olunduğunu, AMEA-nın fəxri fərmanının yeni formalarının təsdiq edildiyini demişdir.

AMEA prezidenti qeyd etmişdir ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkəmiz üçün bütün prioritet istiqamətlərdə, o cümlədən elm sahəsində əsas inkişaf hədəfləri müəyyənləşdirilmişdir.  Konsepsiyada elmi potensialın inkişafı və ondan ölkəmizin tərəqqisi üçün səmərəli istifadə olunması mühüm məqsəd kimi qarşıya qoyulmuşdur. Bu işdə əsas məsuliyyət ali elmi təşkilat olan akademiyanın üzərinə düşür. Ona görə də ilk növbədə, AMEA-nın 2020-ci ilə qədər perspektiv inkişaf hədəf və istiqamətlərinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayan Akif Əlizadə bu məqsədlə, hazırda akademiyanın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlandığını, elmi tədqiqatların prioritet istiqamətlərinin yenidən müəyyənləşdirildiyini və bu işlərin artıq yekunlaşmaq üzrə olduğunu bildirmişdir.

Bakı Beynəlxalq Humanitar Forumu kimi dünya əhəmiyyətli tədbirlərin Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çevrilməsi yolunda mühüm nailiyyət olduğunu vurğulayan Akif Əlizadə demişdir ki, yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması, həmçinin Azərbaycanın elm potensialının ortaya çıxarılması məqsədilə ölkəmizdə və Cənubi Qafqazda ilk dəfə elm festivalının keçirilməsi planlaşdırılır.

Sonra AMEA-nın akademik-katibi, müxbir üzv Rasim Əliquliyev akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etmişdir.

Məruzədə bildirilmişdir ki, hesabat ilində akademiyada ölkəmizin sürətli inkişafı ilə həmahəng olan islahatların yeni mərhələsinə başlanılmış, AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi təkmilləşdirilmiş, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü əlaqələndirilməsi üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Qeyd edilmişdir ki, elmi müəssisələrdə 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi tədqiqat işi aparılmış, 110 mühüm elmi nəticə alınmış, onlardan 55 iş tətbiq olunmuşdur. Akademiyanın alimləri tərəfindən 604-dən artıq kitab, 7208-dən çox məqalə və tezis, o cümlədən xaricdə 2427-dən artıq məqalə və tezis çap etdirilmişdir. İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 526-nı ötmüş və onlara 3800-dən çox istinad olmuşdur. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilmiş, akademiyanın elmi müəssisələri tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli elmi tədbir keçirilmişdir.

R.Əliquliyev 2013-cü ildə Rəyasət Heyətinin işinin səmərəliliyini artırmaq, elmin idarə edilməsində Mərkəzi Aparatın fəaliyyətini gücləndirmək və müasir tələblər baxımından modernləşdirmək məqsədilə həyata keçirilmiş bir sıra əhəmiyyətli struktur dəyişikliklərindən də bəhs etmişdir. Bildirilmişdir ki, AMEA-da həyata keçirilən struktur islahatları çərçivəsində müasir dövrün tələblərindən irəli gələrək Biofizika və Smart Materiallar Mərkəzi, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi və Dünya Siyasəti institutları yaradılmışdır. Həmçinin Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından "Sosiologiya" sözü götürülmüş, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılmışdır.

Məruzəçi AMEA-nın Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 70 illik yubileyi və Azərbaycan alimlərinin I Qurultayı kimi iki mötəbər tədbir ərəfəsində olduğunu, bununla bağlı bir sıra elmi-təşkilati işlərin görüldüyünü demişdir. AMEA-nın icraçısı olduğu dövlət proqramlarından üçünün artıq başa çatdığı, 13-nün davam etdirildiyi vurğulanmışdır.

AMEA-da həyata keçirilən hüquqi islahatlardan, gənclər siyasətindən də geniş bəhs olunduğu məruzədə vurğulanmışdır ki, elm və təhsilin inteqrasiyası gələcək elmi kadrların akademiyaya cəlb edilməsinə şərait yaratmışdır. Qurulmaqda olan informasiya cəmiyyətinin inkişafından və elektron elmin formalaşması vəziyyətindən danışan R.Əliquliyev bildirmişdir ki, 2013-cü il - "İnformasiya-kommunikasiya texnologiyaları ili" ilə bağlı tədbirlər planında AMEA-nın da üzərinə mühüm vəzifələr qoyulmuş, hazırlanmış fəaliyyət planı çərçivəsində kompleks tədbirlər həyata keçirilmişdir. Belə ki, "AzScienceNet"in ölkə üzrə infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə "AzScienceNet"də 100 kilometrə yaxın fiber-optik kabel çəkilmiş, institut və təşkilatların 88 faizinin fiber-optik xətlər vasitəsilə internetə qoşulması təmin edilmiş, əməkdaşların internet trafikə olan tələbatı təxminən üç dəfə artmışdır.

AMEA-nın akademik-katibi qeyd etmişdir ki, 2013-cü ildə mütəmadi olaraq "AMEA-nın Məruzələri", "AMEA-nın Xəbərləri", "Elm dünyası", "AMEA-nın Xəbərləri məcmuəsi" jurnallarının və "Elm" qəzetinin nəşri təmin edilmişdir.

R.Əliquliyev akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, sosial və maliyyə-təsərrüfat fəaliyyəti istiqamətində görülən işlərdən, alimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır.

Hazırda müzakirə prosesində olan "Elm siyasəti haqqında" Qanunun qəbul edilməsinin elm sahəsində dövlət siyasətinin normativ-hüquqi əsaslarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanmış və "Elmin informasiyalaşdırılması haqqında Dövlət Proqramı"nın qəbul olunması məqsədəuyğun hesab edilmişdir.

Daha sonra yığıncaqda AMEA-nın vitse-prezidentləri, akademiklər - İsa Həbibbəyli və Akif Hacıyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev və akademik İsmayıl İbrahimov çıxış edərək mövcud problemlərdən danışmış və təkliflərini səsləndirmişlər.

Ümumi yığıncağın qərarı ilə AMEA-nın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov ümumi yığıncağın qərar layihəsini oxumuşdur.

Qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir.

Daha sonra yığıncaqda elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim olunmuşdur.

Mükafatların əhəmiyyətindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirmişdir ki, onların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.

Qeyd edilmişdir ki, AMEA Rəyasət Heyəti bu il fevralın 5-də adlı mükafatların təsis edilməsi haqqında qərar qəbul etmiş, 9 aprel tarixli iclasında isə təltif olunan alimlərin adlarını açıqlamışdır. AMEA-nın 7 alimi Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlara layiq görülmüşdür.

AMEA-nın prezidenti elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafat təqdim etmişdir.

Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatlarına və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülmüşdür. Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatlarına və nailiyyətlərinə görə akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova Həsən bəy Zərdabi adına mükafatla təltif olunmuşlar. Akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına, akademik Böyükkişi Ağayev səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyətlərinə görə akademik Mirəsədulla Mirqasımov adına, akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogoya elmləri doktoru Fərid Dadaşov isə geologiya sahəsində fundamental tədqiqatlarına və nailiyyətlərinə görə akademik  Musa Əliyev adına mükafata layiq görülmüşlər.

Yığıncağa yekun vuran AMEA-nın prezidenti akademik Akif Əlizadə gələcəkdə elmin mühüm yeniliklərinə nail olmaq üçün müxtəlif istiqamətlərdə bir neçə elm qurumunun birgə tədqiqatlar aparmalarının vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, bu məqsədə nail olmaq üçün alimlər prioritet istiqamətlər seçərək bütün imkanlarını həmin sahəyə yönəltməlidirlər. Akif Əlizadə Prezident İlham Əliyevin Azərbaycan elmi qarşısında qoyduğu hədəflərə nail olma yolunda alimlərə uğurlar arzulamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video