13 Yanvar 2021 01:37
1140
Səhiyyə
A- A+

Azərbaycan koronavirusa qarşı ən səmərəli tədbirlər görən ölkələrdəndir

 

Bütün dünyada qlobal koronavirus infeksiyası ilə mübarizə davam edir. Xeyli vaxtdır əksər ölkələrdə  sərt karantin məhdudiyyətləri tətbiq olunsa da, hələ ki, bu tədbirlər xəstəliyin qarşısının alınnmasına imkan vermir.

Virus hər gün daha çox insanı yaxalamaqda davam edir. Artıq bu təhlükəli virusa planet üzrə yoluxanların sayı 90 milyonu ötüb, 2 milyona yaxın insan isə  həyatını itirib. Bununla belə, ötən ilin əvvəllərindən Yer kürəsində yayılmağa başlayan yeni növ koronavirusla mübarizənin sonuncu mərhələsinə qədəm qoyduğumuzu söyləyə bilərik. Çünki dünyanın bir sıra ölkəsində virusa qarşı vaksinasiyaya başlanılıb.

 

100 gün ərzində bütün ölkələrdə peyvəndləmə start götürməlidir

 

İndiyə qədər koronavirusa qarşı peyvənd olunan insanların sayına görə ilk yeri İtaliya tutur. Böyük Britaniyada da sürətli vaksinasiya prosesi həyata keçirilir. Türkiyədə isə bir neçə gün sonra koronavirusa qarşı peyvəndləmə başlayacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus bildirib ki, tibbi heyət və xüsusi riskli insanların koronavirusa qarşı peyvəndlənməsi qarşıdakı 100 gün ərzində dünyanın bütün ölkələrində start götürməlidir.

Bir sıra ölkələri “peyvənd millətçiliyi”nə görə tənqid edən baş direktor bəzi zəngin dövlətlərin indiyədək istehsal olunan peyvənd dozalarının, demək olar ki, hamısını aldıqlarını, orta və yoxsul ölkələrdə isə buna görə vaksinasiya kampaniyalarının başlamadığını deyib. Həmçinin qeyd edib ki, bir sıra ölkələrdə “BioNTech” şirkətinin peyvəndi kimi həssas peyvənd maddələrinin saxlanması üçün müvafiq soyuducu sistemlərin olmaması əlavə logistik çətinliklər yaradır.

T.Qebreyesusun sözlərinə görə, hazırda ÜST ekspertləri Çində peyvənd istehsalçıları olan “Sinovac” və “Sinopharm” şirkətlərini onların peyvənd maddələrinin lisenziyalaşdırılması üçün beynəlxalq standartlara cavab vermələri istiqamətində dəstəkləyirlər. Eyni zamanda ÜST “AstraZeneca” şirkətinin peyvəndinin təhlükəsizlik və effektivliyi ilə bağlı məlumatların təqdim olunmasını gözləyir. Bütün bu işlər tamamlandıqdan və ÜST-ün standartları ödənildikdən sonra dünya bazarlarında koronavirusa qarşı tətbiq olunacaq peyvəndlərin sayı artacaq.

 

Respublikamıza 4 milyon doza vaksin gətiriləcək

 

Ölkəmizdə də peyvəndləmə prosesinə hazırlıq işləri görülür və ən yaxın vaxtlarda prosesə start veriləcək. Vaksinlərin alınıb gətirilməsi ilə əlaqədar aparılan bütün danışıqlar müsbət nəticələnib və yanvarın axırlarına 4 milyon doza vaksinin respublikamıza gətiriləcəyi gözlənilir. Əhalinin vaksinasiyasının fevraldan gec olmayaraq başlanılacağı nəzərdə tutulub.

Azərbaycanda aparılacaq vaksinasiyanın təşkili və əlavə təsirlərinin idarə edilməsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təlimlər keçirilir. Ölkəmizdə vaksinasiyanın aparılacağı 150 məntəqədə xəstənin qeydiyyatı, şikayətlərin qəbulu, qızdırmanın ölçülməsi, kompüterdə və jurnalda qeydiyyatın aparılma qaydası barədə məlumat veriləcək.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da ilk növbədə, risk qrupuna daxil olan insanlar peyvənd olunacaq. Vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.

Hazırda Azərbaycanda  COVID-19 virusuna qarşı hərtərəfli mübarizə qətiyyətlə davam etdirilir. Sevindiricidir ki, koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində görülən ardıcıl tədbirlər səmərəli bəhrəsini verir. Respublikamızda görülən kompleks tədbirlər sayəsində pandemiyanın fəsadlarını minimum həddə saxlamaq mümkün olub. Artıq bir neçə həftədir koronavirusa yoluxma sayında müsbət tendensiya yaranıb. Xəstəlikdən sağalanların sayı gündəlik yoluxanların sayını üstələyib. İnfeksiyaya gündəlik yoluxma halları da xeyli aşağı düşüb. Bu da xəstəxanalardakı aktiv xəstə saylarının aşağı düşməsi və səhiyyənin yükünün nisbətən azalması deməkdir.

 

Vaksinasiya əvvəlki həyata qayıtmaq imkanımızı sürətləndirəcək

 

Pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb. Məktəblərin vaxtında bağlanması, hələ virusun yeni yayıldığı vaxtlarda təmirə ehtiyacı olan xəstəxanaların təmir olunması, qısa müddət ərzində yeni modul tipli xəstəxanaların tikilməsi və istifadəyə verilməsi, pandemiya dövründə sahibkarlara, eləcə də işsiz vətəndaşlara maddi yardımların edilməsi, koronavirusla mübarizəyə büdcədən əlavə vəsaitlərin ayrılması dövlətin vətəndaşına göstərdiyi diqqət və qayğısının nəticəsidir. Prezident İlham Əliyevin bu məsələlərə şəxsən nəzarət etməsi isə onun xalqımızın sağlamlığına yüksək diqqətinin təcəssümüdür.

Dövlət tərəfindən COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar görülən bütün işlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması məqsədini daşıyır. Dövlət üçün ən prioritet məsələ vətəndaşlarının koronavirus infeksiyasından qorunmasıdır. Qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin təmini dayanır.

Ölkəmiz qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən effektli tədbirlər həyata keçirir. Peyvəndlənmə də bu səmərəli tədbirlər sırasında yer alacaq. Azərbaycanda yaxın vaxtlarda başlanacaq vaksinasiya prosesi tezliklə əvvəlki həyata qayıtmaq imkanını sürətləndirəcək.

 

Xəyalə MURADLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video