16 Fevral 2021 23:01
956
PARLAMENT
A- A+

Azərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf edir  

 

Fevralın 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkələrimiz arasında sıx münasibətlərdən söz açan Səməd Seyidov xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra İran İslam Respublikasının Azərbaycanın haqq işini və ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyini diqqətə çatdıraraq, bunun ölkəmiz üçün tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, İran tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar və bəyanatlar həm müharibədən öncə, həm də müharibə zamanı və sonra dəfələrlə verilib. Xüsusilə, noyabrın 3-də və 4-də İran liderlərinin verdikləri bəyanatlar Azərbaycan xalqı arasında yüksək rəğbət qazanıb və Azərbaycan-İran münasibətlərinə ciddi təsir göstərib. Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad olunduqdan az sonra həmin bölgələri, Xudafərin körpüsünü ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırıb və bu sərhədin iki xalq arasında yalnız və yalnız inkişafa və dostluğa xidmət edəcəyini xüsusi vurğulayıb.

Çıxışında bir sıra mühüm məqamlara toxunan komitə sədri pandemiya şəraitində də ölkələrimizin bir-birini dəstəklədiklərini qeyd edib. Bildirib ki, hazırda bölgədə yeni reallıq formalaşıb və həmin reallıq parlamentlərimiz arasındakı əlaqələrin genişlənməsinə imkan yaradacaq. Səməd Seyidov deyib ki, Milli Məclisin sədri xanım Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamenti İranla əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək niyyətindədir.

Görüşdə nümayəndə heyətinin başçısı, İran İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnuri İran parlamentinin rəhbərliyi və bütün deputatlar, İran xalqı adından Azərbaycan xalqına böyük Zəfər münasibətilə təbriklərini çatdırıb. Beynəlxalq miqyasda İrana qarşı məsələlərdə Azərbaycanın İrana verdiyi dəstəyə görə minnətdarlıqlarını ifadə edib.

Müctəba Zünnuri ölkəmizlə hər sahədə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını bildirib. Qarabağın yenidən qurulmasında İran şirkətlərinin mühüm layihələrlə iştirak etmək arzusunu, işğal dövründə ermənilər tərəfindən dağıdılmış Azərbaycan məscidlərinin bərpasını təmənnasız həyata keçirmək istədiklərini vurğulayıb. Tikinti-quruculuq işləri üçün böyük potensiala malik olduqlarını deyib. Ölkələrimiz arasında inşa olunan nəqliyyat dəhlizlərindən və s. danışıb. Qeyd edib ki, coğrafi mövqeyinə görə Azərbaycan Şərq ilə Qərbin qovuşuğunda yerləşir və bu iki qütbü birləşdirə bilər.

Çıxışlarda Azərbaycan-İran münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir.

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbərinin müavini Eldar İbrahimov Azərbaycanın yenicə dövlət müstəqilliyini qazandığı XX əsrin 90-cı illərində ölkələrimiz arasında dostluq və qardaşlığın təzahürü olan hadisələri yada salıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Elman Nəsirov və Sahib Alıyev əməkdaşlığımızın dünəni və sabahı barədə fikirlərini bölüşüblər.

Sonra İran İslam Şura Məclisinin üzvləri Mahmud Abbaszadə və Əli Əlizadə dostluq və əməkdaşlığa yönəlik xoş sözlərini və təkliflərini çatdırıblar.

Görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video