12:43 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan iqtisadiyyatının inkişaf yolu: əsas nailiyyətlər və uğurlar
ANA SƏHİFƏ / SİYASƏT
02:12 24.12.2011

 

"...Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdır".

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamında söylənən bu fikirlər ulu öndər Heydər Əliyevin uzaqgörənliyinə, əvəzolunmaz bir siyasətçi olduğuna parlaq bir misaldır.

Müstəqilliyinin ilk illərində yaranan hərc-mərclik, xalqın maraqlarına zidd siyasətin yeridilməsi, milli sərvətin talan edilməsi Azərbaycanda siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı. Ən əsası isə ölkədə siyasi sabitliyin təmin edilməsi ilə iqtisadi fəaliyyət üçün münbit şərait yaradıldı, xarici investorların Azərbaycana axını başladı.

Sözsüz ki, bu investorlar arasında öndə gedənlər Türkiyədən gələn iş adamları idi. Mən özüm də ulu öndər Heydər Əliyevin Türkiyəyə səfərlərinin birində Türkiyə iş adamlarına Azərbaycana sərmayə qoymaları üçün çağırışını qəbul edərək 1996-cı ildə Bakıya gəldim və o zamandan etibarən fəaliyyətimin əsas hissəsi ikinci Vətənim hesab etdiyim Azərbaycanla bağlıdır. Mübağiləsiz deyə bilərəm ki, bu qərar mənim həyatımda verdiyim ən önəmli qərardır.

Azərbaycanın son 20 ildə iqtisadi inkişaf yolundan danışarkən fikrimcə, əsasən üç dövrü fərqləndirmək lazımdır.

Birinci dövr 1991-ci ilin sonundan 1996-cı ilə qədər davam edən zaman kəsiyidir. Bu dövrün özünü də iki hissəyə bölmək olar: 1991-1993-cü illər və 1994-1995-ci illər.

Azərbaycanın əsas makroiqtisadi göstəricilərinin təhlili  göstərir ki, iqtisadi tənəzzül əsasən 1991-1993-cü illərdə baş vermişdir. 1990-cı illərin əvvəllərində ölkədə iqtisadiyyatın idarə edilməsində buraxılmış ciddi səhvlər, ənənəvi ticarət, maliyyə, təchizat, kommunikasiya sisteminin pozulması iqtisadiyyatda tam bir xaos yaratmışdı. Belə bir şəraitdə ÜDM, sənaye istehsalı hər il 20-25 faiz aşağı düşürdü. Bütün bunlar və ölkədə hərbi-siyasi gərginliyin kulminasiya nöqtəsinə çatması iqtisadiyyatı iflic vəziyyətinə gətirmişdi.

Dünya təcrübəsi göstərir ki, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinin ilkin və zəruri şərti möhkəm ictimai-siyasi sabitlikdir. Azərbaycanda da məhz ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra əldə edilmiş ictimai-siyasi sabitlik digər sahələrlə yanaşı, iqtisadi islahatlar üçün də münbit şərait yaratdı. Məhz 1993-cü ilin sonlarından başlayaraq sistemli islahatların ilk mərhələsi başlandı. Qeyd edək ki, Azərbaycanda iqtisadi islahatların başlanğıc nöqtəsi inflyasiyanın qarşısının alınması və makroiqtisadi sabitliyin təmin edilməsi oldu.

1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın yeni neft strategiyasının reallaşmasına imkan verdi, sonrakı irimiqyaslı layihələrin uğurla həyata keçməsinin təmin edilməsi üçün baza rolunu oynadı.

İkinci dövr isə 1996-cı ildən 2003-cü ilə qədər olan dövrü əhatə edir. Bu dövrün əsas xüsusiyyəti ondan ibarətdir ki, XX əsrin sonunda və XXI əsrin başlanğıcında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla və beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlıq şəraitində Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası müəyyən edildi və müvəffəqiyyətlə həyata keçirilməyə başlandı.

Bu strategiyanın əsas məzmunu bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə sabit sosial-iqtisadi inkişafın təmin olunmasından, əhalinin həyat səviyyəsinin ilbəil yaxşılaşdırılmasından ibarətdir. Uğurla həyata keçirilən bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, özəl sektorun iqtisadiyyatda rolu artırılmışdır.

Həyata keçirilən müvafiq pul-kredit, vergi-büdcə və institusional siyasət nəticəsində Azərbaycan 1996-cı ildən başlayaraq dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoydu. İstənilən iqtisadiyyat üçün çox mühüm bir məsələ olan bank sisteminə etibar bərpa edildi.

Sözsüz ki, bu dövrdə Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracı məsələsinin həll edildiyini xatırlatmaq lazımdır. Məlumdur ki, Azərbaycan neftinin Avropa bazarına çıxarılması istiqamətində bir neçə layihə, təklif, hətta təzyiq də vardı. Regionda marağı olan qüvvələrin demək olar ki, hamısı ixrac marşrutlarının Türkiyədən yan keçməsinə çalışırdılar. Lakin Heydər Əliyev boru kəmərinin yalnız Türkiyədən keçməsi üzərində qətiyyətlə dayandı və Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəllə birgə Bakı - Tbilisi - Ceyhan layihəsini reallaşdıra bildilər.

Türk dünyasının əvəzsiz şəxsiyyəti Heydər Əliyev Türkiyə - Azərbaycan qardaşlığının müəllifi, yeni erasının banisidir. Əbədiyaşar ulu öndərin iki qardaş xalqın sıx birliyinə xüsusi önəm verməsi təsadüfi deyil. "Bir millət, iki dövlət" - deyə qədim kökləri eyni olan türklərlə azərbaycanlıların birliyinə qiymət verən Heydər Əliyev təcrübəli siyasi xadim kimi prosesləri diqqətlə analiz edərək yaxın gələcəkdə bu xalqları nələrin gözlədiyini öncədən hiss edirdi. O, praqmatik kimi hazırda dünyada gedən olayların Türkiyəyə, Azərbaycana hansı istiqamətdə mənfi təsir edəcəyini bildiyi üçün hər iki xalqın bir-birinə daha möhkəm bağlılığını görmək istəyirdi.

Üçüncü dövr isə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkə iqtisadiyyatının inkişafında yeni bir tarixi mərhələnin başlanması ilə start götürmüşdür. Bu mərhələ əvvəlki on ildə ölkədə görülmüş nəhəng quruculuq işlərinə, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursuna əsaslanaraq ölkə iqtisadiyyatının sürətli inkişafı və strukturunun diversifikasiyası, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının davamlı olaraq yüksəldilməsi, bazar iqtisadiyyatına keçidin daha da dərinləşdirilməsi, bazar  mexanizminə əsaslanan effektiv iqtisadiyyatın və idarəetmə sisteminin formalaşması kimi yeni strateji vəzifələri irəli sürdü. Artıq deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu vəzifələr uğurla reallaşdırıldı. Bu mərhələ 2 rəqəmli iqtisadi artım tempi, adambaşına düşən ümumi daxili məhsulun və əhalinin gəlirlərinin sürətlə artması, iqtisadi fəallığın artıq regionlara yönəlməsi ilə səciyyəvi oldu.

2003-2010-cu illərdə ÜDM orta hesabla hər il 16,3 faiz artıb, qeyri-neft sektorunda isə bu göstərici 10,3 faiz təşkil edib. 2001-2010-cu illərdə adambaşına düşən ÜDM-nin artım tempinə görə Azərbaycan dünya ölkələri arasında ikinci yerdə qərarlaşıb. Dünya İqtisadi Forumunun açıqladığı son "Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı"na görə, Azərbaycan ölkə iqtisadiyyatının rəqabətqabiliyyətlilik indeksinə görə 55-ci yeri tutaraq, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Ukrayna, Gürcüstanı qabaqlayıb. Eyni hesabatda, makroiqtisadi sabitlik indeksinə görə Azərbaycan 142 ölkə arasında 16-cı olub. Yoxsulluq göstəricisi 2003-cü ildəki 44,7 faizdən 2010-cu ildə 9,1 faizə düşüb. BMT-nin hazırladığı İnsan Potensialının İnkişafı İndeksində 2005-2010-cu illərdə göstərdiyi artıma görə Azərbaycan dünya ölkələri arasında lider olub. 2003-2010-cu illərdə ölkə iqtisadiyyatına 85 milyard dollar investisiya yatırılıb ki, onun da 45 milyard dollarını xarici sərmayə təşkil edib. Azərbaycan bu mərhələdə özü investisiya ixrac etməyə başlayıb. Son 8 ildə Azərbaycan şirkətləri ölkə xaricində 5,7 milyard dollar investisiya yatırıb. Dünya Bankının ölkədə biznes mühitinin inkişafını xarakterizə edən "Doing Business" hesabatına görə, Azərbaycan 2008-ci ildə dünya üzrə bir nömrəli islahatçı ölkə elan edilib. Bu hesabata görə, Azərbaycan hazırda biznes mühitinə görə 183 ölkə arasında 54-cüdür.

Bu dövr həmçinin, iri layihələrin yekunlaşdırılması ilə yadda qaldı. Belə ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu.

Beləliklə, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan sürətli yüksəliş dövrünü yaşayır. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" - deyərək fəaliyyətə başlayan cənab İlham Əliyev 2003-cü ildə verdiyi vədə sadiq qalaraq fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübuta yetirdi.

Ulu öndərin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev xalqın istək və tələblərinə həssaslıqla yanaşdı və bunu məmurların qarşısında tələb kimi qoydu. "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi bütün bu işləri görmək mümkün olmazdı" - deyən ölkə rəhbəri həmişə xalqa güvəndiyini və onun yanında olduğunu bir daha təsdiqlədi.

"Ölkəmizin inkişafı üçün özəl sektorun möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə olaraq sözlər, şüarlar deyildir. Biz gündəlik fəaliyyətdə özəl sektorun, sahibkarlığın inkişafı üçün əlimizdən gələni edirik. Mən sahibkarlarla həm Bakıda, həm bölgələrdə mütəmadi qaydada görüşürəm. Dövlət tərəfindən sahibkarlığın inkişafına çox güclü dəstək vardır" -deyən Prezident İlham Əliyevin bu fikri sahibkarları, iş adamlarını daha inamla, həvəslə çalışmağa ruhlandırdı. Çünki iş adamları ölkə rəhbərinin hər zaman onlara dəstək olduğunu, yanlarında olduğunu hiss etdilər.

2003-cü ildə fəaliyyətə başlayan "AtaHoldinq" Şirkətlər Qrupu da son 20 ildə Azərbaycan iqtisadiyyatının inkişafının üçüncü dövrünün önəmli nümunələrindən biridir. Fəaliyyətə başladığı dövrdən etibarən "AtaHoldinq" bir sıra uğurlara və ilklərə imza atmışdır. Lakin, ən əsas uğurumuz, fikrimcə, Azərbaycanın korporativ sektorunda müasir idarəetmə metodlarının tətbiqində öncüllüyümüzlə bağlıdır. "AtaHoldinq" olaraq, ölkəmizdə ilk dəfə holdinq idarəetmə sistemini tətbiq etmiş, bu idarəetmə sisteminin Azərbaycan üçün faydasını əyani surətdə nümayiş etdirmişik. Fəxr edirik ki, ölkəmizin bir sıra aparıcı korporativ qurumları daha sonra bizim təcrübəmizdən yararlanmışlar.

İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən "AtaHoldinq" qısa müddətdən sonra iqtisadiyyatın ayrı-ayrı sektorlarına daxil oldu. Azərbaycan iqtisadiyyatının, onun özəl sektorunun inkişafı üçün məsuliyyətimizi dərk edərək düşünülmüş addımlar atmağa  başladıq. Holdinq  sənaye, turizm, İT  və  xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başladı. Hazırda "AtaHoldinq" ASC Azərbaycanın iri qruplarından biridir  və onun tərkibində  8 (AtaBank, VTB Bank (Azərbaycan), AtaSığorta, AtaLizinq, AtaTurizm,  AtaTexnologiya, AtaSənaye, AtaSport, Ataİnkişaf)  törəmə müəssisələri fəaliyyət göstərməkdədir. Ötən 8 il ərzində Azərbaycanda mövcud olan  əlverişli biznes mühitindən bəhrələnərək, holdinq iqtisadiyyatın ayrı-ayrı sahələrinə sərmayələr qoymaqda davam etmişdir.

Sahibi olduğumuz "AtaBank" ASC və "AtaSığorta" ASC ölkənin ən böyük özəl  maliyyə qurumlarındandır. Azərbaycanda bank sektorunda yeni avadanlıq və texnologiyaların tətbiqini, geniş reklam və marketinq fəaliyyətini ilk dəfə olaraq "AtaBank" həyata keçirib. 2003-cü ildə "AtaBank"ın fəaliyyətə başlamasının 10 illiyi münasibətilə ölkəmizdə ilk dəfə təşkil edilən beynəlxalq bankçılıq forumunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan Mərkəzi Bankı ilə bir yerdə həyata keçirilən bu layihədə dünyanın öndə gedən bankçıları, o cümlədən Dünya Bankından, Türkiyədən, Almaniyadan, Avstraliyadan, Belçikadan və digər dövlətlərdən olan nümayəndələr iştirak etdilər. Fikrimcə, məhz həmin forum zamanı əldə edilən nəticələr əsasında Azərbaycanda bank sektorunun sonrakı inkişaf yolu müəyyənləşdi.

Holdinqimizin turizm bölməsində fəaliyyət göstərən "Excelsior Hotel Baku" mehmanxanası isə Azərbaycanda yeganə 5+ ulduzlu oteldir. Bizim üçün fəxredici haldır ki, bu otelin açılışında Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edərək öz xeyir-dualarını vermişlər. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev otelin biznes və istirahət baxımından bütün müasir tələblərə cavab verdiyini qeyd edib: "Otelin fərqləndirici xüsusiyyəti onun çox incə zövqlə tikilməsidir. Otel memarlıq nöqteyi-nəzərindən də cəlbedicidir. Hiss olunur ki, bu otelin inşasına ürək qoyulub".

Burada onu da vurğulamalıyam ki, Azərbaycan iqtisadiyyatının inkişafının şərti olaraq üçüncü dövrü adlandırdığımız mərhələnin əsas xüsusiyyətlərindən biri də iqtisadiyyatın regional diversifikasiyasının təmin edilməsi, yəni regionların inkişafı üçün çoxsaylı dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı olmuşdur. "AtaHoldinq" olaraq Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu vəzifənin həyata keçirilməsi üçün yaxından iştirak etmişik. Strateji konsepsiyamızın əsas prinsiplərindən biri kimi "Azərbaycanın iqtisadi gücü regionların iqtisadi gücü deməkdir" prinsipini müəyyən etmişik. Regionlarda həyata keçirdiyimiz işləri dəyərləndirən Prezident İlham Əliyev 2005-ci ildə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icrasına göstərdiyi əhəmiyyətli tohfəsinə görə "AtaHoldinq" ASC-yə xüsusi təşəkkür plaketi təqdim etmişdir.

"AtaHoldinq" fəaliyyət göstərdiyi dövrdə özünün korporativ sosial məsuliyyətini də unutmamış, ölkə rəhbərliyinin bu istiqamətdə tövsiyyələrini nəzərə alaraq, çoxsaylı mədəniyyət, idman, təhsil və sosial layihələri dəstəkləmişdir. Biz bu layihələri xüsusi olaraq yaratdığımız "Ataİnkişaf" Fondu vasitəsilə həyata keçiririk. Bütün layihələrdə ortaq hədəfimiz  sosial problemlərin həll olunmasına kömək göstərərək Azərbaycan cəmiyyətində rifahın daha da yüksəlməsinə nail olmaqdır. Mən bunlardan sadəcə bəzilərini xatırladıram. "AtaHoldinq" artıq 5 ildir ki, məşhur "Nə? Harada? Nə zaman?" intellektual oyununun baş sponsorudur. Beynəlxalq Güləş Federasiyasının və Beynəlxalq Hokkey Federasiyasının əsas sponsorlarından biridir. Hazırda "AtaSport" klubu holdinqin himayəçiliyi ilə fəaliyyət göstərir. "AtaHoldinq" həmçinin, Azərbaycan mədəniyyətinin şah əsərlərindən olan "Arşın mal alan" operasının alman dilinə tərcümə edilərək Vyana Kammeroper Teatrında səhnəyə qoyulmasına da yardımçı olmuşdur.

Biz "AtaHoldinq" Şirkətlər Qrupu olaraq bundan sonra da Azərbaycanın inkişafı üçün çalışmaqda davam edəcəyik. Prezident İlham Əliyevin növbəti dövr üçün müəyyən etdiyi əsas vəzifə olan ÜDM-nin 2020-ci ilə qədər daha iki dəfə artırılması vəzifəsinin reallaşdırılması üçün "Snerji, Azərbaycan üçün..." korporativ şüarımızı əsas götürərək, iqtisadiyyatın ayrı-ayrı sahələrinə sərmayə yatırmaqla Azərbaycanda iqtisadi inkişafa dəstək göstərəcəyik, yerli bazara müasir xidmətləri və təcrübələri gətirəcəyik, ölkəmizi beynəlxalq bazarlarda uğurla təmsil etməyə çalışacağıq.

Burada fürsətdən istifadə edərək, Azərbaycanda yaşamağımın və fəaliyyət göstərməyimin 10-cu ilinin tamam olduğu 2006-cı ildə müraciətimə müsbət cavab verərək mənim Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməmlə bağlı sərəncam vermiş Prezident İlham Əliyevə bir daha dərindən təşəkkür edirəm.

Azərbaycan və Türkiyə arasında əlaqələrin hərtərəfli və dinamik inkişafını da xüsusilə qeyd etməliyəm. İki ölkə birlikdə regionda çox önəmli layihələrə imza atır. Son on ildə iki ölkə arasında mal dövriyyəsi demək olar ki, 10 dəfə artıb və hazırda ildə 2,5 milyard dollar təşkil edir. Bununla yanaşı, ölkələrimizin liderləri - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən start verilən Bakı-Tbilisi-Qars dəmir yol xətti layihəsinin uğurla reallaşdırılacağına inam əlaqələrin dönməz inkişafına əminliyimizi daha da artırır. Bu layihə ölkələrimiz arasında birbaşa dəmir yolu xəttinin qurulmasını təmin edəcək və iqtisadi əlaqələrimizin inkişafına güclü stimul verəcək. Bundan başqa, Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi ilə Azərbaycan Naxçıvan ilə birbaşa dəmir yolu xətti əldə edəcək. Eyni zamanda, bu dəmir yolu xətti iki ölkənin iqtisadi inteqrasiyasında əhəmiyyətli rol oynayacaqdır.

İkitərəfli əlaqələrdə başa vurmaqda olduğumuz 2011-ci il xüsusi əhəmiyyət kəsb edib. 2011-ci ilin 25 oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə ARDNŞ-in (SOCAR) sərmayəsi ilə tikiləcək yeni neft-kimya kompleksinin təməlinin qoyulması ikitərəfli iqtisadi əlaqələrdə yeni mərhələnin simvoluna çevrilmişdir. "Star Rafinerisi" adlanan kompleksi "SOCAR-Turcas birgə müəssisəsi" müştərək inşa edir və bu layihəyə qoyulacaq sərmayələr 5,5 mlrd. dollardır. Həmin tədbirdə iştirak edən azsaylı xoşbəxt insanlardan biri olaraq düşünürəm ki, Türkiyə və Azərbaycan arasında sarsılmaz qardaşlıq münasibətlərinin simvollarından olacaq STAR neft-kimya kompleksi ölkələrimiz arasındakı strateji müttəfiqliyi daha da gücləndirəcəkdir. 25 oktyabr Azərbaycan və Türkiyə üçün tarixi bir gündür. Azərbaycan nefti artıq xammal kimi deyil, əlavə dəyər yaradılaraq yarımfabrikatlar və hazır məhsul kimi üçüncü ölkələrə ixrac ediləcək. Eyni zamanda, istehsal edilən məhsullar Türkiyənin daxili tələbatını ödəməklə yanaşı, onun idxalını əhəmiyyətli dərəcədə azaldacaqdır. Eyni zamanda, hər iki ölkə iqtisadiyyatlarının əsas sektorlarından olan neft-kimya komplekslərinin inteqrasiyası digər sektorlar üçün multiplikator effekti rolunu oynayaraq onların da inteqrasiyasına gətirib çıxara bilər. Hazırkı Avropa Birliyinin əsasında Avropa Kömür və Polad Birliyi dayanır. Mən Azərbaycan və Türkiyənin neft-kimya komplekslərinin inteqrasiyasının regionda analoji nəticəyə gətirib çıxaracağı iddiasından uzağam. Amma bu inteqrasiya iki qardaş ölkə iqtisadiyyatlarının ümumi bir vəhdət halında çalışması istiqamətində ciddi bir addım olacaq. Bir sözlə, Türkiyə və Azərbaycanın strateji gücünü artıracaq bu layihə ölkələrimizin regiondakı və dünyadakı mövqelərini daha da qüvvətləndirəcəkdir.

Sözsüz ki, ölkələr arasında əlaqələrin inkişafına dövlət rəsmiləri ilə yanaşı, müxtəlif təbəqələrin nümayəndələri də öz töhfəsini verməlidir. Xüsusilə bu məsələdə iş adamlarının üzərinə ciddi vəzifələr düşür. Bu məqsədlə biz 2004-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyini (ATİB) təsis etdik. Elə həmin ildən aktiv fəaliyyətə başlayan ATİB Azərbaycanı və Türkiyəni regionun və dünyanın inkişaf etmiş ölkələri sırasında görür və bunun üçün, öncəliklə Azərbaycan və Türkiyə arasında, daha sonra isə Azərbaycan və Türkiyənin digər ölkələrlə iqtisadi, sosial və mədəni əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə inanır.

ATİB həyata keçirdiyi fəaliyyətlə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin gücləndirilməsi ilə yanaşı, onların regional və beynəlxalq nüfuzunun artırılmasına, iki ölkənin ortaq problemlərinin həll edilməsinə dəstək verməyə çalışır.

ATİB-in qarşısında duran əsas vəzifələrdən biri olan iki ölkə arasında istər ticarət əlaqələrinin, istərsə də investisiya əlaqələrinin genişləndirilməsi istiqamətində öz partnyorları ilə bir yerdə çoxsaylı tədbirlər həyata keçirmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Türkiyə İş Şurası, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və digər təşkilatlarla birlikdə bir sıra biznes forumlar təşkil edilmişdir. Bundan əlavə, ötən illər rəzində ATİB ofisində Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən 500-ə yaxın xarici şirkətlə görüşlər keçirilərək, onlara Azərbaycandakı investisiya mühiti və biznes imkanları barədə geniş məlumat verilmişdir.

2005-ci ildə ATİB-in təşəbbüsü ilə ölkənin biznes təbəqəsini təmsil edən 15 qeyri-hökumət təşkilatı birlikdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edərək onun Azərbaycan dövlətçiliyinin qorunması və iqtisadiyyatının möhkəmlənməsi istiqamətində atdığı qətiyyətli addımları dəstəklədiklərini, bu siyasətin davam etdirilməsi və ölkəyə investisiyaların cəlb edilməsi üçün çalışmağa hazır olduqlarını bildirmişlər.

Xüsusi önəm verilən məsələlərdən biri də, qeyd etdiyimiz kimi, Azərbaycan və Türkiyənin regionda liderliyini gücləndirən tədbirlərlə bağlı olmuşdur. Belə ki, ATİB-in irəli sürdüyü konsepsiya əsasında və Türkiyə Sənayeçi İş Adamları Dərnəyi (TÜSİAD) və ATİB-in birgə təşəbbüsü ilə 2006-cı ilin sonlarında yaradılan Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyi (UBCCE) çərçivəsində həyata keçirilən tədbirlərdə ATİB qurumun vitse-prezidenti olaraq aktiv surətdə iştirak etmişdir. UBCCE yeni yaranmış təşkilat olmasına baxmayaraq, son illərdə bir sıra nailiyyətlərə imza atmışdır. Bunların ən önəmlilərindən biri isə, 2 oktyabr 2007-ci ildə ATİB-in təşkilatçılığı ilə Bakıda "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfrans və biznes forumun təşkil edilməsi olmuşdur. Regional iqtisadi əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verən tədbirdə Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə bərabər, 20-yə yaxın ölkədən 250-yə qədər iş adamı, beynəlxalq iqtisadi təşkilatların nümayəndələri iştirak etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev konfrans və biznes-forumun iştirakçılarına təbrik məktubu yollamaqla yanaşı, UBCCE nümayəndə heyətini də qəbul etmişdir.

ATİB bu illər ərzində çoxsaylı ilklərə və uğurlara, mühüm layihələrə də imza atmışdır. 2007-ci ilin oktyabrında Moskvada Azərbaycan-Türkiyə-Rusiya əlaqələrinə, dekabrında isə Vaşinqtonda Azərbaycan-Türkiyə-ABŞ əlaqələrinə həsr edilmiş beynəlxalq konfranslar təşkil etdik. Digər mühüm fəaliyyət istiqamətimiz isə hər iki ölkənin ortaq məsələsi olan "erməni məsələsi" ilə bağlıdır ki, bu sahədə də bir çox işlər görmüşük. Belə ki, bizim təşəbbüsümüzlə Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu (ATAF) yaradılıb. Bu təşkilatın yaradılmasının əsas məqsədi "erməni məsələsi" ilə bağlı iki ölkənin həyata keçirdiyi fəaliyyətləri koordinasiya etmək üçün cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini bir araya gətirməkdir. ATİB tərəfindən ABŞ-da Azərbaycan Türkiyə Amerika Fondu (ATAF US) təsis edilib ki, bunda da məqsəd iki ölkə haqqında həqiqətlərin ABŞ ictimaiyyətinə çatdırılması ilə bağlı platform əldə etməkdir.

Bu ilin avqust ayında BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) növbəti sessiyasında ATİB-ə ECOSOC yanında "xüsusi konsultativ status" verilmişdir. Belə bir status ECOSOC-un qeyri-hökumət təşkilatları ilə iş bölməsinə üzvlük xarakteri daşıyır. ECOSOC-un verdiyi xüsusi konsultativ status ATİB-ə bir sıra üstünlüklər verir ki, bunların da sırasında ən önəmlisi BMT-nin fəaliyyətində yaxından iştirak etmək və xüsusi təkliflərlə çıxış etmək imkanıdır. Bir sözlə, ATİB Azərbaycan və Türkiyə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq platform əldə etmişdir və bundan səmərəli surətdə istifadə etmək niyyətindədir.

ATİB bundan sonra da ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə nüfuzunun artırılması üçün səylə çalışacaqdır.

Fürsətdən istifadə edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevi 50 illik yubileyi münasibətilə həm öz adımdan, həm Azərbaycan Türkiyə İş Adamları Birliyi adından, həm də "AtaHoldinq" Şirkətlər Qrupu adından səmimi qəlbdən təbrik edir, ona ölkəmizin qarşısında duran yeni siyasi, iqtisadi və sosial vəzifələrin həlli üçün gediləcək şərəfli yolda cansağlığı arzu edirəm. Bu vəzifələrin əldə edilməsi üçün lazım olan əsas keyfiyyətlər - güclü liderlik, çevik qərarvermə qabiliyyəti və strateji uzaqgörənlik cənab İlham Əliyevdə var.

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətinin başlıca məqsədi Azərbaycanı qüdrətli, güclü, inkişaf etmiş dövlətə çevirməkdir. Azərbaycan tarixi üçün çox məsuliyyətli bir mərhələdə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strategiya nəticəsində ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanacağına əminik. Bu yolda biz iş adamları kimi əlimizdən gələni əsirgəməyəcək, Azərbaycanın böyük gələcəyi üçün çalışacağıq.

 

Ahmet ERENTOK,

"AtaHoldinq" Şirkətlər Qrupu Müşahidə Şurasının sədri, Azərbaycan Türkiyə İş Adamları Birliyinin fəxri sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM