18 Oktyabr 2021 15:36
744
CƏMİYYƏT
A- A+

Azərbaycan ilə Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib

 

Oktyabrın 18-də Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani, eləcə də Komissiyanın hər iki tərəfdən üzvləri iştirak ediblər.

Tədbir iştirakçılarını səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov iclasın Azərbaycan üçün əlamətdar günə - Müstəqilliyin Bərpası Gününə təsadüf etdiyini və ilk dəfə bu bayramın ərazi bütövlüyünü bərpa etmiş qalib xalq tərəfindən qeyd edildiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, Azərbaycan ilə Qətər arasında 1994-cü ildə əsası qoyulmuş diplomatik münasibətlərin bu gün yüksək səviyyədə olması, ölkələrimizin mühüm məsələlərin həllində daim bir-birlərini dəstəkləməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı hər iki ölkənin mənafeyinə cavab verir. Azərbaycan ilə Qətər arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin əsasında hər iki ölkə liderlərinin siyasi iradəsinin və müdrik uzaqgörənliyinin dayandığını bildirən nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin birgə qərarı əsasında yaradılmış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti dövrü ərzində ikitərəfli münasibətlərin bir çox istiqamətlərində inkişaf dinamikasının müşahidə olunduğunu vurğulayıb. Komissiyanın yaradıldığı vaxtdan ötən dövr ərzində görülən işlərdən danışan nazir ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

Nazir, həmçinin 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi barədə məlumat verib. Azad olunmuş ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işlərindən danışan Kəmaləddin Heydərov Qətər iş adamlarını, biznes dairələrini və sərmayəçilərini həmin ərazilərə sərmayə yatırmağa dəvət edib.

Bundan başqa, 2021-ci il iyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə məlumat verən nazir Kəmaləddin Heydərov Qətərin biznes dairələri və xüsusilə sənaye sahəsini əhatə edən sərmayəçiləri üçün burada həyata keçirilən layihələrdə iştirakın maraqlı olacağına əminliyini ifadə edib.

Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri olan Qətərin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani səmimi görüşə görə təşəkkürünü bildirib, Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb.

Qonaq Birgə Komissiyanın gördüyü işlərin əhəmiyyətini qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadiyyat, ticarət, investisiya və turizm sahələrində işgüzar münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu, bu imkanlardan qarşılıqlı faydalı əsasda yararlanmaq üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, iki ölkə liderlərinin müdrik qərarlarına və siyasi iradəsinə söykənərək ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da genişləndirilməsi baxımından Komissiyanın üzərinə düşən vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə əmin olduğunu bildirib.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın üçüncü iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video