04 Iyun 2021 22:06
1212
PARLAMENT
A- A+

Azərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

 

Pakistanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani ölkələrimiz arasında tarixən formalaşmış və Azərbaycanın müstəqilliyi dövründə daha da möhkəmlənmiş əlaqələrdən söz açıb. Qeyd edib ki, Pakistan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. İki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri zamanı imzalanan sənədlər çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün lazımi hüquqi baza yaradıb. Beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərdə aparılan yüksəksəviyyəli siyasi dialoq ən müxtəlif sahələrdə münasibətlərimizin inkişafına və əlaqələrimizin möhkəmlənməsinə müsbət təsir göstərib.

2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən böyük sevinc və qürur duyduqlarını bildirən Məhəmməd Sadiq Sancrani təbriklərini Sahibə Qafarovaya çatdırıb. O deyib ki, Pakistan Dağlıq Qarabağı və ətraf əraziləri işğal etdiyinə görə Ermənistanı dövlət kimi tanımır və onunla diplomatik əlaqələr qurmayıb. Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.

Azərbaycan haqqında xoş sözlərə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində keçirilən bütün tədbirlərin, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransının çox yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, hazırkı səfər onun Milli Məclisin sədri kimi Pakistana ilk rəsmi səfəridir. Milli Məclis Pakistan İslam Respublikasının Senatı və Milli Assambleyası ilə ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərin inkişafında və daha da möhkəmlənməsində maraqlıdır.

Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın səviyyəsi əlaqələrimizin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu var.

Sahibə Qafarova Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda həyata keçirilən sosial-humanitar layihələrdən söz açıb, xeyirxah əməllərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın illər əvvəl Pakistanın ali ordeni ilə təltif olunduğunu məmnunluqla qeyd edib.

Görüşdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən iftixarla söz açan Milli Məclisin sədri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti sayəsində Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalına son qoyulduğunu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirərək ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Sahibə Qafarova Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu, Xocalı soyqırımını törədən işğalçıların kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldıqlarını qeyd edib. Bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda bərpa və quruculuq işləri başlayıb. Lakin Ermənistan bu işə mane olur, minalanmış ərazilərin xəritələrini vermir, sərhəddə təxribatlar törədir, işğaldan azad olunmuş ərazilərimizə terrorçuların keçməsinə şərait yaradır. Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsinə görə hərbçilərlə yanaşı, mülki şəxslər də həlak olur və ya zərər çəkir.

Söhbət zamanı Milli Məclisin sədri Vətən müharibəsi dövründə Pakistan parlamentinin bəyanat və qətnamələr qəbul edərək prinsipial mövqe nümayiş etdirməsini, qardaş Pakistan hökuməti tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə qətiyyətli dəstək verilməsini, Pakistan xalqının mənəvi dəstəyini xalqımızın çox yüksək qiymətləndirdiyini vurğulayıb.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə olunub, beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığın, eləcə də ikitərəfli siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsi vacibliyi vurğulanıb.

Sonra Sahibə Qafarova parlamentlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancraniyə Milli Məclisin Fəxri medalını təqdim edib.

Görüşdən sonra Sahibə Qafarova Pakistan Senatının xatirə kitabına ürək sözlərini yazıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video