08 Aprel 2012 03:04
384
SİYASƏT
A- A+

Azərbaycan ilə Avropa İttifaqı təsisatları arasında əməkdaşlıq əlaqələri daha da güclənir

 

Bu fikirləri Prezident İlham Əliyev Avronest Parlament Assambleyasının ikinci sessiyasının açılışında bildirib

 

Ölkənin gələcəyinin sivil bir Avropa dövləti kimi qurulması Azərbaycan Respublikasının qarşıya qoyduğu əsas məqsədlərdən biridir. Ölkəmizin strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin respublikamızla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək maraqlarını artırır. Digər tərəfdən, Avropa İttifaqının irəli sürdüyü Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox mühümdur. Bu model regionda vətəndaş cəmiyyətinə və insan hüquqlarının dövlət himayəsindən çıxarılmasına xidmət edən davamlı strategiya üzərində qurulmuşdur.

Azərbaycanın təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətləri son illərdə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir. Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" saziş imzalanmış, bu sənəd ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşımışdır. Avropa İttifaqının TACİS-TRASEKA proqramı çərçivəsində Böyük İpək yolunun bərpası üzrə keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.

Avropa İttifaqı Azərbaycanla əlaqələrini təkcə TRASEKA və "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş digər proqramlar çərçivəsində reallaşdırır. Bu baxımdan Avropa İttifaqı Rusiyanın MDB məkanında həyata keçirmək istədiyi "Avrasiya inteqrasiyası" proqramına alternativ kimi çıxış edir. Azərbaycan bu proqram çərçivəsində qurumla birgə iqtisadi, siyasi, hüquqi və inzibati islahatları həyata keçirmək imkanı qazanır, bu məqsədlə təşkilatın texniki-maliyyə dəstəyini alır. Ölkəmiz "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edir. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanlarını açır.

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı respublikamızın sözügedən təşkilatla əlaqələrinin daha da gücləndirilməsi, Avropa İttifaqının Azərbaycan üzrə fəaliyyət planının işlənib hazırlanması və həyata keçirilməsi üzrə səmərəli işin təmin edilməsi məqsədini qarşıya qoyur. Sərəncamda təşkilatla siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquqi, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qruplarının yaradılması nəzərdə tutulur.

2006-cı il 14 noyabr tarixdə Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı" təsdiq edilmiş, ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etmişdir. Avropa Birliyi 2007-2013-cü illəri əhatə edəcək yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı üçün büdcəsindən 11 milyard 181 milyon avro dəyərində vəsait ayırmışdır. Bu pullar Avropa İttifaqının qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlığı möhkəmlətmək üçün milli və beynəlxalq proqramların həyata keçirilməsinə xərclənəcək. Sənəddə Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, mütəmadi siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulmuşdur.

Fəaliyyət planında hər bir tərəfin mövqeyinə uyğun genişmiqyaslı islahatlar da öz əksini tapıb. Belə ki, Azərbaycan Respubilkası Avropaya inteqrasiya yolunda iqtisadi və siyasi sahədə qanunvericiliyi təkmilləşdirməlidir. Sənədin Qafqazdakı münaqişələrin həllində, həmçinin Dağlıq Qarabağ probleminin çözülməsində əhəmiyyətli rol oynayacağı istisna olunmur.

Bu sənəd Avropa İttifaqını öz qonşuları ilə yaxınlaşdırmağa, təhlükəsizlik, strateji sabitlik, rifah halının yüksəldilməsinə xidmət edir. Sənəd Avropa Birliyinin qonşu olduğu dövlətlərlə hansı şərtlər əsasında əməkdaşlıq etmək məramlarını ortaya qoyur. Avropa İttifaqı qonşularına imtiyazlı əlaqələr təklif edir, əvəzində isə demokratiya, suverenlik, insan hüquqlarının qorunmasını, bazar iqtisadiyyatı prinsiplərinə riayət etməyi tövsiyə edir. Avropa qonşuluq siyasəti mövcud əlaqələrdən daha yüksək statusa malik siyasi əməkdaşlığı və ölkələrin Avropaya iqtisadi inteqrasiyasını təmin edən proqramdır.

Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünü dəstəkləyir və bu proqramda da yaxından iştirak edir. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində yaradılan Parlament Assambleyası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq əlaqələri də uğurla inkişaf etməkdədir. Bu günlərdə Bakıda Avropa Parlament Assambleyasının (PA) ikinci sessiyasının keçirilməsi də deyilənlərə əyani sübutdur. Məlumat üçün bildirək ki, Avronest PA-nın birinci sessiyası  bu qurumun təsis olunduğu Belçikada keçirilmişdir. Bu, ikinci sessiyadır və tədbirin Azərbaycanda keçirilməsi olduqca önəmlidir.

Sessiyada Avropa İttifaqının 15 ölkəsindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların nümayəndələrinin iştirak etməsi tədbirin mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.

Prezident İlham Əliyev Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılışında bildirmişdir: "Avronest təşkilatının bəzi üzvləri Azərbaycana ilk dəfədir ki, səfər edirlər. Onlar Azərbaycanı daha yaxşı tanımaq, ölkəmizin reallıqları ilə tanış ollmaq fürsətini əldə edəcəklər. Əlbəttə ki, bu sessiya birmənalı olaraq Azərbaycan ilə Avropa İttifaqı təsisatları arasında əməkdaşlıq ruhunu daha da gücləndirəcəkdir. Uzun illər ərzində bizim əməkdaşlığımız inkişaf etmişdir. Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlıq aparır. Biz artıq on ildən çoxdur ki, Avropa Şurasının üzvüyük. Fərəh hissi ilə qeyd etmək istəyirəm ki, mən Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin ilk rəhbəri olmuşam.

Təbii ki, bizim gündəliyimizə gəldikdə, bir çox məsələlər mövcuddur və onlar bir çox sahələri əhatə edir. Əməkdaşlığımızın yaxşı tarixi və gələcəyi vardır. Çünki yüksək səviyyədə olan daimi təmaslarımız, yüksək səviyyədə həyata keçirilən səfərlər, parlamentarilərin səfərləri Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı daha da gücləndirir".

Rəsmi Bakı ötən 9 ildə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir. Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi ölkəmizə olan marağı artırmaqdadır. Məhz bu reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir. Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramının üzv dövlətləri, xüsusən də GÜAM üzvləri ilə sıx əməkdaşlığı və münasibətləri vardır. On ildən artıqdır ki, biz GÜAM-ın üzvüyük və bu təşkilata Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna daxildir. Bu ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərimiz çox yaxşıdır. Eyni zamanda, avropalı həmkarlarımızla apardığımız əməkdaşlıq çox mühüm bir mühit yaradır. Əminəm ki, Avropa İttifaqının hüdudlarından kənarda keçirilən bu sessiya çox yaxşı əməkdaşlıq ruhu yaradacaqdır. Biz birgə əməkdaşlıq üçün mühüm şəraitləri yaradacağıq. Əminəm ki, həmçinin sessiya iştirakçıları da Azərbaycanı daha yaxşı tanımaq fürsətini əldə edəcəklər. Yəni on dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Siz Azərbaycanın reallığını, Azərbaycanın necə dəyişdiyini, islahatları, qarşımızda duran çağırışları, Azərbaycan xalqının arzu və istəkləri, ümumiyyətlə, gələcək planlarımızla tanış olacaqsınız".

Sessiyada iclas proqramı üzrə həmsədrlərin çıxışları, gündəlik məsələlərin müzakirəsi keçirilmişdir. Avronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin deputatı Kristian Vigenin Bakını Şərqi Avropanın paytaxtı adlandırmışdır. Avropalı həmsədr toplantının keçirilməsi üçün yaratdığı imkanlara görə Azərbaycan tərəfinə təşəkkür etmişdir. On bir ay əvvəl yaradılımış assambleyanın fəaliyyətinə nəzər salan həmsədr görülən işlərdən razılığını ifadə etmişdir. Bildirmişdir ki, üzv ölkələr əməkdaşlıq üçün böyük səylər göstərmiş və mühüm nəticələrə nail olmuşlar.

Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle əlaqələrin inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirmişdir. O, parlament diplomatiyasının mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri olacağına inamını ifadə etmişdir. Ölkəmizin son 20 ildə əldə etdiyi uğurları xüsusi qeyd edən Ş.Füle demişdir ki, Azərbaycan tarix baxımından keçdiyi bu qısa yolda təkcə daxildə deyil, həm də beynəlxalq aləmdə böyük uğurlara nail olmuşdur. Sonuncu dəfə 2009-cu ildə Bakıda olduğunu, ötən müddətdə ölkəmizin böyük məsafə qət etdiyini deyən avropalı komissar bildirmişdir ki, dözümlülük və dünyəvilik modeli olan Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, infrastruktur yenilənir: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Avronest PA-nın toplantısına ev sahibliyi edir, "Evrovision" mahnı yarışmasını keçirməyə hazırlaşır. Heç də təsadüfi deyil ki, bu gün Bakıda ilk dəfə olaraq Brüsseldən kənarda Avronest Parlament Assambleyası keçirilir. Azərbaycandan gözləntilər çox yüksəkdir". 

Azərbaycanın beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Miqyas və nüfuzundan asılı olmayaraq, universal və regional beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə getdikcə daha çox rol oynayırlar. Belə ki, beynəlxalq təşkilatlar təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına yardım etməklə yanaşı, Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsinə imkanlar yaradırlar.

 

Elnur HACALIYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video