02 Fevral 2019 02:23
1452
SİYASƏT
A- A+

Azərbaycan gəncliyinə İLHAM ƏLİYEV örnəyi


Prezident gənc yaşlarındakı fəaliyyətini nümunə göstərdi və yeni nəsilə çağırış etdi:

* ölkəmizin gələcəyinin sizin əlinizdə olduğunu unutmayın;
* ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə belə ümidinizi itirməyin;
* təhsilə böyük əhəmiyyət verin;
* peşəkar və fəal olun;
* milli ruhda, vətənpərvərlik ovqatında tərbiyə alın;
* dövlət maraqlarını, milli mənafeyi, müstəqilliyi layiqincə qoruyun.

Prezident İlham Əliyev dünən keçirilən Gənclər Gününə həsr olunmuş respublika toplantısına əliboş gəlməmişdi.

Dövlət başçısı mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə Prezident mükafatı təqdim etdi. Bir qrup gənc isə dövlət gənclər siyasətinin həyata keçirilməsində və gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə dövlət mükafatları ilə təltif olundular. Əslində bu diqqət Prezident İlham Əliyevin ötən 16 ildə gənclərə göstərdiyi hərtərəfli himayədarlıq və qayğının kiçik təzahürü idi.

Prezidentin tövsiyələri

Bakı Konqres Mərkəzində keçirilən bu toplantı bir həqiqətin - Azərbaycanda həyata keçirilən mütərəqqi dövlət gənclər siyasətinin növbəti təsdiqi oldu. Cənab Prezident tədbir boyu gənclərlə bir yerdə oldu, nitq söyləyərək gənclərə tövsiyələrini verdi, həm də onları dinlədi.

Toplantıdakı çıxışında "Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər” - deyən Prezident İlham Əliyev gənclərin cəmiyyətdəki rolunu düzgün səciyyələndirdi. Prezident gənclərə təhsilə çox böyük fikir vermələrini, xalqımızın maraqlarını hər şeydən üstün tutmağı tövsiyə etdi. İlham Əliyevin başqa bir istəyi isə dövlət təşkilatlarının gəncləri önə çəkməsi ilə bağlı oldu: "Çünki gənclərin həm potensialı, həm fəallığı, həm onların məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır”. Dövlət başçısı gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət çəkdi. Bu, gələcəkdə gənclərin dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə qoruya bilmələri üçün xüsusi əhəmiyyət kəsb edir. "Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlət başçısı şəhidlərin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.

Azərbaycan öz inkişaf yolu ilə inamla irəliləyir. Ölkənin yüksəlişi, baş verən pozitiv dəyişikliklər yürüdülən siyasətin düzgün olduğunu, dövlətin və xalqın maraqlarına xidmət etdiyini göstərir. Lakin Prezidentin dediyi kimi, bu yolda biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəli baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri yoluna qoymalıyıq. Əlbəttə, bu yolda dövlət başçısının gənclərdən gözləntiləri çoxdur. Gənclər öz əməlləri ilə hər bir məsələdə Azərbaycan Prezidentinin yardımçıları olmalıdırlar.

Mütərəqqi gənclər siyasəti

Gənclik hər bir dövlət üçün mühüm sosial təbəqədir, xalqın sabahı və sağlam gələcəyidir. Təsadüfi deyil ki, dövlətlərin inkişaf səviyyəsini müəyyənləşdirən vacib meyarların arasında gənclər sayəsində qazanılan uğurlar xüsusi yer tutur. Hələ 26 il əvvəl bu reallığı düzgün dəyərləndirən ulu öndər Heydər Əliyev gənc nəslin roluna böyük önəm vermiş, bu təbəqədən olan insanlara hər sahədə özlərini təsdiq etmək üçün şərait yaratmışdı. Heydər Əliyevin 1997-ci ildə fevral ayının 2-ni Gənclər Günü elan etməsi ulu öndərin gənclərə xüsusi diqqətinin təzahürü idi.

Məhz ulu öndərin yaratdığı bünövrə və hərtərəfli imkanlar sayəsində gənc nəsil cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib. Bu gün cəbhədə düşmənlə üzə-üzə dayanan, vətənimizin mübariz keşikçiləri məhz gənc nəslin nümayəndələridir. Beynəlxalq yarışlarda himnimizi səsləndirən, bayrağımızı ucaldan, qələbələrilə xalqımızı sevindirən də gənclərimizdir. Azərbaycan gənci həm də dövlət idarəçiliyində ona bəslənən etimadı uğurla doğruldur, seçkili orqanlarda öz seçicilərini layiqincə təmsil edir, diplomat kimi xaricdə milli mənafelərimizi qoruyur. Eyni zamanda Azərbaycan gənci ölkəmizin inkişafına töhfə verən bacarıqlı iş adamıdır, gələcəyin istedadlı alimidir. Beləliklə, dövlətə və dövlətçiliyə sədaqət ruhunda formalaşan gənc nəsil malik olduğu qabiliyyət və intellektual imkanları ilə dövləti və xalqı sağlam gələcəyə daşıyan avanqard təbəqədir.

Dövlət başçısı gənclərə güvəndiyini bəyan etdi

Prezident İlham Əliyevin fəaliyyətində gənclər siyasəti daim prioritet istiqamət təşkil edib. Bu dövrdə gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakının stimullaşdırılmasını, onların potensialından səmərəli istifadəni nəzərdə tutan 3 dövlət proqramı təsdiq olunub. Hazırda 2017-2021-ci illəri əhatə edən üçüncü proqram icra olunur. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə ayrıca dövlət proqramı yerinə yetirilib. 3 il əvvəl isə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq olunub.

Bütün bunlar Azərbaycan Prezidentinin gənclərə diqqətinin, onların cəmiyyət həyatında fəal iştirakına verdiyi əhəmiyyətin bariz göstəricisidir. Prezident İlham Əliyevin indiyədək imzaladığı dövlət proqramları, gənclərin təhsil üçün xaricə göndərilmələri, "Gənclər ev”lərinin yaradılması, Gənclər Fondu tərəfindən gənclərin layihə və proqramlarının dəstəklənməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatının təsis edilməsi ondan xəbər verir ki, Azərbaycanda gənclərlə bağlı məqsədyönlü tədbirlər kompleks şəkildə həyata keçirilir. Bəli, Azərbaycan Prezidenti, Azərbaycan dövləti hər addımda, hər yerdə gənclərin yanındadır.

Dünən Prezident İlham Əliyev Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan edərək onlara uğurlar arzuladı. Bu, Prezidentin böyük etimadıdır. Hər bir gənc layiqli vətəndaş kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərməli, ona bəslənən etimadı əməli ilə doğrultmalıdır.


Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video