28 Oktyabr 2020 01:05
2366
SİYASƏT
A- A+

Azərbaycan döyüş meydanında Ermənistanı diz çökdürür


Sülhə nail olmaq istəyənlər İlham Əliyevin şərtlərini mütləq nəzərə almalıdırlar


Vətən müharibəsinin bir ayı tamam oldu. Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatlarının nəticəsində 30 gün ərzində işğal altındakı torpaqlarımızın bir qismi azad edildi. Ermənistanın 30 ilə yaxındır ki, işğal altında saxladığı torpaqlarımızın əhəmiyyətli bir hissəsində cəmi 30 gün ərzində işğala son qoyulması Azərbaycan Ordusunun qüdrətini və rəşadətini bütün dünyaya nümayiş etdirdi.


Hər gün cəbhədən yaxşı xəbərlər gəlir


Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirdiyi operativ müşavirədə ötən müddətdə ordumuzun keçirdiyi hərbi əməliyyatlarla bağlı vəziyyəti ətraflı təhlil etdi. Dövlət başçısı işğal olunmuş torpaqlarımızın bir hissəsinin bu müddət ərzində işğalçılardan azad olunduğunu bəyan edərək dedi: "Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır”.

Beləliklə, qısa müddətdə Azərbaycan işğal olunmuş ərazilərinin bir hissəsində öz hüquqlarını və BMT-nin 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsinin tələblərini təmin etdi. Həmin qətnamələrdə Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərini dərhal boşaltması tələb olunsa da, işğalçı dövlət 30 ilə yaxın müddətdə onu yerinə yetirməyib.

Əlbəttə, Ermənistan kimi dövlətin bu tələbi yerinə yetirməməsi onun öz iradəsindən asılı olmayan məsələdir. İndiyə kimi heç vaxt Ermənistana beynəlxalq səviyyədə təzyiq göstərməyib, ondan BMT-nin qətnamələrini yerinə yetirməsi tələb olunmayıb. ATƏT-in Minsk qrupu yaradıldığı 28 ildə yalnız ikili standartlardan çıxış edib, öz fəaliyyəti ilə əslində status-kvonu dəyişməz saxlayıb.


Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi müstəvidə də qələbə qazanır


Ötən bir ayda Azərbaycan beynəlxalq hüquqa istinad edərək status-kvonu dəyişdi və sübut etdi ki, işğalçını ən qısa müddətdə torpaqlarından qovmağa qadirdir. Bu dövrdə də Azərbaycan beynəlxalq ictimaiyyətin təzyiqləri ilə üzləşdi. Ayrı-ayrı dövlətlər Ermənistanı xilas etmək üçün dəridən-qabıqdan çıxdılar. Ermənistanın işğalçı siyasətinə göz yuman və öz laqeydlikləri ilə bu işğala rəvac verən ayrı-ayrı beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın uğurlu hərbi əməliyyatları başlayandan bəri atəşin dayandırılması, problemin danışıqlar masası ətrafında həlli üçün canfəşanlıq etdilər. Lakin Prezident İlham Əliyev bütün bu təzyiqlərə mətinliklə, qətiyyətlə sinə gərdi, Azərbaycanın haqq işinin qarşısını heç bir qüvvə ala bilmədi. Humanitar atəşkəs razılaşmalarını da Ermənistan pozdu və buna görə hər dəfə layiqli cəzasını aldı.

Bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurası (TŞ) səviyyəsində Azərbaycana növbəti təzyiqə cəhd edilib. Belə ki, TŞ-nin Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən bəyanat layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb. Lakin layihədə TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilməyib. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan dövlətlər bu qətnamələrə istinadın yer almasını təkid ediblər. Bundan sonra layihənin müəllifi olan həmsədr ölkələr onu geri götürməyə məcbur olublar. Beləliklə, İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi uzaqgörən siyasi fəaliyyətinin nəticəsi olaraq ermənipərəst dairələrin Azərbaycana təzyiqlərinin beynəlxalq hüquqi qüvvəyə minməsinin qarşısı alınıb. "Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk” - deyə Prezident İlham Əliyev müşavirədə bildirdi.


Növbəti 17 kənd və 1 şəhər işğaldan azad edildi


Oktyabrın 25-də Prezident İlham Əliyev özünün rəsmi "Twitter” səhifəsində şanlı ordumuzun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdiyini xalqa çatdırdı. Oktyabrın 26-da xalqa müraciətində isə dövlət başçısı Zəngilanın Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd, Cəbrayılın Qovşudlu, Sofulu, Dağmaşanlı, Kürdlər, Hovuslu, Çələbilər və Qubadlının Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq və Mollabürhan kəndlərinin işğaldan azad olunduğunu bəyan etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi "Instagram” səhifəsində paylaşım edib. "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”, - deyə Mehriban Əliyeva yazıb.

Beləliklə, azad olunmuş şəhər və kəndlərimizin sırasına daha 18-i əlavə olundu. Sentyabrın 27-dən indiyədək 173 yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut, Mincivan və Ağbənd qəsəbələri işğaldan azad edilib. 166 kənd isə Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər və Qubadlı rayonlarını əhatə edir.

Prezident İlham Əliyev xalqa müraciətində bir daha bəyan etdi ki, Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır, Ermənistanın torpaqlarına girmir: "Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər”.

Azərbaycan bu gün öz haqqını ləyaqətlə təmin edir, özünün şərəfli tarixini yazır. Dövlət başçısının qeyd etdiyi kimi, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb. Azərbaycanın uğurları fonunda isə ayrı-ayrı dövlətlərin ermənipərəstliyi daha aydın görünür. Lakin artıq vəziyyət dəyişib, status-kvo dəyişib, təmas xətti yoxdur. Azərbaycan Ordusunun qarşısında Ermənistanın duruş gətirməsi mümkün deyil. Ona görə sülhə nail olmaq istəyənlər Azərbaycanın şərtlərini mütləq nəzərə almalıdırlar.

R.CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video