02 Avqust 2019 01:04
1203
SİYASƏT
A- A+

Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir


Prezident İlham Əliyev müstəqil siyasətinin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha bəyan etdi


"Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq”.

Bu gün istər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, Azərbaycanın bütün sahələr üzrə tərəqqisi fərəh doğurur. Hər gün atılan addımlar uğurlu nəticələr verir. Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə məhz bu uğurları dəyərləndirdi və qarşıdakı hədəfləri müəyyənləşdirdi.

Bu ilin 6 ayında reallığa çevrilən islahatların uğurları onu deməyə əsas verir ki, müəyyən edilən hədəflərə doğru inamlı addımlar davam edir. Son 6 ayda həm artan iqtisadi göstəricilərə, həm də uğurlu nailiyyətlərə nəzər yetirək:

- ölkə iqtisadiyyatı 2,4 faiz artıb;

- valyuta ehtiyatları 4 milyard artaraq 49 milyard dollara yüksəlib;

- qeyri-neft sektoru 3,2 faiz artıb;

- iqtisadiyyata 6 milyard dollardan çox sərmayə qoyulub;

- qeyri-neft sənayesi 15,7 faiz çoxalıb;

- kənd təsərrüfatı 13 faiz artıb;

- ticarət dövriyyəsi 20 faizdən çox olub;

- qeyri-neft ixracı 15 faiz artıb;.

- sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb;

- əhalinin gəlirləri 6,6 faiz artıb;

- büdcə daxilolmaları 440 milyon manatdan çox artıb;

- minimum əməkhaqqı 130 manatdan 250 manata çatdırılıb;

- pensiya 116 manatdan 200 manata qaldırılıb;

- məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb;

- problemli kreditlərlə bağlı olan məsələ həllini tapıb;

- 400 kilometrə yaxın avtomobil yolu çəkilib;

- "SOCAR karbamid” zavodu açılıb;

- "SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodu işə düşüb.

Göründüyü kimi, bu davamlı inkişaf ilin əvvəlində qarşıya qoyulan vəzifələrin uğurlu icrasının təsdiqidir. Ölkədə ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir.

Bütün bunlar Azərbaycanın sosial-iqtisadi inkişafının əsas göstəriciləridir. Prezident İlham Əliyevin söylədiyi kimi, bütün iqtisadi göstəricilər, uğurlu nəticələr onu deməyə əsas verir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir və qarşıda duran bütün vəzifələr icra olunur. Əgər ölkənin güclü iqtisadi imkanları olmasaydı, bu layihələrin heç biri reallaşmazdı. Hələ heç bir sosial layihə indiyədək təxirə salınmayıb. Çünki Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil.

Bu gün İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı, fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü olan güclü dövlətdir.

İqtisadi baxımdan son illərdə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Prezident İlham Əliyevin innovasiya yönümlü, yüksək rəqabətqabiliyyətli istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb və respublikamız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Təkcə 6 ayda valyuta ehtiyatlarımızın 4 milyard dollar artması bunu təsdiq edən faktdır.

İqtisadi göstəricilərdən göründüyü kimi, ən böyük yüksəliş qeyri-neft sənayesindədir. 15,7 faiz artım onu göstərir ki, son illərdə cənab İlham Əliyevin sənayeləşmə siyasəti uğurlu nəticələr verir. Sənayenin qeyri-neft sektoru rekord addımlarla irəliləyir.

Bu sahədə, əlbəttə ki, cari ildə istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bu ilin əvvəlində Sumqayıtda "SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen və "SOCAR karbamid” zavodlarının istifadəyə verilməsi də bu uğurlar sırasındadır. Ümumiyyətlə, bu gün regionlarda yaradılan 9 sənaye parkı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.

Bu il eyni zamanda Hacıqabul və Sabirabad sənaye məhəllələrinin açılışları da nəzərdə tutulub. Bu isə ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımların atıldığının təsdiqidir.

Prezident müşavirədə böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlardan söz açaraq vurğuladı ki, bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir: "Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”.

Xatırladaq ki, dövlət başçısının sərəncamlarına əsasən qəbul edilən iki böyük sosial islahat paketi xalqın rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır. Birinci paket 3 milyon insanı əhatə etdi və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. Bu sosial islahat paketi artıq tam şəkildə icra olunub və həm pensiyaçılar, həm də işləyən vətəndaşların əməkhaqları artıb.

İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışan əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri başa çatıb. Ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manat və 4,2 milyon insanı əhatə edəcəkdir. Minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq.

Ölkə rəhbəri həmçinin ilin əvvəlində qəbul edilən regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramının icrası prosesinə də toxunaraq vurğuladı ki, bu günə qədər həllini tapmayan məsələlər genişmiqyaslı proqramın icrası nəticəsində öz həllini tapacaq. Bununla yanaşı həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və uğurlu nəticələr var. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan vəsaitlərin böyük hissəsi, ilk növbədə, bu proqramın əsas istiqaməti olan infrastruktur layihələrinin icrasına yönəldilib. Həmçinin dövlət proqramının icrası kənd yerlərini də əhatə etməklə məşğulluğun təmin olunması istiqamətində atılan vacib addımlardan biridir. Bu gün qeyd etmək olar ki, regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır.

Cari ildə reallaşacaq layihələrə gəlincə isə dövlət başçısı bəyan etdi ki, ilin sonunadək 10 min ailənin bu il Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Bundan başqa, bu il bir neçə şəhərin içməli su problemi həll olunacaq, 10 şəhərdə mərkəzi xəstəxana, 3 şəhərdə olimpiya idman kompleksi tikiləcək, sahibkarlara 120 milyon manat həcmində güzəştli kredit veriləcək. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunların hamısı Dövlət İnvestisiya Proqramında öz əksini tapır.

Azərbaycanın innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməli olduğunu vurğulayan cənab İlham Əliyev bəyan etdi ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bu gün iqtisadi sahədə Azərbaycanın dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasında olduğunu bir daha təsdiqləyir. Ancaq dövlət bununla paralel olaraq, sosial sahəyə də çox böyük diqqət göstərir. Reallaşan, yəni milyardlarla dollar həcmində ölçülən bu layihələr dövlət siyasətinin göstəricisidir: "Bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir”.

Əldə edilən bu nailiyyətlər və reallaşmaqda olan yeni-yeni sosial-iqtisadi layihələr onu deməyə əsas verir ki, 2019-cu ildə də qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək, Azərbaycan iqtisadiyyatı öz inkişaf dinamikasını qoruyub saxlayacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video