27 Oktyabr 2021 17:26
519
SİYASƏT
A- A+

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının videokonfrans formatında iclası keçirilib  

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının videokonfrans formatında 8-ci iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikası kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi (nazir səviyyəsində) Yuy Tzyanhua iclasa sədrlik ediblər.

Baş nazirin müavini Şahin Mustafayev iclası açaraq Azərbaycan-Çin əlaqələrinin qədim və zəngin ənənələrə malik olduğunu bildirib. Vurğulayıb ki, ölkələrimizi və xalqlarımızı birləşdirən sıx dostluq və əməkdaşlıq münasibətləri dövlətimizin başçılarının səyləri ilə hazırda özünün dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır. Xüsusi qeyd edilib ki, cari ilin iyununda baş tutmuş telefon söhbəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğunu bildiriblər.

İqtisadi-ticari əlaqələrə toxunan Baş nazirin müavini postpandemiya dövründə mövcud potensialın reallaşdırılması sayəsində bu sahədə əməkdaşlığın əhatə dairəsinin genişləndiriləcəyinə əminliyini ifadə edib.

Çin şirkətlərini və investisiya fondlarını Azərbaycanda yaradılan sənaye zonalarına sərmayə yatırmağa dəvət edən Baş nazirin müavini Azərbaycan tərəfinin bu məsələdə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib. Ələt Azad İqtisadi Zonasının, həmçinin Cəbrayıl rayonu ərazisində yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının bu baxımdan cəlbediciliyi diqqətə çatdırılıb.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığa toxunan Baş nazirin müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanla Çin arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, bütün bu layihələr Çin Xalq Respublikasının “Kəmər və yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın “Kəmər və yol” təşəbbüsünü rəsmi şəkildə dəstəkləyən ilk ölkələrdən biri olduğu məmnunluqla bildirilib.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geniş imkanlara toxunularaq xüsusilə də Zəngəzur dəhlizinin yaradılmasının çox böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb, onun "Kəmər və yol" layihəsinə də mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Rəqəmsal transformasiya və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Ş.Mustafayev “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətini xüsusi vurğulayıb, şirkətin ən qabaqcıl texnologiyalarını işğaldan azad olunmuş ərazilərdə tətbiq etməsinin böyük məmnunluq doğurduğunu bildirib.

Baş nazirin müavini, həmçinin Azərbaycanda istehsal edilən kənd təsərrüfatı və emalı məhsullarının Çinə ixrac imkanlarına toxunub, qeyri-neft sektoru üzrə ixrac baxımından Çin bazarının ölkəmiz üçün çox cəlbedici olduğunu bildirib.

İki ölkə arasında humanitar sahədə uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib, mədəniyyət, elm, təhsil və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün birgə səylərin vacibliyi vurğulanıb. Azərbaycanın Tayhu Dünya Mədəniyyət Forumunda yüksək səviyyədə iştirak etdiyi bildirilib, budəfəki tədbir çərçivəsində Tayhu Dünya Mədəniyyət Forumunun mənzil-qərargahının yerləşdiyi “Qədim Məskənlər Parkı”nda Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan Mədəniyyətinə Pəncərə” adlı milli pavilyonu fəaliyyətə başlaması məmnunluqla qeyd edilib.

Ş.Mustafayev, həmçinin COVID-19 pandemiyasının ilk günlərindən Azərbaycan və Çinin nümayiş etdirdiyi həmrəyliyi və qarşılıqlı dəstəyi yüksək qiymətləndirib, koronavirus xəstəliyi ilə mübarizə məqsədilə ölkəmizə göstərilən dəstəyə görə Çin Hökumətinə və xalqına minnətdarlıq ifadə edib.

Çin Xalq Respublikası kommersiya nazirinin müavini Yuy Tzyanhua ölkəsinin Azərbaycan ilə iqtisadi-ticari əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb. Qeyd edilib ki, Çin “Kəmər və yol” layihəsinin reallaşdırılması baxımından Azərbaycanı mühüm tərəfdaş hesab edir.

Y.Tzyanhua iki ölkə arasında elektron ticarət və investisiya sahələrində əməkdaşlıq üzrə işçi qrupların yaradılmasını və infrastruktur sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasını təklif edib.

Nəqliyyat-logistika sahəsində əməkdaşlığın davamlı inkişafının təmin edilməsi üçün birgə səylərin davam etdiriləcəyinə ümidvarlıq ifadə olunub.

İnvestisiya sahəsində əməkdaşlığın potensialının dərindən araşdırılmasının vacibliyini qeyd edən Y.Tzyanhua bildirib ki, Çin tərəfi Çin müəssisələrinin Azərbaycanda külək və digər bərpaolunan enerji, “ağıllı” şəhərlərdə rəqəmsal inkişaf, informasiya-kommunikasiya texnologiyaları və rabitə, sənaye parkları və digər sahələri əhatə edən layihələrdə iştirakının təşviqinə hazırdır.

Y.Tzyanhua Çinin Azərbaycanla koronavirus xəstəliyinə qarşı mübarizədə, eyni zamanda, tibb və səhiyyə sahələrində uğurlu əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu deyib. Qeyd olunub ki, Çin vaksin, dərman və tibbi ləvazimatların Azərbaycana ixracını davam etdirməyə hazırdır.

Bildirilib ki, Çin ikitərəfli ticarətin şaxələndirilməsi məqsədilə Azərbaycandan yüksəkkeyfiyyətli məhsulların idxalında maraqlıdır.

İclasda ikitərəfli ticarətin genişləndirilməsi, investisiyalar, rabitə və yüksək texnologiyalar, nəqliyyat daşımaları və logistika, həmçinin COVID-19-la mübarizə, tibb və səhiyyə sahələrində əməkdaşlığa dair məruzələr dinlənilib, təqdimatlar olub. İki ölkə arasında iqtisadi-ticari, nəqliyyat-tranzit, enerji, kənd təsərrüfatı, rəqəmsal inkişaf, turizm, mədəniyyət, təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.

Sonda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 8-ci iclasının Protokolu imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video