18 Noyabr 2018 01:32
1623
SİYASƏT
A- A+

Azərbaycan Asiya ilə Avropa arasında logistik əlaqə yaradır


İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ölkəmizi mühüm nəqliyyat-tranzit və ticarət mərkəzinə çevirməkdədir


Müasir dövrdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını yenə də qoruyub saxlayır. Xüsusən, qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.

Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq ölkətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Cəmi 27 ildir ki, müstəqil dövlət kimi yaşayan Azərbaycan bu qısa zaman ərzində nəqliyyat infrastrukturunu getdikcə daha da möhkəmləndirərək dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar yatırıb. Bu sərmayələr artıq ölkəmizə böyük iqtisadi və siyasi uğurlar gətirməkdədir.


Açıq dənizlərə, okeanlara çıxışı olmayan ölkənin yüksələn tranzit potensialı


Unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan bu gün dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmır.

Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən nəhəng regional layihələr ölkəmizin nəqliyyat qovşağına çevrilməsinə, tranzit potensialının güclənməsinə xidmət edir. Digər sahələrdə olduğu kimi, ölkə iqtisadiyyatında da əhəmiyyəti böyük olan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür. Həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılır, həm də tranzit potensialı gücləndirilir.

Bəllidir ki, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Bu səbəbdən də ölkənin bütün nəqliyyat, enerji, kommunikasiya xətləri başqa digər dövlətlərin ərazisindən keçməlidir. Buna nail olmaq üçün öncə qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə çox sıx dostluq münasibətləri yaradılmalıdır.

İlham Əliyevin həyata keçirdiyi tam müstəqil xarici siyasət nəticəsində Azərbaycan Ermənistan istisna olmaqla bölgədəki bütün dövlətlərlə çox yaxşı dostluq münasibətləri qurub. Bu münasibətlər sayəsində isə beynəlxalq layihələr gerçəkləşdirilib.


Son 15 ildə yaradılan müasir nəqliyyat infrastrukturu


İnfrastruktur obyektlərinin yaradılması, logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Nəzər yetirsək görərik ki, son 15 ildə Azərbaycanda çox müasir nəqliyyat infrastrukturu yaradılıb. Bunların sırasında 6 beynəlxalq hava limanı, ölkəmizi bütün qonşu ölkələrlə bağlayan 15 min kilometrdən çox avtomobil yolları, Xəzər hövzəsində 200-dən çox gəmisi olan ən böyük ticarət donanması, Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını göstərmək olar.

Qitələrarası daşımalar üçün geniş imkanlar açan Bakı-Tbilisi-Qars dəmir yolu Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut hesab olunur. Bu yol, yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.


Bakı-Tbilisi-Qars dəmir yolu Qarsdan Naxçıvana qədər uzadılacaq


Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər-Bir yol” iqtisadi inkişaf strategiyası prizmasından nəzərdən keçirilir. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün əlverişli imkanlar yaradır.

Onu da əlavə edək ki, artıq Türkiyənin Qars şəhəri ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlayıb. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günlərdə mətbuata verdiyi açıqlamada qeyd edib ki, bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparılır.

Belə ki, tikintisi yaxın iki ildə başa çatacağı gözlənilən bu layihəyə əsasən Bakı-Tbilisi-Qars dəmir yolu Qarsdan Naxçıvana qədər uzadılacaq. Bu, əlbəttə ki, həm Türkiyə, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edəcək.


Xəzər dənizi hövzəsində ən böyük liman kompleksi


Nəqliyyat-tranzit xidmətlərinin təşkilində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mühüm əhəmiyyət kəsb edir. May ayının 14-də açılış mərasimi keçirilən liman kompleksi bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirir.

Azərbaycanın "Şimal-Cənub” və "Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edir. Bu isə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncir formalaşdırır.

Bir sözlə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizi hövzəsində ən böyük liman kompleksi olmaqla, bölgənin əhəmiyyətli tranzit nöqtəsinə çevrilib.


Genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatı


Ölkəmiz həmçinin Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa dövlətlərini birləşdirən "Şərq-Qərb”, həmçinin Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini qovuşduran "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin iştirakçısıdır.

Ümumiyyətlə, bu nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır. "Şimal-Cənub Nəqliyyat Dəhlizi”nin fəaliyyəti daha da genişlənib. Keçən illə müqayisədə cari ildə bu dəhliz vasitəsilə 100 dəfədən çox həcmdə yük daşınıb.

Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdəki uğurlarını dəyərləndirərkən vurğulayıb ki, bu nəqliyyat bağlılığı, eyni zamanda, mehriban qonşuluğa da gözəl şərait yaradır. Heç bir ölkə, əgər qonşularla yaxşı münasibətləri yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz. Ona görə Azərbaycanın enerji, nəqliyyat, infrastruktur layihələri ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır.

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin dediyi kimi, regionda baş verən hadisələr, Azərbaycanın təşəbbüsü ilə icra edilən nəhəng nəqliyyat layihələri, digər sahələrdə aparılan işlər ölkəmizin siyasi çəkisini böyük dərəcədə artırıb. Bu gün Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti sayılan Azərbaycan regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaş hesab olunur.


Azərbaycan güclü logistika platformasına malik olacaq


"Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bildirilir ki, 2025-ci ilə qədər ölkənin əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməsi üçün regional miqyasda fəaliyyət göstərən şirkətlərin ölkədə bazalarının yaradılması üzrə işlər görüləcək.

Sənədə əsasən, logistika və ticarət sahəsində güclü inkişafın təmin edilməsi yolu ilə Azərbaycan regional şirkətlər üçün logistika və ticarət mərkəzinə çevriləcək. Eyni zamanda, logistika və ticarət sahəsində yüksək imkanlara malik müəssisələrin potensialı diqqətlə qiymətləndirilərək, özəl sektorun bu sahəyə cəlb olunması istiqamətində işlər davam etdiriləcək. 2025-ci ilədək ölkə Ələt qəsəbəsində yaradılmış yeni Bakı limanının ərazisi daxil olmaqla azad ticarət zonasının üstünlüklərindən faydalanan güclü logistika platformasına malik olacaq.

Qlobal dəyər zəncirindən daha çox pay əldə etmək məqsədilə "Şimal-Cənub” və "Şərq-Qərb” dəhlizləri ilə beynəlxalq ticarət həcmində artıma nail olmaq üçün səy göstəriləcək. Bundan başqa, sənəddə qeyd olunur ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Heydər Əliyev Beynəlxalq Hava Limanına və ölkənin daxili ticarət şəbəkəsinə çevik inteqrasiyasını təmin etməkdən ötrü avtomobil və dəmir yolu əlaqələri gücləndiriləcək.


2019-cu ildə nəqliyyat infrastrukturu daha da təkmilləşdiriləcək


Bu il olduğu kimi, 2019-cu ildə də tranzit və nəqliyyat xidmətlərinin inkişafı, həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən olacaq.

Öncə onu qeyd edək ki, 2018-ci ilin büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan 4.824.2 milyon manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə infrastruktur layihələrinə 3.435.5 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 1.549.3 milyon manatının nəqliyyat layihələrinə yönəldilməsi bu sahənin prioritetliyinin göstəricisidir.

Gələn ilin dövlət büdcəsi layihəsində də göstərilir ki, ölkəmizin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədi ilə, habelə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi nəticəsində artan yük həcmlərinin qarşılanması üçün ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur. Bundan başqa, yaxın illərdə "Şimal-Cənub Nəqliyyat Dəhlizi”nin yerüstü marşrutunun mərkəzində yerləşən və əsas birləşdirici rol oynayan Astara (Azərbaycan)-Astara (İran)-Rəşt-Qəzvin dəmir yolu xəttinin inşa edilərək istifadəyə verilməsi yüklərin və sərnişinlərin Mərkəzi və Şimali Avropadan Azərbaycanın ərazisindən keçməklə Fars körfəzi, Hind okeanı regionlarına tez bir zamanda çatdırılmasını təmin edəcək. Həmçinin ölkənin əlverişli məkanlarında azad iqtisadi zonaların, yaxın gələcəkdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində logistika qovşağının ("hub”) yaradılması məsələlərinə baxılacaq.

Bütün bunlar əlbəttə ki, Azərbaycanın regionda beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm ticarət, tranzit mərkəzinə çevriləcəyini bir daha təsdiqləyir. Azərbaycan Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilərək yeni təşəbbüslər irəli sürməkdə davam edir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video