06 Oktyabr 2012 04:10
255
PARLAMENT
A- A+

Azərbaycan-Albaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir

 

ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Albaniyada səfərdə olan Milli Məclisin Sədrinin müavini Bahar Muradova oktyabrın 4-də Albaniya parlamentinin Sədri xanım Jozefina Topalli ilə görüşmüşdür.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Bahar Muradova ikitərəfli əlaqələrin sürətlə inkişafından məmnun olduğunu bildirmişdir, O, Albaniyanı ATƏT Parlament Assambleyasının payız sessiyasına ev sahibliyi etməsi münasibətilə təbrik etmiş və tədbirin müvəffəqiyyətlə keçiriləcəyinə əmin olduğunu söyləmişdir.

Xanım Topalli bir müddət bundan əvvəl Azərbaycan parlamentinin Sədri Oqtay Əsədovun ölkəsinə rəsmi səfər etdiyini xatırladaraq əlaqələrin bundan sonra daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirmişdir.

Görüşdə hər iki tərəfi maraqlandıran bir sıra vacib məsələlər, o cümlədən Ramil Səfərovun Azərbaycana verilməsindən sonra yaranan hay-küy, erməni təbliğatının və ona dəstək verən dairələrin məqsədləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Vurğulanmışdır ki, bu məsələyə Helsinki Yekun Aktının prinsipləri çərçivəsində yanaşılmalıdır. Bu məsələnin köklü həlli yolları araşdırılmalı, beynəlxalq təşkilatların tədbirlərində, o cümlədən ATƏT PA-nın sessiyalarında müzakirələr zamanı diqqəti məsələnin mahiyyətindən yayındıran çıxışlara yol verilməməlidir.

Bahar Muradova Avropa Parlamentinin 2012-ci il 13 sentyabr tarixli Qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin cari il 1 oktyabr tarixli Bəyanatının surətini Jozefina Topalliyə təqdim etmişdir.

Həmin gün Milli Məclisin Sədrinin müavini Bahar Muradova Albaniya parlamentinin vitse-spikeri, Albaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nasip Naço ilə görüşmüşdür.

Azərbaycan nümayəndə heyətini salamlayan N.Naço siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulamış, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdir.

Regionda irimiqyaslı layihələrə imza atan və Avropaya inteqrasiya etmək əzmində olan Azərbaycanın son zamanlar əldə etdiyi nailiyyətlərini qeyd edən Bahar Muradova iki ölkə arasında mövcud iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf perspektivlərindən danışmışdır. O, hər iki ölkənin parlamentində mövcud olan dostluq qruplarının birgə fəaliyyətlərinin ikitərəfli və çoxtərəfli münasibətlərdə əhəmiyyətini vurğulamışdır.

Milli Məclisin Sədrinin müavini Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı probleminin regionun gələcək inkişafına, eləcə də nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə əngəl olduğunu diqqətə çatdırmışdır.

 B.Muradova Avropa Parlamentinin 2012-ci il 13 sentyabr tarixli Qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bu il 1 oktyabr tarixli Bəyanatının surətini N.Naçoya təqdim etmişdir. Bildirmişdir ki, Macarıstan tərəfindən  məhkum edilmiş Azərbaycan ordusunun zabiti Ramil Səfərovun  verilməsi və daha sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilməsi faktı Ermənistan və onun havadarları tərəfindən onsuz da  durğunluq dövründə olan danışıqlar prosesini pozmaq üçün bəhanəyə çevrilməkdədir. Eyni zamanda, məsələyə siyasi rəng verməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş cəhdlərin dairəsi genişlənməkdədir.

Öz növbəsində N.Naço da bu məsələnin bir sıra beynəlxalq layihələrin reallaşmasına əngəl törətdiyini və tezliklə ədalətli həllə nail olmağın vacibliyini vurğulamışdır.

Görüşlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və Azərbaycanın Albaniyadakı səfiri  Rəhman Mustafayev iştirak etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video