26 Dekabr 2019 00:48
3008
SİYASƏT
A- A+

Azərbaycan 2020-ci ildə daha böyük nailiyyətlər qazanacaq


Sonuna yaxınlaşdığımız 2019-cu ili hər dövlət fərqli ab-havada başa vurur. Bir qismi müharibələrin, terrorun ağrı-acısını, bəziləri siyasi və iqtisadi problemlərin çətinliklərini yaşayır. Azərbaycanda isə başa çatmaqda olan il sözün bütün mənalarında nailiyyətlərlə zəngin, uğurlarla əlamətdar növbəti dövr kimi tarixə qovuşur.


Ölkəmiz üçün bu il uğurlu olmuşdur


Bu il regionda və dünyada cərəyan edən ziddiyyətli proseslər şəraitində Azərbaycan daxili sabitliyini qorumaqla, inkişafını təmin etməklə, iqtisadiyyatını müsbət artım dinamikasına kökləməklə və irimiqyaslı layihələri başa vurmaqla öz tarixinin yeni və möhtəşəm hadisələrinə imza atıb. Təbii ki, bütün bunlar və bu uğurlara mütənasib olan müstəqil xarici siyasət ölkəmizin beynəlxalq səviyyədəki nüfuzunu və qlobal miqyasda respublikamıza olan rəğbəti daha da artırıb.

Dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi geniş müsahibədə Prezident İlham Əliyev bütün bu məsələlərə hərtərəfli aydınlıq gətirib. Dövlət başçısının qeyd etdiyi kimi, 2019-cu il Azərbaycan üçün uğurlu olub və qarşıya qoyulan bütün vəzifələr həyatda öz əksini tapıb: "2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun”.


Heç kimdən asılı deyilik


2019-cu ilin Azərbaycan üçün ən mühüm uğur göstəricilərindən biri ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirməsi, bu sahədə tamamilə müstəqil siyasət yürüdərək öz milli maraqlarını layiqincə təmin etməsidir. Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanın yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq münasibətlərdə fəal iştirak edir. Rəsmi və işgüzar görüşlərində, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın milli və dövlət maraqlarını təmin edən Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin mövqelərini davamlı olaraq gücləndirir.

2019-cu il də bu baxımdan mühüm dövr kimi tarixə düşdü. Müsahibədə dövlət başçısının vurğuladığı kimi, bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıb, ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarında münasibətlər daha da inkişaf edib, bu il Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, Bakıda önəmli beynəlxalq tədbirlər keçirilib. Avropa İttifaqı ilə münasibətlərə, o cümlədən bu ilin gündəm mövzularından olan Aİ ilə üzərində iş gedən saziş layihəsinə, ölkəmizin Dünya Ticarət Təşkilatına üzvlüyünə, "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığa, bütövlükdə Azərbaycanın avrointeqrasiyasına münasibət bildirən Prezident bütün məsələlərə ölkəmizin milli, siyasi və iqtisadi maraqlarının təmini, mənəvi dəyərlərimizin qorunması prizmasından dərindən əsaslandırılmış şəkildə aydınlıq gətirdi. Və İlham Əliyev "Biz qürurlu ölkəyik, biz öz yolumuzla gedirik, heç kimə də bizim ehtiyacımız yoxdur, heç kimdən də asılı deyilik!” deməklə bu mövzularda gedən müzakirələrə nöqtə qoydu.


Valyuta ehtiyatlarımız 50 milyard dollara çatıb


2019-cu il Azərbaycanın iqtisadi inkişafı baxımından da yaddaqalan dövrdür. Məlum olduğu kimi, bir neçə il əvvəl dünya bazarlarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi bir sıra ölkələrin iqtisadiyyatına ciddi təsir göstərmiş, hər birinin gəlirləri azalmışdı.

Hər bir ölkə üçün, əslində, sınaq olan bu hadisə Azərbaycandan da yan ötməmişdi. Lakin görülən operativ tədbirlər nəticəsində respublikamızda böhranın fəsadları minimum səviyyəyə endirilmişdi. Bu baxımdan böhran ilkin dövrdə mənfi təzahürləri ilə yadda qalsa da, operativ tədbirlərin və islahatların keçirilməsi nəticəsində, əslində, Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu. Mövcud durum dərindən təhlil edilərək, yeni vəzifələr müəyyənləşdirildi. Bu vəzifələr əsasən qeyri-neft sektorunun inkişafından, istehsalda geriləməyə yol verilməməsindən, əlverişli istehsal və biznez mühitinin yaradılmasından, investisiyaların təşviqindən, bank-maliyyə sektorunun sağlamlaşdırılmasından ibarət idi. Təbii ki, bütün bunlar, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar yeni iqtisadi islahatlara və nəticə etibarilə yeni iqtisadi göstəricilərə yol açdı. Sabitləşmədən sonra ilkin inkişaf təzahürləri özünü keçən il büruzə verdi.

Bu il isə makroiqtisadi göstəricilər daha genişmiqyaslıdır və müsahibəsində Prezidentin diqqətə çatdırdığı rəqəmlər bunu təsdiq edir. Belə ki, bu il qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. Qeyri-neft sənayesi sahəsində artım təxminən 14 faiz, kənd təsərrüfatında 7 faizdən çoxdur. 11 ayda Azərbaycanın qeyri-neft ixracı təqribən 14-15 faiz çoxalıb, xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edib və bu, dünyada 9-cu göstəricidir. Bu il ölkəmizin valyuta ehtiyatları 4,5 milyard dollar artıb və artıq 50 milyard dollara çatıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, rekord göstəricidir və iqtisadi müstəqilliyimizi tam təmin edir, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir.


Gəlirlərin əksəriyyəti sosial layihələrə yönəldiləcək


2019-cu il Azərbaycan üçün yeni sosial, iqtisadi və struktur islahatların həyata keçirilməsi ilə yadda qalır. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində dayanan əsas məsələlərdən biri insan amilidir. İnsanın həyatını yaxşılaşdırmağa xidmət etməyən heç bir iqtisadi inkişaf öz məqsədinə, yüksək amallarına nail ola bilməz. Bu mənada vətəndaşların sosial rifahının yaxşılaşdırılması, həyat tərzinin və keyfiyyətlərinin dəyişdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biridir. Təsadüfi deyil ki, bu il başlanan islahatlar, ilk növbədə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına mühüm töhfələr verdi. Maaşlar, pensiyalar, sosial müavinətlər, tələbələrin təqaüdləri artırıldı. Konkret ifadə etsək, müavinətlər orta hesabla 50 faiz, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci yerdədir. Eyni zamanda, problemli kreditlər məsələsi yoluna qoyulmaqla, sosial sahədə olan məsələlər kompleks şəkildə öz həllini tapdı. Müsahibəsində bununla bağlı sualı cavablandıran İlham Əliyev deyib: "Bizim bütün işimizin məqsədində Azərbaycan vətəndaşının maraqları dayanır və ildən-ilə Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır. Bunun üçün həm sosial infrastrukturla bağlı olan layihələr icra edilməlidir, eyni zamanda vətəndaşların sosial təminatı yaxşılaşdırılmalıdır. Ona görə hesab edirəm ki, bu il biz bu sahədə çox ciddi addımlar atdıq”.

Lakin İlham Əliyev bunları qaneedici saymır, maaşların və pensiyaların artımı davamlı olacaq. Bunun üçün isə iqtisadi sahədə artıma nail olmaq lazımdır. İqtisadi islahatların isə getdikcə daha böyük uğurlu nəticələr verəcəyi şübhəsizdir. Prezident həm də onu bir daha bəyan etdi ki, iqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək.


Zamanında aparılan kadr islahatları


Cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığın təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Təbii ki, daha sürətli inkişafa nail olmaq, zamanla, müasir çağırışlarla ayaqlaşmaq üçün islahatlar da kompleks xarakter daşımalı, dövlət idarəetməsinin bütün qollarını əhatə etməlidir. Cənab İlham Əliyev məsələyə bu prizmadan yanaşır və islahatların bütün hakimiyyət orqanlarına sirayət etməsini zəruri sayır. Məsələn, Azərbaycan Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırıldı. Bütün bunlar, o cümlədən Nazirlər Kabinetində, yerli icra hakimiyyəti orqanlarında, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır.

Prezidentin müsahibədə münasibət bildirdiyi məsələlərdən biri də kadr və struktur islahatları barədə oldu. İlham Əliyev kadr və struktur islahatlarının zamanında aparıldığını bildirdi: "Hər bir addımın arxasında çox böyük təhlil və böyük məqsədlər dayanır. Beləliklə, kadr islahatları zamanında aparılır. Bəlkə beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı. Ona görə hesab edirəm ki, kadr islahatları, struktur islahatları zamanında aparılır. Ümumiyyətlə işə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır - müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər”.

2019-cu il Azərbaycan üçün növbəti uğurlu mərhələ kimi tarixə düşür. Dünyada davam edən və yeni formaları meydana çıxan müxtəlif böhranlar şəraitində Azərbaycanın ili uğurla başa vurması həyata keçirilən siyasətin düzgünlüyündən xəbər verir. Sözsüz ki, hər bir sahə üzrə əldə olunan inkişaf yüksək templə davam etdiriləcək və ölkəmiz qarşıdan gələn 2020-cu ildə yeni inkişaf göstəricilərinə nail olacaq. Prezident İlham Əliyevin müsahibənin sonunda söylədiyi kimi, ölkəmiz bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video