06 Yanvar 2012 12:01
555
İQTİSADİYYAT
A- A+

Ayrılmaz dostlar

 

Ayrılmaz dostlarıq biz,

Tükənməzdir qüvvəmiz.

Qarşımızda baş əyir

Mavi dalğalı dəniz...

 

Uzaq illərin mahnısıdır. Amma onu aid olduğu məkanda, məsələn, Neft Daşlarında, "Günəşli"də, yaxud Qum adasında eşidəndə güman edirsən ki, elə bu gün yazılıb. Başqa dinləyicilərdən fərqli olaraq biz bu nəğməyə şəhərdə, yaxud kənddə, evdə, iş yerində, ya da yolda gedərkən maşında qulaq asmadıq. Biz onu məhz dənizin qoynunda - Xəzərin cənub-şərqində, "Bahar" yatağında dinlədik. Sahildən təxminən 55 kilometr aralıda bu mahnı nə radio dalğasından səslənirdi, nə də televiziya ekranından, nə də neftçilərdən kimsə onu mobil telefonuna yazdırmışdı. Nürəddinlə Şəmi iş başında zümzümə edirdilər: "Ayrılmaz dostlarıq biz..."

Nürəddin Mansurov və Şəmi Aşumzadə "Bahar" Enerji Əməliyyat Şirkətinin neft və qazçıxarma operatorlarıdır. Onlarla "Bahar" yatağındakı 196-cı özüldə tanış olduq. Belə şəraitdə söhbətləşmək çətin idi. Bir azdan işlərini sahmana salıb bizimlə üzbəüz oturdular. İş zamanı geydikləri əlcəkləri çıxardılar, dəbilqələrini başlarından götürüb bir kənara qoydular.

Şəmi ilə Nürəddin diz-dizə oturmuşdular. Orta yaşlarında olsalar da, oturuşlarından-duruşlarından, söz-söhbətlərindən bir uşaq məsumluğu yağır, açıqürəklilik, səmimiyyət duyulurdu.

- İşinizin çətinliyi çoxdur?

- Dənizin qoynunda işləməyin özü elə ən böyük çətinlikdir. Qaldı ki gördüyümüz işin çətinliyinə... Qaz-kondensat quyularının fəaliyyətinə nəzarət edirik. Xoşbəxtlikdən, işimizi dərindən öyrənə bilmişik. Bəzən heç manometrə - təzyiqi ölçən cihaza baxmadan quyudakı vəziyyəti qazı və kondensatı dənizin dibindən çəkib gətirən boruların səsindən başa düşürük - deyə Şəmi cavab verdi.

Sonra soruşduq ki, yəqin burada hər an ehtiyatlı olmaq lazımdır, yoxsa...

Nürəddin əlini aşağı, özülə yan almış "PSK-47" sərnişin gəmisinə tərəf uzatdı:

- Təhlükəsizlik qaydalarına ciddi riayət olunması burada bilirsiniz nə vaxtdan başlanır? Gəmiyə minib-düşəndən. Özüldə işləyərkən də hər addımbaşı son dərəcə diqqətli və ehtiyatlı olmalısan. Çünki çox dəqiq cihazlar arasındasan. Ətraf da kı açıq dəniz...

Maraqlıdır ki, hər ikisinə ünvanlanan suallara yalnız biri cavab verirdi. Yəni dostlardan biri hər ikisinin cavabını ümumiləşdirərək danışırdı. Özü də bunu bir-birindən heç nə soruşmadan edirdilər.

- Neçə ildir burada işləyirsiniz?

Yenə də bir cavab gəldi:

- 15 ildir.

Demə, biri Bakıda, digəri Qazax bölgəsində dünyaya göz açmış bu dostların taleyində bənzərlik çoxdur. İki cavabın əvəzinə birinin səslənməsi də bundan qaynaqlanır. Məsələn, hər ikisi əvvəllər başqa sahələrdə çalışıb. Təxminən eyni yaşdadırlar. Dənizə də bir vaxtda gəliblər. Bir növbədə çalışırlar, hər ayın 15 gününü dənizdə, 15 gününü isə evlərində-eşiklərində olurlar. Hərəsinin bir cüt balası var - Nürəddin iki oğul, Şəmi iki qız atasıdır. Hər ikisi ailəcanlıdır. Təhsilləri, seçdikləri peşə, çalışdıqları sahə iqtisadiyyatla, sənaye ilə bağlı olsa da, hər ikisi poeziya və musiqi vurğunudur. Dostlar Xəzəri təkcə özlərinin iş yeri, hünər meydanı, çörək təhnəsi olduğu üçün deyil, həm də onları bir-birinə tanıtdırıb dostlaşdırdığı üçün sevirlər.

Bu qeyri-adi müsahibənin özümüzü də çaşdırdığını görən Şəmi söhbətə yekun vurur:

- "Bahar"da çox təbəddülatlar olacaq. Köhnə quyuları təmir edəcəyik, yeniləri qazılacaq, infrastruktur, qurğular təzələnəcək. Bir-iki il çəkər.

Xəzərin dalğaları hirslənibmiş kimi dayaqlara çırpılır. Payız küləyi özüldə dövrə vuraraq havanın getdikcə sərtləşəcəyindən xəbər verir. Nürəddin dostunun qoluna girib yenə də uşaq kimi başını onun çiyninə əyir. Sanki iş başına getməyin vaxtı olduğunu xatırladır. Elə biz də gəmiyə tərəf tələsirik. Axı dənizin "üz"ünün belə tez dönəcəyini fikirləşməmişdik.

- Xəzər bax, belə Xəzərdir! Ondan qorxan gərək ümumiyyətlə sahildən tərpənməsin!

Bu sözlərin bilərəkdənmi, bilməyərəkdənmi, yoxsa zarafatlamı deyildiyini bilmədik. Bunları deyən Nürəddin, yoxsa Şəmi idi? Xəzərin uğultulu səsindən bunu da ayırd etmək mümkün olmadı...

 

Flora SADIQLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video