22 Noyabr 2014 02:11
570
Tədbirlər
A- A+

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə ziyafət

 

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə ziyafət verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzinə gəldilər. Dövlət başçısı və xanımı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə görüşdülər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu mərkəz dünya memarlığının nadir incilərindəndir. Fəaliyyətə başladığı vaxtdan Heydər Əliyev Mərkəzi Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qonaqlara mərkəzdəki Heydər Əliyev Muzeyinin fəaliyyəti barədə də məlumat verildi. Bildirildi ki, bu muzey 2013-cü ildə fəaliyyətə başlayıb. Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarının əks olunduğu muzeydə ona aid fotoşəkillər, sənədlər və əşyalarla yanaşı, vaxtilə istifadəsində olan avtomobillər də saxlanır. O da qeyd olundu ki, Heydər Əliyev Mərkəzi Azərbaycan tarixini, adət-ənənələrini öyrənmək və təbliğ etmək istiqamətində bir sıra layihələr həyata keçirir.  Bu baxımdan mərkəzdə təşkil olunan sərgi zallarında Azərbaycan tarixini və mədəniyyətini əks etdirən ekspozisiyalar təqdim olunur, bu da ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir məlumatlar verir.

Qonaqlar “Mini Azərbaycan” sərgi zalında da oldular. Bildirildi ki, bu layihə paytaxt Bakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından xüsusi önəm kəsb edir. Hazırda sərgidə onlarla tarixi binanın və memarlıq nümunəsinin maketi təqdim edilir. Ziyarətçilərə hər bir bina, onun memarlıq üslubu haqqında məlumatlar, maraqlı faktlar çatdırılır.

Daha sonra “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə verilən ziyafət mərasimi başladı.

Əvvəlcə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı videotəqdimat oldu.

Avropa Olimpiya Komitəsinin nümayəndəsi Con Tibbs Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının yüksək səviyyədə təşkil olunmasına görə bir daha minnətdarlığını bildirdi. Qeyd etdi ki, bugünkü mərasimin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Avropanın ən yaxşı atletlərinə “Pyotr Nurovski” mükafatının təqdim olunmasıdır. Con Tibbs vurğuladı ki, Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin keçmiş üzvü, Polşa Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışmış mərhum Pyotr Nurovskinin xatirəsinin əbədiləşdirilməsi üçün təsis olunan bu mükafat idmançıların qazandığı uğurların yüksək səviyyədə tanınmasına xidmət edir, atletlərə daha güclü rəqabət aparmaq üçün stimul verir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də çıxışında idmançılara uğurlar arzuladı. Bildirdi ki, bu mükafat idmançıları daha yüksək nailiyyətlər qazanmağa həvəsləndirir. Bununla belə, gənc nəsli Olimpiya dəyərləri və prinsipləri əsasında daha sağlam həyat tərzi keçirməyə dəvət edir.

Sonra Avropa Olimpiya Komitəsinin “Pyotr Nurovski” mükafatının verilməsi mərasimi başladı. İtaliyadan olan üzgüçü Simone Sabioni 5 idmançı arasından Avropanın ən yaxşı atleti seçilərək “Pyotr Nurovski” mükafatının qalibi elan olundu. Qalan idmançılara da Avropa Olimpiya Komitəsinin mükafatları təqdim edildi. Müxtəlif ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri qalib idmançıları təbrik edərək onlara yeni müvəffəqiyyətlər arzuladılar.

Xatirə şəkli çəkdirildikdən sonra tədbir ziyafət mərasimi və konsert proqramı ilə davam etdirildi.

 

AzərTAc

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video