06 Yanvar 2012 12:01
334
DÜNYA
A- A+

Avropa İrana qarşı sanksiyalar tətbiq edəcək

 

Avropa İttifaqı (Aİ) İrana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır. İlk növbədə bu ölkənin neftinə embarqo qoyulacaq. Müvafiq bəyanatla Fransanın xarici işlər naziri Alen Jüppe çıxış etmişdir.

Jüppenin dediyinə görə, İrandan neft idxalına embarqo qoyulması barədə qərar Aİ maliyyə nazirlərinin cari ayın 30-da keçiriləcək görüşündə rəsmən elan ediləcək: "Ümid edirəm ki, embarqonun tətbiqi barədə qərar qəbul olunacaq. Tərəfdaşlarımıza alternativ neft mənbələri təqdim etmək üçün mümkün olan hər şeyi edəcəyik".

Rəsmi Vaşinqton Aİ ölkələrinin İrandan neft idxalına qadağa qoyulması barədə əldə etdikləri prinsipial razılaşmanı "çox yaxşı xəbər" kimi qiymətləndirmişdir. ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nulənd məsələ ilə bağlı demişdir: "Təkcə Avropadakı yaxın müttəfiqlərimizdən və tərəfdaşlarımızdan yox, həm də dünyanın digər ölkələrindən məhz belə addımlar gözləyirdik. Hesab edirik ki, bu, İrana qarşı iqtisadi sanksiyaların sərtləşdirilməsi ilə bağlı mövqeyimizə tamamilə uyğundur".

Xatırladaq ki, ötən ayın əvvəllərində Aİ İrana qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu elan etmişdi. O vaxt Aİ-nin "qara siyahı"sına İranın 180 məmuru və müəssisəsi salınmışdı. Onların Aİ ərazisinə və Avropa bank sisteminə girişi qadağan olunacaq. İran müəssisələri Avropada iş görə, yaxud Avropa şirkətləri ilə əməkdaşlıq edə bilməyəcək, eləcə də onların Avropadakı aktivləri dondurulacaq.

Ötən ilin noyabrında ABŞ, Kanada və Böyük Britaniya İrana qarşı sanksiyaların zəruriliyini bəyan etmişdi. Keçən ayın 31-də ABŞ Prezidenti Barak Obama İran Mərkəzi Bankına qarşı yönəlmiş qanunu imzalamışdır. Sənəd altı aydan sonra qüvvəyə minəcək.

Öz növbəsində Tehran xəbərdarlıq etmişdir ki, ABŞ bu sanksiyaları həyata keçirməyə başlasa, İran cavab tədbirləri görməyə məcbur olacaq. Hər şeydən əvvəl neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək. Bu isə dünya neft bazarında ciddi böhran yaradar, çünki dünya iqtisadiyyatının neft təchizatının təxminən 40 faizi Hörmüz boğazı vasitəsilə həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video