13 May 2020 12:19
1006
Elm və texnika
A- A+

Arxeologiya və Etnoqrafiya İnstitutu: Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisində tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Sündü kəndi ərazisində Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmış 36 qədim qəbiristanlıq, 920-ci ildə inşa edilmiş məscid, kurqan, 16 mağara, qədim yaşayış yeri mövcuddur.

Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin göstərişinə əsasən şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev rayona ezam olunub və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Musa oğlu Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirilib.

Müəyyən edilib ki, tapıntılar Təhsil Nazirliyi tərəfindən yeni tikilən Sündü orta məktəbinin ərazisində aşkar olunub. Məktəbin bünövrəsi qazılarkən 1,0-2,5 metr dərinlikdən müxtəlif ölçülü saxsı qablar aşkarlanıb və kənd sakinləri tərəfindən götürülüb.

Əraziyə baxış keçirərkən tikinti sahəsində çoxlu sayda saxsı qırıntıları, kərpic fraqmentləri, ocaq yeri və sümük qalıqları qeyd edilib. Əldə edilmiş maddi mədəniyyət nümunələrinə əsasən ərazidə Antik dövrə aid nekropol olduğu müəyyən edilib. Akif Quliyevin fikrincə, əraziyə yayılmış daşlara əsasən, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olub. Torpağın üst qatı ekskavator vasitəsi ilə götürüldüyündən nekropol dağıdılıb, mədəni təbəqə qarışıb.

Məktəbin direktoru və tikintinin sahə rəisi ilə söhbət əsnasında, tikinti işlərinə 2020-ci ilin yanvar ayında başlandığı müəyyən edilib. Onların sözlərinə görə, qazıntı işləri zamanı çoxlu sayda saxsı qablar aşkar edilib.

Kənd sakinləri ilə danışıqlardan sonra bir neçə materialın yerini müəyyənləşdirmək mümkün olub. Sündü kənd klubunda və məktəbdə dörd ədəd kiçik ölçülü dolçaya arxeoloq A.Quliyev tərəfindən baxış keçirilib. Müəyyən edilib ki, bu qablar Antik dövr Qafqaz Albaniyasının maddi mədəniyyət nümunələridir. Dolçanın birinin üzərində basma üsulu ilə damğalar həkk olunub.

"Təəssüflər olsun ki, abidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmayıb və abidənin çox hissəsi dağıdılıb.

Abidədə arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət Nazirliyinin birgə qərarından sonra baş tuta bilər”, - deyə institutdan bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video