28 Fevral 2012 12:02
296
SİYASƏT
A- A+

Artıq yaşa dolmuş Xocalı uşaqları 18 ildən sonra alman ailələri ilə görüşmüşlər

 

Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkil olunmuş "Almaniyada Xocalı günləri" adlı dördgünlük silsilə tədbirlər çərçivəsində Berlindəki "Palais am Festugsgraben" zalında qeyri-adi görüş keçirilmişdir.

Düz 20 il bundan əvvəl Xocalıda öz doğmalarını və yaxınlarını itirmiş Xocalı uşaqları keçirdikləri sarsıntıdan sonra üç ay alman ailələrində reabilitasiya dövrü keçmişlər. Artıq yaşa dolmuş həmin uşaqlar 18 ildən sonra o vaxt Almaniyada onlara sığınacaq vermiş və heç olmasa üç ay müddətində bu uşaqların valideynlərini əvəz etməyə çalışmış ailələrlə yenidən görüşmüşlər.

Görüş bilavasitə tədbir zamanı həmin zalda keçirilmişdir. Tədbiri Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri professor Eva-Mariya Aux giriş sözü ilə açmışdır.

Kölndəki Klinik Psixologiya və Psixoterapiya İnstitutunun əməkdaşı Klaudia Şödlix uşaqların psixoloji travmasının aradan qaldırılması barədə qısa məruzə ilə çıxış etmişdir. O, Srebrenitsa və Ruandada törədilmiş soyqırımı aktları zamanı valideynlərini itirmiş, özləri isə salamat qalmış uşaqların psixoloji sarsıntını necə aradan qaldırmalarını nümunə göstərmişdir. K.Şödlix artıq yaşa dolmuş Xocalı uşaqlarına müraciətlə demişdir: "Siz dəhşətli hislər keçirmisiniz. Siz hələ uşaq ikən cəhənnəm əzabı ilə üzləşmisiniz. Valideynlərinizi sizin gözləriniz qarşısında qətlə yetirmişlər. Mənə məlumdur ki, o vaxt sizlərdən bəziləri hələ yeniyetmə yaşına da çatmadıqları halda şaxtalı meşələrdən keçərək yolunuza davam etmiş, öldürülmüş balaca bacı və qardaşlarınızı öz zəif əllərinizdə aparmısınız. Uşaq vaxtı baş vermiş bu cür epizodları unutmaq çox çətindir və sizə necə ağır psixoloji zərbə vurulduğunu başa düşürəm. Lakin siz özünüzdə qüvvə taparaq yeni həyata başlamısınız. Bu məsələdə sizin 18 ildən sonra yenidən görüşdüyünüz bu ailələr sizə çox kömək etmişlər".

Sonra 18 il bundan əvvəl 40 nəfərə yaxın yetim Xocalı uşaqlarının AFR-ə gətirilməsini təşkil etmiş Rayner Ossiq çıxış etmişdir. O, həmin hadisələrin necə baş verdiyini xatırlayaraq demişdir: "1993-cü ilin dekabr ayında Azərbaycandan bizə zəng vuraraq soruşdular ki, bu uşaqları qəbul edə bilərikmi? Biz dərhal müsbət cavab verdik və 40-a yaxın uşaq buraya gəldi".

Xocalı sakinləri də öz xatirələrini bölüşmüşlər.

Aliyə Abışova bir neçə ayı Rza Gülün və onun xanımı Firdesin ailəsində keçirmişdir. Rza Gül demişdir: "Bizə zəng vurub soruşdular ki, Xocalıdan olan yetim uşaqları burada qəbul edə bilərikmi? Biz təəccübləndik: bu nə sualdır?! Bizim üçün Azərbaycan da Türkiyə kimi vətəndir. Xocalı qırğını bizim üçün 1915-ci ildə Vanda nənə və babalarımızın qırılması kimi ağrılı faciədir. Bu uşaqlar isə bizim uşaqlardır. Ona görə tərəddüd etmədən razılaşdıq. Aliyə öz bacısı Aynurla birgə gəlmişdi, lakin onları müxtəlif ailələrə təyin etmişdilər. Aliyə bir neçə gün ağladı - bacısını görmək istəyirdi. Biz çətinliklə də olsa Aynuru tapandan sonra bizə dedilər ki, o da ağlayaraq elə hey öz böyük bacısını görmək istəyirmiş. Biz Aynuru da öz ailəmizə qəbul etdik. Buna qədər bizim özümüzün dörd qızımız və bir oğlumuz vardı. Bizə daha iki qız bəxş etdiklərinə görə biz cənab Ossiqə və sizin hamınıza çox təşəkkür edirik. Görün bu illər ərzində mənim qızım Aliyə necə böyüyüb, necə gözəlləşib".

Aliyə Abışova göz yaşlarını güclə saxlayaraq deyir: "Dünən bu görüş barədə bizə gözlənilmədən xəbər veriləndə mən həyəcandan bütün gecəni yata bilməmişəm. O vaxt, düz 20 il bundan əvvəl mən meşədə atamı itirdim, amma burada özümə ata tapdım. Rza Gül mənim üçün atamı əvəz etdi".

Süleyman Göyçəlinin ailəsi 18 il bundan əvvəl Seymur Tapdıq oğlu Çobanovu qəbul etmişdir. Bu illər ərzində saçlarına dən düşmüş Göyçəli demişdir: "Biz Seymuru ilk dəfə görəndə bu oğlanın gözləri məni hər şeydən çox sarsıtmışdı. Onun gözlərində qorxu hissi vardı. Bu vahiməyə düşmüş gözləri unutmaq çətindir. Bu gün mənim oğlum artıq böyümüşdür, biz onunla çox fəxr edirik".

Seymur Çobanov o günləri xatırlayaraq deyir: "O vaxt biz nə arzu edə bilərdik? Velosiped? Fotoaparat? Biz həyətdə oynayan bəxtəvər alman yaşıdlarımıza baxır və hiss edirdik ki, nə barədəsə biz onlardan fərqlənirik. Bizim arzularımız da onların istəklərindən fərqlənirdi. Biz o vaxt bir şey istəyirdik: bizə avtomat versinlər, biz gedib öldürülmüş valideynlərimizin qisasını alaq. Mənim yeni ailəm uşaqlığımı mənə qaytardı. Lakin ədalət hələ də bərpa olunmamışdır".

Gültən Doğanın ailəsi Tacir Əzizovu qəbul etmişdir. Tacir demişdir: "Biz Gültən xanımla yenidən görüşəndə o mənə ilk növbədə 18 il bundan əvvəl onların evində geyindiyim futbol köynəyini göstərdi. Bütün bu illər ərzində Gültən xanım həmin köynəyi mənim barəmdə, onun təzə oğlu barədə ən əziz xatirə kimi saxlamışdır".

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov görüşdə çıxış etmişdir. O, vaxtilə azərbaycanlı uşaqları səmimiyyətlə qəbul etmiş ailələrə, eləcə də təşkilati işin aparılmasına görə Rayner Ossiqə təşəkkür etmişdir.

Sonda xatirə fotoşəkli çəkilmişdir.           

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Berlin

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video