21:17 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Analoqu olmayan hərbi əməliyyat

ANA SƏHİFƏ / SİYASƏT
01:49 28.09.2021

 

44 günlük Vətən müharibəsi və onun nəticəsi barədə yazmaq böyük məsuliyyət və peşəkarlıq tələb edir. Mən peşəkar yazan deyiləm, ancaq 50 ildən artıq əmək fəaliyyətim dövründə bütün çıxışlarımı özüm yazmışam. Düzdür, bəzən kurasiyamda olan aidiyyəti şöbəyə, yaxud köməkçimə tapşırıq verirdim və onlar çıxışı yazırdılar. Amma son anda özüm hazırlayırdım və səhər öz düşüncəmi, istəyimi, fikrimi, şəxsi mövqeyimi səsləndirirdim. Bu, həmişə belə olub.

Mənə təklif olundu ki, Vətən müharibəsinin başlanmasının birinci ildönümünün tamam olması və həmçinin Cəbrayılın işğaldan azad olunması ilə əlaqədar bir yazı hazırlayım. Böyük məmnuniyyətlə razılıq verdim. Keçirəm mətləbə.

Kim və hansı dünyəvi dövlət, təşkilat bilərdi ki, 44 gündə belə bir Qələbəyə nail olmaq olar? Cavab aydındır! Heç kim, heç bir dünyəvi dövlət və təşkilat! Onda sual olunur: bəs bu, necə oldu?

Ulu Öndər Heydər Əliyev 1969-2003-cü illərdə, yəni 34 ildə bu Qələbə üçün kifayət qədər baza yaratmışdı. Ancaq bir oğul, bir Ali Baş Komandan lazım idi ki, bu yaradılmış imkanlardan məharətlə istifadə etsin. Bu imkanlardan hər kəs istifadə edə bilməzdi, çünki onun üçün müasir dünya siyasətinin incəliyini bilmək, xüsusi bacarığa malik olmaq, atılacaq hər addımı ölçüb-biçmək, tam əminliklə risk etmək lazım idi.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bunu edə bildi! Ancaq bu hazırlığa nə az, nə çox, düz 17 il sərf etdi. Düşmən isə mütəmadi olaraq Ali Baş Komandanın, Azərbaycan xalqının, əsgər və zabitlərimizin səbrini törətdiyi təxribatlarla yoxlayırdı. Yaxşı bir xalq məsəli yerinə düşər: “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”. Belə də oldu. Törədilmiş son təxribatlar, xüsusən Tovuz hadisəsi və digərləri artıq dövlətin, xalqın və ordunun səbrini tükəndirdi. Ancaq Ali Baş Komandan yenə də səbr nümayiş etdirdi. Belə ki, 19 sentyabr 2020-ci ildə “Abşeron” yatağında təməlqoyma mərasimindəki nitqində, habelə 21 sentyabr 2020-ci ildə BMT-nin 75 illiyinə həsr edilmiş videokonfransda və nəhayət, 24 sentyabr 2020-ci ildə BMT-nin 75-ci sessiyasındakı çıxışlarında düşmənə, onun havadarlarına, həmçinin beynəlxalq təşkilatlara açıq-aşkar xəbərdarlıq etdi.

Savadsız, bacarıqsız, ümumiyyətlə, siyasətdən, dövlət idarəçiliyindən bixəbər olan, küçədən hakimiyyətə gətirilmiş Ermənistan rəhbəri N.Paşinyan bu xəbərdarlıqlara məhəl qoymadan və ya heç başa düşmədən 27 sentyabr 2020-ci ildə dövlət sərhədində növbəti təxribat törətdi. Dünya siyasətindən bixəbər N.Paşinyan arxayın idi ki, MDB Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı və Ermənistanın xaç ataları ona yardımçı olacaqlar.

Dünya siyasətindən yaxşı xəbərdar olan, beynəlxalq qanunvericiliyi dürüst bilən, 17 illik hazırlığa arxayın və əmin olan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev isə bu dəfə əks-hücum əməliyyatına göstəriş verdi, 44 günlük İkinci Qarabağ müharibəsinin bütün gedişatını çox yüksək sərkərdəlik bacarığı nümayiş etdirərək şəxsən özü idarə etdi. 44 günlük müharibə ərzində Azərbaycanın bütün tarixi boyu görə bilmədiyi işləri gördü və ölkəmizin yeni müasir tarixini yazdı.

Yaxşı yadımdadır, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük müharibənin 11-ci günündə, 7 oktyabr 2020-ci il tarixində Müdafiə Nazirliyində zabit heyəti ilə geniş müşavirə keçirdi. Düzdür, müşavirə barədə geniş məlumat verilmədi, ancaq sonra məlum oldu ki, “dəmir yumruq”un dadını öz zabitlərimiz və generallarımız da dadıb. Əgər “dəmir yumruq” düşməni sarsıtdısa, öz hərbçilərimizi oyatdı və onları daha cəsarətli, verilmiş tapşırıqların icrasında nizam-intizamlı etdi. Çoxdan gözlədiyimiz böyük qələbə  qazanıldı!

“Dəmir yumruq” bütün dünya ermənilərini türk dünyasına qarşı qoyan, türklərə, azərbaycanlılara qarşı nifrət siyasəti yürüdən və bütün dünya ermənilərinin əsas kilsəsi olan Eçmiədzin kilsəsinə elə zərbə vurdu ki, həmin kilsə və dünya erməniləri bundan sonra nəinki özlərinə gəlməyəcəklər, hətta bütün dünyada nifrətlə qarşılanacaqlar.

Cənab Prezident təkbaşına, şəxsən dünyanın 30-dan çox telekanalına verdiyi müsahibələrində ermənilərin 200 ildən çox türk dünyasına qarşı apardıqları əks-təbliğatı darmadağın edərək erməni millətinin iç üzünü dünyaya tanıtdı. Qarabağ torpağının tarixən Azərbaycan torpağı olduğunu bir daha dünya xalqlarına nəinki çatdırdı, həm də konkret faktlarla sübut etdi.

44 günlük İkinici Qarabağ müharibəsi dövründə 10 dəfə xalqa müraciət edərək Ermənistanın siyasi rəhbərliyinin yaramaz, savadsız, qorxaq, ləyaqətsiz olduğunu faktlarla sübut etdi və millətimizin nəyə qadir olduğunu, cəsarətini, mərdliyini, torpaqların azad olunması üçün əsgər, zabit və generallarımızın canlarını qurban verdiklərini bütün dünyaya bir daha çatdırdı.

Cənab İlham Əliyev müharibə dövründə hərbi sirlərimizin qorunması üçün bütün tədbirləri şəxsən özü görərək, həmçinin yüksək səviyyədə təbliğatı təmin edərək bütün hərbi əməliyyatları özü idarə etdi. Dünya hərb tarixində görünməyən əməliyyatların müəllifi elə özü oldu.

44 gündə ermənilərin 28 il işğal altında saxladıqları torpaqları azad edərək qurduqları istehkamları darmadağın etdi və tətbiq etdiyi yeni texnika və strategiya ilə dünya hərbçilərini heyran etdi.

Ulu Öndər Heydər Əliyev dünya ölkələrinin liderləri arasında olan mövqeyindən və şəxsi nüfuzundan məharətlə istifadə edərək dünya ermənilərinin son 200 ildə türklərə, müsəlman dünyasına qarşı gördükləri işlər barədə mütəmadi olaraq məlumatlandırırdı. Xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin günahkarları, həmçinin onların havadarları barədə. O, bu problemin əsaslı həlli üçün beynəlxalq səviyyədə hüquqi baza yaratdı. Sadəcə olaraq vaxt-zaman imkan vermədi ki, bu problemin həllini özü başa çatdırsın.

Ulu Öndər mütəmadi olaraq Zərgəzur və Göyçə mahallarına da qaçqınların nə vaxtsa qayıdacağını dilə gətirirdi, xüsusən qaçqın və keçmiş məcburi köçkünlərlə görüşəndə. Belə ki, 2002-ci il sentyabrın 13-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş qəsəbənin açılışındakı çıxışında bütün dünyaya bəyan etdi ki, vaxt gələcək, siz qaçqınlar da Göycə mahalına qayıdacaqsınız. Zəngilan və Qubadlının işğal günündə qaçqın və məcburi köçkünlərlə görüşdə də nə vaxtsa qaçqınların doğma torpaqları olan Zəngəzura qayıdacağını vurğulamışdı. İndi bəzi telekanallar o çıxışları təkrar verirlər və Ulu Öndərin uzaqgörənliyi bir daha təsdiq olunur.

Ölkə Prezidenti cənab İlham Əliyev də həmişə çıxışlarında deyirdi ki, bir qarış torpaq belə işğal altında qalmayacaq, bütün ərazilərimiz azad olunacaq. Cənab Prezident İlham Əliyev 27 illik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini başqa yolla özü həll etdi, ermənilərin təxribatına cavab olaraq əks-hücum zamanı hərbi əməliyyatlar yolu ilə həll etdi. Qardaş Türkiyə, Pakistan və bəzi dövlətlərin dəstəyi isə əlavə güc və əminlik yaratdı.

44 gündə bəzi dövlətlərin və beynəlxalq təşkilatların 27 ildə həll edə bilmədiklərini və həll etmək istəmədiklərini, problemin guya müharibə yolu ilə həllinin olmadığını daima səsləndirdikləri halda, məhz əks-hücum əmri verərək müharibə yolu ilə həll etdi.

Çox maraqlıdır ki, hələ də Ermənistanın siyasi rəhbərliyi bu biabırçılıqdan sonra nəyə isə, kimə isə arxalanaraq, gündə bir sərsəm fikir səsləndirir, hətta Fransanın da siyasi rəhbərliyi baş verənlərdən ayılmayıb. Bax, bugünkü dünyanın iç üzü belədir.

Biz hamımız canlı şahidlərik ki, 44 günlük müharibə dövründə dünyanın bir sıra  ölkələri bir tərəfdə idi, cənab Prezident isə meydanın o biri tərəfində. O, bütün təzyiqlərə sinə gərirdi və öz yolundan dönmədi. Çünki xalqına, 17 ildə yetişdirdiyi gənclərə, gücləndirdiyi orduya, onun əsgər, zabit və generallarına arxayın idi.

Azərbaycan adlı ölkə tarix boyu rast gəlmədiyi xalq, ordu, Prezident birliyi və həmrəyliyini 44 gündə gördü. Şuşanın və rayonların işğaldan azad olunması Anım və Zəfər kimi tarixi günlərini yaratdı. Şəhid və qazilərimiz, əsgər, zabit və generallarımız öz qanları ilə azad olunan torpaqlardan erməni izlərini yudular.

Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Valideynlərinə Allahdan səbir diləyirəm. Şəhidlər ölməzdir, onlar əbədiyaşardırlar. Qazilərimizə tezliklə sağalmağı və normal həyata qayıtmağı arzulayıram.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva ötən il ərzində ona xas olan qayğıkeşliklə şəhid ailələrinə yüksək diqqət göstərərək sosial problemlərinin həlli üçün, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib və icrasına ciddi nəzarət edib.

Qazilərimizin sağlamlığının bərpası üçün ölkənin səhiyyə sistemindəki bütün imkanları səfərbər edib, bəzilərinin xarici ölkələrdə, xüsusən Türkiyədə müalicə olunması üçün lazımi tədbirlər görüb.

Şuşada mədəni tədbirlərin qısa müddətdə hazırlanması, təşkili və keçirilməsi üçün təşkilati işlərə də rəhbərlik edib.

Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı həmin ərazilərdəki real vəziyyət və görülən işlər barədə ölkə ictimaiyyətini məlumatlandırmaq üçün mütəmadi olaraq “Instagram” səhifəsində paylaşımlar edib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsən rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması 30 ilə yaxın müddətdə millətimizin əyilmiş, ancaq sınmamış qamətini düzəltdi, millətin ləyaqətini özünə qaytardı. Bundan sonra millətimiz tarix boyu başıuca gəzəcək, ermənilər isə ləyaqətsiz, qorxaq, gələcəyi olmayan bir millət olaraq dünya xalqlarının gözündən düşəcək, uzun müddət formalaşdırdıqları “ağıllı xalq” mifi bir daha təkrarlanmayacaq.

Cənab Prezidentin 18 il ərzində əldə etdiyi nailiyyətlərdən biri də məhz 200 ildən çox ermənilərin formalaşdırdığı erməni hərbi mifini Yer üzündən silib zibilxanaya atması oldu. Bu qələbədə qardaş Türkiyə dövlətinin, xalqının, xüsusən Prezident cənab Rəcəb Tayyib Ərdoğanın siyasi, mənəvi dəstəyinin xüsusi yeri var, o cümlədən Pakistan dövlətinin.

Bu günlərdə Bakı şəhərinin ermənilərdən azad olunmasının 103 ilinin tamam olması böyük təntənə ilə qeyd edildi. Ancaq ədalət naminə bilməliyik ki, Türkiyə - Azərbaycan qardaşlığı, birliyi və həmrəyliyi cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin prezidentlik fəaliyyətləri dövründə olduğu qədər son 103 ildə bu səviyyəyə yüksəlməyib.

10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladıqları bəyanat nəticəsində müharibənin dayandırılması Azərbaycanla Rusiya arasında son 100 ildə imzalanmış sənədlərin ən alisi və əhəmiyyətlisidir. Çünki necə ki, 44 günlük müharibə nəticəsində cənab Prezident İlham Əliyevin 28 illik işğala son qoyması heç kimin, heç bir dövlətin, beynəlxalq təşkilatın güman etmədiyi idisə, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış, Ermənistan üçün kapitulyasiya aktı sayılan akt da heç kimin, heç bir dövlətin, beynəlxalq təşkilatın ağlına gəlməyən idi.

16 iyun 2021-ci ildə azad Şuşada Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında imzalanmış Şuşa Bəyannaməsi də son 103 ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış sənədlərin ən alisidir. Çünki bu bəyannamə Türkiyə dövləti ilə Azərbaycan dövləti arasında hərbi əməkdaşlıqda yeni tarixi bir səhifə açdı və Türkiyə dövləti, xalqı, Prezidenti ilə Azərbaycan dövləti, xalqı və Prezidenti arasında olan qardaşlığın, birliyin, həmrəyliyin dünyada analoqu olmayan bir nümunəsidir.

Bakı şəhərində 12 aprel 2021-ci ildə açılışı olmuş və ölkəyə gələn qonaqlara göstərilən Hərbi Qənimətlər Parkı ermənilər üçün gözdağıdır. Necə ki, işğal altında olan torpaqlarımızı cənab Ali Baş Komandan 44 gündə ildırım sürətilə azad etdi, elə həmin sürətlə də həmin ərazilərin bərpasına başladı: ərazilərin minalardan təmizlənməsi, 3 hava limanının - Füzuli, Zəngilan və Laçında inşası, Qarabağın qapısı adlanan Füzuli Hava Limanının artıq işə düşməsi, Zəngilanda Birinci Ağalıda “ağıllı kənd” layihəsinin icrası, Şuşa şəhərinin sürətlə tikintisinə başlanılması və orada böyük tədbirlərin keçirilməsi, 2021-ci il mayın 12-də Şuşada “Xarıbülbül” festivalının keçirilməsi, 2021-ci il avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin təşkil edilməsi, 2021-ci il avqustun 29-da Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışı, 2021-ci il avqustun 29-da Şuşada Bülbülün bərpa olunmuş ev-müzeyinin açılışı, Natəvan, Üzeyir bəy Hacıbəyli və Bülbülün güllələnmiş büstlərinin bərpası və Şuşada Mərkəzi meydanda yerləşdirilməsi, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qızları ilə birlikdə müharibədən sonra dəfələrlə Qarabağa səfər edərək dövlət bayrağını yüksəltmələri, Şuşa şəhərinə dəfələrlə səfər etmələri və keçirilmiş bütün tədbirlərdə şəxsən iştirak etmələri, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, xanımının böyük nümayəndə heyəti ilə birgə Şuşada qarşılanması, onların ölkəmizin mədəniyyət mərkəzi olan Şuşa ilə tanış edilməsi, Zəngəzur dəhlizinə gedən dəmir yolunun tikintisinə başlanılması, azad olunmuş bütün rayonlarda infrastrukturun: elektrik enerjisi, su xətlərinin bərpası, magistral yolların tikintisi, işğaldan azad olunmuş rayonların baş planlarının hazırlanması işlərinin davam etdirilməsi, bəzilərinin artıq yekunlaşdırılması, qısa müddətdə geniş həcmdə tikinti işlərinə başlanılması və işlərin gedişatına şəxsən cənab İlham Əliyevin özünün nəzarət və idarə etməsi də dünyada analoqu olmayan təcrübədir.

Cənab Prezidentin 44 günlük müharibədə Qələbə qazanması nəticəsində əldə etdiyi çoxsaylı nailiyyətlərdən biri də ölkədə fəaliyyət göstərən siyasi partiyalarla iqtidarın taleyüklü problemlərin həllində milli birliyə nail olmasıdır.

Cənab Prezident verdiyi vədlərə, sözlərə həmişə əməl edib və edir. Yaxşı yadımdadır, çıxışlarında dəfələrlə deyirdi ki, vaxt gələcək Şuşada və Xankəndidə də dövlət bayraqlarımız dalğalanacaq. Şuşada dövlət bayrağımız artıq dalğalanır. Onun rəhbərliyi altında uzun müddət işləmiş bir şəxs kimi mən tam əminəm ki, bir vaxt gələcək və dövlət bayrağımız Xankəndidə və Xocalıda da dalğalanacaq. Sadəcə olaraq səbirli olmaq lazımdır. Onun özünün dediyi kimi, özü yaxşı bilir nəyi nə vaxt və necə etmək lazımdır.

Ölkə vətəndaşları kimi, işğal altında olan rayon və kəndlərimizin, o cümlədən doğulduğum Cəbrayıl rayonu və Böyük Mərcanlı kəndinin azad olunmasını səbirsizliklə gözləyirdim. 27 sentyabr 2020-ci ldə əks-hücum əməliyyatı başladığı gündə Böyük Mərcanlı kəndi, 4 oktyabr 2020-ci ildə isə Cəbrayıl rayonunun mərkəzi işğaldan azad olundu. Həmin xəbərləri hamı kimi mən də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən televiziya vasitəsilə eşidəndə gözlərimin sevinc yaşlarını saxlaya bilmədim. Səbirlə gözləyirəm. Minatəmizləmə işləri başa çatandan və səfərə rəsmi icazə olandan sonra doğulduğum yerlərə, ömrümün ilk 15 ilini yaşadığım kəndə getmək və atamın qəbrini ziyarət etmək istəyirəm. Anamın qəbri isə məcburi köçkün kimi Sumqayıtdadır.

Mən rəhmətlik anama verdiyim sözə mütləq əməl edəcəyəm, onların qəbirlərini birləşdirərək bununla mənim üçün müqəddəs olan valideynlərimin ruhlarını birləşdirəcəm. Bu isə 44 günlük müharibədə əldə olunmuş Zəfərdən mənə ən böyük hədiyyə olacaq.

Mən uzun müddət cənab Prezidentin rəhbərliyi altında qaçqın və məcburi köçkünlərlə işləmişəm. Onların hamısı yaxşı bilir ki, mən onlarla hər görüşəndə deyirdim ki, səbirli olun, torpaqlarımızı ölkə Prezidenti cənab İlham Əliyevdən başqa heç kim, heç bir dövlət və beynəlxalq təşkilat, o cümlədən ATƏT-in Minsk qrupu azad etməyəcək. Mən məcburi köçkünlərə deyirdim: işlə əlaqədar mən cənab Prezidentlə ünsiyyətdə oluram. O, dediyinə, verdiyi vədə əməl edən insandır. Sağ olsunlar bütün keçmiş məcburi köçkünlər, onlar bu sözlərə inanıb uzun müddət səbir nümayiş etdirdilər. Düzdür, bəzən tək-tük insanlar olurdu ki, deyirdilər sən bizi aldadırsan. Mən isə cavabımda deyirdim ki, mən sizi heç vaxt aldatmamışam, sağlıq olsun, sizinlə o günləri görəcəyik və gördük.

Bizim qaçqınlar, keçmiş məcburi köçkünlər böyük hörmətə layiq insanlardır. Onlarla 20 il bir yerdə çalışmışam, 20 ildə həmişə bütün ictimai, siyasi tədbirlərdə dövləti, şəxsən cənab Prezidenti dəstəkləyiblər. Ancaq ədalət naminə deməliyəm ki, cənab Prezident İlham Əliyevin də Ulu Öndər Heydər Əliyev kimi, prezidentlik fəaliyyəti dövründə qaçqın və keçmiş məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını dünya ölkələrinin heç bir prezidenti öz qaçqın və məcburi köçkünlərinə göstərməyib.

Ermənistanın bugünkü vəziyyətdən yeganə çıxış yolu nədədir: sərsəm fikirlər səsləndirməkdən əl çəkmək, 10 noyabr 2020-ci il tarixli bəyannamənin tam icrasını təmin etmək, xüsusən Zəngəzur dəhlizinin açılması üçün qəti tədbirlər görmək, Azərbaycanla qonşuluq, əməkdaşlıq etmək üçün Böyük Sülh Müqaviləsinin hazırlanmasında iştirak və onun icrasını təmin etmək, o cümlədən qonşu Türkiyə ilə də, regionda söz sahibi olan Türkiyə və Azərbaycanın xalqları ilə qonşuluq, sülh şəraitində yaşamaq və əməkdaşlıq etmək üçün Ermənistanın xalqını bu şərait üçün hazırlamaq.

Ermənistan dövləti, siyasi rəhbərliyi, xalqı istəsə də, istəməsə də, bunları etməlidir, çünki Ermənistan adlı respublikanın və erməni xalqının bu regionda mövcudluğunun yeganə çıxış yolu budur. Əks halda yenidən “dəmir yumruq” işə düşəcək.

Yaşasın Azərbaycan və onun əzəmətli, vüqarlı, mərd xalqı!

Yaşasın azad Şuşa!

Yaşasın Qarabağ!

Yaşasın erməni faşizmi tərəfindən millətimizə vurulan o silinməz 27 illik işğal ləkəsini zəfərlə təmizləyən “Dəmir yumruq”un müəllifi cənab Prezident və Ali Baş Komandan İlham Əliyev!

 

Əli HƏSƏNOV,

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM