21 Oktyabr 2021 01:58
1401
CƏMİYYƏT
A- A+

“Ana, Murovdan gəlirəm...”

 

Şəhid kapitan Kənan İsrafilovu döyüşçü dostları “Murov qartalı” adlandırmışdılar

 

Vətən torpağının hər qarışı vətəndaşlar üçün doğmadır, ya şimalı, cənubu olsun, ya da qərbi, şərqi olsun. Bunu ötən il 44 günlük Vətən müharibəsində xalqımızın vətənpərvər oğulları bir daha təsdiqlədilər. Təcavüzkar Ermənistanın 30 ilə yaxın müddət ərzində işğalda saxladığı, talayıb məhv etdiyi tarixi ərazilərimizin azad olunması üçün sentyabrın 27-də əks-hücumla başlayan döyüşlərdə neçə-neçə Vətən oğlu sinəsini düşmən gülləsinə sipər etdi ki, xalqımızın illərlə həsrətini çəkdiyi doğma yerlərə qayıdışı reallaşsın. Döyüş meydanlarına atılan hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu əmrini çoxdan gözlədiklərini canları, qanları ilə bir daha təsdiqlədilər.

Birinci və İkinci Qarabağ müharibəsində bədii qüdrəti ilə döyüşçülərimizə ruh verən, onlarda Vətənə məhəbbət hisslərinin güclənməsi üçün qələmini süngüyə çevirən polkovnik-leytenant Abdulla Qurbaninin “döyüşkən misralar”ından biri də “Ana, Murovdan gəlirəm...”dir. Şair-döyüşçü bu sözləri ilə zirvələrin ən ucası olan, ermənilərin “alınmaz qala” hesab etdikləri Murovdağda, dəniz səviyyəsindən 3 min metr yüksəklikdəki Ömər aşırımında düşmənin bağrını yaran oğulların - qazi və şəhidlərimizin dili ilə yazıb.

Belə vətənpərvərlərdən biri də Kənan Faiq oğlu İsrafilov idi ki, 1990-cı il noyabrın 8-də Şəki rayonunun Şirinbulaq kəndində anadan olmuşdu. Atası ailəni dolandırmaq naminə Vətəndən uzaqlarda, Rusiyada işlədiyi üçün Kənan uşaqlıqdan  babası İsmət müəllimin himayəsində böyüyüb. O, səkkizillik təhsilini doğma kənd məktəbində aldıqdan sonra Vətəninə, xalqına, dövlətinə bir zabit, hərbçi kimi xidmət etmək ücün Cəmşid Naxçıvanski adına Ali Hərbi Məktəbi seçib. Qəbul imtahanlarından uğurla keçib. Burada iki il oxuduqdan sonra təhsilini 2008-2012-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2012-2013-cü illərdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində oxuyub.

Hərb sənətinin sirlərinə mükəmməl yiyələndiyi müddətdə seçilən kursantlardan biri kimi tanınıb.  Ali Hərbi Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə 2013-cü ildə Murovdağ istiqamətindəki “N” saylı  hərbi hissədə tabor komandiri vəzifəsində başlayıb. Komandanlıq Kənan İsrafilovun xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyi üçün onu 2018-ci ildə qərargah rəisi vəzifəsinə təyin edib.

Həmin ilin sentyabrında Müdafiə Nazirliyinin Hərbi Akademiyasında  ikiillik təhsilini bitirdikdən sonra, 2020-ci ilin iyununda  Goranboy rayonunun Aşağı Ağcakənd yaşayış məntəqəsi ərazisindəki “N” saylı hərbi hissədə tabor komandiri vəzifəsində xidmətini davam etdirib.

Kənan İsrafilov qısa vaxt ərzində çox uğurlara imza atıb. Yüksək peşəkarlıqla göstərdiyi xidmətlər də cavabsız, qiymətsiz qalmayıb: leytenant Kənan İsrafilov kapitan rütbəsinədək şərəfli xidmət yolu keçib.

Bütün bunlar 44 günlük Vətən müharibəsinədək Kənan İsrafilovun göstərdiyi xidmətlərin bir qismi idi. Sən demə, onu qarşıda hələ zirvələr fəth etmək gözləyirmiş.

Kənan İsrafilovun əmisi, Birinci Qarabağ müharibəsinin qazisi Nəsimi İsrafilov deyir ki, o, Vətəninə bağlı bir gənc idi: “Birinci Qarabağ müharibəsi illərində dünyaya göz açan Kənan böyüdükcə erməni daşnaklarının xalqımıza qarşı törətdiyi amansızlıqları eşitdikcə onlara nifrəti birə-beş artırdı. Ona görə də 44 günlük Vətən müharibəsində sanki onun əlinə fürsət düşmüşdü ki, qəddar, amansız, vandal daşnaklardan xalqımızın, xüsusən də Xocalıda törədilən soyqırımının qisasını alsın. Elə  aldı da...”

Kənan uşaqlıq illərindən vətənpərvər ruhda böyüyürmüş, döyüşlərdə göstərdiyi şücaət də bunun təsdiqidir. O, bir döyüşdə 200 nəfər əsgərimizi amansız ölümün pəncəsindən xilas etmişdir. Özü isə Talış istiqamətində gedən hərbi əməliyyatlar  zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdı.

Kənan yalnız bu istiqamətdə döyüşməyib. Onun komandiri olduğu taborun əsgərləri Murovdağdakı “alınmaz qala”nı fəth edərkən də şücaəti ilə seçilib. Ona görə elə orada döyüşçü dostları onu “Murov qartalı” adlandırıblar.

Kənan qartal kimi zirvələrdən-zirvələrə qanad açaraq döyüşüb. Son döyüşündə də o, cəsarətini, qorxmazlığını, dostluğa sadiq, əsl komandir olduğunu təsdiq edib. İgid komandir düşmən pusqusuna düşən əsgərlərini xilas edərkən özünü qorumağı düşünməyib.

Əmisi Nəsiminin demək istədikləri çox olsa da, qəhər onu boğduğundan, fikirlərini beş-on kəlmə ilə çatdırmağa çalışır: “...Kapitan Kənan İsrafilovun əmisi kimi mən onunla fəxr edirəm. Çünki müharibənin ağrı-acılarını yaşayan xüsusi təyinatlıların qazilərindən biri də mənəm. Elə, deyəsən, Kənan da mənə baxıb hərb sənətini seçmişdi. Yəni bu sənəti Kənana sevdirən ailədəki Vətən sevdalıları olub. Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Aprel döyüşlərində iştirak etmişəm. Hazırda Vətən müharibəsinin qazilərindən biri kimi deyirəm: biz nəinki işğaldakı torpaqlarımızı azad etdik, ilk növbədə, xalqımızın şərəfini, dövlətimizin qüdrətini qorumaqla bu müharibənin zəfər marşını çaldıq! Şuşamıza üçrəngli bayrağımızı taxmaq bu anlamı verir. Var olsun Ali Baş Komandanımız ki, dövlətimizi və qüdrətli ordumuzu düşmən üzərində qələbəyə hazırladı və səslədi. Xalqımızla ordumuzun birliyi isə “dəmir yumruq” olaraq düşmənin başını əzdi...”

Kənan Murovdağda döyüşəndə ermənilərə qan uddurub. Əsgər dostları danışır ki, ermənilər hava telefonu ilə açıq-aşkar deyirmiş: “Orada bir kombriq var, bizə qan uddurur! Onu sağ ələ keçirməliyik, onun ölüsü yox, dirisi bizə lazımdır!”

Kənanın komandir olduğu tabor ermənilərin bir neçə postunu ələ keçirmişdi. Onlar  hər gecə bir post alırmışlar. Bu, o postlar idi ki, 1994-cü ilin qışında keçirilən “Murov əməliyyatları”nda orada biz xeyli itkilər vermişdik...

Şəhid komandirin özündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə layiq görüldüyü “Suqovuşanın azad edilməsinə görə”, “Hərbi xidmətə görə” və “Vətən uğrunda” medalları, şəhidlik adı və ikiyaşlı Aysu qızı xalqımıza, dövlətimizə, anası Məlahətə, bacısı Aydana, ömür-gün yoldaşı Fərqiyyə xanıma əmanət qalıb.

Ruhun şad olsun, cənab komandir, “Murov qartalı”! Şair Bəhmən Vətənoğlu da vaxtilə Kənan kimi  vətənpərvər oğulların - Murovda döyüşən igidlərimizin dili ilə deyirdi:

 

“Qartal, o zirvədən belə en, belə,

İnsanam, zirvədə mən olmalıyam”...

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video