24 Yanvar 2013 02:01
526
Elm və texnika
A- A+

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin birillik fəaliyyətinə dair hesabatı dinlənilmişdir

 

Yanvarın 23-də Azərbaycan Tibb Universitetində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2012-ci il üçün hesabatına həsr olunmuş növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları foyedə bölmə institutlarının ötən il qazandığı nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar.

AMEA-nın prezidenti akademik Mahmud Kərimov tədbiri  açaraq gündəlikdəki məsələlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Rəyasət Heyətinin səyyar xarakter daşıyan növbəti iclası AMEA-nın Biologiya Elmləri Bölməsinin deyil, yeni yaranmış  Biologiya və Tibb Elmləri Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuşdur. M.Kərimov bu cür iclasların bundan sonra da davam etdiriləcəyini, akademiyanın  digər institut və elmi müəssisələrinin də ötənilki fəaliyyətlərinə dair hesabatlarının dinləniləcəyini diqqətə çatdırmışdır.

 İclasda BTEB-in akademik-katibi, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovun "AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2012-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair" mövzusunda məruzəsi dinlənilmişdir.  Bildirmişdir ki, 2012-ci il BTEB-in elmi təşkilatları üçün, eləcə də müstəqil Azərbaycanın elmi potensialının formalaşması, qloballaşma dövrünün tələblərinə uyğun elm və təhsil strategiyasının inkişafı istiqamətində böyük uğurlar ili olmuşdur.

Hesabat ilində Biologiya və Tibb Elmləri Bölməsinin elmi təşkilatları "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" və  "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" üzrə tədqiqatları davam etdirmiş və hesabatlar AMEA-nın Rəyasət Heyətinə təqdim olunmuşdur.

Bölmənin alimləri AMEA-nın digər təşkilatları ilə birlikdə yeni "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2013-2018-ci illər)" layihəsinin hazırlanmasında  doqquz  tədbir təklif etmişlər.

 Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında Botanika və Zoologiya institutlarının əməkdaşları tərəfindən hazırlanmış, Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinə dair məlumatları, onların areallarının xəritələrini əhatə edən respublikanın "Qırmızı kitab"ı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çap üçün təqdim olunmuşdur.

Bildirilmişdir ki,  BTEB-in elmi fəaliyyəti 2012-ci ildə də biologiya və tibb sahəsində fundamental və tətbiqi problemlərin həllinə yönəldilmişdir. BTEB-in bürosunun elmi-təşkilati işləri Botanika, Zoologiya, Fiziologiya, Mikrobiologiya institutları, Mərkəzi Nəbatat Bağı və Mərdəkan Dendrarisinin, respublikada tibb elmləri sahəsində fəaliyyət göstərən institutların, bəzi biologiya təmayüllü ali məktəb kafedralarının və xarici alimlərin fəaliyyəti ilə əlaqələndirilmişdir.

Hesabat ilində BTEB-in biologiya elmi üzrə müəssisələrində iki, tibb elmləri sahəsində isə dörd  elmi istiqamət üzrə elmi-tədqiqat işləri davam etdirilmişdir. Ümumilikdə altı  istiqamət üzrə 45 problem, 197 mövzu (9-u tamamlanmış), 467 iş (55-i tamamlanmış) və 764 mərhələ üzrə tədqiqatlar aparılmışdır. Onlardan biologiya sahəsində 9 problem, 50 mövzunun (2-si tamamlanmış) yerinə yetirilməsində 163 işi (19-u tamamlanmış) əhatə edən 226 mərhələnin tədqiqatları tamamlanmışdır. Tibb sahəsində 13 elmi təşkilatda 36 problem, 147 mövzu (7-si tamamlanmış), 304 iş (36-sı tamamlanmış) davam etdirilmiş və 538 mərhələ üzrə elmi işlər tamamlanmışdır. Həmin  problemlər üzrə 29 mühüm elmi nəticə alınmışdır. 

Ötən il "Azərbaycan MEA-nın elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin 2012-ci il üçün tətbiq planı"na BTEB elmi müəssisələrindən  altı  iş  daxil edilmişdir. Onlardan ikisi keçici, dördü  isə yenidir. Bölmə üzrə aparılan  120 işdən 97-si  keçici, 23-ü  yenidir. Hesabat ilində BTEB-in elmi müəssisələrində çalışan əməkdaşların  üç min 98 elmi əsəri, o cümlədən 24 kitabı (2-si xaricdə), 17 monoqrafiyası (3-ü xaricdə), 1.729 məqaləsi (531-i xaricdə) və 1.112 tezisi (418-i xaricdə)  çap olunmuşdur.  AMEA-nın internet saytında yerləşdirilmiş jurnallarda biologiya və tibb elmlərinin müxtəlif sahələrinə aid 48 elmi məqalə dərc edilmişdir. Qeyd olunmuşdur ki, hazırda BTEB-in tərkibində AMEA-nın səkkiz həqiqi  və 16 müxbir üzvü  fəaliyyət göstərir. Ümumilikdə, bölmənin elmi müəssisələrində səkkiz min 238 əməkdaş (onlardan üç min 14 elmi işçi) çalışır. Hesabat ilində bölmənin elmi təşkilatlarında 310 elmlər doktoru,  1.473 fəlsəfə doktoru  elmin və tədrisin müxtəlif sahələri üzrə  elmi problemlərin həllində iştirak etmişlər.

AMEA-nın və  Səhiyyə Nazirliyinin doktoranturalarında BTEB-in elmi təşkilatlarının 39 doktorantı əyani və 15 nəfər isə qiyabi formada təhsilini davam etdirmişdir. Keçən il  doktoranturaya cəmi 26 nəfər (16 əyani və 10 qiyabi)  qəbul olunmuş, doqquz doktorantın  təhsil  müddəti başa çatmışdır. BTEB-in elmi təşkilatlarında   12 elmlər doktoru   və 78 fəlsəfə doktoru  dissertasiya müdafiə etmişdir. 182  nəfər dissertasiya mövzuları üzərində tədqiqatlarını davam etdirmişdir.

Akademik Ə.Əmiraslanov bildirmişdir ki, keçən il bölmə institutlarının 120-dən artıq alimi 55 qrant layihəsində iştirak etmişdir. Bölmənin elmi təşkilatları ilə Azərbaycan Tibb Universitetinin birgə qrantı əsasında Transmission Elektron Mikroskopu, ona əlavə olunmuş köməkçi cihaz, avadanlıq və materiallar alınmışdır. Bu, respublikada nəsli kəsilməkdə olan flora və fauna nümunələrinin anatomik-morfoloji xüsusiyyətləri, bitkilərin məhsuldarlığının molekulyar-genetik əsasları, transgen mənşəli məhsulların insan sağlamlığına təsiri haqqında informasiyaların, insanlarda bədxassəli şişlərin əmələ gəlməsi və digər  xəstəliklərin müasir səviyyədə tədqiqinə imkan yaratmışdır.

Hesabat ilində BTEB-in əməkdaşları bir sıra beynəlxalq və respublika səviyyəli elmi yığıncaqlarda  məruzələrlə çıxış etmiş, xarici ölkələrin alimləri ilə sıx əlaqələr yaratmışlar.

Biologiya və Tibb Elmləri Bölməsinin tərkibindəki biologiya elmləri üzrə və tibb elmləri üzrə problem şuralarının 2012-ci il üzrə elmi-tədqiqat planları müzakirə edilmiş, elmi idarələr tərəfindən təqdim olunmuş mühüm nəticələr BTEB-in illik hesabatına daxil edilmişdir.  Akademiklər Mahmud Kərimov, Arif Həşimov, Akif Əlizadə, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü İlham Ələkbərov, filologiya elmləri doktoru Validə Əlizadə  və başqaları bölmənin illik hesabatını qənaətbəxş hesab etmişlər. AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənərək AMEA-nın illik hesabatına daxil edilmişdir.

Tədbirdə həmçinin bir sıra elmi-təşkilati  məsələlər də müzakirə olunmuş, görkəmli cərrah, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti,  akademik  Mirəsədulla Mirqasımovun 130, görkəmli oftalmoloq alim,  akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinin təşkili məqsədi ilə aparılan hazırlıq işlərindən danışılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video