13 Mart 2012 03:03
428
Səfərlər
A- A+

Ali qonağın şərəfinə

 

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviçin şərəfinə rəsmi ziyafət verilmişdir.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV Xorvatiya Prezidentinin ölkəmizə ilk səfəri çərçivəsində görüşlərin, aparılan danışıqların, imzalanan sənədlərin və keçirilən biznes forumun mövcud ikitərəfli münasibətlərin dərinləşməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi.

Dövlət başçısı son illər iki ölkə arasında əlaqələrin daha da intensivləşməsində qarşılıqlı diplomatik nümayəndəliklərin açılmasının əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev iqtisadi əməkdaşlığın perspektiv sahələrindən də danışaraq dedi:

- Bu gün energetika, enerji resurslarının nəqli, turizm, ekologiya, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, yol və infrastruktur obyektlərinin tikintisi, gəmiqayırma, kimya sənayesi və digər sahələrdə əməkdaşlığımızın inkişafı üçün geniş perspektivlər vardır. Biz həmçinin qarşılıqlı sərmayə yatırımının təşviqinə və ticarət dövriyyəsinin artırılmasına xüsusi əhəmiyyət veririk.

Azərbaycan ilə Xorvatiya arasında gəmiqayırma sahəsində əməkdaşlığın uğurlu təcrübəsi artıq mövcuddur. Belə ki, Xorvatiyanın Pula şəhərində yerləşən Ulyanik tərsanəsində inşa edilmiş və hazırda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin istismar etdiyi bir çox gəmi-bərələr hələ 27 il əvvəl ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Bakıya göndərilmişdir. Bu ənənə bu gün də davam edir və 2011-ci ilin mayında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə Ulyanik tərsanəsi arasında yeni gəmi- bərələrin tikilməsinə dair müqavilə imzalanmışdır. 

Ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlar ilə əlaqələr mühüm yer tutur. BMT, ATƏT, NATO, Avropa İttifaqı, Avropa Şurası çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Bu baxımdan Avropa İttifaqına yeni üzv olacaq Xorvatiya ilə münasibətlərimiz həm ikitərəfli, həm də regional çərçivədə mühüm əhəmiyyət kəsb edir. Artıq regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün öz töhfəsini verməyə hazırdır. Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və müxtəlif layihələr üzərində işləyirik.

Azərbaycanın regionda və bütövlükdə dünyada təhlükəsizliyin tərəfdarı olduğunu bildirən Prezident İlham Əliyev dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlərdə, beynəlxalq təsisatlarda fəal iştirakında, xüsusilə BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətində bu niyyətə sadiq olduğunu söylədi. Bununla yanaşı, dövlətimizin başçısı Ermənistanın təcavüzkarlıq siyasətinin regionda sülh və sabitlik üçün təhlükə olduğunu vurğulayaraq bildirdi:

- Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır.

Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyinin münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsindən ibarət olduğunu bildirdi.

*  *  *

Xorvatiya Prezidenti İvo YOSİPOVİÇ ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə bir daha Azərbaycan Prezidentinə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Xorvatiya dövlətinin başçısı qeyd etdi ki, bu görüş iki ölkə arasında mövcud olan rəğbət və dostluğu, sosial, siyasi və xüsusilə də iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirmək, qarşılıqlı imkana çevirmək baxımından yaxşı bir fürsətdir. Xorvatiyanın Avratlantik strukturlara inteqrasiyasına toxunan İvo Yosipoviç bu sahədə Azərbaycanın da uğurlar əldə etdiyini vurğulayaraq dedi:

- Azərbaycan kimi, Xorvatiya da Avratlantik zonaya tam inteqrasiya dövründə ölkə ərazisinin bir hissəsi üzərində nəzarəti müvəqqəti itirməklə bağlı acı təcrübəyə malikdir. Xorvatiya bu mənada Azərbaycanın vəziyyətini yaxşı anlayır.

Biz sizin səbir nümayiş etdirməyinizi və Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək cəhdlərinizi yüksək qiymətləndiririk. Mən bunları hansısa mücərrəd inanclara görə deyil, oxşar təcrübəyə əsaslanaraq deyirəm.

Xorvatiya dövlətinin başçısı öz ölkəsində sürətlə inkişaf edən Azərbaycana olan maraqdan və Bakıya səfəri zamanı hüquqi bazasının əsası qoyulmuş əməkdaşlığın qarşılıqlı faydasından da danışaraq bildirdi:

- Bu gün Azərbaycan özü ilə fəxr etmək üçün çox səbəbləri olan ölkədir. Biz bu səbəbləri yaxşı bilirik. Biz ikitərəfli potensialımızdan istifadə edərək əməkdaşlığımızı daha da intensivləşdirmək istəyir və arzu edirik ki, həm siz, həm də biz bundan faydalanaq. Bu gün keçirdiyim bütün görüşlər və danışıqlar məni inandırdı ki, bu, bizim ümumi arzumuzdur. Bu gün biz arzularımızın reallığa çevrilməsi üçün hüquqi baza yaradan bir sıra sənədlər imzaladıq. Bizim Baş nazirin birinci müavini də maraqlı və çox şey vəd edən danışıqlar aparıb. Mən düşünürəm ki, bu danışıqlar Avropa enerji infrastrukturu sahəsində əməkdaşlıq üçün başlanğıc nöqtəsi rolunu oynaya bilər.

Xorvatiya Prezidenti iki ölkə arasında faydalı əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu söylədi.      

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video