21:25 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Akademik İsa Həbibbəylinin “Molla Pənah olan Vaqif” monoqrafiyası nəşr olunub

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:22 28.08.2021

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin görkəmli Azərbaycan şairi və tanınmış dövlət xadimi Molla Pənah Vaqifin həyatı və yaradıcılığından bəhs edən “Molla Pənah olan Vaqif” monoqrafiyası işıq üzü görüb. Akademik İsa Həbibbəyli monoqrafiyada ilk dəfə olaraq Molla Pənah Vaqifi Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının banisi kimi tədqiqata cəlb edib.

XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından olan Molla Pənah Vaqif ölkəmizin ictimai-siyasi, eləcə də bədii fikrinin formalaşmasında mühüm xidmətləri olub. Monoqrafiyada görkəmli şairin həyatı, müasirləri ilə münasibətləri, ictimai-siyasi fəaliyyəti bütöv şəkildə tədqiqata cəlb edilib.

Akademik İsa Həbibbəyli görkəmli şair Molla Pənah Vaqifə göstərilən yüksəksəviyyəli münasibətin əhəmiyyəti barədə monoqrafiyada ətraflı bəhs edib. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Qarabağın tarixi-inzibati mərkəzi olan Şuşa şəhərində Molla Pənah Vaqifin möhtəşəm məqbərəsinin ucaldılmasının böyük şairin xatirəsinə ehtiramın böyük ifadəsi olduğu vurğulanıb. Monoqrafiyada qeyd edilir ki, Qarabağın erməni vandalları tərəfindən işğalından sonra Azərbaycanın maddi-mənəvi sərvətlərinə vurulan zərbələr Molla Pənah Vaqifin məqbərəsindən də yan keçməyib. Lakin Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən savaşında qazanılan möhtəşəm qələbə, Şuşa şəhərinin düşmən işğalından azad olması ilə Molla Pənah Vaqif məqbərəsinin ruhu və abidəsi də işğaldan xilas olub. Monoqrafiyada Molla Pənah Vaqifin məqbərəsinin yenidən, yüksək memarlıq tələblərinə uyğun olaraq bərpa edilməsinin böyük sənətkarın ədəbi-tarixi xidmətlərinə müstəqillik dövründə verilən dəyərin ifadəsi, ədalətin zəfər çalması olduğu vurğulanıb.

Akademik İsa Həbibbəyli monoqrafiyada Molla Pənah Vaqifin həm ictimai-siyasi fəaliyyətinin, həm də bədii yaradıcılığının  bütün mərhələlərini özünəqədər aparılmış ciddi elmi araşdırmalara istinad etməklə tədqiqata cəlb edib. XVII əsrdən etibarən Azərbaycan ədəbiyyatında baş verən keçid proseslərinin, realist şeirə doğru baş verən meyillərin məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə özünün zirvə nöqtəsinə çatması “Molla Pənah olan Vaqif” monoqrafiyasında təhlil edilib. İlk dəfə olaraq akademik İsa Həbibbəyli tərəfindən bu dövrə erkən realizm, Molla Pənah Vaqif isə erkən realizm ədəbi cərəyanının banisi kimi təqdim edilib. Akademik İsa Həbibbəyli bu barədə monoqrafiyada yazır: “Erkən realizm mərhələsi Azərbaycan ədəbiyyatında realist meylin davamlı prosesə çevrilməsi üçün mühüm zəruri şərtlər hazırlamışdır. Erkən realizm - Azərbaycan ədəbiyyatında realist hərəkatın təməli, bünövrəsidir. Erkən realizm - sadəcə, təmayül deyil, özünəməxsus ideya-estetik prinsipləri olan ədəbi cərəyandır. XVII əsr Azərbaycan ədəbiyyatında Saib Təbrizi ilə başlanan yeniləşmə meyilləri tədricən inkişaf edərək XVIII əsrdə Molla Pənah Vaqifin ədəbiyyatdakı islahatları ilə başa çatmışdır. Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının yaradıcısı və banisidir”.

Monoqrafiyada Molla Pənah Vaqif şeirinin poetikasından, vəzn və janr, dil və üslub problemlərindən, onun əsərlərinin özünəqədərki ənənəyə uyğun və fərqli xüsusiyyətlərindən geniş bəhs edilib. Akademik İsa Həbibbəyli monoqrafiyada Molla Pənah Vaqif yaradıcılığı ilə heca vəzninin Azərbaycan şeirində ana vəznə çevrildiyindən yazıb. Molla Pənah Vaqif ədəbiyyata gətirdiyi yeniliklərlə Molla Pənah olmağın mümkünlüyünü sübut edib.

Qeyd edək ki, akademik İsa Həbibbəylinin “Molla Pənah olan Vaqif” monoqrafiyası AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi pasportu” seriyasından (23-cü kitab) çap olunub. Kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM