24 Fevral 2021 01:06
915
DÜNYA
A- A+

Aİ-Rusiya münasibətləri gərginləşir

 

Brüssel Moskvaya qarşı yeni sanksiyalar hazırlayır

 

Avropa İttifaqı (Aİ) Şurasının fevralın 22-də üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində keçirilmiş iclasında əsas müzakirə mövzusu rusiyalı müxalifətçi Aleksey Navalnının həbsi ilə əlaqədar Brüsselin Moskvaya, daha doğrusu, siyasətçinin azadlıqdan məhrum edilməsində əli olan yüksək vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq olunması idi. İclas iştirakçıları sanksiyaların tətbiq olunması haqqında prinsipial qərar qəbul etdilər, lakin “qara siyahı”ya düşənlərin adları açıqlanmadı. Prinsipial qərarın ardınca Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel prosedura uyğun olaraq formal təklif irəli sürəcək.

Borrel vurğulamışdır ki, Aİ ilk dəfə insan hüquqlarının pozulmasına görə qlobal sanksiya rejimi tətbiq edir. O, məlumat vermişdir ki, sanksiyalara kimin məruz qalacağını konkretləşdirmək üçün Aİ-yə bir həftə vaxt lazım olacaq: “Bu siyahıda kimlərin olacağını deyə bilmərəm. Ancaq deyə bilərəm ki, bu, Navalnının tutulması və mühakimə edilməsində əli olanlara aiddir”.

Eyni zamanda Borrel qeyd etmişdir ki, Aİ rusiyalı iş adamlarına qarşı sanksiyalar tətbiq edə bilməz, çünki bunun üçün heç bir hüquqi əsas yoxdur: “Biz əsasları sübut etməliyik. Bu, qanunun aliliyidir ki, ona da əməl edilməlidir. Biz sadəcə olaraq xoşumuza gəlməyən adamlara sanksiyalar tətbiq edə bilmərik”. Yeri gəlmişkən, Navalnı ötən ilin noyabr ayında bəzi rusiyalı milyarderlərə qarşı məhdudiyyətlər tətbiq olunmasının zəruriliyini dilə gətirmişdi.

Aİ xarici işlər nazirlərinin görüşündə həmçinin Rusiyaya münasibətdə strategiya formalaşdırılmışdır. Borrel bu xüsusda məlumat verərkən qeyd etmişdir ki, Aİ üç istiqamətdə işləməyi qərarlaşdırmışdır: birincisi, Rusiya beynəlxalq hüququ və insan haqlarını pozduqda onunla mübarizə aparmalı, Rusiya Aİ-yə təzyiqini artırmağa çalışanda (buraya dezinformasiya və kiberhücumlar daxildir) təmkinli olmalı, üçüncüsü, Aİ-də maraq doğuran mövzularda Rusiya ilə əməkdaşlıq qurmağa cəhd etməli.

Borrel belə bir məqamı da nəzərə çarpdırmışdır ki, Aİ-nin xarici işlər nazirləri Rusiyaya düşmən kimi hərəkət edən qonşu kimi yanaşmağı qərarlaşdırmışlar. O əlavə etmişdir ki, indi avropalılar belə bir qonşu ilə daimi qarşıdurmadan qaçmaq üçün prinsiplər işləyib hazırlamalı olacaqlar.

Sanksiyalara məruz qalacaq şəxslərin Aİ ölkələrindəki aktivləri dondurulacaq, onların həmin ölkələrin ərazisinə daxil olmasına qadağa qoyulacaq. Hansısa başqa məhdudiyyətdən söhbət getmir. Ona görə də sanksiyaların məzmunu yox, “qara siyahı”ya düşənlərin adları daha çox maraq doğurur. “Frans Press” agentliyi diplomatik mənbələrə istinadən xəbər verir ki, sanksiyalar dörd yüksək vəzifəli rusiyalıya qarşı tətbiq ediləcək. Öz növbəsində “Röyter” agentliyi iki diplomatik mənbəyə istinadən xəbər verir ki, Brüssel görüşündə konkret adlar müzakirə edilməsə də, cəza tədbirləri Rusiyanın bir sıra güc strukturlarının rəhbərlərinə - Rusiya İstintaq Komitəsinin sədri  Aleksandr Bastrıkin, Federal Penitensiar Xidmətin rəisi Aleksandr Kalaşnikov, Baş prokuror İqor Krasnov və Rusiya Milli Qvardiyasının komandanı Viktor Zolotova şamil edilməlidir. “The Wall Street Journal” konkret adlar çəkmədən xəbər verir ki, bir neçə digər rusiyalı məmur da sanksiya siyahısına düşə bilər.

Bastrıkin Navalnı işi ilə əlaqədar artıq bir dəfə Aİ-nin sanksiyalarına məruz qalmışdır: keçən ilin oktyabrında Brüssel müxalifətçinin zəhərlənməsində əli olan altı rusiyalı məmura qarşı fərdi sanksiyalar tətbiq etmişdir. Siyahıda İstintaq Komitəsinin sədrindən əlavə, Rusiya Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Sergey Kiriyenko da var idi. Siyahıda yer almış şəxslərin Aİ ölkələrinə girişi, bu ölkələrdən tranzitlə keçməsi qadağan edilmiş, onların Aİ-dəki aktivləri dondurulmuşdur, həmçinin Aİ vətəndaşları onlara hansısa iqtisadi resurs təmin etmək hüququna malik deyillər.

Aİ ölkələrinin Rusiyaya münasibətdə bu dəfə vahid mövqedən çıxış etməsi qarşıdakı mərhələdə iki tərəf arasında gərginliyin artacağına dəlalət edir. Rusiyanın cavab sanksiyaları tətbiq edəcəyi şübhəsizdir.  Ölkənin Xarici İşlər Nazirliyi gözlənilən sanksiyalardan təəssüfləndiyini ifadə etmişdir. Nazirliyin bəyanatında qeyd olunur ki, “məntiqin əksinə olaraq əvvəlcə siyasi qərar qəbul edilir, sonra isə heç nəyə əsaslanmadan namizədlərin seçilməsi planlaşdırılır”. Bəyanatda vurğulanır ki, Moskva Rusiya qanunvericiliyinə uyğun olaraq Rusiya ərazisində məhkəmə tərəfindən iqtisadi cinayətlərlərə görə mühakimə olunmuş Rusiya Federasiyası vətəndaşının sərbəst buraxılması üçün davamlı olaraq səsləndirilən qanunsuz və cəfəng tələbləri qətiyyətlə qəbuledilməz hesab edir. Özü də Rusiya tərəfi bu cür hərəkətləri suveren dövlətin daxili işlərinə müdaxilə sayır.

Bütün bunlardan sonra Brüssellə Moskva arasında dialoqdan, əməkdaşlıqdan danışmaq yersiz görünür. Axı tərəflər hansı məsələləri müzakirə edib ortaq məxrəcə gələ bilərlər? Məsələn, Almaniyanın xarici işlər naziri Hayko Mas hesab edir ki, Brüssel və Moskva koronavirus pandemiyası və iqlim dəyişikliyinə qarşı mübarizə, İranın nüvə sazişi, Suriya və Liviya münaqişələri kimi məsələlərin həllində dialoqa girə bilərlər. Bunun ardınca nazir əlavə edir ki, belə bir dialoqun açarı Moskvanın əlindədir. Mas qeyd etmişdir ki, Aİ qəbul olunacaq qərarın Moskvanı siyasi xəttini dəyişdirməyə vadar edəcəyini gözləmir: “Tətbiq olunacaq sanksiyaların məqsədi odur ki, biz  müəyyən şeylərlə barışmağa və heç bir tədbir görməməyə hazır deyilik”.

Başqa sözlə, Brüssel-Moskva münasibətlərinin gələcəyi qaranlıq görünür. Son vaxtlara qədər Aİ-nin bəzi ölkələri Rusiya ilə körpüləri yandırmaqdan ehtiyatlanırdı. Məsələn, Almaniya və İtaliya Moskvaya qarşı sanksiyalardan söz düşəndə xəbərdarlıq edirdi ki, hər hansı qərarın hüquqi əsası olmalıdır, cəza tədbirləri Rusiya ilə əməkdaşlığı əngəlləməməlidir.

İndiki halda sanksiyaların tətbiqi ilə əməkdaşlığı bir araya gətirmək çətindən də çətindir. Brüssel və Moskva qarşıdurma əhvali-ruhiyyəsindədirlər. Çox keçməmiş tərəflərin biri sanksiyalara məruz qalacaq rusiyalı məmurların adlarını açıqlayacaq, ikinci tərəf isə cavab tədbirlərini elan edəcək.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video