25 Iyul 2021 00:52
1063
İQTİSADİYYAT
A- A+

Aİ Cənubi Qafqaz ölkələri ilə iqtisadi əməkdaşlıqda Azərbaycana xüsusi önəm verir

 

Xəbər verildiyi kimi, bu il iyulun 18-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycanda səfərdə olmuşdur. Postmüharibə dövründə Avropanın ali nümayəndəsinin ölkəmizə bu səfərinin xüsusi əhəmiyyəti var. Belə ki, müharibə başa çatsa da, Azərbaycanla Ermənistan arasında həll olunmamış bir çox problemlər qalmaqdadır. Kommunikasiyaların açılmaması, sərhədlərin delimitasiya edilməsi və sülh sazişinin bağlanmaması iki ölkə arasında gərginliyin aradan qaldırılmasına mane olur. 

Məlumdur ki, Ermənistana təsir gücü olan bir çox qüvvələr və dövlətlər Ermənistanla Azərbaycan arasında münaqişənin yenidən alovlanmasında maraqlıdırlar. Məqsədləri bu yolla regiondakı “nüfuz”larını qorumaqla siyasi və iqtisadi dividentlər əldə etməkdir. Üstəlik, Ermənistandakı bəzi siyasi qüvvələr, xüsusilə Qarabağ klanı da iki ölkə arasında kommunikasiyaların açılmasının, ən əsası isə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sülh müqaviləsinin əleyhinədir. Ermənistanda seçkilərdən sonra baş verən hadisələr və bu fonda İrəvanda yarana biləcək qarşıdurmanın qaçılmaz olması da bunu təsdiq edir.

Prezident İlham Əliyev dəfərlərlə bəyan etmişdir ki, Avropa İttifaqı (Aİ) iki ölkə arasında mövcud fikir ayrılıqlarının həllində mühüm rol oynaya bilər. Əks halda Aİ qonşu ölkəyə milyardlarla avro yardım etməyə hazır olduğunu bildirməzdi. Belə çıxır ki, Aİ müharibədən sonrakı indiki dövrdə Ermənistanı sosial-iqtisadi böhrandan xilas edə biləcək yeganə qüvvədir. Bunu isə Ermənistanın şimal müttəfiqinin necə qəbul etməsi başqa yazının mövzusudur.

İndi isə Şarl Mişelin Azərbaycana səfərinin əhəmiyyəti barədə. Öncə onu qeyd edək ki, dövlət başçısı ilə Şarl Mişelin səfər çərçivəsində müzakirə etdikləri məsələlər Azərbaycanla Avropa İttifaqı arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacaq. Görüşdə də Azərbaycanla Aİ arasında siyasi əlaqələrdən məmnunluq ifadə olunmuş, həmçinin ticarət əlaqələri, enerji təhlükəsizliyi, “Cənub qaz dəhlizi” və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmiş, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır.

Məlumdur ki, Azərbaycan dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir. Görüşdə dövlət başçısı bu təşkilatın sədri kimi də Şarl Mişellə Qoşulmama Hərəkatı və Avropa İttifaqı arasında əlaqələrin perspektivləri və gələcək inkişafı barədə fikir mübadiləsi aparmışdır.

Prezident İlham Əliyev həmin görüşdən sonra verdiyi bəyanatda Aİ ilə olan iqtisadi əlaqələrin əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşlarındandır və ticarətimizin 40 faizi bu ittifaq ölkələri ilə aparılır. Dövlət başçısı Aİ ölkələri ilə iqtisadi əlaqələrə böyük əhəmiyyət verdiyini qeyd edərək demişdir: “Ötənilki ticarət dövriyyəsi, demək olar ki, 9,5 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdə 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqının üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır”.

Bu gün Azərbaycan regionda təkcə iqtisadi cəhətdən lider yox, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir. Ötən ilin sonuncu günü gerçəkləşən tarixi layihə - “Cənub qaz dəhlizi”nin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri bunun əyani təsdiqidir. İndiyədək Aİ-nin üzvü olan ölkələrə - İtaliyaya, Yunanıstana və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunmuşdur. Eyni zamanda Azərbaycan Avropaya 15 ildir etibarlı tərəfdaş kimi xam neft ixrac edir.

Avropa İttifaqı da öz növbəsində Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycanla siyasi, xüsusilə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Regionun iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi isə Azərbaycandır. Regionda istehsal edilən sənaye məhsullarının 80 faizi ölkəmizə məxsusdur. Bu faktın özü o deməkdir ki, Avropa İttifaqı region ölkələri ilə iqtisadi əlaqələrində həmin faktora xüsusi önəm verməyə məcburdur. Üstəlik. Azərbaycanın razılığı olmadan regionda heç bir mühüm iqtisadi layihənin reallaşdırılması mümkün deyil. Bu səbəbdən görüşdə Aİ ilə iqtisadi əlaqələrin genişləndirilməsində Azərbaycanın mövqeyinə ehtiyac olduğu bildirilmişdir. Digər mühüm faktor, dövlət başçısının da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyulmasının region ölkələri, o cümlədən Avropa İttifaqı ilə iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynamasıdır. Yəni artıq münaqişə başa çatıb, indi regionda əmin-amanlıq Ermənistanın yaranan yeni reallıqları qəbul edib konstruktiv mövqe tutmasından asılıdır.

Şarl Mişel də bəyanatında region ölkələrinin iqtisadi əməkdaşlığına, kommunikasiyaların açılmasına və bölgə dövlətlərinin Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmişdir. O, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya məsələlərində ekspertlər səviyyəsində yardım göstərilməsinə razı olduğunu da vurğulamışdır. Bununla yanaşı, dövlət başçısına regional vəziyyətlə bağlı məsələlərdə tutduğu konstruktiv mövqeyə görə təşəkkürünü bildirmişdir.

Avropa İttifaqının prezidenti ölkəmizlə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu bildirərkən demişdir: “Sizin də qeyd etdiyiniz kimi, bizim Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin mahiyyəti barədə intensiv və dərin fikir mübadiləsi aparmaq - bu, müzakirə olunmuş birinci məsələdir. Çünki biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək. Hətta, Avropa İttifaqı ilə Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış oldum. Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış olduq. Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan iş birliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet - iqlim dəyişməsi və rəqəmsal inqilab birgə bağladığımız layihələrin əsasında olmalıdır”. 

Torpaqlarımızın işğaldan azad edilməsi regionda yeni reallıqlar yaradıb. Dünya siyasətinə təsir edən güclər anlayıblar ki, indi Azərbaycan öz mövqeyini daha da gücləndirib və iqtisadi cəhətdən böyük imkanlara malikdir. Artıq Avropa İttifaqında da bunu başa düşürlər. İndi qoca qitədə hamı bilir ki, Cənubi Qafqaz ölkələri ilə iqtisadi əməkdaşlıq Azərbaycanla qarşılıqlı faydalı münasibətlərdən asılıdır. Çünki Şarl Mişelin verdiyi bəyanatdan, dövlət başçısı ilə aparılan danışıqların mövzusundan göründüyü kimi, Avropa İttifaqı Azərbaycanı bölgənin söz sahibi lider ölkə hesab edir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video