13 Iyun 2021 00:38
9986
SİYASƏT
A- A+

“Ağdamda səsimin gücü də artdı...”

 

“Ağdama gedəndə damarlarımdan, qanımdan ilıq nə isə yayıldı bədənimə, heç bilmədim nədir...”

Günlər, həftələr, aylar, illər bir-birini əvəz edir. Göylər həminkidir, yerlər əvvəlki, amma sənə elə gəlir yerlə göyün yeri dəyişib. Gördüyün yollar həminki deyil, çünki vətəninə doğru uzanır, amma sən o yolu gedə bilmirsən. Əllərini gözünün üstündə çarpazlayıb lap uzaqlara, əl çatmayan yaxına baxırsan... heç nə görünmür. 

“Qarabağ söhbətləri”ndə həmsöhbətimiz Xalq artisti Nəzakət Teymurovadır. Prezident İlham Əliyevin Ağdamda şəhərin təməl daşının qoyulması mərasimində iştirak edən sənətkarla Ağdamlı günlərindən danışdıq.

 

Gözümüzü açandan valideynlərimizin əllərini qabarlı görmüşük

 

- Ağdamın Əlimədədli kəndində zəhmətkeş ailədə anadan olmuşam.  Atam, anam öz zəhmətləri ilə övladlarını ərsəyə gətiriblər. Oxumaq istəyənə şərait yaradıblar  oxuyub, istəməyəni də oxumayıb. Ailədə 10 uşaq olmuşuq, üç qardaş, yeddi bacı. Ən kiçikləri mənəm. Gözümüzü açandan valideyinlərimizin əllərini qabarlı görmüşük. Atam 1985-ci ildə ürək çatışmazlığından rəhmətə gedib. Məni  çox istəyirdi. Xəyalımda bir kadrda qalıb atam. Yağış yağırdı, şimşək çaxırdı, məni oturtmuşdu dizlərinin üstündə. Soruşdum ki, ata, o sönüb-yanan nədi? Dedi, ağ atın belində atlıdır, göyün qatları ilə çapır, şallağı vuranda elə qığılcım verir.

Əlində nə alıb gətirsə, evin kiçiyi olduğuma görə birinci mənə verirdi. Çox dəcəl uşaq olmuşam.

8-ci sinfə qədər Əlimədədli kəndindəki məktəbdə oxudum. Həm də Ağdamda Pionerlər evinə gedirdim.

Ağdamla bağlı xatirələrim çoxdur, şirindir, danışdıqca bitmir. Bayram şənlikləri keçirəndə bütün təşkilati işləri  müəllimlərlə özümüz edərdik. Onlar hamısı indi şirin xatirəyə dönüb. Ağdamda kəndimizdə yaşadığım o təmiz, ülvi illər həyatımdan ana xətt kimi keçir. Heç vaxt o təəssürat dəyişməz. İndi hər titulumuz, təminatımız olsa da, o illərin şirinliyini vermir. Nə qədər ehtiyac içində, çətin də olsa, ovaxtkı xatirələr daha xoş duyğular aşılayır. Məktəbdən bizi pambıq yığmağa aparırdılar. Tələbə vaxtı da gedirdik, zəhməthaqqı da verirdilər. İdman yarışlarına gedirdik. Voleybolda Ağdam komandasını təmsil edirdim. Həyatımda gözəl nə olubsa, hamısı Ağdamda olub.

 

Xatırlamaq istəmədiyim gün

 

- 1992-ci ildə çıxmışam Ağdamdan. O günü heç xatırlamaq belə istəmirəm. “Qrad” mərmiləri evimizə, həyətimizə düşürdü. Artıq tələbə idim. 1988-ci ildən Bakıya təhsil almağa gəlmişdim, Baza Energetika Texnikumuna qəbul olunmuşdum. Orda özfəaliyyət dərnəklərində iştirak edib, müsabiqələrdə birinci yer qazandığıma görə məni Asəf Zeynallı adına Musiqi Kollecinə göndərdilər ki, sənin yerin buradır. Ağdama evimizə bir neçə günlüyə getmişdim. Səhərə yaxın evimiz silkələndi. Çıxdıq çölə, gördük ki, düz qapımızın ağzına mərmi düşüb. Qonşunun evinin üstünə düşən mərmi yanğın törətmişdi. Başqa bir evə düşən mərmi isə ata-ananın, oğulun ölümü ilə nəticələnmişdir. Evin qızı da sonradan havalandı.

Çıxanda yazıq anam açarları götürüb qapıları bağladı. Nə bilirdik ki, ev qalmayacaq. Məni kimsə üstüaçıq maşına qoyub kənddən uzaqlaşdırmışdı. Camaatla birlikdə çıxmışdıq. Gəlib Bakıya çatanda özümə gəldim. Top səsindən, “qrad” atəşindən necə şok yaşamışdımsa, yolboyu özümdə olmamışdım. Torpaqdan, evdən, daş-divardan qisas aldı ermənilər. Ağdamı viran qoydular. Quzanlıda məskunlaşmışdı bizim ailə. Ordan kəndimizə, Ağdama boynubükük baxırdıq. Düşünürdüm, görəsən bu yollar bir gün açılacaqmı biz gedək Ağdama?! 

 

Ailəmiz müharibənin acılarıyla yaşadı

 

- Əmim oğlu Nadir Əliyev Birinci Qarabağ savaşı başlayanda Moskvada təhlükəsizlik orqanlarında işləyirdi. Dedi ki, torpaqlarım işğal olunduğu halda mən rütbə, karyera arxasınca düşə bilmərəm. Gəldi, batalyon komandiri oldu, döyüşdü, Ağdamda da  şəhid oldu. Ölümündən sonra Milli Qəhrəman adı verildi.  

Bibim oğlu Allahverdi Bağırovun batalyonunda döyüşürdü, şəhid oldu. Bir əmim oğlunun isə nə öldüsü bəllidir, nə qaldısı. Üç bacım oğlu döyüşürdü, bacılarımın biri rabitədə qulluq edirdi, biri də tibb bacısı kimi. Qardaşlarımın ikisi müharibədə, anam da od-alovun içində yaşayırdı.

Bir mən Bakıdaydım, Asəf Zeynallıda oxuyurdum. Yəni bütün o dəhşətlər həyatımızdan keçib. Nələr çəkmədik, nələr yaşamadıq. Yenə bizim Bakıda yaşayan bacımız vardı, gəldik yığışdıq onun yanına. Adamlar vardı ki, çöllərə düşdülər. Ölkənin hər tərəfinə səpələndilər. Çadırlarda, vaqonlarda bir qarın ac, bir qarın tox yaşadı camaatımız. İnsanlar indi-indi özlərinə az-çox şərait qura biliblər. Şükür bu günə, gedib yurdumuzda da bunu yaradacağıq özümüzə...

 

Bircə yaralı yerimiz Qarabağ idi

 

- Qarabağın, Ağdamın işğalda olmasını qəbul edə bilmədik. Təsəvvür edin ki, bir sənət adamı üçün bu, nə qədər çətindir. Axı biz dünyanın hər yerində qastrollarda, konsertlərdə oluruq. Sənətimlə Azərbaycanı  həmişə ən yüksək səviyyədə təmsil etməyə çalışmışam. Söhbət Qarabağdan düşəndə büzüşmüşəm. Başımızı qaldırıb insanların üzlərinə baxa bilmirdik. Xarici ölkə səhnələrinə Vətənini təmsil etmək, bayrağını qaldırmaq üçün çıxırsan. Orda önəmli olan sən yox, Azərbaycandır.  “Qarabağ şikəstəsi”, “Sarı gəlin” əsas repertuarım olub həmişə. Elə səfərlərim olub ki, 40 dərəcə qızdırmada təyyarəyə minmişəm,  reysi dəyişmək üçün 16 saat təyyarə gözləmişəm, gedib orada səhnəyə çıxmışam. Səhnəyə çıxanda hər şeyi unutmuşam, ölüb dirilmişəm, amma oxumuşam ki, Azərbaycanın sənəti yüksək səviyyədə təqdim edilsin. Bircə yaralı yerimiz Qarabağ idi. Odur ki, segah üstündə yurd həsrətimi oxuyurdum...

Elə festivallar olub ki, ermənilər də iştirak ediblər. Özümdən asılı deyil, onları görəndə qanım cövlan edir. Özbəkistanda onların səhnəyə bizim mahnılarla çıxması, həm də bir neçə kollektivlə iştirak etməsi mənə necə psixoloji təsir etdisə, ağlamağımı boğub güclə çıxdım səhnəyə.

Məğlubiyyət sindromu da əziyyət verirdi adama, özlərini qalib aparırdılar, qıcıq verirdilər bizə. Bizim milli musiqi alətlərini öz adlarına çıxıb gözlərimizin önündə ifa edirdilər. 

 

İndi dağı dağ üstünə qoymağa gücüm çatar

 

- İndi belə konsertlərə, tədbirlərə getməyi həsrətlə gözləyirəm. Gözlərimin işığı, enerjisi ilə söndürərəm onları. Elə bir enerji gəlib ki, mənə, elə bilirəm dağı dağ üstünə qoymağa gücüm çatar. Ağdamda səsimin gücü də artdı. Yenidən işğaldan əvvəlki Nəzakət oldum. Doğma torpaq üzərində addımladıqca enerjim qat-qat artırdı. İşğaldan azad olunan  Ağdama gedəndə damarlarımdan, qanımdan ilıq nə isə yayıldı bədənimə, heç bilmədim nədir. Hər yer viran olmuşdu.

İkinci dəfə gedəndə artıq gördük qısa müddətdə xeyli iş görülüb. Prezidentimiz deyir ki, Ağdam cənnətə dönəcək. Allah dövlətimizi, millətimizi qüdrətli etsin.  Respublika Günündə getdik Ağdama, şəhərin təməl daşı qoyuldu, bundan böyük xoşbəxtlik olarmı? Torpağımda görülən quruculuq işlərinin şahidi oldum. Çox gözəl layihələrə start verilib. Parklar salınır. 1 nömrəli məktəbin, yaşayış binalarının özülü qoyulur. Ağdamda tramvay xətti çəkilir, şəhər əvvəlkindən də gözəl olacaq.

Ali Baş Komandana, Ordumuza minnətdaram ki, bizi yenə qarabağlı etdilər. Vətəndə ola-ola vətənsizlik yaşamaqdan qurtardılar bizi. Bunlar elə hisslərdir ki, hər kəs duyub-yaşaya bilməz onu.

Babamın, nənəmin, atamın, gənc bacımın məzarlarından əsər-əlamət yoxdur, dağıdıblar. Düşməndən başqa nə gözləmək olardı ki...

Xarici ölkələrdə bayrağıma da, himnimizə də kövrəlirdim, nisgil verirdi mənə. Ağdamda olarkən şəhidlərin qanı tökülən o müqəddəs torpağı öpdüm, bunu bizə qaytaran şəhidlərə minnətdarlıq etdim. 

Biz Kolanlı tayfasındanıq. Atamın yurdunda, Ağdamın Əlimədədli kəndində ev tikəcəm.

...Əllərini çarpazlayıb baxdığın yol bir gün sənə doğru gəlir. O yolu tutub uzaqda qalan yaxına doğru gedirsən və çatırsan ona. Uzaqda qalan yaxın artıq əlçatandır, səndədir, özündədir, sən də qarışırsan ona vətənləşirsən, bütövləşirsən...

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video