24 Dekabr 2019 03:58
2213
SİYASƏT
A- A+

Adiləşən rekordlar


İlham Əliyevin prezidentlik dövrü ən yüksək nəticələrlə əlamətdardır


İnsan arzulamağı sevir...

Çox zaman bu arzular ona əlçatmaz, qismətolmaz kimi görünür...

Boş vaxtlarında, tək qalanda şirin xəyallara dalır, həyata keçməsi mümkünsüz görünən istəkləri ilə bağlı müxtəlif planlar qurur, özünü səadət dolu günlərdə necə aparacağını göz qabağına gətirir...

Hərdən elə olur ki, Allah bizi ülvi, əlçatmaz istəklərimizə də qovuşdurur!

O zaman xoşbəxtlikdən göyün yeddinci qatına ucalır, yerə-göyə sığmırıq!

Sonra müəyyən zaman keçir...

Başqa xülyalara və istəklərə düşürük...

Bir zamanlar həsrətini çəkdiklərimizin necə adiləşdiyini hiss etmirik!

Sanki bu, belə də olmalı imiş!

Bəli, həyat və əlahəzrət zaman təkcə uzaqda və yüksəkdə görünən arzuları yox, ömrümüzün digər uğurlarını da adiləşdirə bilir!

Bəlkə yaşamağın gözəlliyi də elə bundadır!

***

Həyatda bir "rekord” anlayışı da var!

"Ən yüksək” nəticə anlamındadır.

Elə bir nəticə ki, yalnız taleyin seçdiyi və sevdiyi insanlar ona nail olurlar.

Rekordların əsl yeri idman və bir də "Ginnesin rekordlar kitabı”dır.

Sovet dövründə "əmək rekordları” da dəbdə idi.

Geniş mənada baxanda bu anlayışı bir çox sahələrə də tətbiq etmək mümkündür:

* ilk dəfə əldə olunan ən yüksək nəticə kimi;

* həyatımızın ən böyük uğuru kimi;

* sosial-iqtisadi nailiyyətlər kimi.

***

İdmanda rekord qırmaq, yaxud Ginnesin kitabına düşmək üçün bəzən yorulmadan məşq etmək, çalışmaq, peşəkarlığını yüksəltmək kifayət edir.

İctimai-siyasi məsələlərdə, iqtisadiyyatda və sosial həyatda isə belə deyil!

Təkcə gərgin və yorulmaz fəaliyyət göstərmək azdır!

Rəhbərlik etməkdən ötrü istedadın, idarəetmə təcrübən, zəngin təfəkkürün, siyasətçi məharətin, uzaqgörənliyin olmalı, tutduğun yolla və müəyyən etdiyin istiqamətlə dayanmadan, möhkəm iradə ilə irəliləməyi bacarmalısan!

Həm də xalqını və dövlətini hamıdan çox sevməli, onun sabahı və gələcəyi barədə daim düşünərək qərara aldığın addımları ölçülü-biçili şəkildə, vədəsində reallaşdırmalısan!

Biz hamımız gözəl bilirik ki, Azərbaycanı məhvolmadan, yenidən kiçik xanlıqlara parçalanmadan, vətəndaş müharibəsindən, xaos və anarxiyadan, ümummilli böhrandan Heydər Əliyev zəkası xilas etdi!

Müstəqil Azərbaycanı qısa müddətdə Cənubi Qafqazın ən modern və qüdrətli dövlətinə, dünyada söz və nüfuz sahibinə, dünyanın bugünü və gələcəyi ilə bağlı mövcud problemlərin müzakirə edildiyi məkana, beynəlxalq idman yarışlarının ən yüksək səviyyədə təşkil olunduğu və keçirildiyi ölkəyə, müasir, demokratik imic sahibinə isə Prezident İlham Əliyev çevirdi!

Azərbaycan artıq həm də rekordlar diyarıdır!

Ən müxtəlif sahələri, xalqın güzəranı ilə bağlı ən mühüm məqamları əks etdirən rekordlar!

Eyni zamanda, idman sahəsində də qazanılan maraqlı rekordlar!

***

Ölkəmizin müstəqillik yaşı cəmi 28-dir!

Amma bunun heç də hamısı inkişafa və quruculuğa həsr edilməyib.

Köhnə iqtidarlar dövründən qalan xoşagəlməz "mirasların”, iqtisadi böhranın doğurduğu fəsadların, sayı bir milyonu keçən qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılmasına xeyli zaman sərf edilib!

Yeni rekordlarla əlamətdar olan inkişaf mərhələsinə çıxmağımızdan isə vur-tut 16 il keçir!

Söylədiklərimiz aydın olsun deyə bəzi müqayisələr aparmaq istəyirik!

Həm də çalışacağıq ki, mümkün qədər az rəqəmlər gətirərək oxucularımızı yormayaq!

Hamının gördüyünü, bildiyini, gündəlik həyatında rastlaşdıqlarını bir daha xatırladaq!

***

Ötən əsrin 90-cı illərində yaşayanlar həmin dövrdə hər gün üzləşdikləri çətinlikləri, bəlkə də məhrumiyyətləri hələ də unutmayıblar!

İndiki müstəqil Azərbaycan 28 il bundan qabaqkı Azərbaycan deyil!

Və kimsə inanmazdı ki, qısa müddətdə bu qədər dəyişə!

Tez-tez elektrik enerjisi kəsilər, hətta kəndlərə, rayon mərkəzlərinə sutkada 7-8 saat verilər, təbii qaz qəhətə çıxar, yanacaqdoldurma məntəqələrində benzin almaq üçün uzun növbələr yaranar, yaxud benzin şlanqlarını aparatlara dolayaraq sürücülərə "yanacaq yoxdur” mesajı çatdırılardı!

Bəli, bu gün Avropaya neft-qaz satan, qonşu ölkələrə elektrik enerjisi ixrac edən Azərbaycan yaxın keçmişdə zülmətdə boğular, insanlar qış aylarında mənzillərində soyuqdan əziyyət çəkərdilər...

Sonra vəziyyət büstbütün dəyişdi:

Müharibə vəziyyətində olan kiçik ölkə qısa zaman kəsiyində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi ixrac boru kəmərlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini çəkərək işə saldı.

Gələn il isə "Cənub qaz dəhlizi” bütövlükdə istismara veriləcəkdir.

Maraqlı bir rəqəm: boru kəmərlərinin birgə uzunluğu 6.240 kilometrdir!

Hansı dövlət dörd transmilli layihə reallaşdıraraq az müddətə bu uzunluqda kəmər çəkib!

Özünəməxsus rekord deyilmi?!

Bu rekordu kiminsə təzələyəcəyinə güman belə yoxdur!

Amma indi bizə adi kəmərlər də adi layihələr kimi gəlir...

Hətta bəzən necə çəkildiyini, indi də dayanmadan işlədiyini unuduruq!

Çünki adiləşiblər, həm də yeni möhtəşəm işlər görülüb, rekordlar yenilənib, müəyyənləşib!

***

Hər bir dövlət başçısı istər ki, rəhbərlik etdiyi ölkə dünyada tanınsın, sayılıb-seçilsin, səsi və sözü eşidilsin!

Hər bir dövlət başçısı istər ki, iqtisadiyyatı güclənsin, vətəndaşı yaxşı yaşasın!

Lakin arzu etmək bir şeydir, onu reallığa çevirmək isə başqadır!

Bunun üçün müdrik və uzaqgörən siyasət yürütməlisən, sahələr arasında düzgün mütənasiblik qurmalısan, büdcəyə ilbəil artan formada və kifayət qədər vəsait daxil olmasını təmin etməlisən və ən nəhayət, xalqını sevərək onun rifahını yüksəltmək üçün daim yollar tapmaqla istəyini təmin etməyi bacarmalısan!

Azərbaycan son dövrdə düşünülmüş, davamlı və sürətli inkişaf ilə rekordçu dövlətlər sırasına qatılmışdır!

Bir neçə məqama diqqət yetirək:

* Özünəməxsus inkişaf modeli yaradan Azərbaycan bir müddət il ərzində ÜDM istehsalını 3 dəfədən çox artıraraq Cənubi Qafqazın ən güclü dövlətinə çevrilmiş, bazar iqtisadiyyatı münasibətlərinə keçidi başa çatdırmış, inkişaf etmiş ölkələr sırasına qoşulmuşdur;

Lap sonuncu beynəlxalq qiymətləndirmə:

* Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında (2019) Azərbaycan iqtisadiyyatı 11 pillə irəliləyərək 141 ölkə içərisində 62,7 balla 58-ci yerdə qərarlaşıb;

* Son hesabata əsasən Azərbaycan 141 ölkə arasında ən yüksək yüksəliş balı (11 bal) əldə edib. Ölkəmiz bu nəticə ilə Cənubi Qafqaz dövlətləri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir;

* Fəzaya 3 peyk qaldıraraq kosmik ailələr klubunun üzvü olmuşdur;

* İqtisadiyyatına 270 milyard dollar vəsait yatırılmışdır;

* 15-dən çox elektrik stansiyası tikilmişdir;

* 4 böyük su anbarı yaradılaraq minlərlə kilometr uzunluğunda su kanalları çəkilmişdir;

* Onlarla zavod və fabrik, sənaye məhəlləsi və aqropark istismara buraxılmışdır;

* 44 Olimpiya İdman Kompleksi, 650-dən çox tibb müəssisəsi, 3 mindən artıq məktəb tikilmişdir;

* Qazlaşdırma 96 faizə çatdırılmışdır;

* 16 min kilometrdən çox yol, 450-dən çox körpü salınmışdır;

* 106 qaçqın və məcburi köçkün şəhərciyi və yaşayış kompleksi inşa olunmuşdur;

* Qaçqın və köçkünlərə, şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, jurnalistlərə dövlət hesabına tikilərək təmir olunan mənzillər verilmişdir;

* Azərbaycan brendi sayılan 16 "ASAN xidmət” mərkəzi öz qapılarını ölkə vətəndaşlarının üzünə açmışdır;

* İşsizlik və yoxsulluq 50 faizdən 5 faizə endirilmişdir;

* Təkcə bir il ərzində iki sosial paket gerçəkləşdirilərək minimum əməkhaqqı iki dəfəyədək, minimum pensiya 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdləri 100 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz artırılmış, problemli kreditlər dövlət hesabına yoluna qoyulmuşdur!

Hamısını saymaq mümkün deyil!

Bütün bunlar cəmi 16 ildə baş vermişdir!

Hansı dövlətdə az bir vaxtda bu qədər işlər görülmüşdür!

***

* Sovet dövrünün ən böyük ağrılarından biri də mənzil çatışmazlığı idi.

İnsanlar yataqxanalarda ailə qurub, yataqxanalarda qocalırdılar!

Mənzil almaq üçün 5 il bir yerdə işləyərək növbəyə durmalı, 15-20 il gözləməli idin!

Son 16 ildə Azərbaycan başdan-başa yenidən tikilərək qurulub!

Dövlətimizin mövcud olduğu yüz il ərzində heç zaman indiki qədər quruculuq və abadlıq işləri görülməmiş, insanlar özlərinə istədikləri formada, gen-bol mənzillər tikərək həyat şəraitlərini yaxşılaşdırmamışlar!

Hər kəs özünə istədiyi qədər, istədiyi markada, ən müxtəlif ölkə istehsalı olan avtomobil ala bilir.

Hər ailənin az qala bir və ya bir neçə minik maşını, hər şəxsin bir və ya bir neçə mobil telefonu var!

Bütün bunlar Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin göstəriciləridir!

***

Daha bir rekordumuz ölkə vətəndaşlarının istirahəti və ölkəmizə turist axını ilə bağlıdır.

Sovet dövründə sərhədlər üzümüzə bağlı idi!

Onları özgə dövlətlərin əsgərləri qoruyurdu və ölkədən çıxmaq üçün özgə dövlətin Xarici İşlər Nazirliyindən icazə almalı idik.

Üstəlik, xaricə getmək üçün yaşadığımız rayonun partiya komitəsinin bürosu bizə "müsbət xasiyyətnamə” verməli idi.

Çox az insanlar xaricə - sosialist ölkələrinə istirahət yerlərinə gedə bilərdilər (əsasən tanınmış əmək adamları).

Kapitalist dövlətlərinə kimsə buraxılmazdı!

Yalnız dövlət xətti ilə və dövlət icazəsi ilə getmək mümkün sayılırdı.

Bir vaxtlar bizə əlçatmaz görünən qardaş Türkiyəni indi su yoluna döndərmişik!

İndi dünyanın ən məşhur, ən bahalı, hətta ən uzaq elə bir kurortu yoxdur ki, azərbaycanlılar ora getməsin, orada dincəlməsin!

Özü də ailəliklə!

Bakıdan əlavə, regionlarda dörd beynəlxalq aeroportumuz var!

Bu gün-sabah yeni qatarlarla BTQ dəmir yolu ilə də səyahətə çıxacağıq!

Necə deyərlər, ayağımız dəyməyən yer qalmayıb!

Əgər bunun bir səbəbi müstəqilliyin yaratdığı imkanlardısa, digər səbəb vətəndaşlarımızın dövlətin yaratdığı imkanlardan bəhrələnərək yaxşı vəsait qazanmalarıdır!

Əslində, səyahət təkcə istəklə yox, həm də pulla baş tutur!

***

Sovet dövründə "turist” deyəndə SSRİ-nin digər müttəfiq respublikalarından gələnləri başa düşərdik.

Kiçik qruplar Bakıya gələr, əksər hallarda gəldikləri qatarın vaqonlarından gecələmək üçün istifadə edər və ya heç bir standartı olmayan mehmanxanalarda qısa müddətə qalardılar.

Çox zaman şəhəri özləri gəzib dolaşar, rusca danışdıqlarından istədikləri yeri tapardılar.

Baxdıqları yerlər isə bir neçə muzeyimiz olardı...

Bu gün isə Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib!

Dünyanın hər yerindən bura yüzlərlə millətin milyonlarla nümayəndəsi axışır.

İldən-ilə sayları da artır!

Dünya standartlarına cavab verən 3,4,5 ulduzlu hotellərimiz, bir-birindən səfalı istirahət məkanlarımız var!

Dənizkənarı bulvar, qədim İçəri şəhər, idman arenaları, paytaxtın görməli yerləri gün ərzində fasiləsiz olaraq dolub-boşalır.

Hələ regionları demirik: Qobustan, Şahdağ, Quba, Qəbələ, Şəki və daha haralar...

Təhlükəsiz ölkə, gözəl iqlim və təbiət, mehriban və gülərüz insanlar, dadlı mətbəx insanları müstəqil Azərbaycana cəlb edir!

Bütün bunlar qısa müddətdə yaradılıb!

Turist qəbulunda isə hər il təzələnən yeni rekordlarımız müəyyənləşir!

***

İdman sahəsində də təkcə idmana məxsus olmayan rekordlarımız çoxdur!

BİRİNCİSİ, ən qısa müddətdə möhtəşəm Olimpiya stadionu, Bədii gimnastika, Su idmanı arenaları, Atıcılıq mərkəzi, Velotrek və digər müasir idman qurğuları inşa olunub, köhnələri isə əsaslı yenidənqurma ilə təzələnib!

İKİNCİSİ, artıq Azərbaycan Olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında, beynəlxalq yarış və turnirlərdə daim iştirak edir, həm də komanda ilə!

HALBUKİ müstəqilliyin ilk illərində xarici ölkələrdəki yarışlara idmançı göndərməyə pul tapmırdılar...

ÜÇÜNCÜSÜ, Azərbaycan özü ən möhtəşəm yarışların təşkilatçısı - I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, "Formula - 1” və UEFA Avropa Liqasının finalına, XV Avropa Gənclər Olimpiya Festivalına uğurla evsahibliyi edərək "müasir idman dövləti” imicini qazanmışdır!

Və ƏN NƏHAYƏT, Azərbaycan idmançılarının son illərdə beynəlxalq səviyyəli yarışlarda qazandıqları medalların sayı-hesabı yoxdur!

1996-cı ildə keçirilən Atlanta Olimpiadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan cəmi 1 gümüş medal (sərbəst güləşçimiz Natiq Abdullayev) qazanmışdı.

Sonuncu, 2016-cı ilin Rio-de-Janeyro Olimpiya oyunlarında isə rekord sayda - 18 medala (1 qızıl, 7 gümüş, 10 bürünc) sahib çıxdıq!

Son 6 Olimpiya oyunlarında 44 medal əldə olunub!

Müstəqillik dövründə dünya, Avropa birinciliklərində, beynəlxalq yarışlarda o qədər medal qazanmışıq ki, hesablayıb dəqiq yekun rəqəmini müəyyənləşdirə bilmədik. Medalların təxmini sayı isə belədir:

* Cəmi medallar 10 mindən çoxdur;

* Qızıl medallar isə 3 mini keçir.

Bütün bu nailiyyətlər həm də ona görə qazanılıb ki, dövlətimizin idman siyasətinə, Milli Olimpiya Komitəsinə Prezident İlham Əliyev şəxsən rəhbərlik edir!

Azərbaycan dövlətinin rekordları dünyanın diqqətindən kənarda deyil!

Bütün bunları beynəlxalq qurum və təşkilatlar lazımınca dəyərləndirir və müxtəlif formada qiymətləndirir.

Qiymətləndirmə formalarından biri də uğur və nailiyyətlərimizin müxtəlif reytinq siyahılarında əks olunmasıdır.

MƏSƏLƏN:

* Bir neçə il dalbadal "Qlobal Rəqabətlilik Hesabatı”na düşən Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi göstərilmişdir!

* Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2017” hesabatında əvvəlcə 65-ci pillədə dayanan Azərbaycana 2020-ci il üçün 20-ci yer ayrılmışdır. Bu həm də o deməkdir ki, Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsindən biridir!

ABŞ-ın "The Heritage Foundation” analitik mərkəzinin bu il hazırladığı "İqtisadi Azadlıq İndeksi 2019” adlı hesabatda Azərbaycan 7 pillə irəliləyərək mövqeyini xeyli yaxşılaşdırıb. Yeni tərtib olunmuş indeksdə Azərbaycan 65,4 bal toplamaqla 180 ölkə arasında 60-cı yeri tutub. İndeksdə bildirilir ki, Azərbaycan "əmlak hüququ”, "investisiya azadlığı”, "dövlət xərcləri”, "məhkəmə sisteminin effektivliyi” və "hökumət bütövlüyü” kimi kateqoriyalar üzrə mövqelərini xeyli yaxşılaşdırıb.

Bundan başqa, "Moody.s”, "Standard & Poor.s”, "Fitc Ratings” reytinq agentliklərinin hesabatlarında ölkəmizin iqtisadiyyatı, mövcud sosial və siyasi sabitliyi ilə bağlı müsbət proqnozlar verilmişdir.

Bütün bu rəy və qiymətləndirmələr xoş və ürəkaçan olmaqla yanaşı, həm də cənab İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyətinin beynəlxalq miqyasda əks olunan nəticələridir.

***

Hələ müstəqillik yoluna yeni qədəm qoymuşuq!

Hələ hədəflərimiz çox, mənzilbaşı isə uzaqdadır!

Amma ilkin nəticələr qürur və fərəh doğurur!

Həm də göstərir ki, yolumuz ən doğru və aydın yoldur!

Yolumuz uğur və qələbələr yoludur!

Bu yol İlham Əliyevin rəhbərliyi ilə birlikdə getdiyimiz müstəqillik yoludur!

Sonralar adiləşən rekordların dalbadal qazanıldığı yüksəliş yoludur!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video