23:31 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır

ANA SƏHİFƏ / DÜNYA
00:27 16.04.2021

 

Ölkədə sabitliyin pozulacağı ehtimal olunur

 

ABŞ Prezidenti Co Bayden Əfqanıstanda yerləşən Amerika hərbi kontingentinin vətənə qayıdacağını elan etmişdir. Qoşunların çıxarılması gələn ayın 1-dən etibarən başlayacaq və bu il sentyabrın 11-dək - 2001-ci il sentyabr hadisələrinin 20-ci ildönümünədək başa çatacaq. Bayden qeyd etmişdir ki, hərbi kontingentin çıxarılması prosesi nizamlı şəkildə və hazırda Əfqanıstanda ABŞ-dan daha çox qoşun yerləşdirmiş müttəfiqlərlə tam əlaqələndirmə şəraitində həyata keçiriləcək.

ABŞ lideri vurğulamışdır ki, Vaşinqton Əfqanıstanda qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirməyə nail olmuşdur: “ABŞ-ın ən uzun müharibəsinə son qoymağın vaxtı gəlib çatmışdır, əsgərlərimizi evə qaytarmaq vaxtıdır”.

Bayden 10 ildən çox əvvəl ABŞ-ın 44-cü Prezidenti Barak Obamanın xahişi ilə Əfqanıstana səfər etməsindən və o vaxt bu ölkədə yaranmış vəziyyətdən də bəhs etmişdir: “Bu səfər zamanı gördüklərim inamımı gücləndirdi ki, yalnız Əfqanıstan xalqı ölkəyə rəhbərlik etmək hüququna malikdir, Amerika silahlı qüvvələri sabit əfqan hökumətini nə yarada, nə də saxlaya bilər”.

Bununla yanaşı, Bayden söz vermişdir ki, ABŞ Əfqanıstan hökumətini müxtəlif sahələrdə, o cümlədən silahlı münaqişənin siyasi vasitələrlə tənzimlənməsi sahəsində dəstəkləməkdə davam edəcək. O həmçinin bir sıra ölkələrdən Əfqanıstana daha fəal kömək göstərməsini xahiş edəcək: “Bölgə ölkələrindən Əfqanıstanı dəstəkləmək üçün daha çox səy göstərməyi xahiş edəcəyik. Bu xüsusilə Pakistana, eyni zamanda Rusiya, Çin, Hindistan və Türkiyəyə aiddir”.

Digər tərəfdən, Vaşinqton qarşıdakı bir neçə ayda ABŞ-ın Əfqanıstanda sonrakı diplomatik mövcudluğunun necə görünməsini izləyəcək. Xüsusilə Amerika diplomatlarının təhlükəsizliyinin təmin edilməsi tədbirləri barədə razılaşma əldə etmək lazım gələcək. Bayden belə bir məqamı da nəzərə çarpdırmışdır ki, Əfqanıstanda ABŞ-ın güclü hərbi mövcudluğu olmadan diplomatiyanın uğur qazana bilməyəcəyi barədə deyilənlər son vaxtlar effektivliyini sübut etməmişdir.

Eyni zamanda ABŞ Prezidenti “Taliban” radikal hərəkatını qoşunların çıxarılması prosesinin gedişində Amerika əsgərlərinə hücum etməmək barədə xəbərdarlıq etmişdir. O əlavə etmişdir ki, belə hücumlar olarsa, ABŞ özünü və tərəfdaşlarını bütün mümkün vasitələrlə müdafiə edəcək.

Əldə olan məlumata görə, ABŞ qoşunlarının Əfqanıstandan tamamilə çıxarmaq qərarı asanlıqla qəbul olunmamışdır. Prezident Bayden belə bir qərar qəbul edərkən Pentaqonun mövqeyini dəf etməli olmuşdur. “Politico” qəzeti keçmiş və hazırkı amerikalı məmurlara istinadən xəbər verir ki, yüksək vəzifəli hərbçilər Əfqanıstanda ABŞ-ın kiçik bir kontingentini, əsasən, xüsusi təyinatlı qüvvələri və hərbi müşavirləri saxlamağa tərəfdar çıxırdılar. Qəzet Əfqanıstanda Amerikanın hərbi mövcudluğunun qorunub saxlanmasını dəstəkləyənlər arasında ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millinin və Əfqanıstandakı ABŞ qoşunlarının komandirlərinin, həmçinin Mərkəzi Komandanlığın və Xüsusi Əməliyyatların Komandanlığının adlarını çəkir. Hərbçilər hesab edirdilər ki, “Taliban”ın qabağını almaq və Əfqanıstanın terrorçu sığınacağına çevrilməsinə imkan verməmək üçün ölkədə bir neçə min əsgərdən ibarət kontingent saxlamaq zəruridir.

ABŞ-ın ardınca NATO-un üzvü olan digər dövlətlər də gələn ayın 1-dən etibarən qoşunlarını Əfqanıstandan çıxarmaq qərarına gəlmişdilər. Şimali Atlantika Alyansının müvafiq bəyanatında deyilir ki, qoşunların çıxarılmasını bir neçə ay ərzində başa çatdırmaq planlaşdırılır. O vaxta qədər NATO “Taliban” hərəkatının hər hansı hücumuna qətiyyətlə reaksiya vermək niyyətindədir.

Bəyanatda qeyd olunur ki, müttəfiqlər 2001-ci ildə NATO-nun tarixində ilk dəfə olaraq Vaşinqton Müqaviləsinin 5-ci maddəsini tətbiq edərək “əl-Qaidə”yə və 2001-ci il sentyabrın 11-də ABŞ-da terror hücumlarını təşkil edənlərə qarşı durmaq, həmçinin terrorçuların Əfqanıstanı etibarlı sığınacağa çevirməsinə imkan verməmək üçün qoşunlarını bu ölkəyə göndərmişlər. NATO ölkələri Əfqanıstan hökumətini və talibləri ABŞ - “Taliban” sazişi və ABŞ-Əfqanıstan birgə bəyanatı ilə başlamış sülh prosesinə münasibətdə götürdükləri öhdəliklərinə əməl etməyə çağırmışdır.

Beləliklə, qoşunların çıxarılması ilə ABŞ başda olmaqla NATO ölkələrinin 20 ilə yaxındır davam edən missiyası başa çatacaq. Şimali Atlantika Alyansının hərbi kampaniyası həm NATO üzrə müttəfiqlərə, həm də əfqan xalqına ucuz başa gəlməmişdir. ABŞ mediasının verdiyi məlumata görə, kampaniyanın gedişində Əfqanıstanda 2,4 mindən çox amerikalı hərbçi həlak olmuş, döyüş əməliyyatlarına trilyonlarla dollar pul xərclənmişdir. Əfqanıstanın 100 min sakini öldürülmüşdür. ABŞ və müttəfiqlərinin Əfqanıstanda əsas rəqibi vaxtilə ölkəni idarə etmiş “Taliban” hərəkatı idi.

Lakin xarici qoşunların Əfqanıstandan çıxarılması heç də ölkənin qarşılaşdığı problemlərin həll olunacağı mənasına gəlmir. Məsələ burasındadır ki, ölkədə əsas söz sahibi hökumət yox, “Taliban” hərəkatıdır: taliblər ölkə ərazisinin əksəriyyətinə nəzarət edirlər. Üstəlik, son illər başqa bir ekstremist təşkilatın - İŞİD-in fəallaşması diqqəti cəlb edir. Belə bir şəraitdə Əfqanıstanda sabitliyi qoruyub saxlamaq çətin görünür. Xüsusilə “Taliban” daxili münaqişənin dinc yolla həllinə elə də maraq göstərmir. Taliblər Əfqanıstana dair cari ayın axırlarında İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransı boykot etmişdir. Hərəkatın nümayəndəsi bildirmişdir ki, “Taliban” bütün xarici qüvvələr Əfqanıstandan çıxanadək ölkə ilə bağlı heç bir beynəlxalq foruma qatılmayacaq. Bütün bu səbəblərə görə müşahidəçilər hesab edirlər ki, NATO qüvvələri Əfqanıstanı tərk edəndən sonra ölkənin yenidən silahlı qarşıdurma meydanına çevrilməsi ehtimalı böyükdür.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM