08 Avqust 2019 00:18
1278
İQTİSADİYYAT
A- A+

6 milyard dollar sərmayə, 3 min çeşiddə məhsul ixracı...


Şahin MUSTAFAYEV: "Azərbaycanın artan potensialı ixracyönümlü qeyri-neft sektorunun inkişafına böyük imkanlar açır”


Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün dayanıqlı inkişaf yolu ilə gedir. Ölkənin innovasiyayönümlü, yüksək rəqabətqabiliyyətli istehsala əsaslanan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə yüksəlib və Azərbaycan dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən dövləti imicini qazanıb.

Ötən ildə olduğu kimi, bu il də həyata keçirilən böyük islahatlar ölkəyə həm siyasi, həm də iqtisadi dividentlər qazandırır. Dünyada "ən islahatçı ölkə” kimi tanınan Azərbaycanın builki iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, ölkəmiz müəyyən edilən hədəflərə doğru inamla irəliləyir. Həyata keçirilən islahatlar nəticəsində ölkəmizin valyuta ehtiyatlarının 4 milyard manat artaraq 49 milyarda yüksəlişi və digər iqtisadi göstəricilər bunu təsdiqləyir.


Yüksəlişin təzahürü


Son 7 ayda ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz, kənd təsərrüfatı 13 faiz, qeyri-neft ixracı 15 faiz və ticarət dövriyyəsinin 20 faizdən çox artması, iqtisadiyyata 6 milyard dollardan çox sərmayə yatırılması yüksəlişin təzahürüdür.

Bu günlərdə İqtisadiyyat naziri Şahin Mustafayev mətbuata müsahibəsində ölkəmizdə iqtisadi yüksəlişi dəyərləndirərkən qeyd edib ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının və ixracının stimullaşdırılması, daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi istiqamətində görülən kompleks işlər sayəsində reallığa çevrilib. Nazir iqtisadiyyatın neftdən asılılığının azaldılmasının, qeyri-neft sektorunun davamlı inkişafının Prezident İlham Əliyevin iqtisadi siyasətinin mərkəzində duran əsas hədəflərdən olduğunu söyləyib.

Dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin tətbiqi və digər istiqamətlərdə mühüm tədbirlərin həyata keçirildiyini deyən Şahin Mustafayev bildirib ki, hər il sahibkarlığa dövlət dəstəyinin sferası və coğrafiyası genişləndirilir və bu kursa uyğun olaraq lisenziyalaşdırmanın sadələşdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi, güzəştli kreditləşmə faizinin aşağı salınması, vergi, gömrük, sosial ödənişlər sisteminin təkmilləşdirilməsi özəl sektorun iqtisadiyyatda payını daha da artırıb. Əgər 2018-ci ildə sənayedə özəl sektorun payı 83,2 faiz idisə, təkcə cari ilin birinci yarısında bu rəqəm 82,5 faiz olub.


Sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb


Əlbəttə ki, bütün bunlar qeyri-neft sektorunun inkişafında mühüm önəm kəsb edir. Bu sektorun əsas sahələrindən olan sənayenin inkişafı istiqamətində aparılan sistemli işlərin nəticəsi olaraq ölkədə yeni sənaye müəssisələri açılır, mövcud müəssisələrin istehsal gücü artırılır, hazırda bir sıra sənaye obyektlərinin tikintisi davam etdirilir. Azərbaycan sənayesi həm texnoloji, həm də innovativ baxımdan inkişaf edir, yeni sənaye sahələri yaradılır. Nazir vurğulayıb ki, indiyədək Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 24-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 10 rezident istehsala başlayacaq. İstehlak səbətini təşkil edən məhsulların istehsalında əhəmiyyətli irəliləyiş əldə olunub, özünütəminetmə səviyyəsi yüksəlib, idxaldan asılılıq azalıb. Bu ilin birinci yarısında qida məhsullarının istehsalı 20 faiz artıb: "Azərbaycanın artan potensialı istehsalın və ixracın genişləndirilməsinə, xarici ticarətin strukturunun şaxələndirilməsinə, rəqabətqabiliyyətli və ixracyönümlü qeyri-neft sektorunun inkişafına böyük imkanlar açır”.

Ölkəmizin sənaye parklarında indiyədək 1,5 milyard manatlıq məhsul istehsal edilib. Bu məhsulların 300 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac olunub. Sevindirici haldır ki, bu günlərdə Balaxanı Sənaye Parkının rezidenti istehsal etdiyi mebel məhsullarının ABŞ-a ixracına başlayıb.

Sənayedə kiçik və orta sahibkarlığın rolunun artırılmasında əlverişli mexanizmlərdən biri də sənaye məhəllələridir. Artıq regionlarda dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastrukturla təmin olunmuş 4 sənaye məhəlləsi yaradılıb və 38 iştirakçı qeydiyyatdan keçib. Bu rezidentlərdən hazırda 21-i fəaliyyət göstərir. Belə məhəllələrin digər rayonlarda yaradılması istiqamətində işlər davam etdirilir. Fəaliyyətdə olan 2 sənaye məhəlləsinin iştirakçıları tərəfindən 41 milyon manatlıqdan çox, o cümlədən bu ilin birinci yarısında 14,5 milyon manatlıq məhsul istehsal olunub. Ümumilikdə ölkəmizdə yaradılmış sənaye parklarında və məhəllələrində 11 mindən çox iş yeri açılıb və daha 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulur.


İxrac olunan qeyri-neft məhsullarının çeşidi 3 mini ötüb


Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə biznes mühitinin yaxşılaşdırılması məsələsinə toxunaraq görülən işlərin real nəticələri barədə məlumat vermişdi: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir”.

Hələ illər öncə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin artıq reallığa çevrilməsi Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayını da ildən-ilə artırır.

İqtisadiyyat naziri vurğulayıb ki, son 3 il ərzində qeyri-neft ixracı ümumilikdə 36,5 faiz artaraq 1,7 milyard dolları təşkil edib. Azərbaycan 167 yeni növ məhsulun ixracına başlayıb, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 3 mini ötüb. Qeyri-neft ixracında isə 452 milyon dollarlıq artımın 60 milyon dollarlıq hissəsi yeni məhsulların ixracı hesabına formalaşıb.

Bütün bu uğurlu göstəriciləri şərtləndirən amil əlbəttə ki, ölkədə sahibkarlara, investorlara yaradılmış şəraitdir. Dövlət iş adamlarına güzəştli kreditlər verməklə onlara hər cür dəstək göstərir. Bu ilin 6 ayında sahibkarlara artıq 50 milyon manat kredit verilib. Bu məsələyə toxunan iqtisadiyyat naziri də ixracın şaxələndirilməsi ilə yanaşı, sahibkarlara yaradılmış imkanların xarici ticarətlə məşğul olan biznes subyektlərinin sayında əhəmiyyətli artıma gətirib çıxardığını söyləyib. Bu da həqiqətən artan iqtisadi fəallığın və şəffaflığın əyani göstəricisidir.

2019-cu ilin altı ayında qeyri-neft ixracı 15 faiz səviyyəsində artaraq 980 milyon dollar təşkil edib, ticarət tərəfdaşlarının, mal çeşidlərinin və ticarət iştirakçısı olan biznes subyektlərinin sayında artım qeydə alınıb: "İstehsalın təşviqi istiqamətində görülmüş işlər ixracın artımı ilə nəticələnir. Belə ki, sahibkarlığın güzəştli kreditləşdirilməsi, istehsalatda müasir texnologiyaların tətbiqi digər sahələrlə yanaşı, aqrar sahədə də ixrac imkanlarını genişləndirir. Yeri gəlmişkən, bu ilin birinci yarısında ümumilikdə 440 milyon dollarlıq meyvə-tərəvəz və onların emalı məhsulları, pambıq, süd məhsulları, ipək, tütün kimi kənd təsərrüfatı məhsulları ixrac edilib. Ümumilikdə isə bu ilin ilk yarısında qeyri-neft ixracının 51 faizini kənd təsərrüfatı və emalı, 49 faizini isə sənaye məhsulları təşkil edib” deyə nazir qeyd edib.


İlin sonunadək 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir


Hazırda ölkəmizdə regionların sosial iqtisadi inkişafı ilə bağlı dördüncü dövlət proqramı icra olunur. Həyata keçirilən layihələr regionlarda iş yerlərinin açılmasında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayır.

Sənaye park və məhəllələri ilə yanaşı, regionlarda aqrar sektorun inkişafı istiqamətində inşa olunan aqroparklar da ixracyönümlü məhsulların istehsalında əhəmiyyətli rol oynayır. Ölkədə 51 aqroparkın yaradılması ilə bağlı ciddi addımlar atılır. Artıq 22 aqropark fəaliyyətdədir. Şahin Mustafayevin sözlərinə görə, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yerinin açılması proqnozlaşdırılır.

Bunlarla yanaşı, mütərəqqi metod kimi investisiya təşviqi mexanizminin tətbiqi də qeyd edilməlidir. Ölkədə idxalı əvəz edən və ixracyönümlü sənayenin inkişafı, bu sahəyə investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə bugünədək 400-ə yaxın layihəyə investisiya təşviqi sənədi verilib, bu layihələr çərçivəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat investisiya yatırılıb və 16 mindən çox iş yeri yaradılıb.

Beləliklə, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkə iqtisadiyyatında sənayeləşmə sürətlənir, davamlı olaraq artan ÜDM-də sənayenin payı yüksəlir. Son 3 illik tendensiyaya nəzər salsaq, ÜDM-də sənayenin payının 2016-cı ildə təxminən 37,1 faiz, 2017-ci ildə 40,1 faiz, 2018-ci ildə 44 faiz, 2019-cu ilin yanvar-iyun aylarında isə 44,6 faiz olduğunu görərik.


"Made in Azerbaijan” brendinin coğrafiyası genişlənir


Dünya bazarlarına "Made in Azerbaijan” brendi ilə çıxan məhsullarımızın ixrac coğrafiyası genişlənməkdə davam edir. Bazarlarda böyük şöhrət qazanan məhsullarımızın xarici ölkələrdə tanıdılması, satışının təşkili ilə bağlı həyata keçirilən ixrac missiyası və açılan ticarət evləri bu işdə çox əhəmiyyətli rol oynayır.

İxracın genişləndirilməsi, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının zənginləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin "Made in Azerbaijan” brendinin xarici bazarlarda genişmiqyaslı təşviqinə dair 5 oktyabr 2016-cı il tarixli fərmanı mühüm əhəmiyyət kəsb edir. Fərmana uyğun olaraq, respublikamızın beynəlxalq əhəmiyyətli sərgilərdə "Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirakı təmin olunur, Azərbaycan məhsulları xarici KİV-də reklam edilir, ixrac təşviqinin geri ödənilməsi mexanizmi tətbiq olunur.

Qeyri-neft məhsulları ixracının stimullaşdırılması məqsədilə "Made in Azerbaijan” brendinin təbliği ilə bağlı dəstək tədbirləri həyata keçirilir, dövlət vəsaiti hesabına sahibkarlar ixrac missiyalarında, beynəlxalq sərgilərdə iştirak edirlər. Nazir qeyd edib ki, bu il ərzində dünyamiqyaslı beynəlxalq sərgilərdə sahibkarlarımız vahid ölkə stendi ilə iştirak ediblər. İlin sonuna kimi növbəti 4 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak nəzərdə tutulur.

Həmçinin ixracatçıların potensial müştərilərlə, xüsusilə idxalçı və distribüterlərlə əlaqələrinin qurulması məqsədilə bu dövr ərzində Çin, Polşa, Latviya, Qətər, İsveçrə və Rusiyaya ixrac missiyaları təşkil olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar və sifarişlər əldə edilib, müqavilələr imzalanıb.

2019-cu ilin 6 ayı ərzində ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bugünədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib. Bu mexanizm çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayziya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrə 210 milyon dollardan çox qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb. Azərbaycanın xarici ölkələrdə 10 ticarət və şərab evi açılıb, Rusiya, Qazaxıstan və digər ölkələrdə ticarət evlərinin açılması ilə bağlı işlər görülür.

Bütün sahələrdə olduğu kimi, ölkə iqtisadiyyatında müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün islahatlar bir-biri ilə sıx əlaqələndirilir. İqtisadi göstəricilərdən göründüyü kimi, ən böyük yüksəliş qeyri-neft sənayesindədir. 15,7 faiz artım onu göstərir ki, son illərdə Prezident İlham Əliyevin sənayeləşmə siyasəti uğurlu nəticələr verir və dövlət başçısının dediyi kimi, sənayenin qeyri-neft sektoru rekord addımlarla irəliləyir.

Dövlət başçısının yeni iqtisadi strategiyasına uyğun yaradılan müasir sənaye müəssisələri daxili tələbatı ödəməklə yanaşı, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə də mühüm töhfə verirlər.

Şahin Mustafayev vurğulayıb ki, bu gün Azərbaycanın artan potensialı istehsalın və ixracın genişləndirilməsinə, xarici ticarətin strukturunun şaxələndirilməsinə, rəqabətqabiliyyətli və ixracyönümlü qeyri-neft sektorunun inkişafına böyük imkanlar açır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, xarici ticarət seqmentində də inkişaf kursu bu imkanların daha dolğun reallaşmasına yönəldilir.

Cənab İlham Əliyevin söylədiyi kimi, bütün iqtisadi göstəricilər, uğurlu nəticələr onu deməyə əsas verir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir və qarşıda duran bütün vəzifələr uğurla icra olunur.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video