17:05 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:17 18.02.2021

 

Dünyada COVID-19-a yoluxanların sayı 110 milyonu ötüb.  Bu təhlükəli virusa yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk sıralarda yer tutub. Digər tərəfdən koronavirusun yeni ştammı da sürətlə yayılmaqda davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç söyləyib ki, pandemiyanın üçüncü dalğasının baş verməsi də mümkündür: “COVID-19-un üçüncü dalğası isə insanların davranışından asılı olacaq. Hələlik kifayət qədər kollektiv immunitet yoxdur. Ehtiyatlı olmasaq, bəli, üçüncü dalğa mümkündür”.

Bir müddət əvvələ qədər əksər ölkələrdə pandemiyaya qarşı karantin rejiminin tətbiqi vasitəsilə  mübarizə aparılırdı. Hazırda isə qlobal bəladan qurtulmağın ən effektiv yolu olan vaksinasiya prosesi həyata keçirilir. Azərbaycanda da dövlət hesabına və könüllülük prinsipi ilə yanvarın 18-dən start verilən vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir. Ölkəmizdə Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksinin yaratdığı immunitetin minimum müddəti bir ildir. Peyvəndin maksimum müddəti isə hələ təsdiqlənməyib. Tədqiqatlar zamanı peyvəndin təhlükəli təsirləri aşkarlanmayıb.

Artıq ötən gündən respublikamızda 50 yaş və daha yuxarı yaşı olan şəxslərin də COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlayıb. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən, sözügedən şəxslər “randevu.its.gov.az” saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “yoxla” düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj gəlir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir. Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

 “2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün həyata keçirilən vaksinasiya prosesi çərçivəsində respublikamızın bölgələrində TƏBİB-in tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir. Vaksinasiya prosesi Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında həyata keçirilməkdədir.

Onu da qeyd edək ki, artıq Avropa İttifaqı (Aİ) və ÜST-ün Avropa Regional Ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə layihə həyata keçirəcəklər. Aİ tərəfindən maliyyələşdirilən və ÜST tərəfindən həyata keçirilən layihə COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda ölkəmizin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq. Layihə COVID-19-la bağlı peyvəndləməyə hazırlıq, peyvəndləmənin həyata keçirilməsi və monitorinqini dəstəkləmək məqsədilə irəli sürülmüş təşəbbüs çərçivəsində ÜST-ün əsas yerli tərəfdaşları olan Səhiyyə Nazirliyi və TƏBİB-i dəstəkləmək üçün həyata keçiriləcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, bu layihə tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda peyvəndləmənin sürətlə aparılmasına yardımçı olacaq: “Biz hamımız peyvəndlərin qapanmalarla yadda qalan ötən ilin yeni ildə ümid və normal həyata qayıdışa çevrilməsinə yardımçı olmasını səbirsizliklə gözləyirik. Biz ötən il fərdi mühafizə vasitələri və tibbi ləvazımatın ölkəyə gətirildiyi və qısa zamanda birgə proqramlarımızı sosial-iqtisadi dirçəlişə dəstəyə yönləndirdiyimiz əməkdaşlığın davamı kimi “Team Europe” təşəbbüsü çərçivəsində, ÜST-lə birgə və tərəfdaşlarımızla həmrəyliklə çalışmaqdan qürur hissi keçiririk”.

TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib ki, yanvar ayından başlayaraq Azərbaycanda COVID-19-a qarşı peyvəndləmə başlayıb. Multiplatformalı yanaşmanı nəzərə alaraq Avropa İttifaqı və ÜST ilə kommunikasiya, peyvəndlərin logistikası istiqamətində həyata keçirilən əməkdaşlıq mühüm əhəmiyyətə malikdir.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə bildirib ki, peyvəndlər pandemiyaya qarşı mübarizənin ön cəbhəsində mübarizə aparanlara və xəstəliyin ağır nəticələrinin qorxusu altında yaşamağa məcbur olan yüksək risk qruplarında olan insanlara ümid və qoruma vəd edir. Bu səxavətli dəstək sayəsində ÜST peyvəndlərin ən çox ehtiyacı olanlara ən qısa zamanda və daha effektiv şəkildə çatdırılmasını təmin etmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlığını gücləndirə bilər.

Ayrılmış vəsait əvvəlcə peyvəndləməyə hazırlıq və peyvəndlərin gətirilməsinin ilk mərhələsini dəstəkləyəcək, strateji sahələrdəki ehtiyacların qarşılanmasına yönəldiləcək.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM