09:10 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

39 ildən sonra ədəbi simalarına qovuşan müqəddəs məkan

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:30 12.09.2021

 

Bu da xalqımızın daha bir zəfəri  - ədəbiyyatımızın, poeziyamızın, mənəviyyatımızın qələbəsi idi!

 

İçimdə vəsf edilməyən bir hiss var idi. Sanki illərin həsrəti sona yetib və mən doğma şəhərim Sulduzu görməyə gedirəm. Zirvələri qarlı, hər tərəfi meşəli, ormanlı Sulduz. “Birdən ürəyim bu xoşbəxtliyə dözməz” deyə özümə söz vermişdim ki, çox da həyəcanlanmayım. Ancaq avtobuslar Şuşaya doğru yola düşdüyü andan içimdəki həyəcan artmağa başladı. Ətrafımdakı dostlarım gərginliyimi duymasınlar deyə yolboyu tarixdən, ədəbiyyat və mədəniyyətdən danışmaqla “vaxtı öldürməyə” çalışırdım.

Ancaq nə edirdimsə, alınmırdı. Qəlbimdəki gərginliyim başımda ağrıya çevrildi. Özümlə ağrıkəsici də aparmamışdım. Günəşin şüası gözlərimi ağrıdır, başağrımı çoxaldırdı. Ona görə də gözlərimi qıyıb baxırdım. Həyat da belədir: elə zamanlar olur ki, hansısa hadisəyə qıyıq gözlə baxmağa məcbur olursan. Avtobus şüşə kimi hamar asfalt yolları ana balasına tələsən kimi qət edirdi. Mənə elə gəlirdi ki, nə bizim avtobusdaki qonaqlar, nə də digərlərindəki həmsəfərlərimizin heç biri mənim hisslərimi nə keçirə, nə də dərk edə bilərlər. Rəhmətlik Xalq şairi Söhrab Tahirin sözü olmasın, “...Mən Təbriz gözü ilə bu taya (Şuşaya) baxıram. Təxminən 150-yə yaxın iştirakçının arasında yeganə Güneyli iştirakçı idim. Ona görə də həm qürur duyurdum, həm də təsvirolunmaz dərəcədə həyəcan keçirirdim. Bilirdim ki, bütün Güneyin mənim Şuşaya getməyimdən xəbəri var, hər kəsin gözü Şuşaya və mənim oradaki edə biləcəyim çıxışıma dikilib. Güneydə yaşayan milyonlarla azərbaycansevənlərin istəyi bu idi ki, 45 milyondan artıq soydaşımızın birlik mesajını dünya azərbaycanlılarının rəhbəri, Ali Baş Komandana çatdırım.

Avtobus Füzulinin işğaldan azad edilmiş ərazilərinə çatdıqdan sonra yol ətrafındaki dəhşətli mənzərələr - erməni vandalizminin “səhnələri” gözümüzün önündə sərgilənməyə başladı. Bir sinema pərdəsi kimi dağıdılmış evlər və binalar sanki haqq divanına çıxıb şeytan əleyhinə şəhadət verirdi. Ürəyimdə dedim: “...bu qədər cinayəti heç bir insan digərinə edə bilməz! Milyon faiz burada şeytan işi var. İlahi dinə mənsub olan heç bir xalq digərinin varlığına qarşı bu qədər qəddar ola bilməz.

Müsafirlərə çay ikram etməkdən ötrü maşınları yolkənarı bir restoranda saxladılar. Əyilib bir az torpaq götürdüm. Dostuma dedim:

- Görürsən, torpaq elə az qala Şamaxıdakı ilə eynidir. Torpaq torpaqdı, nə fərq edir. Buraları bizə müqəddəs edən üstündə axıdılan qanlarımızdır. Torpaq qanla birləşəndə təkcə Vətən  yox, həm də qeyrət, namus olur”.

- Ermənilərin də qanı bu torpağda tökülüb. Bu müqəddəs torpağa o namərdlərin də qanı qarışıb, - dostum dedi.

Cavabım bir az başqa oldu:

- Yox! Torpaqla su murdarlığı özününküləşdirmir. Torpaq pisliklə qarışmır. Qarışsaydı, onda bu qədər bərəkətli və təmənnasız olmazdı. Torpaq yalnız haqqı öz damarlarında yaşadan və axıdan insanların qanı ilə birləşir, - deyib ovcumdakı torpağı üzümə çəkdim.

Qəribə də olsa, qısa zamandan sonra başımın ağrısı kəsildi. Vətənin torpağı mənə məlhəm olmuşdu...

...Bu da 30 ilə yaxın həsrətini çəkdiyimiz zirvə şahənşahı - Şuşa! Olduqca maraqlı şəhərdir. Sanki böyük Nizaminin “Məxzənül-əsrasına” daxil olursan: sirr dolu daşlar, qayalar, rəmzi-razla dolu ağaclar və badi səba kimi əsən külək. Sanki Allahın ovucunun içində bir damla sudu, şeytana atılan daşdı, Qarabağ adlı üzüyün üstündə qeyrətdən yaranan daşqaşdı Şuşa!

 Biz Şuşaya çatdığımız gün tədbir yox idi. Ona görə şəhəri gəzmək şansımız oldu. Dostlar Yuxarı Gövhər ağa məscidini və erməni vandallarının əli ilə yarımcan olan bəzi tarixi binalarımızı ziyarət etməyə getdilər. Mən şəhər küçələrini gəzməyə üstünlük verdim.  Sanki hər tərəfdən güllə, qışqırıq səsi gəlirdi. Hara baxırdım bir igid əsgərimiz neçə erməni silahlı qulduru ilə əlbəyaxa döyüşdə idi. Başımın üstündən dayanmadan mərmilər keçib dəyirdi divarlara. Hara göz dikirdim qan, şərəf, şəhidlik idi.  Hara diqqət edirdim can idi - Azərbaycan idi...

Birdən yerdən bir mərmi tapdım. Bilmirəm şeytanın bizə atdığı idi, yoxsa bizim şeytana atdığımız mərmi. Ancaq yumruğumda sıxdıqca gərginləşirdim. İrəlidə bir şəhər gördüm. Üzü tanış gəlirdi mənə: yolda duran bir əsgərdən soruşdum:

- Haradır ora?!

- Xankəndidir, - dedi...

Damarlarımda qanım qaynadı, əlimdəki gülləni gücüm  gəldikcə ermənilər tərəfə atıb dərindən nəfəs aldım...

Ertəsi gün Vaqif Poezya Günlərinin açılış mərasimi üçün məhəbbət şairi Molla Pənah Vaqifin məqbərəsi önünə toplaşdıq. Tədbirdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak edəcəkdilər.

Açığı, məqbərə  Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasına olan sevgisinin nişanələrindən biri kimi əzəmətilə seçilir. Vandallar onun əvvəlki görkəmini itirməyə çalışsalar da, sanki o,  elə tarixlərin dizini qatlayan abidə idi. Əvvəlkindən daha gözəl bir şəkildə təmir edilib.

 Məqbərənin həyətinə daxil olanda bir anlıq özümü 1982-ci ildə hiss etdim: Öndə Ulu Öndər Heydər Əliyev, sağ tərəfində Mirzə İbrahimov, sol yanda isə Süleyman Rüstəm. Ürəyimdə dedim: “Hər şey daha yaxşı olacaq, darıxma”. Amma darıxmamaq olmurdu. İrəli gedib məqbərənin önündə bir neçə tanışla şəkil çəkdirdik.

Möhtərəm Prezident həmişəki kimi, yaddaqalan və strateji mesajlarla dolu bir çıxış etdi: “...Biz danışıqlar yolu ilə deyil, qəhrəmancasına döyüşərək Şuşaya qayıtdıq...”

Açığı, yalnız bu cümlə ilə deyil, ümumiyyətlə, cənab Prezidentimizin platforma xarakterli, tarixi əhəmiyyətli çıxışından qürur duydum. Çünki dünyada yaşayan 60 milyondan artıq soydaşımızın qəlbini fəth edən tarixi şəxsiyyət, Prezidentimiz həmişə dünya azərbaycanlılarına müraciətlə fikrini bəyan edir.

Möhtərəm Prezidentin möhtəşəm çıxışından sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Nəriman Həsənzadə və bir neçə tanınmış ziyalımız çıxış etdilər.

Düşünürdüm:  onsuz da düşmənlərimiz hər tərəfdən bizi parçalamağa çalışırlar. Onlara meydan verməməliyik. Bizim hələ dövlət və xalq olaraq gələcəkdə görəcəyimiz böyük işlər var.  Dövlət başçısının xüsusi qeyd etdiyi kimi, biz bütün məsələləri  məhz birliyimiz sayəsində icra edəcəyik. Eyni zamanda dünyada yaşayan milyonlarla soydaşımız var ki, informasiya müharibəsində bizə əvəzsiz dəstək verdilər. Onları da heç vaxt unutmayacağıq.

Biz xüsusilə də İkinci Qarabağ müharibəsində dünya azərbaycanlılarının həmrəyliyi ilə qalib gəldik. Dövlətimizlə fəxr edirik, tarixi keçmişimizə bağlıyıq, Prezidenti sevirik və onun kimi olmağa çalışmalı və buna borcluyuq: möhkəm, əyilməz, milli və vətənpərvər.

...Çıxışlar bitdi.

O gün mən bəlkə də hamıdan fərqli hisslər keçirirdim...

Bakıya qayıdırdıq, yerdən yeddi daş götürüb ermənilərə tərəf atdım. Bakıya qədər ürəyimlə danışıb, dərdləşib, sakitləşdim. Ümummilli Lider Heydər Əliyevin özü qədər inandığı, Azərbaycanımızı dünya dövlətləri arasında hərtərəfli inkişaf etdirən, 30 ilə yaxın müddətdə vandalların tapdağı altında qalan Qarabağımızı və onun zümrüd qaşı, Qafqazın konservatoriyası, bəşəriyyətə ədəbi simalar və dühalar yetirən Şuşanı azad edən, “Dəmir yumruq”la Zəfər salnaməsi yazan Müzəffər Ali Baş Komandanla “Vaqif Poeziya Günləri”nin iştirakçısı oldum. Bu da xalqımızın daha bir zəfəri  - ədəbiyyatımızın, poeziyamızın, mənəviyyatımızın qələbəsi idi!

Bax, nə olur-olsun, həyatın verdiyi istənilən dərdin dərmanını da məhz bu yolda əldə edirəm: Azərbaycana olan sevgi dolu imanımdan, Vətən eşqindən!

 

Sayman ARUZ,

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Prezident təqaüdçüsü



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM