24 Oktyabr 2020 00:43
2707
SİYASƏT
A- A+

3 şəhər, 3 qəsəbə, 149 kənd…...


İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələrinin sayı hər gün artır


Qədim yurd yerimiz olan Dağlıq Qarabağ azadlığına qovuşmaqdadır. 30 ilə yaxındır Ermənistanın işğalı altında olan rayonlarımız bir-birinin ardınca düşməndən təmizlənir. Artıq bu torpaqlardan onun əsl sahiblərinin səsləri eşidilir. Erməni tapdağından xilas olan ərazilərimizdə müqəddəs Azərbaycan bayrağı dalğalanır.


Daha 13 kənd


Sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi Şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi ilə davam edir. Hər gün cəbhədən Azərbaycan əsgərinin qələbə dolu müjdələri gəlir. Ermənistanın 1994-cü ildən bəri möhkəmləndirdiyi, keçilməz hesab etdiyi istehkamlar, ön xətt mövqeləri çoxdan darmadağın edilib. Artıq Qarabağın içərilərində Şuşa, Xankəndi yaxınlığında əsgərlərimizin ayaq səsləri eşidilir.

Prezident İlham Əliyevin oktyabrın 23-də axşama yaxın özünün rəsmi "Twitter” səhifəsində etdiyi paylaşımlar Ordumuzun müzəffər yürüşünün inamla davam etdiyini göstərdi. Ali Baş Komandan bu dəfə Xocavənd rayonunun Dalanar və Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli, Mirzəhəsənli və Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərinin işğaldan azad olunduğunu bəyan etdi.


Dövlət sərhədi tam nəzarətə götürüldü


Qeyd edək ki, iki gün əvvəl Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad olunması ilə həm də Vətən müharibəsinin gedişində növbəti tarixi hadisə baş verdi. "Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!” - deyə Prezident İlham Əliyev oktyabrın 22-də özünün "Twitter” səhifəsində bildirdi.

Artıq Ağbənd sərhəd zastavasında Azərbaycan bayrağı dalğalanır. Bu o deməkdir ki, rəşadətli Ordumuz Azərbaycan-İran dövlət sərhədinin indiyə kimi işğalda olan 132 kilometrlik hissəsini tam azad edib.


Azad olunmuş yaşayış məntəqələri 6 rayonu əhatə edir


Sentyabrın 27-dən əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 155 yaşayış məntəqəsini azad edib. Onların arasında Füzuli, Cəbrayıl, Zəngilan şəhərləri, Hadrut, Mincivan və Ağbənd qəsəbələri var. 149 kənd isə Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər və Qubadlı rayonlarını əhatə edir.

Oktyabrın 22-də Trend agentliyinə müsahibə verən Birinci vitse-prezident Mehriban Əliyeva bir sıra şəhərlər və yaşayış məntəqələrimizin işğaldan azad edilməsi barədə deyib: "Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini!”


Kəndlərin tarixi adları bərpa edilir


Ermənistan torpaqlarımızı işğal etməklə, xalqımıza qarşı soyqırımı törətməklə yanaşı, yerli toponimləri, yer adlarını da dəyişdirərək cinayətə yol verib, tarixi Azərbaycan ərazilərinin erməniləşdirilməsinə cəhd edib. Hazırda Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsi ilə haqq-ədalət də öz yerini tapır, tarixi adlar bərpa olunur.

Tərtər rayonunun işğal altında olan Madagiz kəndi oktyabrın 3-də azad edilib. Bu barədə özünün "Twitter” səhifəsində məlumat verən Prezident İlham Əliyev elə həmin gün kəndin adının dəyişdirərək Suqovuşan adlandırdı. Daha sonra Milli Məclisin plenar iclasında bununla bağlı layihə təsdiq olundu.

Oktyabrın 20-də isə xalqa müraciəti zamanı işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayan Prezident İlham Əliyev Xocavəndin Vəng kəndinin adını dəyişərək Çinarlı adlandırdı. Artıq Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsi”nə baxılıb. Parlamentin oktyabrın 27-də keçiriləcək növbəti iclasında bu layihə gündəliyin birinci məsələsidir.

Azad edilmiş torpaqlarımızdakı yaşayış məntəqələrinin öz tarixi adlarının qaytarılması mühüm siyasi, hüquqi və mənəvi əhəmiyyət daşıyır. Yer adlarımıza qarşı törədilən erməni saxtakarlığı aradan qaldırılır.

Başqa bir mühüm məsələ işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasıdır. Cocuq Mərcanlı kəndinin nümunəsi göstərir ki, bu sahədə kifayət qədər təcrübə var. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpasına başlanılıb.


Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanır


Azərbaycan Ordusunun işğaldan azad etdiyi ünvanlardan biri də Araz çayı üzərindəki qədim Xudafərin körpüsüdür. Oktyabrın 18-də, 27 ildən sonra körpü üzərində yenidən üçrəngli bayrağımız ucaldıldı. Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş, XI-XII əsrlərə aid bu körpünün azad edilməsinin xalqımız üçün xüsusilə mühüm əhəmiyyəti var. Çünki bu körpü bizim tariximizin, zəngin dövlətçiliyimizin tərənnümçüsüdür. Bu körpü Azərbaycan xalqının milli kimliyinin təsdiqidir. Körpünün işğaldan oktyabrın 18-də - Azərbaycanın Dövlət Müstəqilliyi Günü azad edilməsinin isə xüsusilə rəmzi mənası var. Körpünün məhz həmin gün azad edilməsi müstəqillik tariximizi daha da şərəfləndirdi.

İşğaldan azad edilən yaşayış məntəqələrinin sırasına hər gün yeniləri əvəz olunur. Ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən artıq son nəfəsini verir və Böyük Qələbəyə sayılı günlər qalır. İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu bütün torpaqlarımızı tam azad edəcək və bizim üçün milli qürur məsələsi olan Şuşada, Xankəndidə Azərbaycan bayrağı dalğalanmağa başlayacaq. Hər bir azərbaycanlı səbirsizliklə həmin tarixi anları gözləyir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video