20 Yanvar 2020 02:58
920
MSK
A- A+

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 yanvar 2020-ci il tarixli 27 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Babək Əli oğlu 17 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 15 yanvar 2020-ci il tarixli 26/78 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdıraraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd B.Ə.İsmayılov müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi üzrə namizədliyi 7 yanvar 2020-ci ildə öz təşəbbüsü ilə irəli sürülmüş, 9 yanvar 2020-ci ildə imza vərəqələrini götürmüş, 10 yanvar 2020-ci ildə imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmişdir. Dairə seçki komissiyasının hazırda mübahisələndirilən qərarı ilə təqdim etdiyi seçici imzalarından 72 imza etibarsız hesab edilmiş və əmlakı barədə məlumatda mülkiyyət hüququ ilə ona məxsus olan əmlaklarının göstərilməməsinə görə namizəd kimi qeydə alınmasından imtina edilmişdir. Eyni zamanda müraciətində qeyd etmişdir ki, məlumatda göstərmədiyi qeyri-yaşayış binası 2011-ci ildə başqa şəxsin adına rəsmiləşdirildiyinə görə onun adına olan qeydiyyat ləğv edilmiş, mülkiyyətində olan digər qeyri-yaşayış sahəsi ilə bağlı başqa şəxsə 27 iyun 2019-cu il tarixdə etibarnamə vermiş və qeyri-yaşayış sahəsinin idarəçiliyini ona həvalə etdiyindən həmin mülkiyyətin necə idarə olunması ilə maraqlanmamışdır.

Namizəd tərəfindən göstərilən qeyri-yaşayış sahəsinin mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin əmlaka dair notariat qaydasında verilmiş etibarnamənin surəti müraciətə əlavə edilmişdir.

Araşdırma ilə əlaqədar şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş B.Ə.İsmayılovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizəd təqdim etdiyi əmlak barəsində məlumatda mülkiyyət hüququ əsasında ona məxsus olan daşınmaz əmlaklarını tam göstərməmiş, həmçinin etibarlı hesab edilmiş seçici imzaları namizədliyin qeydə alınması üçün kifayət etməmişdir.

Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş 13 yanvar 2020-ci il tarixli məktubda onun əmlak barədə məlumatda göstərdiyi mənzildən əlavə müxtəlif ünvanlarda olan iki daşınmaz əmlakının olması müəyyən edilmişdir. Həmçinin işçi qrupu tərəfindən imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması ilə təqdim olunmuş 500 imzadan 72 imza, o cümlədən 29 imza oxşar olması səbəbindən etibarsız hesab edilmiş, etibarlı hesab edilən 428 imza isə namizədliyin qeydə alınması üçün kifayət etməmişdir.

Göstərilənlərə əsasən dairə seçki komissiyasının 15 yanvar 2020-ci il tarixli 26/78 saylı qərarı ilə B.Ə.İsmayılovun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma ilə əlaqədar müvafiq sənədlər dairə seçki komissiyasından tələb edilərək Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. İşçi qrupu tərəfindən namizəd B.Ə.İsmayılovun təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması ilə bağlı verilmiş 18 yanvar 2020-ci il tarixli protokol və rəydən müəyyən edilir ki, namizədliyin qeydə alınması üçün toplanılmış seçici imzalarından 35 imza etibarsız, 465 imza isə etibarlı hesab edilmişdir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən etibarlı hesab edilmiş imzaların sayı namizədliyin qeydə alınması üçün kifayət etdiyindən dairə seçki komissiyasının qərarı onun namizədliyinin qeydə alınmasından həmin əsasla imtina edilməsi hissəsində düzgün olmamışdır.

Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupunun namizədin əmlak barəsində təqdim etdiyi məlumatların yoxlanılmasına dair 18 yanvar 2020-ci il tarixli rəyində göstərilir ki, deputatlığa namizəd İsmayılov Babək Əli oğlunun əmlak barəsində təqdim etdiyi məlumatda göstərmədiyi, lakin onun mülkiyyətində olan daşınmaz əmlakı aşkar olunmuşdur.

Namizədin digər əmlaka dair mülkiyyət hüququna xitam verilməsi barədə müraciətində göstərdikləri ilə əlaqədar qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş məktubda daşınmaz əmlakın dövlət reyestrində həmin əmlak üzərində onun mülkiyyət hüququna 17 yanvar 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən xitam verildiyi göstərilmişdir.

Namizəd B.Ə.İsmayılovun ona məxsus daşınmaz əmlak barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədin qeydə alınmasından imtina üçün əsas olduğundan dairə seçki komissiyası qanunauyğun olaraq həmin əsasla onun namizədliyinin qeydə alınmasından imtina etmişdir.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, B.Ə.İsmayılovun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 15 yanvar 2020-ci il tarixli 26/78 saylı qərarının əsaslandırma hissəsindən imtinanın əsası kimi namizədliyin qeydə alınması üçün seçici imzalarının kifayət etməməsi hissəsi çıxarılmalı, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Babək Əli oğlunun 17 yanvar 2020-ci il tarixli 27 saylı müraciəti qismən təmin edilsin, dairə seçki komissiyasının 15 yanvar 2020-ci il tarixli 26/78 saylı qərarının əsaslandırma hissəsindən imtinanın əsası kimi namizədliyin qeydə alınması üçün seçici imzalarının kifayət etməməsi hissəsi çıxarılsın, qərar digər hissədə dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video