15 Noyabr 2012 12:11
450
PARLAMENT
A- A+

2013-cü ilin dövlət büdcəsi layihəsi iqtisadi inkişafın sürətlə davam edəcəyini təsdiqləyir

 

Noyabrın 14-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam etdirildi. Müzakirələr zamanı çıxış edən deputatlar 2013-cü ilin büdcə layihəsinin proqnozları ilə bağlı fikirlərini bildirib bəzi təkliflərini də səsləndirdilər. Qeyd olundu ki, gələn il ölkədə mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdirilməklə yanaşı, yenilərinin də həyata keçirilməsinə başlanılacaqdır. Büdcə xərcləri sosial və investisiya yönümlülüyünü saxlayacaqdır.

Deputat Vahid Əhmədov bildirdi ki, müəllimlərin, həkimlərin və dövlət büdcəsindən maliyyələşən təşkilatların 700 minə yaxın üzvünün əməkhaqqının yüksəldilməsi və sovet dövründən əhalinin banklarda qalmış əmanətlərinin qaytarılması üçün büdcədən vəsaitin ayrılması müsbət qiymətləndirilməlidir. Onun sözlərinə görə, növbəti illərdə dövlət büdcəsinə gəlir gətirən sahələrin genişləndirilməsinə ehtiyac var. V.Əhmədov kənd təsərrüfatı sahəsində islahatlara ehtiyacın olduğunu da diqqətə çatdırdı. Deputat eyni zamanda bildirdi ki, bankların kredit faizlərinin yüksək olması sevindirici hal deyil.

Deputat Fəzail Ağamalının fikrincə, gələn ilin dövlət büdcəsinə nəzər saldıqda aşkar görünür ki, Azərbaycanda son illər iqtisadiyyat dinamik inkşaf edib və müsbət nəticələr əldə olunub. Bütün bunlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Deputat elm sahəsində islahatların aparılmasının vacibliyini söylədi. Bankların kredit faizlərinin çox yüksək olmasından narahatlığını ifadə edən deputatın sözlərinə görə, bu vəziyyət əhalini narahat edir. Ana Vətən Partiyasının sədri eyni zamanda dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin iki dəfə artırılmasını təklif etdi.

Sonra çıxış edən deputat İlham Məmmədov büdcədən səhiyyə sahəsinə ayrılan vəsaitlərin artırıldığını bildirdi. Qeyd etdi ki, ilk dəfə Azərbaycanda dövlət büdcəsindən dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicəsi üçün 4 milyon manat vəsait ayrılıb. "Şəkərli diabet üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üçün isə 33,7 milyon manat vəsaitin ayrılması çox müsbət haldır. İ.Məmmədov dövlət büdcəsinin mükəmməl hazırlandığını söylədi.

Deputat Elmira Axundova isə təklif etdi ki, dövlət tərəfindən əhali üçün sosial mənzillərin tikintisi aparılsın. Deputat Qənirə Paşayeva isə ipoteka krediti üçün ayrılan vəsaitin artırılmasını vacib hesab etdi.

Deputat Aydın Mirzəzadə bildirdi ki, gələn ilin dövlət büdcəsi ölkənin iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində mühüm mərhələ olacaqdır. Bir neçə ildir ki, qlobal dünya böhranı bir çox ölkələrin iqtisadiyyatına, sosial şəraitinə ciddi zərbələr vurur. Dünya iqtisadiyyatının inkişaf sürəti xeyli aşağı düşüb, böhrana düçar olmuş ölkələr ağır problemlərlə, sosial gərginliklərlə üzləşiblər. Azərbaycan isə dünya böhranından yan keçib. Deputatın fikrincə, bunun da əsas səbəbi odur ki, dövlət başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatını qlobal maliyyə böhranının dağıdıcı zərbələrindən qorumaq üçün düşünülmüş, milli maraqlara cavab verən strategiya müəyyənləşdirib və hökumət qabaqlayıcı tədbirlər görüb. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun 2013-cü ildə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaq. Həmin vəzifələrə uyğun olaraq 2013-cü ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, müdafiə sahələrində və hüquq-mühafizə orqanlarında çalışanların və dövlət qulluqçularının aylıq əməkhaqları və minimum əməkhaqqının həddinin artırılması diqqət mərkəzində olacaq. Deputat Çingiz Qənizadə isə qeyd etdi ki, dünya iqtisadi böhranı bir çox ölkələrə ziyan vursa da, Azərbaycan manatının məzənnəsinin sabit saxlanılması ölkə iqtisadiyyatının olduqca düzgün idarə olunmasından xəbər verir.

Deputat Abel Məhərrəmov isə bildirdi ki, artıq bir çox inkişaf etməkdə olan ölkələr Azərbaycanın inkişaf modeli ilə maraqlanırlar. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin titanik fəaliyyətinin nəticəsidir. 

Deputat İqbal Ağazadə, Azər Badamov, Kamilə Əliyeva, Leyla Abdullayeva, Yevda Abramov, Arif Əşrəfov çıxış edərək bəzi təkliflərini irəli sürdülər.

Bildirildi ki, əməkhaqlarının və sosial ödənişlərin artırılması üçün 2013-cü il dövlət büdcəsinin layihəsində üst-üstə 240 milyon manatdan çox vəsait nəzərdə tutulur. Bütövlükdə, 2013-cü il dövlət büdcəsinin layihəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 25,4 faiz olmaqla, 5 milyard 37,2 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2012-ci ilə nisbətən 7,1 faiz, 2011-ci ilin faktiki icrası ilə müqayisədə isə 16,1 faiz çoxdur. Bununla yanaşı, deputatlar təhsil və səhiyyə sahəsində çalışanların əməkhaqlarının artırılmasını təklif etdilər.

"Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi fasilədən sonra davam etdirildi. Deputatlar 2013-ci il dövlət büdcəsinin layihəsinin "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, iqtisadiyyatın inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edildiyini bildirdilər. Növbəti ilin dövlət büdcəsinin göstəricilərinin dinamikasında olan artımı Azərbaycanın davamlı inkişafının bariz təcəssümü kimi qiymətləndirən deputatlar Prezident İlham Əliyevin dövlətimizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq dövlət büdcəsində sosial sahəyə, əhalinin yaşayış və məşğulluq səviyyəsinin artırılmasına, ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsinə, regionların və sahibkarlığın inkişafına, digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirildiyini qeyd etdilər.

Çıxışlarda müəyyən təkliflər də səsləndirildi. Deputatlardan Rafiq Məmmədhəsənovun və İsa Həbibbəylinin çıxışlarında gələn ilin dövlət büdcəsinin yüksək səviyyədə tərtibi qeyd olunmaqla yanaşı, elm və təhsil sahələri ilə bağlı fikirlər irəli sürüldü. Deputat Rafiq Məmmədhəsənov elmi adlara görə verilən müavinətlərin artırılmasını təklif etdi. Elmi kəşflərə və ixtiralara görə ayrılan vəsaitlərin artırılmasını məqsədəuyğun hesab edən deputat İsa Həbibbəylinin sözlərinə görə, büdcədə elmi dərəcələr üçün də nəzərdə tutulmuş vəsaitlərin artırılması məhz elmin daha da inkişafına xidmət edər. İsa Həbibbəyli onu da bildirdi ki, gələn ilin büdcəsində regional inkişafın daha da sürətləndirilməsi istiqamətində ayrılan vəsaitlərin artırılması olduqca müsbət haldır.

Çıxışlarda sosial ipoteka ilə bağlı bir sıra təkliflər də irəli sürüldü. Bu mövzuya toxunan deputatlardan Azay Quliyev və Sahib Alıyev sosial ipoteka üçün tələb olunan ilkin vəsaitin azaldılmasını məqsədəuyğun hesab  etdilər.

Gələn ilin dövlət büdcəsi layihəsinin Azərbaycanın iqtisadi inkişafının reallığını əks etdirdiyini deyən deputatlardan Sahibə Qafarova və Sevinc Fətəliyeva təmsil etdikləri bölgələrlə bağlı təkliflərini bildirdilər. Sevinc Fətəliyeva Suraxanı rayonunda bəzi sosial və mədəni infrastruktur obyektlərinin təmirə ehtiyacının olduğunu dedi. Sahibə Qafarova isə Şəmkir rayonunun bəzi kəndlərində orta məktəb binalarının yenidənqurulmasının vacibliyini bildirdi. Həmçinin qeyd etdi ki, ölkəmizdə təhsilə ayrılan vəsaitin çoxalması bu sahənin inkişafını daha da sürətləndirər.

Deputat Qüdrət Həsənquliyev hərbi məqsədlər üçün ayrılan vəsaitlərin artırılmasını təklif etdi. Gələn ilin dövlət büdcəsinin xalqımızın daha da yaxşı yaşamasına, dövlətimizin möhkəmlənməsinə yönəldiyini deyən deputat Musa Qasımlı isə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı filmlərin çəkilməsi üçün maliyyə vəsaitinin ayırlmasına diqqət yetirilməsini vacib saydı.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həm səhiyyə, həm də digər sosial sahələr üçün ayrılan vəsaitin yüksək olduğunu bildirdi. Eyni zamanda həkimlərin əməkhaqlarının artırılmasını təklif etdi. Hadi Rəcəbli Lənkərandakı Xan Sarayının təmirə ehtiyacının olduğunu diqqətə çatdırdı. 2013-cü ilin büdcə layihəsinin reallığa əsaslandığını və daha yüksək sosial təminata əsas verdiyini qeyd edən Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə əlilliyə görə pensiyalarla bağlı təkliflərini bildirdi.

Deputatlardan Mirkazım Kazımov ölkəmizdə qeyri-neft sektorunun yüksəldiyini, xüsusilə kənd təsərrüfatında artımların olduğunu bildirdi. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsinin sosialyönümlü olması ondan xəbər verir ki, 2013-cü ildə də əhalinin etibarlı sosial müdafiəsi həyata keçiriləcək. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev çıxışında kənd təsərrüfatında mühüm artımların olduğunu dedi. Onun sözlərinə görə, bu ondan xəbər verir ki, aqrar sahəyə ayrılan vəsaitlərin artırılması özünü doğruldur. Eldar Quliyev Bakıda və şəhərətrafı qəsəbələrdə bir sıra tarixi abidələrin təmiri ilə bağlı təkliflərini də diqqətə çatdırdı.

Müzakirələr zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov yaradıcı adamlara qonorarın verilməsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinə ayrılan maliyyə vəsaitinin artırılması ilə bağlı təkliflər səsləndirdilər. Deputat Səttar Mehbalıyev təhsil, mədəniyyət və səhiyyə işçilərinin əməkhaqlarının artırılması ilə bağlı fikirlərini bildirdi.

Müzakirələr zamanı deputatlardan Sədaqət Vəliyeva,  Aqiyə Naxçıvanlı, Rauf Əliyev, Sevinc Hüseynova, İqbal Məmmədov və Hikmət Atayev büdcə layihəsi ilə bağlı fikirlərini söyləyib, təkliflərini verdilər.

İclasda çıxış edən deputat Ceyhun Osmanlı avtomobil nəqliyyatında yaranan sıxlıqla əlaqədar olaraq Bakı ilə Sumqayıt arasında sürət qatarının fəaliyyət göstərməsini və ya metronun çəkilməsini təklif etdi. Ceyhun Osmanlının digər təklifi Heydər Əliyev Beynəlxalq Hava Aeroportu ilə paytaxt arasında ictimai nəqliyyatın yeni növlərinin yaradılması ilə bağlı oldu. Deputat peşə məktəbləri ilə  bağlı da fikirlərini bölüşdü. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində peşə məktəbləri yoxdur və ya sənaye obyektlərinin tərkib hissəsi kimi fəaliyyət göstərirlər. Bu zaman yetişdirilən kadr əmək bazarına uyğun olur. Ceyhun Osmanlı bu baxımdan  ölkəmizdə təhsil fonduna və ucuz təhsil kreditlərinə ehtiyacın olduğunu dedi.

Bununla da "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında"  qanunun layihəsinin müzakirəsi başa çatdı. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, parlamentin noyabrın 15-də keçiriləcək iclasında büdcə layihəsinin müzakirəsi zamanı deputatların səsləndirdikləri fikirlərə münasibət bildiriləcək, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər müzakirə ediləcəkdir.

 

"Azərbaycan"

Fərman BAĞIROV (foto)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video