08 Noyabr 2012 02:11
240
PARLAMENT
A- A+

2013-cü ilin dövlət büdcəsi layihəsi Azərbaycan iqtisadiyyatının sürətli və davamlı inkişafının əyani göstəricisidir

 

Dünən Milli Məclisdə "2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi daha 6 komitənin birgə toplantısında davam etdirildi. Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputatlar gələn ilin dövlət büdcəsi ilə bağlı fikir və təkliflərini səsləndirdilər.

 

Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5,1 faizə qədər düşüb

 

Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirdi ki, büdcə layihəsinin əsaslandırılması səviyyəsi tamamilə qənaətbəxş hesab oluna bilər. Son bir neçə il ərzində Azərbaycanda qərarlaşmış, səriştəli  büdcə institutu formalaşıb: "Büdcə quruculuğu ilə məşğul olan peşəkar mütəxəssislər var. Müzakirəyə çıxarılan büdcə layihəsi mövcud potensial imkanları və qarşıya qoyulan vəzifələr baxımından tamamilə optimallıq səviyyəsindədir. Sevindirici haldır ki, dövlət büdcəsi son illərdəki pozitiv meyilləri özündə əks etdirir. Sosial və investisiya yönümlüyünü qoruyub saxlayır. Son 9 il ərzində respublikada ciddi dəyişikliklər baş verib. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlayıb. İqtisadi inkişaf tempinə görə, dünyanın 10 aparıcı ölkəsi sırasındayıq. Azərbaycan artıq keçid dövrünü tamamilə başa vurub. Orta gəlirli ölkələr siyahısında öz mövqeyini daha da möhkəmləndirib. Azərbaycanda yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. Təxmini olaraq bu göstərici 49 faizdən 5,1 faizə qədər düşüb. Azərbaycanda tarazlı inkişaf meyilləri qabarıq şəkildə nəzərə çarpır".

Onun sözlərinə görə, bütün sahələrdə olan inkişafla Azərbaycan artıq qüdrətli dövlətə çevrilmək ərəfəsindədir. Bu dövr ərzində Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib və regionda ümumi gəlirin 75 faizi Azərbaycanın üzərinə düşür. Bütün bunlar ölkədə aparılan düşünülmüş siyasətlə bağlıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə doğru addımladır.

Komitə sədri onu da dedi ki, 2013-cü ilin büdcə layihəsində ümumi daxili məhsulun 5,3 faiz artımı dünya iqtisadiyyatını, ümumilikdə götürdükdə orta artım tempini iki dəfə üstələyir. Onun sözlərinə görə, Ermənistanın növbəti il üçün büdcə gəlirlərinin həcmi 2,2 milyard dollar, xərcləri isə 2,5 milyard dollar həcmində müəyyənləşdirilib. Düşmən ölkə ilə Azərbaycanı müqayisə etdikdə böyük fərqin ortaya çıxdığının şahidi oluruq. Bütün bunlar 2003-cü ildən sonra Azərbaycanın sürətli inkişafını xarakterizə edən ən mühüm göstəricidir. 

 

Gələn il sosial ipoteka kreditləri üçün 40 milyon manatın ayrılması nəzərdə tutulur

 

Maliyyə naziri Samir Şərifov çıxışında qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, onun səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına maliyyə təminatı yaradacaq. Növbəti ildə dövlət büdcəsinin xərclərinin sosial və investisiya yönümlüyü saxlanılmaqla xərclərin əhəmiyyətli hissəsi dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, sahibkarlığın və kənd təsərrüfatının intensiv inkişafının stimullaşdırılması, əhalinin gəlirlərinin, pensiyaların və digər dövlət tədbirlərinin maliyyələşdirilməsi üçün yönəldiləcək. Nazir bildirdi ki, layihənin tərtibi zamanı qeyd olunan amillərlə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikamızın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun  real artımı 11,7 faiz proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyri-neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyindən xəbər verir.

Nazir bir daha diqqətə çatdırdı ki, gələn ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır. Büdcənin gəlirlərinin 11,4 milyard manatı Dövlət Neft Fondundan transfertlər, 6,4 milyard  manatı Vergilər Nazirliyi, 1,4 milyard manatı Gömrük Komitəsinin xətti ilə, 0,1 faizi isə digər daxilolmalar hesabına təşkil edəcək.

Elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və bədən tərbiyəsi xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait nəzərdə tutulur. Sosial ipoteka kreditləri üçün isə 40 milyon manatın ayrılması proqnozlandırılır. Bu isə 2012-ci ilə nisbətdə 2 dəfə çoxdur. 

 

Son 5 ildə dövlət büdcəsinin elm xərcləri 45,9 milyon manat artıb

 

Samir Şərifov elm, təhsil, səhiyyə və digər sahələr üçün ayrılan vəsaitlərin həcminə aydınlıq gətirdi. Nazir dedi ki, 4 milyard 427,4 milyon manatın 129,1 milyon manatının elm xərclərinə ayrılması nəzərdə tutulur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönəldiləcəkdir. 2013-cü ildə elm xərclərində əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsi ilə bağlı 3,8 milyon manat, elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7,0 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5,0 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 3,0 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 3,0 milyon manat nəzərdə tutulub. Nazirin sözlərinə görə, son 5 ildə (2009-2013-cü illər) dövlət büdcəsinin cari xərclərində elm xərcləri 45,9 milyon manat və ya 55,2 faiz artıb.

Növbəti ildə təhsil xərcləri üçün 1530,4 milyon manat vəsait ayrılıb. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 798,8 milyon manatı natamam və orta təhsil xərclərinin, 394,4 milyon manatı təhsil sahəsində tətbiqi tədqiqatlar və təhsil sahəsində digər xidmətlərin, 57,2 milyon manatı ali təhsil xərclərinin, 145,8 milyon manatı məktəbəqədər və ibtidai təhsil xərclərinin, 81,1 milyon manatı texniki-peşə məktəblərinin və liseylərin, 53,1 milyon manatı internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldiləcək.

Səhiyyə xərcləri üçün isə 2013-cü ilin dövlət büdcəsində 666,3 milyon manat vəsait ayrılıb. Ayrılan vəsaitin 326,8 milyon manatı xəstəxanaların, 98,0 milyon manatı poliklinikalar və ambulatoriyaların saxlanılması xərclərinə, 232,4 milyon manatı səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 9,1 milyon manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək. Son 5 ildə isə (2009-2013-cü illər) dövlət büdcəsinin cari xərclərində səhiyyə xərcləri 263,9 milyon manat artıb.

 

Səhiyyə və təhsil işçilərinin əməkhaqlarının artırılması vacibdir

 

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (Xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait də nəzərə alınmaqla) 2013-cü il dövlət büdcəsi xərclərinin 13,6 faizi həcmində vəsait nəzərdə tutulub.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri 2013-cü il dövlət büdcəsi xərclərinin 5,5 faizini təşkil edəcək. Məhkəmə sisteminin saxlanılması xərcləri üçün 2013-cü il dövlət büdcəsində 58,5 milyon manat vəsait proqnozlaşdırılıb. Eyni zamanda, 2013-cü il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub. 

Samir Şərifov onu da bildirdi ki, 2013-cü ilin dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 19,8 milyard manat proqnozlaşdırılır. Xərclərin 50,3 faizi cari, 45,8 faizi əsaslı, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Gənclər siyasəti üçün isə 50 milyon manat ayrılıb. 

Müzakirələr zamanı çıxış edən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputatlar Mübariz Qurbanlı, İqbal Ağazadə, Yevda Abramov, Qüdrət Həsənquliyev, Rasim Musabəyov, Fəzail İbrahimli müxtəlif təklif və tövsiyələrini irəli sürdülər. Deputatlar əsasən ölkədə səhiyyə və təhsil işçilərinin əməkhaqlarının artırılmasının vacibliyini vurğuladılar. Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov elm sahəsinə ayrılan vəsaitin bir qədər də artırılmasını təklif  etdi. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova isə son iki il ərzində rəhbərlik etdiyi quruma əlavə səlahiyyətlərin verildiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, bununla bağlı  Ombudsman aparatında bəzi avadanlıqlar çatışmır, buna vəsait lazımdır.

Nazir Samir Şərifov isə bütün təklif və tövsiyələrin nəzərdən keçiriləcəyini söylədi. Müzakirələrin yekununda "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi komitələrin yekdil qərarı ilə Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Rəşad BAXŞƏLİYEV,

Ağaəli MƏMMƏDOV(Foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video