07 Noyabr 2012 01:11
260
PARLAMENT
A- A+

«2013-cü il dövlət büdcəsi haqqında» qanun layihəsinin müzakirəsinə başlanıldı

 

Noyabrın 6-da "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisin beş komitəsinin - Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, Sosial siyasət və Aqrar siyasət komitələrinin birgə toplantısında müzakirəyə çıxarıldı.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib və "Büdcə sistemi haqqında" qanunun tələblərinə tam cavab verir. Büdcə zərfinə daxil olan sənədlərdə xüsusi olaraq vurğulanır ki, Azərbaycanın iqtisadiyyatı 2012-ci ildə dinamik inkişaf edir, özünün davamlılığını təmin etmək üçün dövlət başçısı tərəfindən həyata keçirilən tədbirlər gündən-günə səmərəsini artırır.

 

Son 10 il ərzində dövlət büdcəsi 1 milyarddan 25 milyard dollara yüksəlib

 

Ziyad Səmədzadə diqqətə çatdırdı ki, qlobal maliyyə böhranının təsirinə baxmayaraq, Azərbaycan öz iqtisadiyyatının inkişafını davam etdirir və regionda lider dövlət olduğunu sübut edir: "2013-cü ilin büdcəsinin əsas parametrləri yüksəlişə doğru gedir. Son 10 il ərzində büdcəmiz 1 milyarddan 25 milyard dollara yüksəlib. Dünyanın heç bir ölkəsində belə bir inkişaf dinamikası yoxdur. Ümumi daxili məhsulun tərkibində büdcənin xüsusi çəkisi 34-35 faiz təşkil edir ki, bu da Avropa standartlarına uyğundur. İqtisadi inkişafın strukturunun təkmilləşməsi, qeyri-neft sektorunun daha da dinamik yüksəlişi ölkənin maliyyə sabitliyinin təmin edilməsinə çox mühüm şərait yaradıb. Əvvəlki dövrlərdən fərqli olaraq bütün sahələrdə xeyli irəliləyişlər var".   

 

Neft gəlirlərinin hesablanmasında bir barel neftin satış qiyməti 100 dollar səviyyəsində qəbul edilib

 

Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi haqqında geniş məruzə ilə çıxış etdi. Nazir bildirdi ki,  2013-cü il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" qanuna müvafiq olaraq əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən 2012-ci ilin ötən 8 ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilib: "Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətnin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, onun səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına maliyyə təminatı yaradacaq. Növbəti ildə dövlət büdcəsinin xərclərinin sosial və investisiya yönümlüyü saxlanılmaqla xərclərin əhəmiyyətli  hissəsi dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, sahibkarlığın və kənd təsərrüfatının intensiv inkişafının stimullaşdırılması, əhalinin gəlirlərinin, pensiyaların və digər dövlət tədbirlərinin maliyyələşdirilməsi üçün yönəldiləcək".

Nazir bildirdi ki, layihənin tərtibi zamanı qeyd olunan amillərlə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikamızın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun  real artımı 11,7 faiz proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyri-neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyindən xəbər verir. Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barel neftin satış qiyməti isə 100 dollar səviyyəsində qəbul edilib.

Nazir dedi ki, 2013-cü ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır ki, bu da 2012-ci illə müqayisədə 2 milyard 116 milyon manat və ya 12,4 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən 3 milyard 453,3 milyon manat və ya 22 faiz çoxdur. 2013-cü il dövlət büdcəsinin gəlirlərinin 11,4 milyard manatı Dövlət Neft Fondundan transfertlər, 6,4 milyard  manatı Vergilər Nazirliyi, 1,4 milyard manatı Gömrük Komitəsinin xətti ilə, 0,1 faizi isə digər daxilolmalar hesabına təşkil edəcək.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6400 milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun da 3760 milyon manatı qeyri-neft sektorunun, 2640 milyon manatı isə neft sektorunun payına düşür.

Vergilər Nazirliyinin xətti ilə daxilolmaların proqnozu 2011-ci il üzrə faktiki daxilolmalara nisbətən 928,1 milyon manat və ya 17 faiz, cari ilin proqnozu ilə müqayisədə 488,4 milyon manat və ya 8,3 faiz çox, qeyri-neft sektoru üzrə isə müvafiq olaraq 879,7 milyon manat və ya 30,5 faiz, 480 milyon manat və ya 14,6 faiz çoxdur.

 

Elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və bədən tərbiyəsi xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait nəzərdə tutulur

 

Samir Şərifov bildirdi ki, 2013-cü ilin dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 19,8 milyard manat proqnozlaşdırılır. Bu, 2012-ci illə müqayisədə 12,1, 2011-ci ilin faktiki icrasına nisbətən isə 28,7 faiz çoxdur. Xərclərin 50,3 faizi cari, 45,8 faizi əsaslı, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi 25,4 faiz təşkil edir. Ünvanlı dövlət sosial yardımının təyin olunması üçün istifadə olunan ehtiyac meyarının həddinin və ya əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun artımı da 2013-cü ilin dövlət büdcəsində öz əksini tapıb. 2013-cü ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi xərcləri də artırılacaq. Həmin sahələrin xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2012-ci illə müqayisədə 2,1, 2011-ci ilin faktiki icrası ilə müqayisədə isə 24,5 faiz çoxdur. Bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 22,3 faiz təşkil edəcəyi gözlənilir.

 

Dövlət büdcəsinin 25 milyard dollardan yüksək səviyyədə proqnozlaşdırılması rekord göstəricidir

 

Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi qurumun büdcə layihəsi ilə bağlı rəyini açıqladı. H.Əsədov dedi ki, Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsi layihəsi müasir çağırışlara cavab verir və əhalinin rifahı üçün maliyyə təminatı yaradır. İlk dəfə olaraq dövlət büdcəsinin xərcləri 25 milyard dollardan yüksək səviyyədə proqnozlaşdırılır ki, bu da rekord göstəricidir. Ən yaxşı göstəricilərdən biri də xarici borclanmanın birdən-birə  2 milyard dollardan 750 milyon manata endirilməsidir. Bu, müasir çağırışlara yaxşı cavabın bariz nümunəsidir. Gələn il ilk dəfə olaraq borclanma aşağı həcmdə olacaq. Büdcənin gələn il üçün kəsiri 1,17 faiz nəzərdə tutulur. Ancaq ehtimallar onu deməyə əsas verir ki, gələn il büdcə kəsiri 1 faizdən aşağı olacaq.

Hesablama Palatasının rəyindən sonra Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov transfertlər barədə məlumat verdi.

Sonra iclasda müzakirələr başlandı. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Əli Məsimli, Vahid Əhmədov və Musa Quliyev çıxış edərək bildirdilər ki, gələn ilin dövlət büdcəsində nəzərdə tutulan artım ölkəmizin iqtisadiyyatının sürətli inkişafını nümayiş etdirməklə möhkəm sosial-iqtisadi təmələ əsaslandığını göstərir. Azərbaycanın 2013-cü il dövlət büdcəsinin layihəsi belə bir qənaət formalaşırdırır ki, ölkəmizdə iqtisadi sferada hər il yaranan keyfiyyətcə yeni situasiya bütün sahələrdə inkişafın davamlı olmasına yol açır.

Çıxış edənlər "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

 

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video