21 Oktyabr 2018 01:55
1319
SİYASƏT
A- A+

19 rayona 20 səfər, 67 yeni obyekt


Prezident İlham Əliyevin şəxsi nəzarəti və qayğısı sayəsində regionların davamlı inkişafı prosesi bu il də uğurla gerçəkləşir


"Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 15 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi”.

2003-cü ildə xalqdan etimad mandatı alan İlham Əliyev 15 il sonra elə xalqa hesabatında bu sözləri söylədi. Düz, 15 il öncə dövlət başçısı kimi regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət göstərəcəyi ilə bağlı verdiyi sözə əməl edərək respublikanın bölgələrinin qısa müddət ərzində tərəqqisinə nail oldu. Dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Bu gün həmin rəqəm 45 milyard dollar səviyyəsindədir. Bu reallıqlar onu deməyə əsas verir ki, cənab İlham Əliyevin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Verilən vədlər artıqlaması ilə yerinə yetirilib.


Bölgələrin dəyişən sosial-iqtisadi mənzərəsi


Təbii ki, son 15 ildə müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də ölkənin regionlarının davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası ölkəmizin bütün bölgələrinin sosial-iqtisadi mənzərəsini xeyli yaxşılaşdırıb, yerlərdə iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb.

Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyevin mütəmadi olaraq ölkənin bütün şəhər və rayonlarına səfərlər etməsi və görülən işlərlə şəxsən maraqlanması, tapşırıqlar verməsi, əhali ilə səmimi söhbətlər etməsi deyilənləri bir daha təsdiqləyir. Təkcə bu ilin statistikasına nəzər yetirsək görərik ki, son 9 ayda dövlət başçısı respublikanın bir çox şəhər və rayonuna səfər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcə də mühüm sosial obyektlərin, mədəniyyət mərkəzlərinin açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, hərbi hissələrə baş çəkib və sakinlərlə görüşlər, eləcə də aqrar sektorun inkişafına dair respublika müşavirəsi keçirib.


İlin ilk "ASAN Həyat” kompleksi


Yanvarın 30-da Qusarda "Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olan Prezident İlham Əliyev fevralın 27-də Mingəçevir şəhərində bir sıra mühüm obyektlərin açılışını edib. Öncə 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurma işləri, şəhərin içməli su təchizatı sisteminin istismara verilməsi ilə maraqlanan, şəhərin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində olan dövlət başçısı, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışını da edib.

Prezident həmçinin Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin və "ASAN Həyat” kompleksinin açılış mərasimində olub.


Pambıqçılığın inkişafına dair III Respublika müşavirəsi


Martın 25-də isə Bərdə rayonunda səfərdə olan Prezident Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib, əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şərait, eləcə də Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.

Dövlət başçısının sədrliyi ilə Bərdədəki Mədəniyyət mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Qeyd edək ki, bu, pambıqçılığın inkişafına dair keçirilən sayca 3-cü müşavirə idi. Bundan öncəki müşavirələr 2016-cı ildə Sabirabad, 2017-ci ildə isə Saatlı şəhərində keçirilmişdi. Bu müşavirələrdə verilən tapşırıqlar həqiqətən "ağ qızıl”ın şöhrətini özünə qaytardı desək, yanılmarıq. Çünki dövlət başçısının müşavirələrdə verdiyi tapşırıqların yerinə yetirilməsi ilə Azərbaycanda pambıqçılıq yenidən inkişafa başladı..

Müşavirədə görülən işlər təhlil olundu və tapşırıqlar verildi. Dövlət başçısı bildirdi ki, keçən il əldə edilmiş nəticələrin müsbət və mənfi tərəfləri bu il ciddi təhlil olunacaq. Əminlik var ki, məhsuldarlıq, pambığın tədarükü artacaq və pambıqçılığın inkişafı bundan sonra da sürətlə gedəcək.


Yeniləşən yol infrastrukturu


Mayın 4-də dövlət başçısı Xaçmaz rayonunda olub. Bu səfər çərçivəsində cənab İlham Əliyev Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun, eləcə də Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Prezident həmçinin "Azərxalça” ASC-nin Xaçmaz filialının, "Azərsu” ASC-nin Xaçmaz idarəsinin inzibati binasının açılış mərasimində olub. Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edən dövlət başçısı həmin gün Xızıya səfər edib.

Prezident "Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib, başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.

Ümumiyyətlə, son illərdə daha çox diqqət yetirilən sahələrdən biri də yol infrastrukturudur. Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu il Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub. O cümlədən, magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir.


Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir


Mayın 16-da isə İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib. Öncə "Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edən dövlət başçısı həmçinin Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının, Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin, şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılış mərasiminə qatılıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı həmçinin Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsi və Əlahiddə Ümumqoşun Ordusunun "N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.


Azərbaycan Ordusunun maddi-texniki bazası daim gücləndirilir


İyunun 5-də isə Goranboy və Naftalanda bir sıra mühüm obyektlərin açılışı olub. Bu mərasimlərə qatılan İlham Əliyev öncə Dəliməmmədli - Quşçular - Faxralı - Qurbanzadə - Alpout, həmçinin Dəliməmmədli - Muzdurlar - Qırıqlı avtomobil yolunun açılışını edib.

Sonra Prezident Goranboyda "Region Aqropark”ın, hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə "Dəliməmmədli” yarımstansiyasının, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin, eləcə də Bayraq muzeyinin açılış mərasimlərinə qatılıb.

Elə həmin gün Naftalan şəhərinə də səfər edən İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Hərbi hissələrlə tanışlıq, yeni hərbi obyektlərin açılışı Azərbaycan hərbçilərinin hər zaman Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduqlarını bir daha təsdiqləyir.


Qafqazın ən böyük sənaye müəssisəsində ilk dəfə polipropilen istehsal ediləcək


İyulun 18-i Azərbaycan sənayesinin növbəti uğuru kimi tarixə yazıldı. Azərbaycana ilk dəfə səfər edən İtaliya Prezidenti Sercio Mattarella və Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirildi.

Cənab İlham Əliyev və Sercio Mattarella birlikdə Sumqayıta səfər ediblər. Burada dövlət başçılarının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimi keçirilib.

Bu, tarixi bir hadisədir, çünki Qafqazın ən böyük sənaye müəssisəsində ilk dəfə olaraq polipropilen və polietilen istehsal ediləcək.

Hər iki prezident bu zavodun ölkələrin sənaye potensialının inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.


Babadağ və Niyaldağın ətəyində yeni qaz xətti


Hər zaman olduğu kimi, bu il də İlham Əliyevin iş qrafiki zəngin olub. Avqustun 25-də Prezident və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarına səfər ediblər. Hər iki rayonda yeni müasir sosial və iqtisadi obyektlərin açılış mərasimləri olub.

Dövlət başçısı və xanımı Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan, Qaraməryəm - İsmayıllı - Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk, eləcə də Dəmirçi-Lahıc avtomobil yollarının, "Şirvan şərabları” MMC-nin şərab zavodu, "Buta Qrup” MMC tərəfindən yaradılan aqropark, "AZZA AGRO” MMC-nin müasir heyvandarlıq kompleksi, "Azərxalça” ASC-nin İsmayıllı filialı, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbin, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binalarının açılışında olublar.

Dövlət başçısı və Birinci vitse-prezident həmçinin dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan Lahıc qəsəbəsinə qaz verilməsi mərasimində də iştirak ediblər.

Bundan başqa, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin, həmçinin yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik "İsmayıllı” yarımstansiyasının açılış mərasimləri də keçirilib.


Azərbaycanın 2-ci sənaye məhəlləsi istifadəyə verildi


Sentyabrın 18-də isə ölkəmizdə daha bir uğurlu layihə gerçəkləşib. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu istifadəyə verilib.

Həmin gün cənub bölgəsinə səfər edən dövlət başçısı öncə bu yolun açılışında iştirak edib. Yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

Xatırladaq ki, indi "köhnə yol” adlandırılan mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idi. Yeni yolun istifadəyə verilməsi ilə Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır.

Dövlət başçısı cənub bölgəsinə səfəri zamanı həmçinin Biləsuvarda 20 mindən çox nəfərin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun və Masallıda 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü - Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yollarının açılış mərasimlərinə qatılıb.

Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin açılış mərasimi də olub. Dövlət başçısının 2016-cı il iyunun 13-də imzaladığı sərəncama əsasən, yaradılan məhəllədə fəaliyyət üçün sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib.

Reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri açılıb. Sənaye məhəlləsində müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən həmin layihələrin icrasına ümumilikdə 3,5 milyon manatdan çox investisiya yatırılıb.

Burada həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta Biznesin Dostu” (KOB) mərkəzi də fəaliyyət göstərir.


Yeni sosial-iqtisadi obyektlər həm də yeni iş yerləri deməkdir


"Şimal-Cənub” və "Şərq-Qərb” nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlərə töhfə verən Azərbaycan yol infrastrukturunu daha da müasirləşdirməkdədir. Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir. Dövlət başçısı oktyabrın 11-də görülən işlərlə tanış olub müvafiq göstərişlərini verib.

Şimal bölgəsinə səfəri çərçivəsində İlham Əliyev Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq "Yeni Yaşma” Külək Elektrik Parkının açılışında, Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun istifadəyə verilməsi mərasimlərində iştirak edib.

Qubada Gənclər Parkında yaradılan şəraitlə maraqlanan İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olub.

Bundan başqa, Qubada 100 yerlik "Günəş” körpələr evi-uşaq bağçası, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD” publik hüquqi şəxsin Qubada "ABAD Factory” İstehsalat Kompleksi, eləcə də "Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib. Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında da iştirak edib.


Bölgələr tarazlı şəkildə inkişaf edir


Oktyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva respublikanın cənub bölgəsinə səfər ediblər.

Öncə Lənkəran şəhərində bir sıra mühüm sosial-iqtisadi infrastrukturun açılış mərasimlərində iştirak edən Prezident öz xeyir-duasını verib. Dövlət başçısı İstisu Sağlamlıq Mərkəzinin, Lənkəran Olimpiya İdman Kompleksinin, "Azərişıq” ASC tərəfindən müasir üslubda yeni inşa edilən 110/35/10 kV-luq "Lənkəran-2” yarımstansiyasının, "Azərxalça”nın Lənkəran filialının, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin və Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasının açılışını edib.

Sonra Astaraya yollanan İlham Əliyev və Mehriban xanım Əliyeva "Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak ediblər. Həmçinin Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olublar.

Həmin gün Lerik rayonunda da mühüm obyektlərin açılış mərasimləri olub. Dövlət başçısı və xanımı rayonda Piran-Hamarat-Vijaker avtomobil yolunun, "Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması, gücü 16,5 MVt olan elektrik stansiyasının istismara verilməsi, Bayraq muzeyinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının açılış mərsimlərində iştirak ediblər.


Düşünülmüş siyasət, güclü iradə, davamlı yüksəliş


Beləliklə, bu il dövlət başçısı 19 şəhər və rayona - Qusar, Mingəçevir, Bərdə, Xaçmaz, Xızı (2 dəfə), Şamaxı, Naxçıvan Muxtar Respublikası, Goranboy, Naftalan, Sumqayıt, İsmayıllı, Biləsuvar, Masallı, Quba, Lənkəran, Astara və Lerikə səfər edib, 67 yeni sosial-iqtisadi infrastrukturun açılışını edib.

Bir sözlə, uğurla icra edilən dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. Hər kəsə bəllidir ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.

Nazirlər Kabinetinin son iclasında İlham Əliyev hazırda regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramının hazırlandığını bildirib. Azərbaycanın hər bir rayonunda quruculuq-abadlıq işlərinin aparıldığını, rayonların inkişafına böyük sərmayə qoyulduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, görülən işlər ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir və bundan sonra da bu istiqamətdə çox mühüm layihələr həyata keçiriləcək.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video