23 Iyul 2019 02:23
1265
SİYASƏT
A- A+

144 illik şərəfli yol


Azərbaycanda KİV-in inkişafı dövlət siyasətinin əsas xəttini təşkil edir


144 il... Bu illər ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı hazırda yeni inkişaf dövrünü yaşayır. Zəngin və şərəfli yolla addımlayaraq bir neçə mərhələdən keçən milli mətbuatımız daim üzərinə düşən vəzifəni böyük şərəflə yerinə yetirməyə çalışıb.

Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi” qəzetinin nəşri ilə qoyulub və qəzetin ilk sayında onun məramı bu cür ifadə olunub: "Bizim zəmanə dəyişməni tələb edir. O kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə kökündən tərəqqi edib irəli gedirlər”. Beləliklə, qəzet ilk saylarından millətimizin inkişaf yoluna işıq saçdı.

Ölkəmiz ikinci dəfə milli müstəqilliyinə qovuşduğu dövrün ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşadı. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşdı.

Ona görə də müstəqil ölkəmizdə mətbuatın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev tərəfindən dəfələrlə mətbuat işçilərinə müxtəlif yardımların edilməsi, redaksiyaların maddi-texniki bazalarının formalaşdırılması, qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borclarının dondurularaq sonradan ləğv edilməsi, ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının bugünkü inkişafını və gələcək perspektivini təmin etmiş oldu.

Ümumilikdə Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzaladı. 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edildi. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu.

2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə etdikdən sonra bəzi məsələlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi.

Mətbuat demokratik prinsiplərin formalaşmasında ən başlıca vasitədir. Ona görə də, hansı cəmiyyət özünü demokratik görmək, bu dəyərlərə yiyələnmək istəyirsə, mətbuatın inkişafına diqqət yetirməlidir. Məhz bu baxımdan da, ölkəmizdə mətbuata, söz azadlığına böyük diqqət və qayğı göstərilir. Elə bu diqqətdən irəli gələn bir keyfiyyətdir ki, Azərbaycan mətbuatı bu gün jurnalistikanın yeni dövrünə qədəm qoyub. Yeni jurnalistika, ilk növbədə, 144 ildə keçmiş olduğu tarixi yola və qazanmış olduğu ənənələrə söykənir.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet media inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Ölkədə söz və mətbuat azadlığına, KİV-ə ən yüksək səviyyədə diqqət və qayğı var.

Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında KİV-in inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlar idi.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binalarda Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimlərində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

Göründüyü kimi, ildən-ilə inkişaf edən Azərbaycan mətbuatına dövlət tərəfindən yüksək qayğı göstərilir və bu sahəyə diqqət daimidir.

Müasir dövrdə informasiya amili mühüm önəm kəsb edir və dünyada bu faktor daha da güclənməkdədir. Milli mətbuatımız milli və ümumbəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hisslərinin cəmiyyətə aşılanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılmasında yaxından iştirak edir. Mətbuat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında, düşmənə qarşı aparılan informasiya müharibəsində çox mühüm rol oynayır. Prezident İlham Əliyev də "Facebook” səhifəsində 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə etdiyi paylaşımda vurğulayıb ki, bünövrəsi "Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir.

Bir sözlə, bu gün Azərbaycanda mətbuata dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu gün Azərbaycanda Heydər Əliyevin siyasi kursu və ideyaları uğurla davam etdirilir. Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlət siyasətinin əsas xəttini təşkil edir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video