20 Oktyabr 2021 00:49
1238
SİYASƏT
A- A+

11 ayda 14 səfər

 

Prezidentin Qarabağ və Şərqi Zəngəzura səfərləri bu bölgələrin sürətli  dirçəlməsinə ən mühüm dəstəkdir 

 

Prezident İlham Əliyevin Qarabağ torpaqlarına növbəti səfəri oktyabr ayının 17-də Füzuli rayonuna oldu. Bu, Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş rayonlarımıza  ötən 11 ayda etdiyi sayca 14-cü səfər idi.

 

Bu səfərin oktyabr ayının 17-nə təsadüf etməsinin isə rəmzi mənası vardı. Çünki ötən ilin həmin tarixində Füzuli şəhəri işğaldan azad olunmuşdu. Dövlət başçısı müharibədən sonra işğaldan azad edilmiş rayonlara ilk səfərini də ötən il noyabrın 16-sında Füzuli rayonuna etmişdi.

 

Vətən müharibəsinin strateji uğuru

 

Azərbaycan Ordusunun işğal altında olan şəhər və kəndlərimizin azad edilməsi uğrunda həyata keçirdiyi hərbi əməliyyatların hər biri öz unikallığı ilə seçilir. O cümlədən Füzuli şəhərinin azad olunması da ordumuzun ən uğurlu əməliyyatlarından biri kimi Vətən müharibəsinin tarixinə düşüb.

Vətən müharibəsinin ilk günü Füzuli rayonunun bir neçə kəndinin azad edilməsi ilə başladı. Ordumuz cəbhənin digər hissələrində olduğu kimi, Füzuli şəhəri istiqamətində də düşmənin müqavimətini qıraraq onları geri çəkilməyə məcbur etdi. Lakin 30 ilə yaxın bir dövrdə düşmən arxa eşelonlarda da mürəkkəb müdafiə mövqeləri qurmuş, istehkamlar yaratmışdı. Əlbəttə, düşməni birinci eşelondan vurub çıxaran hərbçilərimiz Füzuli şəhərini də elə döyüşlərin ilk günlərində azad edə bilərdilər. Əslində düşmən də Qaraxanbəyli, Qərvənd, Horadiz, Aşağı Əbdürrəhmanlı kəndlərinin azad edilməsindən sonra növbəti hücumun Füzuli şəhəri istiqamətində olacağını gözləyirdi. Lakin ordumuz Cəbrayıl və daha sonra Hadrut istiqamətlərində hücuma üstünlük verməklə düşməni öz resurslarının böyük qismini Füzuli şəhəri istiqamətində saxlamağa məcbur etdi.

Hadrutun işğaldan azad olunmasından sonra Füzulinin azad edilməsi üçün daha əlverişli şərait yarandı.

Çünki, xüsusən, hakim yüksəkliklərin düşməndən təmizlənməsi Füzuli şəhəri və onun ətrafındakı erməni mövqelərini dəqiq atəş altında saxlamağa imkan verirdi. Eyni zamanda Cəbrayıl və Hadrutun azad edilməsi düşmənə psixoloji təsir göstərmiş, erməni hərbçiləri arasında fərarilik dəfələrlə artmışdı.

Beləliklə, ötən il oktyabrın 17-də Azərbaycan Ordusu Füzuli şəhərini də işğaldan azad etməklə növbəti strateji uğura imza atdı. Bu, cəbhənin cənub-şərq istiqamətində erməni işğalına son qoyuldu. Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Silahlı Qüvvələrimizin Füzulidə öz tarixi missiyasını yerinə yetirdiyini bildirən Prezident İlham Əliyev dedi: “Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı”.

Dövlət başçısının qeyd etdiyi kimi, Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Bundan cəmi bir neçə gün sonra Zəngilan və Qubadlı azad edildi. Füzulinin azad olunması Ermənistan tərəfinin ciddi psixoloji sarsıntısına səbəb oldu,  ermənilərin öz ordularının “yenilməzliyi” haqqında yaratdığı mif bir daha darmadağın edildi. Həm şəxsi heyət, həm də texnika sarıdan ciddi itkilər düşmənin döyüş imkanlarına mənfi təsir etdi. Füzuli şəhəri istiqamətində düşmənin çoxlu sayda texnikası, silah-sursatı qənimət götürüldü.

 

Füzuli yenidən qurulur

 

Düşmən 30 ilə yaxın işğalda saxladığı Füzuli rayonunda da tarixdə görünməmiş vandallıq törədib. Rayon mərkəzi və işğal edilmiş bütün kəndlər yerləyeksan olunub. Bu gün rayonun işğaldan azad edilmiş hissəsinə səfər etdikdə istər kəndlərdə, istərsə də Füzuli şəhərinin yerləşdiyi ərazidə erməni vəhşiliyinin izlərini yaxından görmək mümkündür.

Düşmənin vurduğu yaralar sürətlə sağalacaq, Qarabağ və Şərqi Zəngəzur tam bərpa ediləcək. Bu gün Füzuli rayonunda həyata keçirilən bərpa və yenidənqurma işləri də bunu təsdiq edir.  Qeyd edək ki, Füzuli düşmən tərəfindən ən çox mina basdırılmış rayondur və bu bərpa və yenidənqurmada ciddi çətinliklər yaradır. Buna baxmayaraq, 11 ayda rayonda xeyli iş görülüb.

Prezident İlham Əliyevin Füzuli rayonuna əvvəlki səfərləri zamanı Füzuli-Şuşa avtomobil yolunun “Zəfər yolu”, yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun,  Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub, “Füzuli” yarımstansiyasının açılışı olub.

Bu il oktyabrın 17-də isə Füzuli rayonunda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, Füzuli Memorial Kompleksinin, Füzuli şəhərinin bərpasının və burada  salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməli  qoyuldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanı, həmçinin Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar. “Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bu bir il ərzində biz çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olmuşuq. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır”, - deyə Prezident İlham Əliyev Füzulidə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

Bütün azad olunmuş rayonlarımız kimi, Füzuli rayonunun da bərpası dövlətimizin gücünün göstəricisidir. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur, bu torpaqlara yeni həyat verilir.  Prezident İlham Əliyevin dediyi kimi, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video