17 Iyul 2021 00:32
2468
SİYASƏT
A- A+

101 illik Zəngəzur ədalətsizliyi

 

Prezident İlham Əliyev tarixi torpaqlarımızda Azərbaycanın hüququnu bəyan etdi

 

 

“Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur”.

 

İlham ƏLİYEV

 

 

2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın imzaladıqları və işğalçı Ermənistanın rüsvayçı, danışıqsız təslim aktı olan üçtərəfli Bəyanatın 10-cu maddəsində yazılır: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir”.

Bəyanata Prezident İlham Əliyevin təklifi ilə daxil edilən bu bənd təkcə böyük tarixi xidmət deyil, eyni zamanda regiona yeni həyat gətirilməsi hədəflərini güdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 15 iyun tarixində imzaladıqları Şuşa Bəyannaməsində isə bu barədə belə yazılır: “Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər”.

Açılması nəzərdə tutulan nəqliyyat dəhlizi hazırda Ermənistan ərazisi hesab edilən tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçməlidir. Soruşulur: bəs Zəngəzur nə zaman, hansı məqsədlərlə və necə Ermənistana verilib? Məqalədə bu suallara Rusiya və Azərbaycan arxivlərinin ən mötəbər rəsmi sənədləri əsasında təhlil edilmədən cavab veriləcəkdir. Elə isə mötəbər mənbələr Zəngəzurun Ermənistana verilməsi barədə nə deyir?

 

Zəngəzurun tarixi coğrafiyasına qısa baxış

 

Məlum olduğu kimi, Zəngəzur mahalı adlanan ərazi tarixi Azərbaycan torpağı olan bütövlükdə indiki Ermənistanın Qafan, Görus, Qarakilsə (Sisian), Meğri rayonlarını, Azərbaycanın Zəngilan, Qubadlı və Laçın rayonlarının bir hissəsini əhatə edir.

Azərbaycan türklərinə məxsus olan və onların yaşadığı Zəngəzur adına bənzər adlar Azərbaycan ərazisində çoxdur. Məsələn, Zəngilan rayonu, Yardımlı rayonunda Zəngələ kəndi və digərləri.

Azərbaycanın şimal torpaqları çarizm tərəfindən işğal edilib ilhaq olunduqdan sonra ermənilər bu ərazilərdə bəlli məqsədlər naminə yerləşdiriliblər. Çar Rusiyasında XIX əsrin 60-cı illərində aparılan islahatların nəticəsində yaradılan qəzalardan biri olan Zəngəzur qəzası Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olub. 1918-1920-ci illərdə ərazisi təqribən 114 min kv.km olan Azərbaycan Cümhuriyyətində də Zəngəzur qəzası Gəncə quberniyasının tərkibində idi.

 

Azərbaycan bolşevik işğalına məruz qaldıqdan sonra qondarma Zəngəzur məsələsinin ortaya atılması: məqsəd nədir?

 

Zəngəzur qəzası ilə bağlı problemlər Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra başladı. Daşnak Ermənistanın hərbi hissələri hücum edərək Zəngəzurda azərbaycanlılara məxsus yaşayış məntəqələrini dağıtdılar və əhalini qaçqına çevirdilər. Bu hərəkətlərə etiraz edən Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı 1920-ci il aprelin 30-da daşnak Ermənistan hökumətinə verdiyi notada aşağıdakıları tələb etdi: “1. Zəngəzurdan ordularınızı çıxarın; 2. Öz sərhədlərinizə çəkilin. 3. Millətlərarası qırğını dayandırın. Əks halda, Azərbaycan SSR İnqilab Komitəsi özünü Ermənistan Respublikası hökuməti ilə müharibə vəziyyətində hesab edəcəkdir”.

Azərbaycanlılara qarşı törədilən qırğınları Ermənistan rəsmiləri də etiraf edirdilər. Daşnaksütyunun rəhbərlərindən biri olan Ovanes Kaçaznuni bununla bağlı sonralar yazırdı: “Ermənistanda, Ağbabada, Zodda, Zəngibasarda, Vedibasarda, Şərur-Naxçıvanda, Zəngəzurda və b. yerlərdə müsəlman əhaliyə qarşı qanlı döyüşlər aparıldı”.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasına, Ermənistanda isə daşnakların hakimiyyətdə olmalarına baxmayaraq, sovet Rusiyası Daşnak Ermənistanı ilə yaxınlaşmağa çalışır və bundan ötrü tarixən azərbaycanlılara məxsus ərazilər əvvəlcə mübahisəli elan edib, sonra isə ermənilərə verilməsini bir vasitə olaraq görürdü. Aprelin 30-da RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin Qafqaz cəbhəsi Hərbi İnqilab Şurasının üzvü Qriqori (Serqo) Orconikidzeyə göndərdiyi teleqramında daşnak hökuməti ilə kompromis əldə edilməsinin sovet Rusiyası üçün vacib olduğunu yazaraq şərtləri aşağıdakı kimi ifadə edirdi: “Azərbaycan hökuməti yalnız ... və Zəngəzuru deyil, Şərur-Dərələyəz qəzasını da mübahisəli elan edir. Sonuncu ərazi heç vaxt, heç bir halda mübahisəli olmamışdır və hətta Müsavat hökuməti belə oranı həmişə Ermənistan kimi tanımışdı. Şərur-Dərələyəzsiz Ermənistana demək olar ki, heç nə qalmır, Ermənistan sülh nümayəndə heyəti uzun müqavimətdən sonra gec-tez böyük hissəsinin Ermənistana veriləcəyinə (sənəddə veriləcəyi yazılmışdır. - M.Q.) ümid edərək ... və Zəngəzurun mübahisəli olduğu ilə heç bir halda razılaşmır. Digər tərəfdən, Ermənistanla müqaviləmizin Azərbaycan hökumətinin tələblərinə zidd olmadığına dair Azərbaycan hökuməti ilə razılığa gəlməyimiz zəruridir. Sizin Bakıda çox böyük təsiriniz olduğundan xahiş edirik, bu təsirdən istifadə edərək Azərbaycan hökumətinin ...Zəngəzuru mübahisəli ərazi kimi tanımasına nail olun”.

Georgi Çiçerin tarixboyu coğrafi-siyasi və etnik-mədəni baxımdan Azərbaycana məxsus olmuş ərazilərin Ermənistana verilməsini təklif edirdi. Qriqori (Serqo) Orconikidze isə Zəngəzurun Azərbaycan tərkibində muxtariyyətinin elan olunmasını, digər ərazilərin Ermənistana verilməsi üçün təzyiqlər edilmə-sini təklif edir, bunu “türk təhlükəsi” və iqtisadi amillərlə əlaqələndirirdi. Tövsiyə edirdi ki, muxtariyyətin elanı ideyası RSFSR və Ermənistan arasında imzalanacaq müqavilədə göstərilməməli, ideya Azərbaycandan gəlməlidir.

O, Georgi Çiçerinlə telefon danışığında mövqeyini belə əsaslandırırdı: “Azərbaycan ... Zəngəzurun təcili və danışıqsız birləşdirilməsini təkid edir. Məncə, bunu etmək zəruridir. Çünki hər iki qəza iqtisadi baxımdan Bakıya meyillidir və xüsusilə, Bəyazid türk diviziyasının araya girdiyi indiki vaxtda bu qəzalar tamamilə İrəvandan ayrılmışlar. Bu qəzalar mübahisəli saxlanıldığı halda, onlar sözsüz, türklər tərəfindən tutulacaqlar və bütün erməni əhalisi qılıncdan keçiriləcəkdir. Bunu aradan qaldırmaq üçün biz heç nə edə bilmərik. Bu qəzaların Azərbaycana birləşdirilməsi Azərbaycan kommunistlərinin əlinə güclü dəlil vermiş olar və köçərilər üçün yolları açardı. Qabrileyanın (Ermənistan Hərbi-İnqilab Komitəsinin üzvü S.M.Ter-Qabrileyan nəzərdə tutulur -M.Q.) sözlərinə görə erməni nümayəndəliyi sözsüz buna gedər. Məsələnin həllinin belə gedişində Azərbaycanı məcbur etmək olar ki, digər vilayətlərdən imtina etsin. Fikrimcə, ...Zəngəzur təcili olaraq Azərbaycana birləşdirilməlidir. Azərbaycanı məcbur edəcəyəm ki, bu vilayətlərin muxtariyyətini elan etsin, lakin bu ideya Azərbaycandan gəlməlidir və heç bir halda bunu müqavilədə (Rusiya ilə Ermənistan arasında imzalanacaq müqavilə nəzərdə tutulur - M.Q.) göstərmək olmaz”.

Qeyd etmək lazımdır ki, bu zaman Ermənistan hələ sovetləşdirilməmişdi. Georgi Çiçerin iyulun 8-də Qriqori (Serqo) Orconikidzeyə göndərdiyi teleqramında yazırdı: “Biz əla bilirik ki, Ermənistanın da sovetləşdirilməsi üçün zaman yetişəcəkdir, lakin indi ona getmək tezdir. Ən başlıcası, indi nəyə nail olmaq olar? İndi ...Zəngəzuru mübahisəli yerlər elan etmək olar, bunun üçün isə Azərbaycan hökumətinin razılıq verməsi gərəkdir. Bu, bizim üçün zəruridir, biz mütləq Ermənistan ilə müqavilə bağlamalıyıq. Bunu qəti şəkildə beynəlxalq vəziyyət tələb edir, bunun üçün isə ən azından ... və Zəngəzuru mübahisəli elan etmək lazımdır”.

Georgi Çiçerin “Azərbaycan hökumətinin razılıq verməsi gərəkdir” deməklə, əslində, Zəngəzurun Azərbaycan torpağı olduğunu təsdiqləyir, həmin əraziləri “mübahisəli elan etmək”lə isə gələcəkdə Ermənistana verilməsini düşünürdü.

Mərkəzi hökumətin azərbaycanlılara məxsus tarixi əraziləri Ermənistana vermək cəhdləri Azərbaycanda narazılığa səbəb oldu. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov, Gürcüstan K(b)P rəhbəri və RK(b)P MK Qafqaz Bürosunun üzvü Polikarp (Budu) Mdivani (Gürcüstan o zaman hələ işğal edilib sovetləşdirilməmişdi - M.Q.), XI ordu Hərbi İnqilab Şurasının səlahiyyətli nümayəndəsi Anastas Mikoyan, Azərbaycan K(b)P MK Rəyasət Heyətinin sədri Viktor (Mikoyl) Naneyşvili, IX Ordunun rəhbərlərindən Mixail Levandovski, Hərbi İnqilab Şurasının üzvləri J.Vesnik və İ.Mixaylov RK(b)P MK-ya göndərdikləri 1920-ci il 10 iyul tarixli məktubda Qafqazda inqilabın mənafeyinə zidd olan, Ermənistan ilə aparılan məlum danışıqlarda nəzərdə tutulan Zəngəzur məsələsinə dair vahid fikirlərini bildirdilər. Onlar yazırdılar ki, Zəngəzurun Bakı ilə qırılmaz iqtisadi və mədəni birliyi, onun İrəvanla tamamilə əlaqəli olmaması 1919-cu ildə Qarabağın erməni əhalisinin kəndli qurultayında aydın şəkildə təsdiqini tapıb. Məktub müəlliflərinin fikrincə, Ermənistan agentlərinin təxribatçı əməllərinə baxmayaraq, hər halda erməni əhalisi ermənilərə sakit həyat təminatı şərti ilə Azərbaycanla tamamilə bir yerdə olmağa qəti surətdə tərəfdar olub.

Müsəlman (azərbaycanlı - M.Q.) kütlələrini Azərbaycanın köhnə sərhədlərində saxlamamağı sovet hakimiyyətinin xəyanəti, ermənipərəstliyi və ya zəifliyi kimi qiymətləndirən Nəriman Nərimanov xəbərdarlıq edirdi: “... Zəngəzur məsələsində tərəddüd etməklə Azərbaycanı rəzil vəziyyətə qoymasınlar”.

N.Nərimanov bununla bağlı olaraq sovet rəhbəri Vladimir Leninə birmənalı şəkildə yazırdı: “Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini tanımışdır. Lakin eyni zamanda Mərkəz Azərbaycanın mübahisəsiz ərazilərini Ermənistana verir”.

Bu məsələdə Georgi Çiçerini təqsirləndirən Nəriman Nərimanov təkrarən Vladimir Leninə yazırdı: “Əgər Mərkəzə Azərbaycanı qurban vermək və yalnız Bakını - nefti özündə saxlamaq sərfəlidirsə və Şərq siyasətindən imtina edirsə, qoy etsin, lakin xəbərdarlıq edirəm: bütöv Azərbaycan olmadan xain daşnakların və gürcü menşeviklərinin qonşuluğunda Bakını saxlamaq olmaz. Digər tərəfdən, mən Sizdən öyrənmək istəyirəm, mərkəz biz müsəlmanlara necə baxır və o, belə mühüm məsələləri bizsiz necə həll edə bilər. Mərkəz bizə inanmaya bilər, ancaq Orconikidze və Mdivani kimi məsul yoldaşlar da mərkəzin qərarı ilə razı deyillər... Hansı ki, həmişə deyirlər, müsəlman kommunistlər Azərbaycanı Rusiyaya satmışlar. Həmin Rusiya Gürcüstanın və Ermənistanın müstəqilliyini tanıyır, lakin nəyə görəsə Azərbaycanda sovet hakimiyyəti qurulana qədərki mübahisəsiz əraziləri mübahisəli hesab edir”.

Bundan sonra XI ordu rəhbərlərindən Aleksandr Yeqorov, XI ordu Hərbi İnqilab Şurasının səlahiyyətli nümayəndəsi Anastas Mikoyan, Azərbaycan SSR xalq hərbi dəniz işləri komissarı Əliheydər Qarayev, xalq xarici işlər komissarı Mirzədavud Hüseynov, XKS sədri Nəriman Nərimanov, xalq maarif komissarı və Fəhlə-Kəndli Müfəttişliyi komissarı Dadaş Bünyadzadə, Azərbaycan İnqilab Komitəsinin üzvü Mirbəşir Qasımov, Azərbaycan P(b)P MK Rəyasət Heyətinin sədri Viktor Naneyşvili, Qriqori (Serqo) Orconikidze, RK(b)P MK Qafqaz Bürosunun əməkdaşı Yelena Stasova, XI ordu Hərbi Şurası nümayəndələrinin və RSFSR-in Ermənistan Respublikasındakı səlahiyyətli nümayəndəsi Boris Leqranın iştirakı ilə Azərbaycan K(b)P MK Bürosunun iyulun 15-də keçirilən iclasında Ermənistan ilə sülh haqqında məsələ də müzakirə edildi.

Müzakirələr nəticəsində qəbul edilən dörd bənddən ibarət qərarın birinci bəndində yazılırdı ki, Zəngəzur Azərbaycana birləşdirilməlidir. Qriqori (Serqo) Orconikidze iyulun 19-da Vladimir Leninə və Georgi Çiçerinə Vladiqafqazdan göndərdiyi teleqramında yazırdı: “... Zəngəzurda sovet hakimiyyəti elan edilmişdir və adıçəkilən hər iki ərazi (həm də Qarabağ nəzərdə tutulur -M.Q.) özünü Azərbaycan sovet respublikasının hissəsi hesab edir. Ümumiyyətlə, mənim fikrimcə, Azərbaycanın sədrini (N.Nərimanov nəzərdə tutulur - M.Q.) Moskvaya çağırmaq və onunla birlikdə Azərbaycana və Ermənistana aid olan məsələləri həll etmək lazımdır. Və bunu Ermənistanla müqavilə bağlananadək etmək lazımdır”.

Bu zaman bir neçə cəbhədə istiqlal savaşı aparan Türkiyəyə qarşı Daşnak Ermənistanı da müharibəyə başladı. Türkiyə Böyük Millət Məclisi hökuməti buna cavab verməyə məcbur oldu.

Türkiyə və Ermənistan arasında müharibə davam edərkən bolşevik Rusiyası özünü Ermənistanın xilaskarı kimi göstərib yanına çəkmək və daşnaklarla müharibədə qalib gələcək Türkiyə ilə yaxınlaşmaması üçün Azərbaycanı təzyiq altında saxlamaq məqsədilə bəzi tədbirlər gördü. Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafqaz Bürosunun üzvlərinin birlikdə keçirilən iclasında (protokol №4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” adlı məsələ müzakirə edildi. İclasın sədri Azərbaycan K(b)P MK-nın məsul katibi Qriqori Kaminski, katibi isə Lozner idi. İclasda Siyasi Büronun üzvləri Nəriman Nərimanov, Mirzədavud Hüseynov və Aleksandr Yeqorov, Qafqaz Bürosunun üzvləri İosif Stalin, Qriqori (Serqo) Orconikdize, Yelena Stasova və RSFSR-in Gürcüstan Demokratik Respublikasındakı nümayəndəsi Aron Şeynman, Boris Leqran, Ermənistan Hərbi İnqilab Komitəsinin və Hərbi İnqilab Şurasının (o zaman Ermənistan hələ sovetləşdirilməmişdi - M.Q.) üzvü Saak Qabrielyan və Əliheydər Qarayev iştirak edirdilər.

Boris Leqranın məruzəsindən sonra məxfi qərarlar qəbul edildi. Ermənistan ilə Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana verilməsinin əks olunub-olunmamasına dair məsələdə Siyasi Büro üzvləri belə bir fikir söylədilər ki, bu, siyasi və strateji baxımdan faydalı deyildir, yalnız ən çıxılmaz halda edilə bilər. Zəngəzur haqqında Siyasi Büronun fikrinin motivlərini tərtib etmək Nəriman Nərimanova tapşırıldı.

Zəngəzurun Ermənistana verilməsi məsələsinin imzalanacaq Rusiya-Ermənistan müqaviləsində əks olunmaması və Nəriman Nərimanova həmin ərazilərin verilməsinin formalaşdırılmasının tapşırılması səbəbsiz deyildi. Əgər müqavilədə bu məsələlər əks olunardısa, onda bolşevik Rusiyası Azərbaycan torpağını verməklə daxili işlərə kobud müdaxiləsini bir daha təsdiq edərək özünü tamamilə gözdən sala, “müstəqil” elan etdiyi Azərbaycan SSR-ini idarə etdiyini açıq-aşkar göstərər, respublikada antisovet müqavimət hərəkatı daha da genişlənərdi. Ona görə də Rusiya bu təklifin Azərbaycandan gəlməsini daha uyğun görürdü. Belə bir təklif yerli sovet hakimiyyətini Azərbaycan xalqının gözündə düşürdüyündən mərkəzdən asılılığını daha da artırardı. Bununla bolşevik Rusiyası həm də erməni ictimai rəyini öz tərəfinə çəkər və daşnakların hakimiyyətdən getməsini sürətləndirərdi.

Mərkəzin təzyiqləri ilə Bakıda bu qərarlar qəbul edilərkən Daşnak Ermənistanı ilə Türkiyə arasında müharibə davam edirdi. Daşnakların məğlub ediləcəyi şəksiz olduğundan sovet Rusiyası xadimlərini daha çox Bakının və sovet hakimiyyətinin taleyi düşündürürdü. Qriqori (Serqo) Orconikidzeninin məlumatlarına əsaslanan İosif Stalin 1920-ci il noyabrın 16-da Vladiqafqazdan Vladimir Leninə göndərdiyi şifrəli teleqramında yazırdı:

“Təhlükə Bakını üç tərəfdən təhdid edə bilər. Birinci təhlükə cənubdan İngiltərə tərəfdəndir. Əgər Ənzəli və Rəşt şah hökumətinə verilsə, indi İranda yeganə real hakimiyyət İngiltərədədir. Belə vəziyyətdə İngiltərə Xəzər dənizinə bir neçə sualtı qayıq buraxa, bizim su nəqliyyatımızı poza bilər. Əgər o, qoşunlarını bir qədər də şimala doğru gətirərsə, onda Bakının müdafiəsi üçün xeyli qüvvə lazım olacaqdır. Belə təhlükəni aradan qaldırmaq üçün ingilislər İrandan çıxana qədər Ənzəli və Rəştdə müvəqqəti olaraq qalmaq barədə şərt qoymaq lazımdır. İkinci təhlükə Türkiyə tərəfdəndir. Əgər Türkiyə Ermənistanda qalarsa, onda Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək, erməni sovet pazını Türkiyə və Azərbaycanın arasına vurmaq lazımdır. Üçüncü təhlükə Gürcüstan tərəfdəndir, yəni Antanta tərəfdəndir. Məsələ ondan ibarətdir ki, Tiflis ilə Yelizavetpol arasında ərazi qərbdən olan hücumların qorunması üçün münasib deyildir. Elə ilk hücum zamanı düşmən Yelizavetpolda ola bilər. Burada o, heç şübhəsiz, burjua Azərbaycan hökuməti qurar, bununla da bizim Azərbaycandakı qoşunlarımızın arxasında qərar tutar. Burjua Gürcüstanı mövcud olduqca bu təhlükə bütün təhlükələrdən daha ciddi təhlükə olacaqdır. Ona görə də biz Gürcüstana qarşı daim ciddi qüvvələr saxlamalı olacağıq. Bu təhlükəni aradan qaldırmaq üçün indi Gürcüstanı sovetləşdirmək və öz qoşunlarımızı Tiflisə doğru hərəkət etdirmək lazımdır. Gürcüstanın sovetləşdirilməsi Şimali Qafqaz əks-inqilabçılarının arxa cəhbəsini əllərindən alar və Şimali Qafqaz donmuş olar”.

Bu sənəd bir daha təsdiq edir ki, Türkiyənin qələbə qazanmasından sonra Azərbaycan ilə ümumi sərhəd qazanacağından, Antanta ölkələrinin Xəzərdən hücuma keçə biləcəyindən və menşevik Gürcüstanının siyasətindən narahat olan bolşevik xadimləri çıxış yolunu Ermənistanın sovetləşdirilməsində, “sovet erməni pazının” Türkiyə və Azərbaycan arasına vurulmasında görürdülər.

Müharibədə daşnak Ermənistan məğlub edildi. Bundan sonra daşnakların hakimiyyətdə qalması mümkün deyildi. Onlar devrildilər. 29 noyabrda Ermənistan sovetləşdirildi.

İosif Stalin yaranmış şəraiti Vladimir Lenin, RSFSR xalq hərbi və dəniz işləri komissarı Lev Trotski və RK(b)P MK Siyasi Bürosunun üzvü Lev Kamenev ilə telefon danışığında müzakirə etdi. O, Türkiyə Böyük Millət Məclisi hökuməti və Daşnak Ermənistanı arasında keçirilən sülh danışıqlarında sovet Rusiyasının vasitəçi olaraq göndərdiyi nümayəndə Polikarp (Budu) Mdivaniyə çatdırmaq üçün Bakıda olan Qriqori (Serqo) Orconikidzeyə göndərdiyi 30 noyabr tarixli teleqramında yazmışdı ki, türklərdən Aleksandropolun Ermənistanda qalmasına dair təminat almasını, eyni zamanda Türkiyə və Ermənistan arasında sülh danışıqlarında sovet Rusiyasının vasitəçilik etməsini istəyir. O, Polikarp (Budu) Mdivaniyə teleqramında yazmışdı: “Sovetləşdiriləcək Aleksandropolun Ermənistan üçün olması barədə kamalçılardan təminat almaq lazımdır. Əgər sülh danışıqlarında bizim vasitəçilik səylərimizdən imtina olunacaqsa, onda kamalçılara xatırlatmaq lazımdır ki, Zəngəzur və Naxçıvan qəzaları erməni-türk konfransının predmeti ola bilməz. Belə ki, bu qəzalar Rusiya ilə ittifaqda olan ermənilərlə Azərbaycan arasında mübahisəlidir”.

Bu fəaliyyəti ilə paralel olaraq mərkəzi sovet hakimiyyəti Azərbaycana da təzyiqlərini artırdı. Ermənistan sovetləşdirildikdən bir gün sonra, noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistan ilə əlaqələrə dair məsələ müzakirə edildi. Aşağıdakı qərarlar qəbul olundu: “Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir; Zəngəzur... Ermənistana keçir;...sovet Azərbaycanı sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı qurur (o cümlədən neft haqqında qeyd etmək); bu qətnaməni tərtib etmək Nərimanova tapşırılsın”.

Belə bir qərar erməni xadimləri tərəfindən sevinclə qarşılandı. Qriqori (Serqo) Orconikidze ilə 30 noyabr tarixindəki telefon danışığında RK(b)P Qafqaz Diyar Komitəsinin katibi Amayak Nazaretyan demişdi: “Əhsən azərbaycanlılar, mən sabahdan mətbuatda ucadan danışmağa başlayacağam”.

Müstəqil olmayan və RK(b)P MK-dan asılı olan Azərbaycan K(b)P MK Siyasi və Təşkilat Bürosunun qərarını yerinə yetirən Nəriman Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzurun Ermənistana verildiyini aşağıdakı kimi ifadə etdi: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın - kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... ərazisi sovet Ermənistanının bölünməz hissəsidir;… Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır”.

Ermənistanda sovet hakimiyyətinin qurulmasının sevinclə qarşılandığı bu toplantıda Nəriman Nərimanovun, əslində, tarixi gerçəkliyə zidd və səhv olan bu bəyanatı “tarixi bəyanat” kimi bəyənildi. Bununla da tarixi Azərbaycan torpağının Ermənistana verilməsi Nəriman Nərimanovun bəyanatı ilə elan edildi. Sovet hakimiyyətinin qurulması münasibətilə Ermənistana göndərdikləri təbrik teleqramında hökumətin başçısı Nəriman Nərimanov və xalq xarici işlər komissarı Mirzədavud Hüseynov həmin mövqeyi bir daha təkrar etdilər. Azərbaycan orduları Zəngəzurdan çıxarıldı.

Təzyiqlər qarşısında bu səhv addımı atarkən Nəriman Nərimanovun əsaslandığı dəlillər aşağıdakılardan ibarət idi: sovet Azərbaycanı Ermənistanı səfalət və dağılmaq həddinə gətirmiş daşnak hökumətinə qarşı erməni xalqının qəhrəmanlıq səylərini dərin sevinc hissi ilə qarşılayırdı; daşnakların hakimiyyəti illəri qanlı toqquşmalar, azərbaycanlıların və ermənilərin qanı axan milli qırğınlar dövrü olmuşdu; daşnaklar Antantanın əlində kor silaha çevrilmişdilər; imperialist qüvvələri Zəngəzur və digər ərazi məsələləri yaradaraq onu başqa xalqa qarşı təhrik etmişdilər; bu ərazi mübahisələri daşnaklar və müsavatçılar tərəfindən həll edilməmişdi; yüzlərlə dağıdılmış kənd, öz evlərindən didərgin düşmüş və aclığa düçar olmuş on və yüz minlərlə adam son illərin canlı şahidləri idi.

Sovet Azərbaycanı daşnak hökmranlığına qarşı Ermənistan və Zəngəzur hüdudlarında mübarizə aparan zəhmətkeş erməni xalqına güzəştə gedərək bidirirdi: “Bundan sonra heç bir ərazi məsələsi ikiəsrlik qonşu olan azərbaycanlı və erməni xalqları arasında qarşılıqlı qan tökülməsinə səbəb ola bilməz”.

Gətirdiyi dəlillərdə Nəriman Nərimanov “ikiəsrlik qonşu müsəlman və erməni xalqları” ifadələrini işlətməklə, əslində ermənilərin Cənubi Qafqaza gəlmə tarixinin təqribən 200 il olduğuna işarə edirdi.

Bəyanatın verilməsinin səhərisi günü - dekabrın 2-də Qriqori (Serqo) Orconikidze Bakıdan Vladimir Leninə və İosif Stalinə göndərdiyi məlumatında bildirirdi: “Azərbaycan dünən... Zəngəzurun...Ermənistanın xeyrinə verilməsini (saxlanılması deyil, sənəddə “verilməsi” yazılmışdır - M.Q.) bəyan etmişdir”.

Qriqori (Serqo) Orconikdzenin göndərdiyi məlumata əsasən, İosif Stalin Ermənistanın sovetləşdirilməsi münasibətilə “Pravda” qəzetinin 4 dekabr tarixli sayında dərc etdirdiyi təbrik məktubunda yazırdı: “Dekabrın 1-də Azərbaycan mübahisəli əyalətlərdən könüllü şəkildə imtina edir və Zəngəzurun ...sovet Ermənistanına verildiyini bəyan edir”.

Zəngəzurun Ermənistana verilməsinə dair Nəriman Nərimanovun bəyanatına ermənilərə məxsus bəzi mətbuat orqanlarının münasibəti bir çox mətləbləri üzə çıxarır. Belə ki, daşnakların “Aşxatavor” (“Zəhmətkeş”) qəzeti bəyanatın verilməsinə dair əmrin Moskvadan gəldiyini iddia edirdi. Sovet mətbuat bürosunun müdiri Yerofeev dekabrın 10-da Georgi Çiçerinə həmin qəzetdə dərc edilmiş bir yazı haqqında məlumat göndərdi. Qəzet yazırdı: “Moskvadan göndərilən əmrə uyğun olaraq Azərbaycanın Zəngəzurdan... imtina etməsini biz alqışlayırıq. Lakin Rusiya Zəngəzuru... verməklə Ermənistanın ... könlünü xoş etmək istəyir. Ermənistanın vətəndaşları Ermənistanın Rusiyanın bir əyalətinə çevrilməsinə razı olmayacaqlar. Ermənistanın müstəqil sərhədləri olmalıdır”.

“Aşxatavor” qəzeti daha sonra yazırdı: “Zəngəzurdan... imtina edən Azərbaycan gücsüz Ermənistana kömək etmək istəyir. Azərbaycanın seçdiyi yol iki xalqın dinc yaşamasının fundamentinə xidmət edir”.

Azərbaycan hökumət başçısının təzyiqlər qarşısında atdığı bu səhv addım tarixi gerçəkliyi əks etdirmirdi. Azərbaycanlılara məxsus Zəngəzurun heç bir tarixi-coğrafi, etnik-mədəni əsas olmadan, xalqın iradəsi nəzərə alınmadan, mərkəzin təzyiqi altında gəlmə bir xalqa verilməsi Azərbaycana böyük ziyan vuran tarixi və siyasi səhv idi. Həm də ən ağrılısı o idi ki, düşünülmüş plan sanki Azərbaycanın təklifi olmuşdu.

 

Gümrü (Aleksandropol) sülh müqaviləsi

 

Müharibədə Kazım Qarabəkir Paşa və Xəlil Paşanın başçılığı ilə türk orduları Daşnak Ermənistanını əzdi. Türklər Gümrünü tutduqdan sonra danışıqlar başladı.

Artıq qeyd edildiyi kimi, Rusiya danışıqlara səlahiyyətli nümayəndə olaraq Polikarp (Budu) Mdivanini yollamışdı. Lakin türklər formallığı əsas gətirərək danışıqlarda vasitəçi kimi Gümrüyə gələn Polikarp (Budu) Mdivanini gecikdiyi üçün qəbul etmədilər. Danışıqlar vasitəçisiz başladı. Yəni türklər sovet Rusiyasının təkidlə istədiyi vasitəçilik təklifini qəbul etmədilər.

Dekabrın 2-də daşnak hökumətinin baş naziri Ovanes Kaçaznuninin yazdığı kimi “...fiziki məhv olmaq təhlükəsi altında Aleksandropol sülh müqaviləsini imzalamağa məcbur etdi”.

Müqaviləni Türkiyə hökuməti tərəfindən Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşa, Ərzurumun qubernatoru Həmid bəy, Ərzurumun deputatı Süleyman Nicati bəy, Ermənistan tərəfindən Aleksandr Xatisyan, keçmiş maliyyə naziri Gülxanyan, daxili işlər naziri vəzifəsini icra edən Stepan Hurhanyan imzaladılar. Müqaviləyə görə, tərəflər aralarında mövcud olan müharibəni bitmiş hesab edirdilər və daimi sülh üçün danışıqlara başlayırdılar; Türkiyə-Ermənistan sərhədi dəqiqləşdirilirdi.

Sərhəd Aşağı Qarasu çayının mənsəbindən başlayaraq Araz çayı-Arpaçaydan Keqaçanın şimal hissəsinə - Qaraxan dərəsinə-şərqi Tibinginsə - böyük şərqi Kilimliyə- Böyük Ağbaba dağlarına uzanırdı. Müqavilə imzalandıqdan sonra ortaq komissiya sərhədi qəti olaraq yerlərdə müəyyənləşdirməli idi; Kükü dağ xəttindən cənuba 10282-8022- Qamasurdağ 8160- Qurdqulağ kəndi - Soğandağ 2868-3080 Arpaçayda - Hünərim dağ 6930 - Saraybulaq 8071 - Ararat stansiyası - Araz çayı, Aşağı Qarasunun mənsəbi, Naxçıvan, Şahataxtı və Şərur rayonlarında müvəqqəti olaraq Türkiyənin himayəsində yerli özünüidarə təşkil edilir, buraya Ermənistanın iddia etmək hüququ yox idi, bu idarə üsulu və sərhədləri müəyyənləşdirən plebisistin nəticələrinə qədər davam edirdi; 2-ci maddədə göstərilən və keçmiş türk sərhədindəki, bu müqavilə ilə Türkiyəyə keçən yerlərdə onunla tarixi, irqi və hüquqi əlaqələr inkar edilə bilməzdi, müqavilə imzalandığı andan 3 il müddətinə əhaliyə qayıtmaq imkanı verilirdi, İrəvan Respublikasının arzusu ilə TBMM hökuməti bu vilayətlərin hüquqi vəziyyətini müəyyənləşdirmək üçün plebisistə razılıq verirdi; imperialist dövlətlərinin ictimai sakitliyi pozmaq üçün törətdikləri qızışdırıcı hərəkətlərin qarşısını almaq üçün İrəvan Respublikasına daxili qayda-qanunu qorumaq üçün yüngül silahlanmış polis, dövlət sərhədini qorumaq üçün 20 pulemyot, 8 dağ və ya səhra silahı ilə silahlanmış 1500 nəfərlik muzdlu hərbi qüvvə saxlamağa icazə verilirdi; Ermənistan heç bir ordu saxlamayacağı təəhhüdünü öz üzərinə götürürdü və hərbi mükəlləfiyyət keçirə bilməzdi; yuxarıda göstərilənlərə nəzarət etmək üçün Türkiyənin siyasi nümayəndəsi İrəvanda yaşamalı idi; bunun müqabilində daxili və xarici təhlükəyə qarşı mübarizədə İrəvan Respublikası tələb edərdisə, TBMM hökuməti öhdəlik kimi ona silahlı yardım göstərməyi öz üzərinə götürürdü; Ermənistan ərazisindən Türkiyə üçün təhlükə olardısa, o, Ermənistana qoşun yeridə bilərdi; tərəflər mədəni ölkələrdə olduğu kimi, azlıqların bütün haqlarından istifadə etmələri, insanların öz doğma yerlərinə qayıtmaları barədə öhdəlik götürürdülər; bu, müharibə dövründə düşmən tərəfə keçən qaçqınlara aid edilmirdi; bu müqavilə təsdiq edilib qüvvəyə mindikdən sonrakı bir il müddətində qayıtmayan qaçqınlara aid edilmirdi və onların əmlaklarına aid olan məsələlərə baxılmırdı; Ermənistan hökuməti öz ərazisində yaşayan müsəlman əhalinin mədəni və dini inkişafı üçün şərait yaratmalı idi; TBMM hökumətinin məcbur olub müharibə etdiyindən və iki illik müharibədə ordusunun saxlanılmasına böyük xərc çəkdiyindən Ermənistandan təzminat tələb etməyə haqqı olsa da, humanizm prinsiplərinə hörmət edərək bundan imtina edirdi və s.

Müqavilə tərəflərin hökumətləri tərəfindən təsdiq edilməli idi. Lakin daşnaklar hakimiyyətdən getdikləri üçün o, təsdiq edilmədi.

Daşnakların məğlub edilməsi həm Rusiyada, həm də Türkiyədə yaxşı qarşılandı. Türkiyənin Daşnak Ermənistanını məğlub etməsi Antanta ölkələrinin planlarını pozdu. Kamalçıların arxasında düşmən olan daşnaklar artıq yox idi. Türkiyə əsas qüvvələrini Antanta ölkələrinə qarşı yönəltdi.

Sovet Rusiyası Türkiyə ilə Ermənistan üstündə müharibəyə girmədi. Bunun da bir sıra səbəbləri var idi. İlk növbədə ona görə ki, bolşevik Rusiyasının bu müharibəyə Ermənistan tərəfindən qoşulmaq üçün gücü yetmirdi. İkincisi, Antanta ölkələrinin müdafiə etdiyi daşnak Ermənistanının mövcudluğu Rusiyanın maraqlarına uyğun deyildi. Digər tərəfdən, Rusiya cənub sərhədlərində olan Türkiyə üzərində Antanta ölkələrinin qələbə qazanmasını maraqlarına təhdid və öz ərzilərinə yaxınlaşmaqda təhlükə olaraq görürdü. Türkiyənin qalib gələcəyi təqdirdə ərazisi Rusiyaya qarşı intriqalar ocağı və təcavüz meydanı olmayacaqdı. Buna görə də Rusiya Türkiyənin Antanta ölkələri qarşısında güclü və müstəqil olmasında maraqlı idi.

 

Türkiyənin rahatsızlığı

 

Bolşevik Rusiyasının Azərbaycan torpaqlarını Ermənistana verməsi xəbərləri Türkiyədə narahatlıqla qarşılandı. Türkiyə Böyük Millət Məclisi hökumətinin xarici işlər komissarı (o zaman Türkiyədə nazirlərə komissarlar deyirdilər - M.Q.) Əhməd Muxtar Georgi Çiçerinə göndərdiyi 15 dekabr tarixli teleqramında Ermənistan sovetləşdirildikdən sonra Rusiyanın İrəvana münasibətinin necə olmasına dair sual verərək yazırdı ki, türk-erməni sülhü zorakı deyil, millətlərin öz müqəddəratını təyinetmə hüququ əsasında bağlanıb, Türkiyə daşnakların qəddarlıqla hədələdikləri türk əhalisinin yaşadığı əraziləri ilhaq etmək niyyətinə düşməyib.

O, birmənalı olaraq vurğulayırdı: “Bizə gəlib çatan şayiələrə görə, erməni hökuməti dəyişdikdən sonra bizim müqaviləmizə yenidən baxmaq, türklərin yaşadıqları əraziləri Ermənistana vermək istəyirsiniz. Məsələnin belə həlli onların tamamilə məhvinə gətirib çıxara bilər”.

Azərbaycan torpaqlarının sovet Ermənistanına verilməsinə dair Əhməd Muxtarın teleqramında yazılanlar, əslində, tamamilə doğru xəbərlər idi. Türklərin şübhələnməsi səbəbsiz deyildi. Həmin şübhələr bolşevik Rusiyasının “erməni məsələsi”ndən istifadə etməsi, Azərbaycanın Zəngəzur və digər torpaqlarının Ermənistana verilməsi haqqında İrəvandakı sovet nümayəndələrinin elan verməsi, daşnak ordusunun saxlanılması, Türkiyədən ərazilər tələb etməsi və s. ilə bağlı idi. Məsələyə dair Polikarp (budu) Mdivani Qarsdan Georgi Çiçerinə, İosif Stalinə və RK(b)P MK Qafqaz Bürosunun və Gürcüstan Hərbi İnqilab Komitəsinin üzvü Şalva Eliavaya 1921-ci il yanvarın 8-də göndərdiyi 275 №-li tamamilə məxfi te-leqramında yazırdı:

“Türklər... hələ tərəddüd edirlər, bizə inansınlar, yoxsa yox, əmin deyillər, Rusiya Türkiyədən öz maraqları üçün istifadə etmək istəmirmi? Bu baxımdan bizi hər addımda, təkliflərimizi, xüsusən “erməni məsələsi”nə bizim münasibəti öyrənirlər. Bizim bu məsələdə davranışımız türkləri çaşdırır və onlarda belə bir inam yaradır ki, biz Türkiyənin deyil, yalnız Ermənistanın maraqlarına qayğı göstəririk və hətta Türkiyədən Ermənistanın xeyrinə istifadə etmək istəyirik. Aşağıdakı amillər türklərdə şübhələr yaradır: bizim İrəvandakı nümayəndələrimizin Rusiyanın adından... Zəngəzurun... Ermənistan hüdudlarına qatılması barədə elanlar verməsi, həm də bunun Azərbaycan tərəfindən qəbul edilməsi, həmçinin bizim təsirimiz kimi qəbul edilir; Türkiyənin həqiqi düşmənləri olan daşnaklara bizim xeyli ehtiyatlı münasibətimiz, belə ki, onların bir hissəsi sülh nümayəndə heyəti kimi tam təminat ilə Rusiyanın mühafizəsi altına götürülmüşdür; Lavrov təyin edilməklə erməni ordusunun saxlanılması (?); Ermənistan üçün Van, Bitlis və Muşun tələb edilməsi”.

 

(Ardı var)

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,  AMEA-nın müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video