23:45 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

1. Suya qənaət həyatın qarşımıza qoyduğu vacib tələbdir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:24 16.04.2021

 

Bu bir həqiqətdir ki, uzun illər Qarabağ münaqişəsi  hökm sürməsəydi, ölkəmiz bundan qat-qat çox inkişaf edərdi. Torpaqlarımızın 20 faizinin  işğal altında qalması ölkəmiz üçün bir çox siyasi, iqtisadi və sosial maneələr yaratmışdı. Onlardan biri də düşmənin Azərbaycanın böyük həcmdə su ehtiyatlarına nəzarət etməsi idi.

Vətən müharibəsində qazandığımız zəfər isə bu gün su mənbələrimizdən və torpaqlarımızdan  səmərəli istifadə etməyə imkan yaradır. Prezident İlham Əliyev bu barədə Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edərkən demişdir: “Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil etmişdir... Bununla paralel olaraq, azad edilmiş torpaqlarımızda bizim böyük çay resurslarımız var. Biz bundan da məhrum idik”.

Bildiyimiz kimi, hazırda dünyada su təhlükəsizliyi problemi mövcuddur və bu, bütün ölkələri narahat edir. Elə bu səbəbdən ölkəmizdə də su təhlükəsizliyinin təminatına xüsusi diqqət yetirilir və vaxtında lazımi tədbirlər görülür. Məsələn, dövlət başçısının qərarı ilə  Taxtakörpü su anbarı tikilməsəydi, indi Bakı şəhəri su çatışmazlığından əziyyət çəkərdi. Çünki iqlim dəyişikliyi, xüsusilə son dövrlər baş verən quraqlıqlar nəticəsində paytaxtı su ilə təmin edən əsas mənbədə - Ceyranbatan su anbarında suyun səviyyəsi ildən-ilə aşağı düşürdü. Vaxtında görülən  tədbir sayəsində indi  Bakını  bu  sarıdan  heç bir təhlükə gözləmir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda su təhlükəsizliyinin təmin edilməsinə daim diqqətlə yanaşılır. Məhz dövlət başçısının təşəbbüsü ilə Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilib, bir neçə orta və kiçik su anbarları istismara verilib, həmin anbarlarda yığılan suyun əkin sahələrinə çatdırılması üçün min kilometrlərlə su kanalları və kollektor-drenaj şəbəkəsi istifadəyə verilib. Bunların sayəsində 25 rayonda 100 min hektar sahənin suvarılması təmin edilib.

Onu da qeyd edək ki, ölkədə həyata keçirilən meliorasiya  tədbirləri nəticəsində hazırda 1 milyon 376 min hektar sahədə suvarma suyundan istifadə olunur. Bu da 136 min hektar pambıq, 518 min hektar taxıl, 3 min hektara yaxın tütün, 410 min hektar yem bitkiləri, 65 min hektar bostan-tərəvəz və digər bitkilərin orta hesabla 2,5 dəfə suvarılması deməkdir.

Bununla belə, ölkəmizdə sudan səmərəli istifadənin vəziyyəti hələ də qənaətbəxş deyil. Dövlət başçısı bu barədə demişdir: “Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir”. Bu fikirdən də aydın görünür ki, bizdə insan faktorundan qaynaqlanan su itkilərinin həcmi hələ də yüksəkdir.

Başqa bir neqativ hal isə suyun bölüşdürülməsindəki ədalətsizlikdir. Bu işdə mərkəzi və yerli icra orqanları məsuliyyətsizliyə yol verir, bəzi sahibkarlar bundan istifadə edərək digərlərinin sudan istifadəsinə imkan yaratmır. Üstəlik, su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılır ki, bu da fermerlərin sudan səmərəli istifadəsini məhdudlaşdırır.

Dövlət başçısının ölkəmizin su təhlükəsizliyinə xüsusi əhəmiyyət verməsi səbəbsiz deyil. Azərbaycan su ehtiyatları məhdud olan ölkələrdəndir. Doğrudur, ölkədə Xəzər dənizi hövzəsinə daxil olan 8350 çay var. Lakin onların çoxunun uzunluğu 10 kilometrdən azdır. Cənubi Qafqazın, o cümlədən Azərbaycanın əsas su arteriyası Kür çayıdır. Böyüklüyünə və sululuğuna görə ölkənin ikinci çayı isə Arazdır.  Daxili çaylarımıza gəldikdə ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanan həmin çayların axınının əsas hissəsi yaz dövründə yağışlardan və qarın əriməsindən qaynaqlanır. Belə çayların əksəriyyəti daşqın və sel sularından əmələ gəldiyi üçün onlardan səmərəli istifadə etmək mümkün olmur və bu sular dənizə axır. İlin isti aylarında isə kiçik çayların bir çoxunun suyu quruyur.

Bunlardan əlavə, arid zonada yerləşdiyi üçün Azərbaycanın su ehtiyatları olduqca məhduddur. Konkretləşdirsək, yerüstü su ehtiyatlarımız 32,2 milyard kubmetrdir ki, quraqlıq illərində bu, 22,6 milyard kubmetrə qədər azalır. Yeraltı su ehtiyatları isə 5,2 milyard kubmetrdir. Onu da qeyd edək ki, Azərbaycanın yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı son məlumata görə, Azərbaycanın yerli səth su ehtiyatları 1960-1990-cı illərdə 10 kubkilometrə yaxın idisə, bu rəqəm son illər  azalaraq 9 kubkilometrə düşüb. İçməli su tələbatını, eyni zamanda suvarma və digər sahələrdə sudan istifadəni təmin etmək üçün Azərbaycan yerli çaylarla yanaşı, transsərhəd çaylar olan Kür, Araz, Qanıx, Samur, Astara və s. çayların su ehtiyatlarından istifadə edir. İl ərzində orta hesabla götürülən suyun miqdarı 12,5 kubkilometrdir və gələcəkdə əhalinin sayının və suvarılan ərazinin artması ilə bağlı  bu rəqəm daha yüksək ola bilər. Son illər iqlim dəyişmələrinin təsiri və qonşu dövlətlər tərəfindən istifadə nəticəsində transsərhəd çaylarının su ehtiyatları da azalıb. 1960-1990-cı illərlə müqayisədə son zamanlar Kür, Qanıx və Araz çaylarının su ehtiyatları azalır və nəticədə ölkəmizin ərazisinə bu çaylarla ildə cəmi 12-15 kubkilometr su daxil olur.

Məlumdur ki, XX əsr elm və texnikanın inkişafına görə dünyanın qızıl dövrü adlandırılır. Təəssüf ki, həmin inkişafdan istifadə edən insanlar təbiəti həddindən çox istismara məruz qoyublar. Ümumiyyətlə, təbiətə vurulan zərbə indi müxtəlif formalarda qayıdıb insanların özlərinə dəyir. Alimlər sübut ediblər ki, iqlim dəyişikliyi, daha doğrusu, qlobal istiləşmə insan fəaliyyətinin nəticəsidir və bu gün biz onun bədəlini yaşayırıq.

Və belə bədəllərdən biri yox, bəlkə də birincisi su çatışmazlığıdır. İndinin özündə bu, bəşəriyyət üçün böyük bəlaya çevrilib. Qarşıdakı illərdə isə su qıtlığı  daha böyük faciələrə səbəb olacaq. BMT-nin son araşdırmalarına görə, 30 ildən sonra dünya əhalisinin yarısı susuz qalacaq. Yəni  2050-ci ilədək dünyada 3,5-4,4 milyard insan içməli su çatışmazlığı problemindən əziyyət çəkəcək. Həmin hesabatda o da  qeyd edilir ki, içməli su çatışmazlığından əziyyət çəkəcək insanların 1 milyardı böyük şəhərlərdə yaşayanlar olacaq. Bu günün özündə dünyada 2 milyarddan çox adam içməli su çatışmazlığından əziyyət çəkir və ya ümumiyyətlə, içməli su ehtiyatlarından məhrumdur. Məsələn, Efiopiyada bu cür insanların sayı 61 milyondur. Hindistanda isə 163 milyondan çox adam içməli su nədir, bilmir. Hesabatda həmçinin bildirilir ki, yaxın onilliklər ərzində enerji sektoru tərəfindən su ehtiyatlarından istifadə də xeyli artacaq.

Belə olan halda içməli suyun dünyada bahalı əmtəəyə çevrilməsi təbiidir. Hazırda Avropanın inkişaf etmiş Almaniya, Niderland, Danimarka kimi ölkələri İsveçdən içməli suyu satın alır. Uzaq Şərqdə də vəziyyət ürəkaçan deyil. Belə ki, Yaponiyanın mağazalarında Norveçdən gətirilən su satılır. 4 milyon nəfər əhalisi olan Honkonq isə əhalini su ilə Çindən çəkilən kəmər vasitəsilə təmin edir. Səudiyyə Ərəbistanı da Filippindən, Sinqapur Malayziyadan tankerlərlə içməli su daşıyır.

Ən acınacaqlısı isə odur ki, şirin su ehtiyatları ümumi su ehtiyatlarının 2,5 faizini təşkil edir və bunun da istifadəyə yararlılıq dərəcəsi 0,3 faizdir. BMT-nin su resurslarının qiymətləndirilməsi üzrə ümumdünya proqramının məlumatına görə, 2010-cu ildə dünyada şirin su qıtlığı artaraq 225-230 milyard kubmetr olub, 2025-ci ildə isə bu rəqəmin 6-9 dəfə artaraq 1,3-2 trilyon kubmetrə çatmaq ehtimalı var.

Bunlar da hələ hamısı deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni  hər 17 saniyədə bir uşaq həyatını itirir. Belə hal təkcə inkişafdan geri qalan ölkələrə aid deyil. İnkişaf etmiş ölkələrdə də xəstəliklərin 80 faizi içməli suyun keyfiyyəti ilə bağlıdır. Bu ölkələrdə hər il 3 milyon insan suyun keyfiyyətsizliyi ilə bağlı yaranan xəstəliklərdən dünyasını dəyişir. Dünyada ümumilikdə 500 milyondan artıq insan içməli su ehtiyacından müxtəlif xəstəliklərə düçar olur. Məlumdur ki, bəşəriyyətin içindən keçən iki dünya müharibəsinin başlanmasının əsas səbəbi ərazi iddiaları olub. İndi dünya alimləri belə qənaətə gəliblər ki, üçüncü dünya müharibəsi içməli su ehtiyatlarının əldə edilməsi uğrunda başlaya bilər. Bu isə təsadüfi deyil. Tarixdən duz, mis, kömür, qızıl, almaz, uran, neft, qaz və digər sərvətlər uğrunda müharibələrin baş verdiyi məlumdur. İndinin özündə Suriya, İraq, Liviya və Yaxın Şərqdə neftlə zəngin digər ölkələrdə tökülən qanların səbəbi “qara qızıl”dır.

Bu gün isə dünyanın ən qlobal problemi su ilə, xüsusilə içməli su mənbələri ilə bağlıdır. Artıq Orta Asiyada, Yaxın Şərqdə su ehtiyatları üzündən bir sıra dövlətlər arasında açıq və ya gizli “müharibə”lər gedir. Su çatışmazlığı daha kəskin xarakter aldıqda belə müharibələrin açıq və şiddətli olması şübhə doğurmur. Çünki susuz həyat yoxdur. Həyat uğrunda müharibə və ya mübarizə aparmaq isə təbiidir.

Yeri gəlmişkən, məlumdur ki, dünyada ən çox şirin su ehtiyatı Rusiya ərazisindəki Baykal gölündədir. Bir çox Amerika siyasətçiləri Rusiyanın bu sərvətə təkbaşına sahib olmağını düzgün hesab etmirlər və bu səbəbdən Baykalın su ehtiyatından bəşəriyyətin bərabər istifadə etməsi fikrini irəli sürürlər. Sözsüz ki, belə təkliflər Rusiya tərəfindən birmənalı qarşılanmır. Bu ölkə nəyə sahib olduğunu çox yaxşı bilir: gələcəkdə dünya demək olar ki, Baykalın ümidinə qalacaq. Elə buna görə də amerikalı siyasətçilər indidən Rusiyaya qısqanclıqla yanaşırlar.

Hər damlasında həyat olan suyun qədrini bilməliyik, ondan maksimum qənaətlə istifadə etməliyik. Bu səbəbdən ölkəmizdə su təhlükəsizliyinin təminatı sayəsində görülən mühüm işlərə vətəndaş dəstəyi verməliyik. Vətəndaş dəstəyi isə ilk növbədə sudan qənaətlə istifadə etməkdir. Bu, həyatın bəlkə də qarşımıza qoyduğu ən vacib tələbdir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM