15:38 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

1 dəqiqəlik sükutun əbədi minnətdarlığı

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:10 29.09.2021

 

Hər kəs sükuta dalıb...

Hər yer ecazkar səssizliyə bürünüb...

Susmuşuq, əllərimiz qəlbimizin üstündə, gözlərimiz göylərdə bir dəqiqəlik əbədiyyətə, sonsuzluğa yol almışıq...

Bu İlahi səssizliyin müqəddəs fonunda Vətən fədailərinin ölməz ruhları qarşısında səcdəyə durmuşuq...

Bu əbədi ehtiram məqamında ana torpağı canından çox sevən ərənlərin uca ruhu qarşısında baş əymişik...

Bu bir dəqiqəlik sükut hayqırıb, səssizlik danışıb o uca qəhrəmanların şanlı həyat hekayələrini bizə...

Qulaqlarımıza haradansa top-tüfəng səsi gəlib, bomba partlayışları eşitmişik. Çox keçmədən bu dəhşətli səsləri zəfər nəğməsi oxuyan oğulların nərələri üstələyib. Üçrəngli bayraq əllərində mərd igidlər ötüb keçib gözlərimizin önündən, hünərli oğullar od saçıb baxışlarıyla qəlbimizə. Gülə-gülə qəhrəman döyüşçülər yollanıb səngərlərə, düşmənə dağ çəkməyə, mənfura qan uddurmağa...

Göylərdə qəzəblənmiş şimşəyə, yerlərdə od saçan alova, dağlarda coşan sellərə, sıldırımlarda məğrur qartallara çevrilib yürüyüblər düşmən üzərinə. Bir andaca hünər, döyüş meydanını “Torpağına, bayrağına canım qurban, Azərbaycan” hayqırtıları bürüyüb. Mərd oğullar “dəmir yumruğ”a çevrilib yağının başını əzərək qarış-qarış, addım-addım Vətən torpaqlarını azad edib, doğma nəfəsləri, həniriləri ilə yurdlarımıza can veriblər. Ana Vətənə canlarıyla sipər çəkib, qanlarıyla suvarıblar susuzluqdan can verən yaralı torpaqlarımızı...

Bütün el-obamıza illərdir həsrətində, arzusunda olduğu sevinci yaşadıb, bu torpaq uğrunda canından keçən şəhidlərimizin, Xocalıda soyqırıma məruz qalan məsumlarımızın, düşmən əsirliyində zülm, işgəncə görən soydaşlarımızın qisasını almaq kimi müqəddəs bir missiyanı şərəflə yerinə yetiriblər...

Haqq uğrunda şəhadət şərbəti içib, İlahi ədalət naminə son damla qanlarına qədər savaşıblar...

Cavan, gənc yaşlarında Tanrıdan verilmiş ömür paylarını bir an belə tərəddüd etmədən bütöv Azərbaycanın xoşbəxtliyinə, Azərbaycan xalqının bəxtəvərliyinə bağışlayıblar...

Vətənə məhəbbətin zirvəsinə, şəhidlik mərtəbəsinə yüksəliblər...

Əbədiyyətdə yolculuğa çıxıblar, sonsuzluğa yol alıblar...

Dağlarda vüqarlı heykəllərə, çağlayan bulaqlarda ilıq hənirə, zirvələrdə dalğalanan məğrur bayraqlara, əsən küləklərə qoşulub Zəfər nəğmələri pıçıldayıblar qulaqlarımıza. Vətənin bağrında bitən al-əlvan gül-çiçəyin ətrinə, yamyaşıl otların rayihəsinə dönərək könlümüzə, ruhumuza hopublar...

Bütöv Azərbaycan uğrunda canlarını fəda edən müqəddəs şəhidlər, ömürboyu sizə minnətdar olacağıq. Bu şanlı Qələbəni, Zəfər sevincini, qalibiyyət coşqusunu bizə yaşatdığınız üçün sizlərə əbədi duaçı olacağıq...

Ey kiçik ürəklərə dağ boyda Vətən sığdıranlar, daim Vətəni sizinlə, sizi Vətənlə qoşa anacağıq...

Bu əbədiyyətin özü qədər sonsuz olan “an”lar hər birimizin ürəyinə qürur, fəxarət, şərəf  “an”ları kimi həkk olunacaq...

Uyuduğunuz məzarlıqlar, ölkəmizin bütün bölgələrində olan Şəhidlər xiyabanları ən xoş günlərimizdə, ən nisgilli zamanlarımızda üz tutduğumuz müqəddəs məkanlardır. Sevincimizi paylaşmaq, kədərimizi bölüşmək üçün sizinlə görüşə tələsirik. Fotolardan boylanan gülümsər simanıza baxırıq, istər-istəməz bizim də çöhrəmizə gülüş qonur...

Danışmırıq, eləcə susub baxışlarımızla ünsiyyət qurub, ruhumuzla dinləyirik bir-birimizi...

Sən ucasan şəhid, insanlığın ən yüksək, ən ali zirvəsinə, şəhadət məqamına yüksəldiyin üçün...

Sən əbədiyaşarsan şəhid, canını bu Vətən uğrunda düşünmədən fəda etdiyin, öz həyatını xalqının xoşbəxtliyi üçün qurban verdiyin üçün...

Öz qanınla torpağı müqəddəsləşdirdiyin, torpağı Vətən etdiyin üçün...

Ulu ruhlu şəhidlər, uca şəhadətinizi ehtiramla anır, əziz xatirəniz qarşısında baş əyirik...

Əbədi ehtiram sükutumuzu qəbul edin...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan” 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM