08 Sentyabr 2022 00:45
1482
SİYASƏT
A- A+

Zəfərin Ağalı ünvanı 

 

Növbəti el köçü yurda dönür

 

Bu köçün yolunu çoxdan gözləyirdi vətən...
Ana vətənə yollanmağın çoxdan həsrətindəydi bu el...
Ta 30 ilin o üzündən yola çıxan həsrətyüklü bu köç, nəhayət ki, sevinclə doğma torpağına dönür.
Bir zamanlar qurulu evlərindən, bütün yaşamlarından çar-naçar əl çəkərək, yurd-yuvalarını tərk etməyə məcbur qalan vətəndaşlarımız sevinc gözyaşları içərisində dədə-baba yurdlarına qayıdırlar.  
Vətəndə qəribçilik çəkən bu nisgilli insanlar könüllərində yaşatdıqları qayıdış ümidinin gerçəkləşmə məqamının xoşbəxtliyini yaşayırlar. 
Haqq uğrundakı savaşımızın Zəfəri sayəsində Qarabağa, Şərqi Zəngəzura sarı yol alan Böyük qayıdışın ilk bəxtəvərləri isə Zəngilanın Ağalı kəndinin sakinləridir.  

 

Tariximizin ən möhtəşəm səhifələrindən birini məhz o gün qürurla çevirdik

 

Tariximizin ən möhtəşəm səhifələrindən birini məhz 19 iyul 2022-ci ildə qürurla çevirdik. O gün vaxtilə Ağalıdan zorla didərgin salınan insanlarımız vətənə əbədi yaşamağa döndülər. Zəngilanı, Ağalını yalnız böyüklərin xatirələrindən, solğun fotolardan tanıyıb sevən yeni nəsillərimiz bu torpaqda yaşayıb-yaratmağa, tikib-qurmağa, bu torpağa daha dərin köklərlə sarılaraq düşmənə çəpər olmağa getdilər. 
O gün Azərbaycan xalqı Ağalıya dönən insanların timsalında Vətən həsrətindən qurtulan, "məcburi köçkünlük yükü"ndən azad olan insanların necə böyük sevinc, ilahi hisslər yaşadığının şahidi oldu, onlarla birlikdə qəhərlənib, onlarla birlikdə güldü... 
O gün xalqımızın gözlərindən axan sevinc gözyaşları ağ yollarla, üçrəngli ay-ulduzlu qələbə bayraqlarımızla bəzənmiş qayıdış karvanlarıyla yurdumuza dönən ağalıların arxasınca pak su çilədi... 

 

Yeni həyata atılan ilk addımlar

 

"Böyük qayıdışın birinci kiçik addımı, bax bu gün atılır".
Bizə tarixi torpaqlarımıza qayıdışın tezliklə gerçəkləşəcəyi müjdəsini Prezident İlham Əliyev Müstəqillik günündə verdi. 
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminin keçirilməsi zamanı dövlət başçısı İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşü zamanı söylədi ki, "Bu gün Böyük qayıdış dediyimiz prosesə start verildi". 
Bəli, bu xoş xəbərin üzərindən qısa zaman ötəndən sonra artıq Ağalı sakinlərinin köçkünlük həyatları başa çatdı, birqərinəlik mənəvi məhrumiyyətlərdən sonra ömürlərinin yeni mərhələsinə qədəm qoydular. Bəxtəvər çağlara, firavan həyata qanad açdılar...
İyulun 19-dan etibarən Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi. Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən dördüncü köç karvanı isə iyulun 25-də Ağalıya yola salındı. Daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar. 
Ümumilikdə "ağıllı kənd" konsepsiyasına uyğun olaraq yenidən qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olundu. 
Beləliklə, Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi uğurla başa çatdırıldı.

 

Qayıdışın ikinci mərhələsinə start verildi

 

Ötən gün isə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə start verildi. Məcburi köçkünlərin 12 ailədən (63 nəfər) ibarət növbəti qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyi"ndən Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salındı.
Böyük qayıdışa uyğun olaraq ikinci mərhələdə daha 25 ailənin (125 nəfər) köçürülməsi planlaşdırılır. Digər 13 ailə (62 nəfər) isə sentyabrın 10-da Ağalı kəndinə köçürüləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, Ağalı kəndinə köçürüləcək ailələr Bakı, Sumqayıt və Abşeron rayonlarında qəzalı binalarda, sanatoriyalarda, yataqxanalarda müvəqqəti məskunlaşmış ailələrdir ki, onların da içində Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri var. Həmin ailələr isə mövcud qanunvericiliyə əsasən, püşkatma əsasında ailə tərkibinə uyğun olaraq evlərlə təmin ediliblər.
Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. 
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir.
İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

 

Ağalı kəndinin yeni növrağı 

 

Ağalı kəndi Azərbaycanda ilk "ağıllı kənd" konsepsiyası ilə qurulmuş möhtəşəm məkandır. Pilot olaraq Zəngilanda icra edilməsinə başlanılan layihə əsasında burada  200 evdən ibarət "ağıllı kənd" salınıb. Növbəti mərhələdə kənddə daha 150 mənzilin inşası nəzərdə tutulur. Ağalı kəndində reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri - yəni 5 komponent üzrə aparılıb. İnşa edilən 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. 
"Ağıllı kənd"də müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Eləcə də "ağıllı kənd"də "Gillmed" Tikiş Fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi tikilib.
Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb.
Ağalı əhalisinin məşğulluğunun təmin olunması üçün işlər davam etdirilir.

 

Nəhayət ki, vətəndən doğma hənir gəlir...

 

İki aya yaxındır ki, Ağalı əzəli sakinlərinə qovuşub.
Birqərinəlik ayrılığın ardından ağalılar əbədi yurdlarına dönüblər. 
Hər açılan sabahı, doğan günəşi buradan xoşbəxtcəsinə salamlayırlar, günə sevinclə başlayıb, sevinclə yekun vururlar. 
İndi Ağalıdan top-tüfəng səsi deyil, yenicə pöhrələnmiş ağacların yamyaşıl budaqlarında cəh-cəh vuran quşların, azadlıq nəğməsi oxuyan ruzigarların sədası ucalır, isti yuvasında körpəsinə laylay çalan anaların ünü gəlir... 
Nəhayət ki, vətəndən - Ağalıdan doğma hənir gəlir...

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video