15 Aprel 2022 01:15
1955
SİYASƏT
A- A+

Zəfərdən yeni yüksəlişə

 

İlham Əliyevin iqtisadi inkişaf siyasəti dövlətimizin qarşısında dayanan məqsədləri layiqincə  təmin edir

 

2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin açıqladığı iqtisadi göstəricilər Azərbaycan iqtisadiyyatında yenidən vüsət alan inkişaf proseslərinin növbəti təsdiqi oldu. İlk üç ayda ümumi daxili məhsulda 6,8 faiz, qeyri-neft iqtisadiyyatının 10 faizdən çox, sənaye istehsalı sahəsində 4 faiz artımın olması göstərir ki, Azərbaycan pandemiyanın yaratdığı çətinliklər dövrünü artıq geridə qoyub, həyata keçirilən iqtisadi islahatlar hər hesabat dövründə daha böyük uğurlarla əlamətdar olur.

 

İqtisadi aktivlik sürətlənib

 

Digər istiqamətlərdə də statistik göstəricilər müsbətdir. Belə ki, qeyri-neft sənaye istehsalında 18 faizdən çox  artım var. Azərbaycanın xarici ticarət dövriyyəsi 60 faizdən çox, ixracatı isə təxminən iki dəfə artıb. Təkcə qeyri-neft ixracında 45 faiz artım qeydə alınıb. Respublikamızın xarici dövlət borcu azalıb. Prezident İlham Əliyevin elan etdiyi kimi, keçən ilin aprelində xarici dövlət borcu ÜDM-in 18 faizini təşkil edib, hazırda isə cəmi 12,5 faizdir. Bir il ərzində xarici borcun təqribən 600 milyon dollardan çox aşağı salınması olduqca mühüm iqtisadi hadisədir. Bu ilin əvvəlindən ötən dövr ərzində Azərbaycanın xarici ticarət saldosu cəmi 5.1 milyard dollar təşkil edib. Bu cür uğurlu iqtisadi göstəriciyə hər dövlətdə rast gəlmək mümkün deyil.

Son illərdə qlobal iqtisadiyyatda baş verənlər demək olar ki, bütün dövlətlərin iqtisadiyyatına müxtəlif dərəcədə öz təsirlərini göstərib. Xüsusən koronavirus infeksiyasının yayılması və pandemiyaya çevrilməsi isə demək olar ki, bütün dövlətlərin iqtisadi həyatında hiss olunub. Bunun nəticəsidir ki, son iki ildə dünyanın hər yerində iqtisadi azalma baş verib. Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatla sıx inteqrasiya olunmuş şəraitdə inkişaf etdiyindən dünyada baş verən proseslər təbii ki, respublikamıza da təsirsiz ötüşmədi. Ümumi daxili məhsul istehsalında, iqtisadiyyatın ayrı-ayrı sferalarında əvvəlki illərlə müqayisədə azalmalar özünü büruzə verdi.

Lakin ölkəmizdə həyata keçirilən kompleks tədbirlər, o cümlədən sahibkarlığın inkişafının dəstəklənməsi, peyvəndləmə prosesinin davamlı aparılması tezliklə iqtisadi aktivliyin sürətləndirilməsində mühüm rol oynadı. Təsadüfi deyil ki, 2021-ci ildə ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olundu. Qeyri-neft iqtisadiyyatı isə 7,2 faiz artdı. O cümlədən sənaye istehsalında 5 faizdən çox artım qeydə alındı. Bu rəqəmlər ondan xəbər verir ki, iqtisadi inkişafla bağlı qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.

 

Azərbaycan öz imkanları hesabına inkişafını təmin edir

 

Azərbaycanın iqtisadi sferada nail olduğu artımlarla bağlı başqa bir mühüm məqam ondan ibarətdir ki, respublikamız bütün bu uğurlara müharibədən dərhal sonra nail olub. Dünya təcrübəsi göstərir ki, müharibədən çıxmış dövlətlər iqtisadi sahədə dərhal irəliləyə bilmirlər, bunun üçün uzun illər lazım gəlir. Tarixdə müharibədən çıxmış bir dövlətin qısa zamanda iqtisadiyyatda artıma nail olunmasına hələ rast gəlinməyib.

Azərbaycanın isə müharibədən çıxmış ölkə kimi nail olduğu iqtisadi artımı ondan xəbər verir ki, respublikamızda münbit iqtisadi mühit var. Eyni zamanda müsbət iqtisadi göstəricilərin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin fonunda əldə edilməsi bir daha Prezident İlham Əliyevin iqtisadi strategiyasının  dövlətimizin qarşısında dayanan məqsədləri layiqincə  təmin etdiyini göstərir.  Bütövlükdə ötən ilin sosial-iqtisadi yekunları göstərmişdi ki, Azərbaycan öz daxili imkanları hesabına qısa zamanda yüksəlişə nail olmağı bacaran dövlətdir.

2022-ci ilin ilk üç ayında qazanılmış iqtisadi nailiyyətlər isə ötənilki uğurların davamıdır. İqtisadi yüksəliş aparılan islahatların - şəffaflaşma, korrupsiya ilə ciddi mübarizə, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə-nizam-intizamının təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsinin nəticəsidir. Bu ilin növbəti hesabat dövrlərində və bütövlükdə il ərzində daha böyük iqtisadi uğuların əldə ediləcəyi şübhəsizdir.  "Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq", - deyə Prezident İlham Əliyev müşavirədə bildirib.

Vətən müharibəsindən sonra Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçən, sürətlə inkişaf edən, yüksək rifaha malik dövlət olmasına möhkəm əsaslar yaradıb.  Ən mühümü də odur ki, Azərbaycan inkişafla bağlı bütün nailiyyətləri öz hesabına qazanır, heç bir dövlətdən  və ya təşkilatdan dəstək almır.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video