23 Dekabr 2021 02:16
2845
SİYASƏT
A- A+

Zəfər və qüdrət zirvəsi

 

Böyük qürur və fəxarət hissilə qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən tariximizin ən şanlı səhifələri qızıl hərflərlə yazılır.

Zaman Ümummilli Lider Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına tarixi müraciətində haqlı olduğunu bir daha təsdiqləyib: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ötən 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə əsrə bərabər inkişaf yolu keçən Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Qətiyyətlə həyata keçirilən uğurlu islahatlar, qlobal proqramlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, respublikamızın güclü, sabit, müasir, demokratik və multikultural bir dövlətə çevrilməsində əsaslı rol oynayıb. Sözlə əməlin vəhdətinə əsaslanan, yerləşdiyi bölgədə baş verən proseslərin gedişinə təsir göstərməyə qadir olan Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti, siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf templəri qorunur.

Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mahir sərkərdəlik bacarığı, qətiyyəti ilə müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü. Azərbaycanın böyük zəfəri ilə başa çatan Vətən müharibəsi misli görünməmiş, əzəmətli bir qəhrəmanlıq dastanı, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi oldu. “Qarabağ Azərbaycandır və nida” ifadəsi “Dəmir yumruq” əməliyyatında Böyük Qələbəmizin rəmzinə çevrildi. Azərbaycan dövləti uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail oldu, 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürdü, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi.

Bu gün Azərbaycan həm də işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa, yenidənqurma və quruculuq işləri ilə dünyanı heyrətləndirir. Vətən müharibəsində hərbi gücünü dünyaya göstərən Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərdə görülən möhtəşəm işlərlə iqtisadi qüdrətini nümayiş etdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birlikdə işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri Qarabağın dirçəlişini daha da sürətləndirib. Dövlət başçısının rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur,  bu torpaqlara həyat geri dönür.

Qeyd edilməlidir ki, yaradılmasından 16 il ötən Fövqəladə Hallar Nazirliyi geridə qalan illər ərzində nazirliyin formalaşdırılaraq fəaliyyətinin müasir standartlar səviyyəsində təşkili, strukturunun zamanın tələbinə uyğun təkmilləşdirilməsi, kadr hazırlığı və maddi-texniki bazasının daim möhkəmləndirilməsi istiqamətində hər zaman Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu çərçivədə əhalinin mülki müdafiəsinin, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, xilasetmə və qəza-xilasetmə işlərinin təşkili, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi, ölkə ərazisində radioaktiv tullantıların zərərsizləşdirilməsi, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə və tikintidə təhlükəsizliyə nəzarət kimi mühüm vəzifələri yerinə yetirən bir neçə dövlət qurumunun Fövqəladə Hallar Nazirliyinin tabeliyində birləşdirilməsi əhalinin və ərazilərin fövqəladə hallardan daha etibarlı müdafiəsinin təmin olunması sahəsində mühüm rol oynadı. Nazirlik tərəfindən ötən dövr ərzində fəlakətlərin sistemli qaydada mərkəzləşdirilmiş idarə olunmasını təmin etmək üçün zəruri normativ hüquqi və maddi-texniki bazanın formalaşdırılması, müxtəlif funksiyaları həyata keçirən və əvvəllər kortəbii və əlaqəsiz fəaliyyət göstərmiş qurumlar arasında əlaqəli fəaliyyətin təşkil edilməsi istiqamətində zəruri işlər görüldü. Nazirliyin qurumlarının istifadəsi üçün yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir edildi, yeniləri tikilib istifadəyə verildi. Nazirliyin fəaliyyətində operativliyin artırılması məqsədilə zamanın çağırış və təhdidləri nəzərə alınaraq müvafiq struktur dəyişiklikləri edildi, regional mərkəzlərin fəaliyyəti təmin olundu. Bir sözlə, ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi maddi-texniki cəhətdən qısa bir müddətdə hərtərəfli şəkildə təmin edilmiş və qarşısına qoyulmuş məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlmək iqtidarında olan mobil bir quruma çevrildi.

Ölkədə fövqəladə hal riskinin daim nəzarətdə saxlanılması, bu riskin vaxtında qarşısının alınması istiqamətində nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən ölkə ərazisi üçün xarakterik olan təbii və texnogen mənşəli fövqəladə halların mütəmadi monitorinqi aparılır, mümkün fövqəladə hal riski mütəxəssislərimiz tərəfindən qiymətləndirilir və bunun nəticəsindən asılı olaraq zəruri qabaqlayıcı tədbirlər görülür. Yanğın təhlükəsizliyinə, tikintidə, sənayedə və dağ-mədən işlərində, nüvə və radioloji fəaliyyət sahələrində təhlükəsizliyə nəzarət kimi mühüm istiqamətlər üzrə dövlət başçısı tərəfindən qəbul olunmuş müdrik qərarların, imzalanmış fərman və sərəncamların icrası daim nəzarətdə saxlanılır, göstərilən sahələrdə aşkar edilən problem və çatışmazlıqların vaxtında, insan həyatı və sağlamlığına, əmlaka ziyan vurmadan aradan qaldırılması ilə bağlı mühüm qabaqlayıcı tədbirlər görülür.

Ötən illər ərzində nazirliyin fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cavabdeh olan qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinə, hadisələrə çevik və effektli reaksiya vermək imkanlarının artırılmasına xüsusi diqqət yetirilib. Bu məqsədlə yanğın-xilasetmə qurumlarının texnika parkı dünyanın aparıcı ölkələrinin istehsalı olan ən müasir texnika və avadanlıqlarla təchiz edilib, kadrların peşəkar hazırlıq səviyyəsinin daim yüksəldilməsi üçün onların təlim-tədrisinə, eləcə də mütəmadi olaraq təlimlərin təşkilinə geniş yer verilib. Məhz bunun nəticəsidir ki, nazirliyin geridə qoyduğumuz illər ərzində baş vermiş müxtəlif mürəkkəblik dərəcəsinə malik fövqəladə hallarla mübarizədən uğurla çıxdığını əminliklə deyə bilərik. Azərbaycan vətəndaşlarının təhlükəsiz həyat və fəaliyyətinin təmin olunmasını ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dəfələrlə çətin sınaqların öhdəsindən layiqincə gəlib. Ötən illər ərzində yaşayış, sənaye və ictimai-iaşə sektorunda, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı və sürüşmə hadisələri, müxtəlif vaxtlarda baş vermiş zəlzələlər, çoxsaylı qəza və digər fövqəladə hadisələr zamanı operativ və effektli müdaxilə tədbirləri ilə nazirliyin qəza-xilasetmə qurumları öz peşəkarlıqlarını nümayiş etdiriblər. Bunlardan xüsusilə Mingəçevir Su Elektrik Stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi zamanı yaranmış təhlükənin operativ şəkildə aradan qaldırılması, Azərbaycan İstilik Elektrik Stansiyasının açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış zamanı yaranmış təhlükənin operativ şəkildə aradan qaldırılması, Bakı şəhərindəki Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən 16 mərtəbəli yaşayış binasının uçması nəticəsində əmələ gəlmiş dağıntılar altından insanların xilas edilməsi, Neft Emalı Zavodunda yanğının söndürülməsi, Xəzər dənizində yerləşən “Bulla-dəniz” yatağında baş vermiş qəzanın aradan qaldırılması, Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında, “Sədərək”, “Diqlas”, “EuroHome” ticarət mərkəzlərində, “Sobsan” boya fabrikində baş vermiş yanğınların söndürülməsi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın və “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması, meşə sahələrinin və zəmilərin yanğından qorunması, çoxsaylı digər belə əməliyyatlar zamanı Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri uğurlu nəticələr ortaya qoyublar.

Bu çərçivədə Kür və Araz çaylarında 2010-cu ilin yaz aylarında yaşanmış daşqınlarla əlaqədar görülmüş işləri xüsusi qeyd etmək istəyirəm. Həmin günlərdə yaranmış təbii fəlakətin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin bütün aidiyyəti qüvvələri səfərbər olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz belə ağır məqamda daim xalqla bir yerdə olduğunu, onun dərd-sərinin, problemlərinin həllini həmişə diqqətdə saxladığını bir daha təsdiq etdi. Həmin il mayın 7-də cənab Prezident keçirdiyi müşavirədə təbii fəlakətin qarşısının alınması, əhalinin təhlükəsiz yerlərə köçürülməsi, çayların kənarlarında bəndvurma işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi. Mayın 11-də hadisə rayonuna gələn dövlətimizin başçısı Şirvan şəhərində səyyar müşavirə keçirdi. Təbii fəlakətdən zərər çəkmiş insanlar üçün yaradılmış çadır düşərgəsində sakinlərlə görüşən dövlət başçısı tezliklə daşqının törətdiyi fəsadların aradan qaldırılması üçün mümkün tədbirlərin görüləcəyini, daşqından əziyyət çəkmiş əhaliyə dəyən ziyanın ödəniləcəyini və kompensasiyaların veriləcəyini bildirdi. Məhz cənab Prezident İlham Əliyevin hadisələri daim nəzarət altında saxlaması və müvafiq qurumlara verdiyi ciddi tapşırıqlar sayəsində təbii fəlakətin daha böyük miqyas almasının qarşısı alındı, ən əsası, insan itkisinə yol verilmədi. Belə ki, o günlərdə nazirliyin fəlakət zonasında olan 4000 nəfərlik şəxsi heyəti, 160 ədəd xüsusi texnikası, həmçinin 4 helikopteri, xeyli sayda xilasetmə qayığı fasiləsiz olaraq xilasetmə, bəndbərkitmə əməliyyatlarını uğurla yerinə yetirdi. Dövlət başçısının əlaqədar qurumlara qış gələnə qədər daşqına məruz qalmış rayonlarda yeni qəsəbələrin salınması, evlərini itirən insanların yeni mənzillərlə təmin olunması kimi mühüm tapşırığına çox qısa zamanda əməl olunması da qüdrətli Azərbaycan dövlətinin vətəndaşlara hərtərəfli münasibətinin bariz nümunəsidir. Daşqınlar həm də sadə bir həqiqəti  ortaya çıxardı. Azərbaycan vətəndaşları bir daha gördü ki, heç bir bəlanın və fəlakətin qarşısında tək deyil. Fəlakət qarşısında vaxtında kömək əli uzadan dövləti var. Bu, 2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilərkən dediyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” sözünə sadiqliyinin daha bir nümunəsi idi.

2012-ci ilin may ayında Zaqatala, Balakən və Qax rayonlarında, 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən güclü zəlzələ nəticəsində adı çəkilən rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəysə də, xoşbəxtlikdən insan tələfatı və ya ciddi xəsarət alanlar olmadı. Baş vermiş zəlzələlərin fəsadlarının qısa müddətdə aradan qaldırılması üçün Prezident İlham Əliyevin müvafiq tapşırıqları ilə hadisə bölgəsinə səfərbər edilmiş nazirliyin qüvvələri tərəfindən hər cür təhlükəsizlik tədbirləri görüldü, rayonlara çoxlu sayda texnika və avadanlıq, ilkin həyat fəaliyyətinin təmin edilməsi məqsədilə çadırlar, ərzaq məhsulları və s., böyük miqdarda tikinti materialları çatdırıldı. Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi nəzarəti altında nazirlik tərəfindən zəlzələlərin ziyan vurduğu rayonlarda ən müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının, sosial təyinatlı və infrastruktur obyeklərinin tikintisi həyata keçirildi, əhali yeni, müasir evlərlə təmin edildi.

Bütün dünya ölkələrinin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə üzləşdiyi bir vaxtda Azərbaycanın bu bəlaya qarşı mübarizədə nümayiş etdirdiyi strateji mövqe, Prezident İlham Əliyevin liderlik əzmkarlığı dünyada ən yaxşı nümunələrdən biri kimi qəbul edilir. Vaxtında atılan cəsarətli və müdrik addımlar sayəsində Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən ölkələr sırasında ön cərgədə qərar tutub. Bu çərçivədə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması ilə bağlı ilk günlərdən qarşımızda müvafiq tapşırıqlar qoyuldu. Bu tapşırıqlara uyğun olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən İran İslam Respublikası, Rusiya Federasiyası və Gürcüstanla sərhəd-keçid məntəqələrinin yaxınlığında qəbul-çeşidləmə məntəqələri yaradıldı, hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları həmin məntəqələrdə fasiləsiz rejimdə fəaliyyət göstərərək ölkəyə daxil olan vətəndaşların müvafiq tibbi baxışdan keçirilməsini və şübhə aşkar olunduğu halda təcrid olunması üzrə zəruri tədbirlərin görülməsini təmin etdilər. Bundan başqa, karantin rejimi tədbirlərinin həyata keçirildiyi dövr üçün vətəndaşlarımıza təcili psixoloji yardımın göstərilməsi, əhali arasında maarifləndirmə  işləri təşkil olundu, müvafiq obyektlərdə dezinfeksiya işlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların sağlamlığının qorunmasına və ölkənin səhiyyə sisteminin inkişafına göstərdiyi xüsusi diqqətin bir nümunəsi də qısa vaxtda ölkəmizdə modul tipli xəstəxanaların fəaliyyətə başlaması oldu. Bu cəhətdən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının qısa müddətdə inşa edilərək xəstələrin ixtiyarına verilməsi dünyada COVID-19 infeksiyasının sürətlə yayılması fonunda bu xəstəliklə mübarizədə Azərbaycan dövlətinin qətiyyətini ortaya qoydu.

Dövlət başçısının yürütdüyü siyasi kursa uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi ötən illər ərzində müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  tapşırıqlarına uyğun olaraq, 2010-cu ildə Rusiya Federasiyasında, 2010-cu və 2016-cı illərdə İsrail Dövlətində, 2017-ci ildə Gürcüstanda baş vermiş meşə yanğınları, 2010-cu ildə Pakistan İslam Respublikasındakı daşqınlar, 2011-ci ildə Türkiyə Respublikasının Van vilayətində zəlzələ, 2012-ci ildə Rusiya Federasiyasının Krasnodar diyarında və Dağıstan Respublikasındakı daşqınlar, həmin il İran İslam Respublikasında baş vermiş zəlzələ, 2014-cü ildə Əfqanıstan İslam Respublikasının şimalında baş vermiş leysan yağışlarının törətdiyi fəsadların, həmçinin Serbiya Respublikası və Bosniya və Hersoqovinada daşqınların nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq kömək göstərilib. Həmçinin Azərbaycan Respublikasının Hökuməti səviyyəsində 2010-cu ildə Haitidə baş vermiş zəlzələnin, 2013-cü ildə Filippində baş vermiş qasırğanın fəsadlarının aradan qaldırılması məqsədilə və Somalidə aclıqdan əziyyət çəkən insanlar üçün maddi yardımlar edilib. Eyni zamanda 2013-cü ildə Misirdəki iğtişaşlarla əlaqədar burada yaşayan azərbaycanlıların, 2015-ci ildə Nepalda baş vermiş dağıdıcı zəlzələ nəticəsində fəlakət zonasında olan soydaşlarımızın və xarici ölkə vətəndaşlarının Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə təcili təxliyəsi həyata keçirilib. 2017-ci ildə Azərbaycan hökuməti adından Cibuti Respublikasına, həmçinin Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə humanitar yardımlar çatdırılıb, bu ilin iyul-avqust aylarında qardaş Türkiyə Respublikasında baş vermiş meşə yanğınlarının söndürülməsi məqsədilə nazirliyin müvafiq yanğın-xilasetmə qüvvələri səfərbər olunub.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistanla apardığı 44 günlük şanlı Vətən müharibəsi zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri də digər aidiyyəti dövlət orqanları ilə birgə səfərbər olundu. Nazirliyin müvafiq qüvvələri tərəfindən əhalinin mülki müdafiəsinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi, o cümlədən təcavüzkar Ermənistanın dinc sakinləri hədəfə almaqda davam etdiyi günlərdə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanmış müxtəlif məzmunlu maarifləndirici çap materialları cəbhəyanı ərazilərdə və düşmənin hədəfinə çevrilmiş digər yaşayış məntəqələrinin əhalisi arasında paylanılaraq müvafiq maarifləndirmə işləri aparıldı. Nazirliyin yanğın-xilasetmə qüvvələri Ermənistan tərəfindən mülki obyektlərə, o cümlədən insanların sıx yaşadığı yaşayış məntəqələrimizə endirilən mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların çevik aradan qaldırılmasını, zərərçəkmişlərin xilas edilməsi və təxliyəsini həyata keçirdi. Nazirliyin təyyarə və helikopterləri vasitəsilə yaralı əsgər və zabitlərimizin təxliyəsi, bilavasitə döyüş bölgəsinə yaxın ərazilərdə insanların gündəlik təminatı həyata keçirildi. Bundan əlavə, həm müharibə günlərində, həm də müharibədən sonrakı dövrdə psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlarımıza yardım işi təşkil olundu. Bu məqsədlə Türkiyədən dəvət olunmuş psixoloqlarla birlikdə Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə psixoloji dəstək göstərildi, onların reabilitasiya prosesi təşkil olundu.

Şanlı Zəfərdən sonra cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi, mümkün fövqəladə halların vaxtında xəbərdar edilməsi və nəticələrinin çevik aradan qaldırılması işinin təmin edilməsi məqsədilə nazirliyin müvafiq strukturlarının həmin ərazilərdə fəaliyyətinin təşkilinə başlanıldı. Qeyd edilməlidir ki, işğaldan azad edilən ərazilərimizdə FHN-in müvafiq qurumlarının qısa müddətdə fəaliyyətə başlaması fövqəladə halların effektli idarə edilməsi istiqamətində əhəmiyyətli rol oynayıb. Bu çərçivədə işğaldan azad olunmuş ərazilərdə böyük sürətlə icra olunan layihələr üzrə işlərdə aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyinin, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində müvafiq qurumlarımız tərəfindən intensiv iş aparılır.

Bundan əlavə, yerli strukturların fəaliyyətə başlaması həm də baş verən fövqəladə halların, o cümlədən açıq sahələrdə baş verən yanğınların qısa müddətdə qarşısının alınmasına imkan yaradıb. Məhz işin vaxtında və düzgün planlaşdırılması, qüvvə və vasitələrin effektli və çevik tətbiq edilməsi sayəsində baş verən yanğınların geniş əraziyə yayılmasına imkan verilməyib, qısa müddətdə söndürülməsi təmin olunub. Nəzərə alsaq ki, həmin ərazilərdə Ermənistan tərəfindən külli miqdarda minalar basdırılıb, bu işin nə qədər mürəkkəb və riskli olduğu tam aydın olar. Məhz mina təhlükəsi nəzərə alınaraq, yay aylarında açıq ərazilərdə baş vermiş yanğınlarla mübarizə tədbirlərinə helikopterlər fəal şəkildə cəlb edildi.

Bu ilin yanvar ayından başlayaraq, FHN-in müvafiq qüvvələri işğaldan azad olunmuş torpaqlarımızda minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər. Bu işin sürətləndirilməsi məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dislokasiya məntəqəsi Bərdə şəhərində olmaqla xüsusi təyinatlı mexanikləşdirilmiş alayı yaradılıb. Hazırda alayın ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi işləri sürətlə davam etdirilir.

Yola salınan illəri nəzərdən keçirəndə görmək çətin deyil ki, zaman etibarilə qısa müddətdə Azərbaycanda cəmiyyətin müxtəlif təhlükələrdən qorunma səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Çoxşaxəli fəaliyyət sahəsinə malik, insanların həyat təhlükəsizliyi və dövlətçilik baxımından kifayət qədər əhəmiyyətli sahələri  əhatə edən Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilən istiqamətlərdə beynəlxalq normalara uyğun iş prinsipinin təşkili, dünya dövlətlərinin uyğun qurumları və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsi, kadr hazırlığı, müasir texnika və texnologiyaların tətbiqi sahəsində nail olduğumuz bütün uğurlar dövlətimizin başçısının müdrik rəhbərliyi altında Azərbaycanda yürüdülən təhlükəsizlik və mülki müdafiə siyasətinin təntənəsi, ölkə vətəndaşlarının təhlükəsiz yaşayışının, iş və istirahətinin təmin olunması deməkdir. Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyevin müdrik uzaqgörənliklə əsasını qoyduğu, daim ali diqqət və qayğısını göstərdiyi Fövqəladə Hallar Nazirliyinin dünyada ən yaxşı modellərindən biri məhz Azərbaycanda yaradılıb.

Zaman baxımından heç də böyük olmayan ötən 16 il ərzində qazandığımız hər bir uğurun, əldə etdiyimiz hər bir sevindirici nəticənin əsasında Azəbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinə göstərdiyi xüsusi diqqət və qayğı dayanıb. Fövqəladə Hallar Nazirliyinin kollektivi bu yüksək qayğıdan ruhlanaraq əhalinin və ərazilərin, eləcə də respublikamızın yeraltı və yerüstü sərvətlərinin təbii və texnogen xarakterli fövqəladə hallardan etibarlı qorumağa hər an hazırdır. Bütün bunlar isə fövqəladə hallara qarşı hazırolmanın və çevik  reaksiya verilməsinin nəticəsi, sistemin qısa müddətdə formalaşdırılması kimi qiymətləndirilə bilər.

 

Kəmaləddin HEYDƏROV,

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video