26 Iyun 2022 02:42
847
SİYASƏT
A- A+

Zəfər Ordusu

 

Hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. Milli Ordunun yaradılması Azərbaycan xalqının milli dövlətçilik və özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biridir. Hələ 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atmışdı. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm hadisə idi.

 

104 il əvvəl Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı

 

Tarixi səhifələdikcə görürük ki, xalq olaraq itirdiklərimizin kökündə ordumuzun olmaması mühüm yer tutur. Ordumuzun olmamasının kökündə isə əsarətində olduğumuz imperiyaların siyasəti dururdu. Məsələn, çarizmin əsarətində yaşadığımız yüz ildən çox müddətdə onun Azərbaycan xalqına vurduğu ən böyük zərbə, şübhəsiz ki, azərbaycanlıların orduya cəlb edilməməsi idi. Məhz ona görə də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda onu müdafiə edə biləcək öz ordusu yox idi. Belə bir ordunu yaratmaq üçün isə hərbi işi bilən milli kadrlar çatışmırdı. Buna görə də ordu təşkili çox çətin bir iş idi, lakin ordusuz da öz müstəqilliyini qoruyub saxlamaq mümkün deyildi. Yeni yaradılmış dövlətin qarşısında duran ən əsas vəzifə müstəqil ordunun yaradılması idi.

Bu çətin işin təşkilini görkəmli azərbaycanlı generallar Səmədbəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürdülər. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdilər, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdilər. Azərbaycan Ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, İbrahim ağa Vəkilov,  Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi nüfuzlu generalları var idi.

Sovet hakimiyyəti dövründə də imperiyanın azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş yox, əsasən tikinti hərbi hissələrində xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi.

Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratdı. Bununla yanaşı, Ulu Öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olmuşdu. Beləliklə, Heydər Əliyevin sayəsində milli hərbi kadrların yetişməsi prosesi güclənmişdi.

Ümummilli Lider Heydər Əliyev ikinci hakimiyyəti dövründə - 1999-cu ildə Azərbaycanda Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı, bu addımların milli zabit kadrlarımızın yetişdirilməsində böyük rola malik olduğunu qeyd etdi. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına  əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ulu Öndərin  həmin fərmanı tarixi əhəmiyyət daşıyır. Belə ki, sözügedən  fərmanla Heydər Əliyev Azərbaycan Ordusunun tarixi ənənələrə söykəndiyinin birəsrlik tarixi olduğunu göstərmişdir.

Tarixə  nəzər salaq. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun  1918-ci il  tarixli qərarı ilə çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan, keçmiş süvari alayının əsgərlərindən formalaşdırılmış Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi - 5 min nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan Korpusu" yaradıldı. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi. Bu qərarla cümhuriyyət öz ordusunu yaratması üçün hüquqi baza formalaşdırdı. Bunun ardınca iyulun 11-də hökumətin fərmanı ilə ölkədə hərbi səfərbərlik elan edildi. 23 oktyabr 1918-ci il tarixində hökumətin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin yaradılması qərara alındı. Bu qərar Nazirlər Şurası tərəfindən 11 noyabr 1918-ci il  tarixdə  imzalandı. Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, 29 dekabr 1918-ci il tarixli qərarı ilə isə general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini təyin olundular. General-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin edildi.

1919-cu ilin sonlarında 25 minlik Azərbaycan Ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı. 1920-ci il bolşevik işğalı ərəfəsində Azərbaycan Ordusunun əsas döyüş hissələri və birləşmələri 8 alaydan formalaşan iki piyada diviziyasından, 3 alaydan formalaşan süvari diviziyadan və iki topçu briqadasından ibarət idi. Bunlardan başqa, ordunun bir sıra yardımçı hissə, bölmə və müəssisələri də var idi. Hər bir piyada alayı 3 tabordan, hər bir tabor isə dörd piyada bölüyündən və bir pulemyot bölüyündən təşkil edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin və hərbi-hava qüvvələrinin təşkil olunmasına gec başlasa da, qısa müddət ərzində bu ordu birləşmələrini də qismən təşkil edə bilmişdi.

1920-ci ildə Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın Hərbi Nazirliyi rəsmən ləğv edildi və həmin funksiya Xalq Hərbi Komissarlığına verildi. Azərbaycan Ordusunun 21 generalından 15-i Nargin adasında bolşeviklər tərəfindən güllələndi.

 

Tarixi irsimizə ehtiramın nümunəsi

 

Azərbaycan Ordusunun qurucularına, onların tarixi irsinə dövlət tərəfindən yüksək qiymət verilməklə xatirələri həmişə uca tutulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli sərəncamının bir bəndi Azərbaycan Xalq Cümhuriyyəti ordusuna həsr edilmişdir.

Azərbaycan Ordusunun tarixini diqqət mərkəzində saxlayan Heydər Əliyev 22 iyun 1998-ci il tarixdə Azərbaycanın Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminin keçirilməsinə dair sərəncam imzalamışdır.  Həmin təntənəli mərasimdə çıxış edən Heydər Əliyev cümhuriyyət generalları haqqında çox yüksək fikirlər söyləmişdir. Ulu Öndər demişdir: "Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski uzun müddət çar Rusiyasının ordusunda xidmət edəndən, Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Ordusunun yaranmasına rəhbərlik edəndən sonra Azərbaycan Sovet Sosialist Respublikasında da ordu qurmaq, yaratmaq, azərbaycanlılara hərbi təhsil, təlim vermək işləri ilə məşğul olmuşlar. Bu, çox maraqlıdır, səciyyəvidir, amma eyni zamanda təbiidir. Çünki hərbi peşə, ixtisas birinci növbədə hərbi təhsil, təcrübə, bilik, hərbi təlim-tərbiyə, döyüş təcrübəsi tələb edir. Bunlar olmayanda ordu qurmaq, Silahlı Qüvvələr yaratmaq mümkün deyildir. Əgər bunlar, peşəkar hərbçilər varsa, ordu quruculuğunda onlardan səmərəli istifadə etmək olar. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski buna əyani sübutdur".

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi sayıla bilər. Ulu Öndərin 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.

 

Ordumuzun beynəlxalq əlaqələrinin inkişafı diqqət mərkəzindədir

 

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu.

Bu əməkdaşlıq nəticəsində Azərbaycan hərbçiləri NATO proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Silahlı Qüvvələri modern orduya çevrildi.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

 

Ordunun gücləndirilməsi prioritetdir

 

Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin prioritetidir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı Qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir.

Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olan Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə nəinki MDB məkanında, hətta dünya ölkələri arasında ön sıralardadır. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərinə ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda şahid olublar. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.

Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilib.

Qürurverici haldır ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bundan əlavə, hazırkı dövrdə silah və hərbi texnikaların satın alınmasına və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri də genişləndirilir.

 

Hərb tariximizə layiqli qiymətin verilməsində varislik

 

Prezident İlham Əliyev cümhuriyyətin müdafiə nazirinin müavini olmuş   general Əliağa Şıxlınskinin 150 illik yubileyi ilə əlaqədar sərəncamda onun fəaliyyətinə yüksək qiymət verərək deyir: "XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əliağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin Silahlı Qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir".

Azərbaycan Cümhuriyyətinin müdafiə naziri olmuş Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə bağlı fərmanında Prezident İlham Əliyev onun xidmətlərinə də misilsiz qiymət verir: "General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir".

 

Qüdrətli Ordu-Müzəffər Ali Baş Komandan

 

Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Azərbaycan Prezidenti Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi - işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan bununla da tarixi ədaləti bərpa etdi. Ermənistan üzərində parlaq qələbə əldə edilməsi həm də İlham Əliyevin apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Xalqımız, bütün dünya azərbaycanlıları möhtəşəm qələbəni böyük qürur hissi ilə qeyd etdi.

Qalib xalqın hər bir hərbçisi qəhrəmandır. Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, öz missiyamızı başa vuraq. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Dövlətimiz Qalib Ordunun hərbçilərinin qəhrəmanlıqlarını yüksək dəyərləndirdi. Vətən müharibəsində qələbə münasibətilə "Zəfər" və "Qarabağ" ordenləri, "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları təsis edildi. Həmin medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olundular.

"Dəmir yumruq" birliyimizin rəmzidir. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Qazanılan bu tarixi Qələbə bizə yeni imkanlar yaradır. Son 30 ilin əsas uğurlu yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq  torpaqlarını işğaldan azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim oldu. Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmişdir. Qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir. Ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir.

Bu zəfərlə Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən də xilas etmişdir. Zəfərimiz  isə əbədidir və hər zaman qalib xalq olduğumuzu dünyaya bəyan edəcək.

 

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video