01 Iyul 2022 01:42
474
İQTİSADİYYAT

Yolumuza işıq düşür

 

Qarabağda və Şərqi Zəngəzurda yeni elektrik enerjisi obyektləri istifadəyə verilir

 

İşğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işləri sırasında bütün kənd və şəhərlərin elektrik təchizatı xüsusi önəm kəsb edir. Bir-birinin ardınca tikintisi planlaşdırılan, təməli qoyulan və istifadəyə verilən elektrik enerjisi obyektləri bunun əyani təsdiqidir.

 "Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur". 2020-ci il iyunun 25-də Mingəçevir şəhərində yenidən qurulmuş "Azərbaycan" İES-in əsaslı yenidənqurmadan sonra açılış mərasimində Prezident İlham Əliyevin dediyi bu sözlər Qarabağda və Şərqi Zəngəzurda həmin istiqamətdə gedən işləri də xarakterizə edir. Burada istifadəyə verilən müasir elektrik stansiya və yarımstansiyalar bir çox digər sahələrin inkişafını təmin edir, nəticə etibarilə insanların doğma yurd-yuvalarına qayıtmasını tezləşdirir.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur getdikcə daha çox nura boyanır. Prezident İlham Əliyev regiona hər səfəri zamanı yeni elektrik enerjisi obyektlərinin təməlini qoyur, yaxud açılışını edir. Dövlət başçısının Kəlbəcər və Laçın rayonlarına bu il iyunun 26-sındakı səfərində də məhz belə oldu. Həmin gün dövlət başçısı Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoydu.

Hazırda Kəlbəcər rayonu ərazisində xüsusi dövlət əhəmiyyətli obyektlərin və hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması istiqamətində genişmiqyaslı işlər görülür. İndiyədək "Gəncə-2" yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik verilişi xətti çəkilib. Bu xətt Kəlbəcərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.

Yüksək dağlıq ərazidəki çətin şərait "Azərişıq" ASC-yə işləri sürətlə davam etdirməyə mane olmur. Sovet dövründə belə elektrik enerjisinin olmadığı ucqar yerlərdə müasir elektrik şəbəkələri qurulur. Rayonun Alagöllər və digər əraziləri ilk dəfə işıq alıb, Zod qızıl yatağı ərazisinə kabel xətti çəkilir.

Rayonda iki istiqamət üzrə 110 kV-luq hava xətləri bərpa edilib. Ümumilikdə rayon ərazisində müxtəlif güclərdə 15 komplekt transformator məntəqəsi quraşdırılıb. Bundan başqa,

6 ayrı-ayrı istiqamətdə 35 kV-luq müasir izolyasiyalı kabel xətlərinin çəkilməsi nəzərdə tutulub. Həmçinin 110/35 kV-luq "İstisu" yarımstansiyasının, Kəlbəcər və Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.

4,4 MVt gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasının (KSES) tikintisi isə yekunlaşıb. Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilib istismara verilən ilk enerji istehsalı obyektidir.

Xatırladaq ki, Prezident İlham Əliyev işğaldan azad olunan əraziləri "yaşıl enerji zonası" elan edib. Bununla bağlı dövlət başçısının tapşırığına əsasən, qələbədən sonra ümumi gücü 20 meqavat olan "Güləbird", "Suqovuşan-1", "Suqovuşan-2" və "Kəlbəcər-1" kiçik su-elektrik stansiyaları tikilərək istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

"Yaşıl enerji zonası" konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Kəlbəcər-1" KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib.

"Kəlbəcər-1" Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Yeni stansiyanın işinə təkcə Kəlbəcərdən deyil, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət etmək və onu idarə etmək mümkündür. Qeyd edək ki, məsafədən idarə edilən bu cür stansiyalar demək olar işçi heyət olmadan fəaliyyət göstərir. Çünki stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb. Bu həm də istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə xidmət edir.

Kəlbəcər rayonundakı "Çıraq-1" Kiçik Su-Elektrik Stansiyasında isə Prezident tikinti işlərinin gedişi ilə tanış olub. "Yaşıl enerji" strategiyasına uyğun olaraq hazırda bu rayonda ümumi gücü 27 meqavat təşkil edən 5 kiçik su-elektrik stansiyası tikilir. Kiçik su-elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Stansiyaların enerjisistemə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilir. Stansiyalar rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya ediləcək. Açılıb-qoşulma, intellektual tənzimləmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyaların idarə edilməsi Kəlbəcərdən olduğu kimi, Bakıdan da həyata keçiriləcək.

Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.

Mütəxəssislərin fikrincə, müasir texnologiyalar əsasında bol sulu Kəlbəcər və Laçın çayları üzərində nəzərdə tutulduğundan dəfələrlə çox ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal etmək mümkündür. Ümumiyyətlə, növbəti illərdə Kəlbəcər və Laçın rayonlarında yenidən qurulması təklif edilən digər kiçik su-elektrik stansiyalarının ümumi gücü 82,2 MVt təşkil etsə də, yeni hesabatlara əsasən, bu həcmi iki dəfə artırmağa imkan olacaq.

"Azərenerji" Laçın rayonunda 110 kV-luq "Qorçu" elektrik yarımstansiyasının tikintisini də davam etdirir. Dövlət başçısı sözügedən səfər çərçivəsində bu obyektdə olub. Rayonun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün ötən il istismara verilən "Kəlbəcər" yarımstansiyasından Laçının Qorçu kəndinə 42 kilometr məsafədə ötürücü xətt çəkilir. Eyni zamanda kənddə dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilir.

Qeyd edək ki, yarımstansiya tikilməkdə olan hava limanının yaxınlığındadır. Qorçu kəndi mərkəz olmaqla burada 7 kəndi birləşdirən yaşayış massivinin inşası planlaşdırılır. Yeni yarımstansiya Laçın hava limanını, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə bölgədə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Beləliklə, Qarabağın və Şərqi Zəngəzurun hər tərəfində bir-birinin ardınca yeni enerji obyektləri işə düşür. Onlar yurd yerinə dönməyə hazırlaşanların yoluna işıq salır.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video