21 Avqust 2022 01:08
1580
SİYASƏT
A- A+

Yeni tarix - yeni reallıqlar

 

Bunu mükəmməl idarəçilik üslubu olan Prezident İlham Əliyev  yazır, yaradır

 

Yaşadığımız dövr, zəmanə reallıqlar dünyasıdır. Beynəlxalq ictimaiyyət hansısa məsələ barədə rəy formalaşdırarkən həmin reallıqlara istinad edir. Həyatımızda baş verənlər, gerçəkliklər isə göz önündədir. Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirib. 
Hazırda ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. Bu layihələr bizə sülh, davamlı inkişaf, vətəndaşlara yüksək rifah gətirir. Onlardan böyük bir coğrafiyada yaşayan insanlar da faydalanırlar. Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir, hər kəs üçün daha gözəl bir dünyanın qurulmasına zəmin yaradır.
Azərbaycan Prezidentinin mükəmməl idarəçilik üslubunda nəzərəçarpan ən önəmli məqamlardan biri də ölkə əhalisi, ümumilikdə isə bütün maraqlı tərəflərlə daim sıx ünsiyyət qurması, çıxışları, müsahibələri, bəyanatları ilə gündəmin əsas suallarına tam şəkildə aydınlıq gətirməsi, ictimai rəyi düzgün istiqamətləndirməsidir. Bu baxımdan  dövlət başçısının İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan televiziyasına verdiyi müsahibə də böyük maraqla qarşılandı, ictimai rəyə ciddi təsir göstərdi.  Müəyyən problemlərə aydınlıq gətirildi, münasibət bildirildi, mövqe açıqlandı.

Ermənilər yeni reallıqları
 qəbul etməlidirlər 

Prezident müsahibəsində Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və bir hərbçimizin şəhid olması ilə nəticələnmiş təxribata cavab kimi ordumuzun uğurlu "Qisas" əməliyyatından sonra yaranmış vəziyyətə diqqət yönəltdi. Bir neçə saat ərzində davam edən və qısa müddətdə öz hədəflərinə çatan "Qisas" əməliyyatı təxribatçılara qarşı cəza tədbiri idi. Azərbaycan Prezidenti bu əməliyyatın mahiyyətini məhz belə izah etdi: "Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq..."Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi". 
"Qisas" əməliyyatı ermənilərə yeni reallıqları qəbul etmələri, Azərbaycanın əsəblərini tarıma çəkib odla oynamağın onlar üçün hansı nəticələrlə başa gələcəyini anlamaları üçün həm də verilən bir ibrət dərsi idi. Bu əməliyyatla bir daha göstərildi ki, ermənilərin bütün təxribatları qarşısında bu bəd əməlləri anında dəf etmək gücündə olan qüdrətli Azərbaycan var. İkinci Qarabağ müharibəsi ölkəmizin gücünü ortaya qoydu, dövlətimizin nələrə qadir olduğunu dünyaya nümayiş etdirdi. Bu haqq savaşında düşmən məğlubiyyətə uğradı və biz öz ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan bu vəziyyətdən nəticə çıxarıb nəhayət ki, düzgün yola gəlməyi bacarmalıdır. Ölkə rəhbəri müsahibəsində xüsusi vurğuladı ki, Azərbaycan düşmən mövqeyində duranlara odla oynamamaq, yeni reallıqları qəbul etmək, hərbi təxribatlardan əl çəkmək barədə dəfələrlə xəbərdarlıq edib. Əgər bu xəbərdarlıqlara məhəl qoymasalar, bunun ən böyük ziyanını yenə Ermənistan özü çəkəcək, onlar əl atdıqları istənilən təxribatın qat-qat artıq cavabını alacaqlar və alırlar. 


Qanunsuz erməni 
silahlı birləşmələri 
Qarabağı birdəfəlik tərk etməlidirlər

Azərbaycan hər iki tərəfdən insan itkilərinə qarşıdır. Qanunsuz erməni silahlı birləşmələrinin əl atdıqları istənilən təxribat və ona verilən cavab insan itkisi riski, yeni faciələr, sülh prosesinin uzanması deməkdir. Erməni silahlılarının törətdikləri təxribatların cavabını anında vermək, təxribatçıları məhv etmək rəşadətli ordumuz üçün çox asan əməliyyat tapşırığıdır. Amma Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş gənclərimizin təkrarsız ömürlərini yenidən qaytarmaq, onların itkisi ilə bağlı acıları doğmalarına, ümumən xalqımıza unutdurmaq mümkün deyil. Bu cür təxribatlar, itkilər, xalqlar arasında kin-küdurəti gücləndirir, sülhə inamsızlıq yaradır. Bu təxribatlara cavab tədbirləri nəticəyə qarşı atılan addımlardır. Azərbaycanın niyyəti isə səbəbi kökündən aradan qaldırmaq, regionda sülhü, davamlı inkişafı təhdid edən amilləri ortadan götürməkdir.   
Ona görə də regionda daimi sülhün əldə olunmasından ötrü erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidirlər. Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya aktında bununla bağlı üzərinə götürdüyü öhdəliyə, nəhayət ki, əməl etməlidir. Bu, Ermənistanın öhdəliyidir və Azərbaycan qonşu dövlətin öz öhdəliyini yerinə yetirməsinə nail olacaq. Bununla bağlı dövlətimizin mövqeyi birmənalıdır. Prezident İlham Əliyev müsahibəsi zamanı bu qətiyyətli mövqeyi bir daha diqqətə çatdırdı. Dövlət rəhbərimiz xatırlatdı ki, Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planının müəyyən edilməsi müvafiq bəyanatda öz əksini tapıb. Azərbaycan Prezidenti bunun ölkəmizin istəyi ilə sənədə daxil edildiyini yada saldı və bunun səbəblərini bir daha izah etdi: "10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz mənəm. Çünki 2020-ci il noyabrın 9-da son danışıqlar aparılarkən, - danışıqlar Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparılırdı, Ermənistan rəhbərliyi, o cümlədən Rusiya özü də bu danışıqlarda fəal iştirak edirdi, - mən çox təkid edirdim ki, mütləq bu bənd salınmalıdır. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasaydı, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı". 
Bütün bunlar Laçın dəhlizinə alternativ yolla bağlı məqamın 10 noyabr Bəyanatına salınmasının strateji əhəmiyyətini göstərir və bu məsələnin ayrıca bənd kimi üçtərəfli sənədin məzmununa daxil edilməsinə israrla nail olmuş Azərbaycan Prezidentinin diplomatik məharətini, uzaqgörənliyini bir daha nümayiş etdirir.
Laçın şəhəri, Sus və Zabux kəndlərinin 
sakinləri yaxın 
zamanlarda 
öz doğma yerlərinə qayıdacaqlar

Tarixi zəfərimizdən sonra bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparan, azad edilmiş torpaqlarımızın dirçəlişi ilə bağlı məqsədyönlü, ardıcıl tədbirlər görən Azərbaycan dövləti bu işlər çərçivəsində qısa müddətdə həmin marşrut üzrə yolun çəkilməsini də təmin edib. 32 kilometr uzunluğunda yol cəmi bir il ərzində inşa olunub. Yeni yol ən müasir standartlara uyğun, yüksək keyfiyyətlə çəkilib. Nəinki Qarabağın, ümumilikdə Ermənistanın tarixində belə keyfiyyətli yol olmayıb. Bütün bunlar, təbii ki, son onilliklərdə Azərbaycanın bu cür infrastruktur layihələrinin icrası sahəsində əldə etdiyi zəngin təcrübə, malik olduğu peşəkar kadr potensialı, maddi-texniki imkanlar sayəsindədir. 
İndi isə Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilərin çıxarılması vaxtıdır. Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistanın bu ərazilərdə qanunsuz məskunlaşdırma aparması hərbi cinayətdir və Azərbaycan Prezidenti İlham Əliyev bunu bir daha müsahibəsində bəyan etdi. Bunun Cenevrə konvensiyalarının qaydalarına zidd olduğunu diqqətə çatdıraraq bildirdi ki, işğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Ona görə də bu hərbi cinayətin nəticələri aradan qaldırılacaq, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin uzun illərdən bəri məcburi köçkün vəziyyətində yaşayan camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaq.

Azərbaycan 
öhdəliklərinə 
sadiqdir

Laçın dəhlizinə alternativ yolun qısa müddətdə çəkilməsi verdiyi sözü hər zaman tutan Azərbaycan dövlətinin 10 noyabr Bəyanatında üzərinə götürdüyü bütün öhdəliklərə də  sadiq qaldığına, bu öhdəliklərdən irəli gələn bütün məsələləri yerinə yetirdiyinə, Ermənistanın isə vaxt uzatmaq, öhdəliklərindən yayınmaq üçün vəziyyətin bəlkə dəyişəcəyi ümidi ilə yenə fitnəkarlıqla məşğul olduğuna dəlalət edir. Ermənistanın Laçın dəhlizinə alternativ yolla bağlı təxribatları da bunun göstəricisidir. 
Prezident İlham Əliyev bəyan etdi ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlərsə ki, bir ildən, ya ilyarımdan sonra xeyirlərinə nəsə dəyişəcək, səhv edirlər. Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyin hansı nəticələr verəcəyini anlamalıdır. Çünki Azərbaycanın səbri sonsuz deyil, bunu Vətən müharibəsinin nəticələri bir daha göstərdi. Ona görə də Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış insanlar öz xoşları ilə oradan çıxıb getməlidirlər. Onların hara gedəcəkləri isə Azərbaycan üçün qətiyyən maraqlı deyil, bu, işğal dövründə hərbi cinayətlər törədərək ölkəmizin ərazisində qanunsuz məskunlaşdırma aparmış Ermənistanı qayğılandıracaq məsələdir.   

Danışıqlar 
masasında 
hər hansı 
statusdan söhbət gedə bilməz

Dövlət rəhbərimiz müsahibəsində bir məsələni də vurğuladı ki, bu gün Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir: "Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, məncə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil - nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar".
Prezident İlham Əliyev bir daha bəyan etdi ki, tarixi zəfərimizdən sonra bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Danışıqlar masasında hər hansı statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.  Qarabağda yaşayan ermənilər düzgün addım atmalı, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Qarabağ həm tarixi, həm beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu həqiqətin Qarabağda yaşayan ermənilər tərəfindən vaxtında dərki sülh və inkişafa, insanların rifahına xidmət edəcək. Multikultural dəyərlərə mühüm önəm verən və bütün dünyada bu dəyərləri təşviq edən, zəngin tolerantlıq ənənələrinə malik olan, tarixən də, bu gün də müxtəlif xalqların təmsilçilərinin mehriban şəraitdə yaşadıqları Azərbaycan dövləti  bütün vətəndaşları kimi Qarabağ ermənilərinin də hüquqlarını qoruyacaq. Onların təhlükəsizliyinə təminat verəcək. Azərbaycanın bütün vətəndaşlarının, ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin hüquqları necə təmin edilirsə, Qarabağda yaşayan ermənilərə münasibət də bu şəkildə olacaq. "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq", - deyə Azərbaycan Prezidenti bir daha bəyan etdi. "Əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir". 
Qarabağ və burada yaşayan erməni əsilli vətəndaşlar məsələsi artıq Azərbaycan dövlətinin öz daxili məsələsinə çevrilir və dövlətimiz torpaqlarımızı 44 gün içində işğaldan azad etdiyi kimi, bu məsələni də qanunvericilik normaları çərçivəsində tədricən yoluna qoyacaq.  

Tarixi zəfərin 
dəyəri

Azərbaycanın tarixi zəfəri ilə Cənubi Qafqazda yaratdığı reallıqların, regionun gələcəyi üçün açdığı inkişaf üfüqlərinin dəyərini obyektivlik hissinə malik hər kəs görür. Ölkəmizin irəli sürdüyü qlobal təşəbbüslər, ortaya qoyduğu perspektivlər bütün region ölkələri üçün imkanlar mühiti yaradır. Bu imkanlardan faydalanaraq, xoş niyyətlər ətrafında bir araya gələrək yaşadığımız coğrafiyanı əsl inkişaf cənnətinə, sülh, qarşılıqlı əməkdaşlıq və fayda, insanlar üçün xoşbəxtlik məkanına çevirmək mümkündür və Azərbaycan bu ali niyyət uğrunda çalışır, belə işıqlı hədəfə doğru irəliləyir. Hazırda dövlətimizin heç bir kənar dəstək olmadan öz imkanları hesabına Qarabağda, Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq layihələri, çəkilən yollar, tikilən binalar, yaradılan sosial infrastruktur, Zəngəzur dəhlizi kimi qlobal əhəmiyyətli kommunikasiya xəttinin açılması üçün görülən işlər təkcə azad torpaqlarımızın yox, ümumilikdə regionun gələcəyinə Azərbaycanın böyük töhfələridir.  
Əgər Ermənistan da bu gələcəkdə özünü görmək niyyətindədirsə, xəstə düşüncələrdən, mənasız iddialardan əl çəkib, bütün tərəflər üçün faydalı təşəbbüslərin icrasına dəstək verməlidir, o cümlədən bölgə üçün böyük əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin marşrutunu yaxın həftələrdə təqdim etməlidir. Unutmamalıdır ki, ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyi təqdirdə Azərbaycanın da Ermənistana qarşı ərazi iddiaları qaldırmaq üçün kifayət qədər tarixi-hüquqi əsasları var. İndiki Ermənistan dövləti Azərbaycanın ərazilərində qərar tutur, Qərbi Zəngəzur, İrəvan əcdadlarımızın əsrlərlə yaşayıb zəngin mədəniyyət yaratdıqları tarixi torpaqlarımızdır. Ermənilər uzun illər boyu nə qədər silib izini itirməyə çalışsalar da, yenə bu torpaqların hər qarışında Azərbaycan xalqının mədəni, tarixi irsi boy göstərir. 
Vətən müharibəsi tarixi dəyişdi, həyatımızda yeni başlanğıcların əsasını qoydu, eyni zamanda düşüncələrdə də böyük dəyişikliklərə yol açdı. Bu gün tarix səhnəsində ötən əsrlərin ən böyük zəfərini qazanmış, dövlətimizin, ordumuzun, milli vəhdətimizin verdiyi ruhla sarsılmaz gücə sahib olan Azərbaycan xalqı, qətiyyətli Liderin mətin iradəsi, bugünə və gələcəyə aydın baxışı, müdrikliyi sayəsində tarixinin ən qüdrətli mərhələsinə yetişmiş Azərbaycan dövləti var. Bütün bunlar xalqımızın layiq olduğu qalibiyyət, qüdrətlilik duyğusunu gücləndirir, bizi milli hədəflərimizə doğru yaxınlaşdırır.  

İradə ƏLİYEVA,
"Azərbaycan" 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video